Məhkəmə qərarları › İş №1(101)-2082/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2082/2025

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2082/2025 13.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 19 avqust 1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 3-cü qrup əlilliyi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, 24 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 26 sentyabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan yerdən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd bükümdə külli miqdarda olmaqla, ümumi çəkisi 2,262 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq, 24 sentyabr 2025-ci il tarixdə ünvan 3 ünvanına daşımış, 24 sentyabr 2025-ci il tarixdə saat 17:33 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda olmaqla, təmiz çəkisi 2,262 qram olan, ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri adətən sosial şəbəkədə tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından danışaraq əldə etmişdir. O, həmin şəxsdən istədiyi narkotik vasitəni onun göndərdiyi müxtəlif kart və M10 hesablarına pul göndərdikdən sonra ona göndərilən “məkan”-da göstərilən ünvandan götürərək əldə etmişdir. xx.xx.2025-ci il tarixdə o, tanışı olan Şahid4 ilə Bakı şəhəri, Nərimanov rayonu “Ulduz" metrostansiyası yaxınlığında görüşüb söhbət edən zaman mülki geyimli şəxslər onlara yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra özlərini təqdim etməklərini xahiş etmiş onlar özlərini təqdim etmişlər. Onuda qeyd etmişdir ki, bütün proseslər zamanı videoçəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları ona üzərində hər hansı qanunusuz əşya varsa çıxarıb təqdim etməyini bildirmişlər. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxardıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üsdü yoxlanılmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində ***-***-**-** mobil nömrəsi olan “Poco” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Eyni zamanda Şahid4 da bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Bundan sonra orada çəkiliş bitmiş və onlar Nərimanov rayon polis idarəsinin 17-ci PŞ-ııə gəlmişdirlər. Şöbədə olarkən onun hüquqlarını müdafiə etmək üçün vəkil çağırılmışdır. Həmin vəkil 25 saylı bürodan gəlmişdir. Ad və soyadı Cavid Abbasov idi. Orda yenidən çəkilişlə üzərinə və ondan əldə edilmiş bükümə baxış keçirilmişdir. Bundan sonra büküm yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Konkret olaraq bildirmişdir ki, həmin bükümü anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 25 manata, şəxsi istifadəsi üçün almışdır. O, saxlanılmamışdan qabaq heç kimə narkotik vasitə satmamış və ya verməmişdir. Bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. O, səmimi olaraq hər şeyi etiraf etmiş, etdiyi əmələ görə peşmandır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bir müddətdir ki psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri adətən sosial şəbəkədə tanış olduğu, anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından danışaraq əldə etmişdir. O, həmin şəxsdən istədiyi narkotik vasitəni onun göndərdiyi müxtəlif kart və M10 hesablarına pul göndərdikdən sonra ona göndərilən “məkan”-da göstərilən ünvandan götürərək əldə etmişdir. xx.xx.2025-ci il tarixdə narkotik vasitəni almaq üçün İran vətəndaşına 25 manat pul göndərmiş və narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra polis bölməsinə aparılmış və orada üzərlərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş və bundan sonra saxlanıldıqları yerə gətirilərək çəkiliş aparılmaqla üzərlərinə yenidən baxış keçirilmişdir. Qeyd etmək istəyir ki, onlar ittihamda qeyd edilən miqdarda narkotik vasitə sifariş verməyiblər. O, səmimi olaraq hər şeyi etiraf etmiş, etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2025-ci il tarixdə polis şöbəsinə Rakif və Elşad adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Ramil Cəbiyev tərəfindən təsdiqlənmişdir. Bundan sonra onun və Nərimanov rayon polis idarəsinin 17-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və həmin şöbənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Şahid4 və Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 17:33 radələrində ünvan 5 ünvanının qarşısında tərəflərindən saxlanılmışdır. Şahid4 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri o cümlədən tutlan andan müdafiəçiyə malik olma hüququ izah olunmuşdur. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin və ya psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Şahid4 və Təqsirləndirilən şəxs üzərlərini yoxlamağa başlamışdırlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid4 və Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklikfən sonra Şahid4 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan 01 ədəd büküm çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda, bükümün içərisində ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmışdır. Bundan sonra Şahid4 üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Zero” markalı mobil elefon aşkar edilmiş və əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd büküm çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda, bükümün içərisində ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin büküm zərlə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Poco” markalı mobil elefon aşkar edilmiş və əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şahid4 və Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərlərindən aşkar edilərək götürülmüş maddələri tanımadıqları İran İslam Respublikası vətəndaşından şəxsi istifadələri üçün əldə etdiklərini bildirdilər. Şəxslərin üstünün yoxlanılması ünvan 6 ünvanının qarşısında keçirilmişdir. Şəxslərin üstünün yoxlanılması zamanı '‘Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 oğlu tərəfindən video çəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin İnzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokol bir ədəd disk əlavə olunmuşdur. Həmin disk, iki ədəd qablaşdırılmış zərf, Şahid4 və Təqsirləndirilən şəxs PŞ-də təhqiqatçınm otağına gətirilmişdir. Orada diskə, iki ədəd zərfə onların və dəvət edilmiş müdafiəçilərin iştiraklıarı ilə baxış keçirildikdən sonra Şahid4 və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 24 sentyabr 2025-ci il tarixli, «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan müəyyən edilmişdir ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid4 və Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklikfən sonra Şahid4 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan 01 ədəd büküm çıxararaq təqdim edir. Həmin büküm açıldıqda, bükümün içərisində ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmışdır. Bundan sonra Şahid4 üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Zero” markalı mobil elefon aşkar edilmiş və əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda, bükümün içərisində ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Poco” markalı mobil elefon aşkar edilmiş və əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şahid4 və Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərlərindən aşkar edilərək götürülmüş maddələri tanımadıqları X8 vətəndaşından şəxsi istifadələri üçün əldə etdiklərini bildirdilər. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 24 sentyabr 2025-ci il tarixli «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokoldan müəyyən edilmişdir ki, sorğu sual zamanı Şahid4 və Təqsirləndirilən şəxs təqdim edilmiş bükümlərin onlara məxsus olmasını təsdiq edir və həmin bükümləri şəxsi istifadələri üçün əldə etdiklərini bildirirlər. Polis əməkdaşları tərəfindən qablaşdırılmış və təqdim edilmiş 02 ədəd bağlamaya baxış keçirilir. Baxış zamanı qablaşdırılmış bağlamalar açılır və həmin bağlamalardan ağ kristalşəkilli kütləsi aşkar edilir. Təhqiqatçı, polis baş leytenantı Rəhman Şahquliyev tərəfindən 02 ədəd büküm yenidən qabalaşdırılaraq məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. DVD disklə bağlı protokol tərtib edilərək 01 ədəd disklə birlikdə iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 25 sentyabr 2025-ci il tarixli, 6/3165 saylı materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dİn Zərflər üçün N219” dairəvi möhür əksi, -“Şahid4 aşkar edilmiş əşya Şahid4 (imza) “ yazısı və imzalar zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,289 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -“Təqsirləndirilən şəxs aşkar olunan əşya Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,262 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -vət Şahid4 və X3 aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan 21 noyabr 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Poco” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “Poco” markalı mobil telefonu baş müstəntiq Şahmar Qurbanovdan təhvil almış və bunu imzası ilə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 3388 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 6206 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) əlamətləri aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcbur müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcbur müalicə tətbiq edilməsi mükün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü Elşad adlı şəxslə birlikdə, taksi ilə məhləyə gəldiklərini, tanımadıqları İran vətəndaşının onlara Ulduz metrosu yaxınlığına ünvan göndərdiyini və onların da həmin ünvana getdiklərini, həmin ünvanda polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, psixotrop maddə metamfetamindən ağrılarına görə istifadə etdiyini, narkotik vasitə üçün pulu İran vətəndaşına verdiyini, narkotik vasitəni Elşadın götürdüyünü, polis əməkdaşları gələn zaman Elşadın narkotik vasitəni kiminsə həyətinə atdığını və sonradan həmin narkotik vasitənin miqdarının 1 qram olduğunu bildiyini, narkotik vasitənin yarısının ona digər yarısının isə Elşada məxsus olduğunu, həmin narkotik vasitəyə görə 25 manat pul verdiklərini, ona və Elşada qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmadığını, narkotik vasitənin qramının 25 manat olduğunu güman etdiyi üçün çəkisinin 1 qram olduğunu düşündüyünü, ona təzyiq olunmadığını, lakin hüquqi savadı olmadığı üçün etirafedici ifadələr verdiyini, tutulduqdan sonra narkotik vasitədən istifadə etmədiyini, müharibədə olan zaman dərman peraparatlarından istifadə etdiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 62 - Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilməsi məsuliyyətdən yayınmaq ücün özünü müdafiə xarakterli sayılmalıdır, həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, üçüncü dərəcəli əlil olmasını (sol ayağı dizdən aşağı hissədən yoxdur), törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sol baldırın travması amputasiyanın nəticələri” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini, üçüncü dərəcəli əlil olmasını, sol ayağının dizdən aşağı hissədən olmamasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədinə xidmət etməklə sonuncunun islah və yenidən tərbiyə olunmasını təmin edəcək. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətini, üçüncü dərəcəli əlil olmasını, sol ayağının dizdən aşağı hissədən olmamasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi halda cəzanı müvafiq rejimli cəzaçəkmə müəssisəsində çəkməsi halında, onun üçün çətin və gələcəkdə sağlamlığında daha ağır nəticələrə səbəb ola biləcəyini Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmalı və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Prokurorunun 26 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş və barəsində istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 sentyabr 2025-ci il tarixdən 26 sentyabr 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır Bundan başqa Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,212 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokol, «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokol, 02 ədəd «DVD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, BİKİ-dən daxil olmuş 01 ədəd “CD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 24 sentyabr 2025-ci il tarixdən 26 sentyabr 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,212 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokol, «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» protokol, 02 ədəd «DVD» disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, BİKİ-dən daxil olmuş 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar