Məhkəmə qərarları › İş №1(101)-2084/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2084/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2084/2024 22.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 72 ünvanında qeydiyyatda olmaqla ünvan 1a yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,753 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 21 yanvar 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3ləşən 19-cu Polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram və 0,468 qram olmaqla ümumi təmiz çəkisi 0,753 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,501 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 09 aprel 2024-cü il tarixdə saat 14:15-də ünvan 4 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanında yerləşən 20-ci Polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,501 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, müharibədən sonra bədənində qəlpələr qalmış, buna görə də havaların pis keçməsi, yağış yağması zamanı bədənində ağrılar olur. Ağrılara dözə bilmədiyi üçün narkotik vasitələrdən istifadə etmişdir. Hadisə günü “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən bir büküm narkotik vasitə metamfetamin əldə etmişdir. Onu otelin qarşısında polis əməkdaşları saxlamışlar və 20-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində üzərinə baxış keçirilmiş, aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs metamfetamini 20 manata aldığını, onu saxlayanda üzərində heroin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, onlara Samirin narkotik vasitələrin istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, onlar həmin şəxsi, Seyidzadə küçəsi 32-də binanın blokunun önündə saxlamış, özlərini Samirə təqdim etmişlər və onlarla polis bölməsinə gəlməli olduğunu bildirmişlər. Birlikdə polis bölməsinə gəlmişlər. Şəxsin üzərinə axtarış həyata keçirilən zaman metamfetaminə bənzər psixotrop maddə aşkar etmişlər. Dindirmə zamanı şəxs psixotrop vasitəni “Papanin” adlanan ərazidən 10 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə ittihamın həmin epizodu ilə bağlı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə digər epizodla bağlı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayında şöbənin əməkdaşı ilə birlikdə səhər radələrində inzibati ərazidə xidmətdə olmuşlar. Samir adlı şəxs onlar tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılmışdır. Samirə özünü təqdim etməsini söyləmişlər və onu polis şöbəsinə dəvət edərək raportla rəhbərliyə məruzə etmişlər. Həmin raport əsasında şöbə rəhbərliyi materialın təhqiqat araşdırmasını məqsədəmüvafiq hesab etdiyi üçün həmin şəxsin təhqiqat araşdırması başlanmışdır. Şübhəli şəxs özü narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Təhqiqat araşdırması zamanı həmin şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən narkotik vasitə aşkarlanmışdır. Təhqiqatçı aşkarlanan narkotik vasitənin nə üçün olduğunu soruşmuş, saxlanılan şəxs narkotik istifadəçi olduğunu, satış məqsədinin olmadığını bildirmişdir. Aşkarlanan narkotik vasitə heroin olmuş, çəkisini dəqiq bilməmiş, amma 2 qramdan çox olduğunu düşünür. Aşkarlanan narkotik vasitə rəy üçün ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 onlar tərəfindən saxlanılan şəxsə qarşı heç bir fiziki, psixi təsir göstərilmədiyini, təqsirləndirilən şəxsin özünün narkotik vasitə istifadəçisi olduğunu etiraf etdiyini, şəxsi 3-cü mikrorayon bazarının yaxınlığında saxladıqlarını, təqsirləndirilən şəxsi saxlayarkən polis əməkdaşı Bəhmənov Təyyarla birlikdə olduqlarını, təqsirləndirilən şəxsin özünü şübhəli apardığını, “hallı” gəzdiyini, dili topuq vurduğunu, üzərinə baxışı şöbədə keçirdiklərini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkilləri xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Nəsimi rayonu, Alı Mustafayev küçəsi 30/14 ünvanın qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasının şahidi olmuş, bu səbəbdən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, bu zaman həmin şəxsin gözlərinin axması, həyəcanlanması, verilən suallara qeyri-müəyyən cavab verməsi və oradan uzaqlaşmağa cəhd göstərməsi şübhələri daha da artırmış, həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasından, üzərində narkotik vasitələr saxlamasından şübhələnib onu 20-ci Polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxx 1986-cı ildə ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını, müəyyən hissəsini istifadə etdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq zərf zərflər üçün nəzərdə tutulmuş 188 saylı möhürlə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 47-50). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,501 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 55-59). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 75-76). - cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən, həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməklə istintaq ********* nömrəsi altında davam etdirilmişdir (cild 1, iş vərəqi 101-102). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Nəsimi rayonu ərazisində “Samir” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 106). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Samir” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 107). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Nəsimi rayonu ərazisində yaşayan və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etmə, özündə saxlamaqla daşımada şübhəli olan “Samir” adlı şəxs həmin gün saat 14:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirilmiş və həmin şəxsin xx xxxxx 1986-cı ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 1a yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 111). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli bükümləri çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, onları xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidən adını bilmədiyi şəxsdən hər birini 10 manat olmaqla 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq zərflər üçün nəzərdə tutulmuş 187 saylı möhürlə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 153-156). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/419 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,468 qram, ümumi təmiz çəkisi 0,753 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 161-166). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 177-178). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş “Samsung” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir (cild 1, iş vərəqi 206). - Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin haradan və kimdən almasını müəyyən etmək mümkün olmamış, onun narkotik vasitənin satışında iştirak etməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 207). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1914 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 232-233). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2425 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törətdiyi anda xroniki psixi, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindədir. Cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 235-236). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 246-247). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,753 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,501 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,653 qram psixotrop maddə metamfetamin və 3,451 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmışdır (cild 1, iş vərəqi 260- 270). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs ona verilmiş ittihamın heroinlə bağlı hissəsini qəbul etməməsinə, saxlanılarkən üzərində narkotik vasitə heroinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs həmin epizod üzrə məsuliyyətdən yayınmaq məqsədi güdür. Əvvəla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məqamla bağlı məhkəmədə verdiyi ifadələrini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu 09 aprel 2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını, müəyyən hissəsini istifadə etdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, bütün ibtidai istintaq boyu Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqin göstərilmədiyini bildirmişdir. Lakin məhkəmədə verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona aid olmadığını bildirmişdir. Qeyd edilənlərdən başqa, Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən verdiyi izahatında aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və heç kimə satmaq kimi fikrinin olmadığını, polislər tərəfindən ona qarşı hər hansı fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edilmədiyini bildirmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısıdır, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən səfərbərliklə bağlı həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində sol baldırın aşağı üçdə birinin ön səthinin, sol saidin yuxarı üçdə birinin arxa səthinin kor qəlpə yarasını almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmənin “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Mələk Abbaszadə və xx.xx.2018-ci il təvəllüdlü Həsənağa Abbaszadə adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olub yaralanmasını və medallarla təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, qeyd edilən hökm idarənin icraatına xx.xx.2022-ci ildə daxil olmuş, Təqsirləndirilən şəxs barəsində 11 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçildiyindən həmin tarixə cəzasının çəkilmiş hissəsi 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün, cəzasının çəkilməmiş hissəsi 08 (səkkiz) ay 03 (üç) gün təşkil edir (cild 1, iş vərəqi 197-198, 223-230). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl törətdiyi cinayətə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 23 yanvar 2024-cü il tarixli qərarı ilə müstəntiqin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətinin müdafiəsindən imtina edilmiş, Abbasov X3 Saxlama yerindən azad edilmiş, həmin tarixdə müstəntiqin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21-22, 97-100, 127-128, 191-192, 193-194, 196). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun yenidən şübhəli şəxs qismində tutulduğu 09 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,653 qram çəkidə psixotrop maddə metamfetamin və 3,451 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 161 (yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1- 1-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 03 (üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,653 qram çəkidə psixotrop maddə metamfetamin və 3,451 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 161 (yüz altmış bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar