Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2085/2024 22.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,357 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 mart 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:05-də ünvan 3 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən 21-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 2,357 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə günü evdə olarkən 2 nəfər polis əməkdaşı evə gələrək onu idarəyə dəvət etmişlər. O, atası ilə birlikdə polislərin maşınına əyləşərək idarəyə getmişdir. Atası avtomobildə qabaqda, o isə arxada əyləşmişdir. O, cibində olan pulu atasına vermiş və idarəyə daxil olanda onu yuxarı mərtəbələrin birinə aparmışlar. Onu 1-2 dəqiqə bir otaqda saxladıqdan sonra başqa otağa aparmışlar. Həmin otaqda olarkən narkotik maddəni ona təklif edərək, narkotik maddəni boynuna götürməyi ondan tələb etmişlər. O, əvvəlcə etiraz etmiş, daha sonra polislər yenidən narkotik maddənin ona məxsus olduğunu iddia etmişlər. Bu zaman o, polislərlə razılaşaraq, yalnız narkotik istifadəçisi olmağını etiraf edəcəyini bildirmiş və bununla əlaqədar sənədlərə imza etmişdir. O, həqiqətən də yalnız narkotik istifadəçisidir. İttiham aktında narkotik maddəni əldə etdikdən sonra 10-15 gün müddətdə onu üzərində gəzdirdiyi qeyd olunmuşdur. Əgər o, narkotik maddəni əldə etmişdirsə, niyə onu istifadə etməmiş, 10-15 gün üzərində gəzdirmişdir. Bu göründüyü kimi çox absurddur. Aşkarlanan narkotik maddə onun olmamış, narkotik maddəni polis əməkdaşları məcbur ona vermişlər. Daha sonra polis əməkdaşları ona bir neçə dubinka zərbəsi vurmuşlar və o, narkotik maddəni boynuna götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs təxminən 4-5 aydır ki, narkotik maddə istifadə etdiyini, narkotik maddəni Elnur adlı bir şəxsdən aldığını, Elnurun “Kubinka”da qaldığını, Elnurun hansı küçədə yaşadığını bilmədiyini, Elnurun mobil telefonunun olmadığını, soyadını bilmədiyini, özünün 27 mart 2023-cü il saat 11 radələrində evdə saxlanıldığını, bu zaman qapının 3 dəfə döyüldüyünü və üçüncü dəfə döyüləndə qapını açdığını, bu zaman atası və bibisinin yaxınlaşaraq nə baş verdiyini soruşduqlarını, polis əməkdaşlarının isə bölməyə getməli olduğunu bildirdiklərini, polislərin ona sadəcə bir neçə dəyənək zərbəsi vurduqlarını, ona dəyən zərbələrin izinin qalıbqalmadığını bilmədiyini, təcridxanaya aparılarkən döyüldüyünü demədiyini, xəsarətləri barəsində hər hansı araşdırma olmadığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş-altı aydır ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər CM-nin 177 və 185.1-ci maddələri ilə məhkum olunmuşdur. Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10-15 gün əvvəl 60 manata şəxsi istifadəsi üçün narkotik vasitə heroin almış və üzərində gəzdirmişdir. 27 mart 2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olan zaman ona mülki geyimdə 2 nəfər şəxs yaxınlaşmış, həmin şəxslər özlərini Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra, onlar Gülməmmədin hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 11:05-də 21-ci Polis bölməsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Daha sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində toz şəkilli qəhvəyi rəngli maddə olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və 5 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş bükümün içərisində nə olduğunu və onu hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda, həmin bükümün içərisindəkinin “kakos” olduğunu, şəxsi istifadəsi üçün Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10-15 gün əvvəl 60 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün əvvəlcə zərfin içərisi iştirakçılara göstərilməklə zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. 1 ədəd 5 manatlıq əskinas ona qaytarılmışdır. Üzərindən aşkar olunan narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı bölməyə gətirilərkən və sonra hər hansı bir zor, fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqi 80-82). İfadələri elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 27 mart tarixində səhər saatlarında onlara Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Qrup yaradılmış, şəxsin olmalı olduğu ünvana tərəf getmişlər. Ünvan sirkin arxa tərəfində olan Əfəndiyev küçəsi, döngə 1 olmuşdur. Orada Gülməmmədə yaxınlaşmışlar, özlərini təqdim etmişlər. Daha sonra onu 21-ci Polis bölməsinə aparmışlar və üzərində olan narkotik vasitələri könüllü şəkildə təhvil verməsini təklif etmişlər. Gülməmməd də müqavimət göstərmədən üzərində olan narkotik vasitəni masanın üzərinə qoymuşdur. Şəxs onlara həmin narkotik vasitəni Binəqədi rayonunda tanımadığı şəxsdən şəxsi istifadə üçün 60 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə sənədləşdirilərək tədqiqatçı tərəfindən ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 saxlanılarkən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki təzyiq olunmadığını, o cümlədən dubinka ilə döyülmədiyini, bölmədə ümumiyyətlə dubinka olmadığını, təqsirləndirilən şəxsin döyülmə ilə bağlı yalan ifadə verdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Gülməmməd” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və özündə saxlaması barədə əməliyyat yolu ilə məlumat əldə edilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Gülməmməd” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və özündə saxlamasında şübhəli bilinən “Gülməmməd” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev küçəsi, döngə 1 ünvanının qarşısında olacağı barədə bölməyə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış əməliyyat qrupunun üzvləri xx.xx.2024-cü il tarixdə saat 10:45-də həmin ünvana gəlmiş və saat 11:05-də “Gülməmməd” həmin ünvana gəldiyi zaman ona yaxınlaşılıb özlərini təqdim etmiş və o, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinin növbətçi hissəsində “Gülməmməd” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 9). - şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümdə narkotik maddə “kakos” olduğunu, 5-6 aydır ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 10-15 gün əvvəl Binəqədi rayonu, Xocasən qəsəbəsiində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 manat pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 189 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 44-46). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/25-6/1671 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N189” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - bir ədəd bükümdə təmiz çəkisi 2,357 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 55-60). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 72- 73). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinə əlavə edilmiş 01 ədəd diskə köçürülmüş şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, diskdə 1 ədəd videofayl vardır. Video 10 dəqiqə, 10 saniyə davam edir. Həmin videogörüntüdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin təhqiqatçısı polis kapitanı İsa Taralov, bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs vəkili X5 iştirakı ilə sorğu-sual edilir. Ona üzərinə şəxsı axtarış və götürmə keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunduqda o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmın kütlənin nə olduğu və haradan əldə etməsi soruşulduqda, o, həmin bükümün içərisindəkinin narkotik vasitə hesab edilən heroin olduğunu, Binəqədi rayonu, Xocəsən qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 60 manata almasını bildirir. Təqsirləndirilən şəxs üzərində sonradan şəxsı axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir (cild 1, iş vərəqi 100). - Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitə və psixotrop maddələrin satışında iştirak etməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqi 108). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Musayev X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin xəstəxanada müayinədə olmuşdur. Diaqnoz: “Mülayim üzvi dissosiativ pozuntu, kəkələmə ilə və anamnezində özünükəsmələrlə” (cild 1, iş vərəqi 113). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 114). - narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2,357 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,257 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 115-116). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4667 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 117-118). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs əvvələr “üzvi dissosiativ pozuntu” qeyd olunsa da, hal-hazırda onda pozuntu əlamətləri müəyyən edilmir. Hal-hazırda Təqsirləndirilən şəxs psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 119-120). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə materialların ayrılması və tədbirlərin davam etdirilməsi məqsədilə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 121-125). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən evində saxlanılması, saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, polislərin ona dubinka ilə bir neçə zərbə vuraraq, ona narkotik vermələri və boynuna götürməsini tələb etmələri, onun da verilmiş narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarın cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümdə narkotik maddə “kakos” olduğunu, 5-6 aydır ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü 10-15 gün əvvəl Binəqədi rayonu, Xocasən qəsəbəsiində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 60 manat pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə aid olduğunu etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı, o cümlədən fiziki təzyiq göstərilmədiyini bildirmişdir. Habelə, polislər tərəfindən evində saxlanılması barədə hər hansı məlumat verməmişdir. Lakin məhkəmədə verdiyi ifadələrində polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən verdiyi izahatında tərətdiyi cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, saxlandığı zaman işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki və mənəvi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş şahidlər ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, o cümlədən fiziki təzyiq göstərilmədiyini bildirmişlər. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti əldə edilərək məhkəmədə baxışı keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təcridxanaya qəbul edilərkən onun tibbi müayinəsi keçirilmiş, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmiş, habelə özü zədə almadığını bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə o nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib şərti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə şərti sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 106-107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23-24, 89-93). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,257 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar əmələ gəlmiş 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,257 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-2085/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2085/2024
22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver