Məhkəmə qərarları › İş №1(101)-2087/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2087/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2087/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X1 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, 2 may 1988-ci il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, bilmədiyi ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs yaşadığı mənzildə müvəqqəti qalarkən mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi səbəbindən Zərərçəkmiş şəxs onu tənqid edib evi tərk etməsini bildirməsini cüzi səbəb kimi bəhanə gətirib 19 may 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında görüş təyin edib həmin gün saat 20:15 radələrində sonuncu ilə birlikdə piyada ünvan 2 ünvanın qarşısına çatdıqda heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərindəki soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədən nahiyəsindən 1 dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət Zərərçəkmiş şəxs və onun anası ilə birlikdə yaşamışdır. Hadisə baş verməzdən əvvəl onlar başqa yerə köçmüşlər. O da Rəcəbə zəng edib harada yaşamaları ilə bağlı məlumat almaq istədikdə sonuncu, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O isə dəfələrlə məsələyə aydınlıq gətirmək üçün Rəcəbi görüşə dəvət etsə də, gəlməmişdir. Hadisə baş verən gün Rəcəblə görüşmüş və ondan üzr istəməsini tələb etmişdir. Lakin Rəcəb onu təhqir etməyə başlamışdır. Bundan sonra onunla əlbəyaxa olmuş və o, bilmədən Rəcəbə 1 bıçaq zərbəsi yetirmiş, lakin həmin anda zərbə vurduğunu dərk etməmişdir. Daha sonra oradan uzaqlaşıb Nərimanov rayonu ərazisindəki parka getmişdir. Bir müddət sonra evə gəldikdə yaxınları polis əməkdaşlarının onu axtardığını dediklərindən könüllü olaraq 21-ci Polis Şöbəsinə gedib təslim olmuşdur. Uzun müddət Rəcəb və anası ilə bir evdə yaşamışdır. Tutulmazdan əvvəl küçələri gəzib giləmeyvə satmışdır. Ona Fəxriyyənin nömrəsini Vüsalə vermişdir. Rəcəb və anası heç bir səbəb olmadan başqa evdə yaşayacaqlarını demişlər. Narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxsə xəsarət yetirərkən istifadə etdiyi meyvə bıçağını yaşadığı evdən götürmüşdür. Zərərçəkmiş şəxs bıçaqlamaq fikri olmamışdır. Rəcəbi axtarmışdır ki, Rəcəb ondan üzr istəsin. O, Rəcəblə “28 may” metrostansiyasının yaxınlığında görüşüb onun yaşadığı evə getmiş, daha sonra onunla təklikdə söhbət edərkən Rəcəb onu təhqir etdiyi üçün ondan üzr istəməli olduğunu bildirmişdir. Rəcəblə telefonla danışarkən onun yaxınlarına ağır söyüşlər söydüyü üçün ona 1 bıçaq zərbəsi yetirmişdir. Rəcəblə əvvəllər aralarında mübahisə olmamışdır. Rəcəb narkotik vasitələrdən istifadə etməyi ilə bağlı ona irad bildirməmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” adlı ərazidə işlədiyi müddətdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqları müddət ərzində Təqsirləndirilən şəxs cənub zonasından olduğuna görə aralarında dostluq münasibətləri yaranmışdır. Həmin vaxtlarda anası Şahid ilə birlikdə “Keşlə bazarı”-nın yaxınlığında kirayə yaşamışlar. Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri yarandığından sonuncu, onlarla birlikdə yaşamağa başlamışdır. Hətta həmin ünvandan Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən ünvana kirayə yaşamaq üçün köçdükdə də, Təqsirləndirilən şəxs ilə birlikdə köçmüşlər. 2022-ci ilin təxminən fevral ayında həmin ünvanda kirayə yaşadıqları müddətdə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini görmüşdür. Buna görə də Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, həmin pis vərdişindən əl çəkməmişdir. Bundan sonra anası Şahid ilə belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs ilə birlikdə yaşamasınlar. Bu barədə o, Təqsirləndirilən şəxs dedikdə, sonuncu əvvəlcə buna etiraz etsə də, sonradan etiraz etməyərək həmin vaxtdan sonra onlarla birlikdə yaşamamışdır. Həmin vaxtdan sonra maddi çətinliklərə görə anası Şahid ilə birlikdə Astara rayonu, Şiyəkəran kəndinə gedib təxminən 4-5 ay kənddə yaşamışlar. Bu müddətdə Təqsirləndirilən şəxs mütəmadi olaraq ona zəng edərək bağışlanmağını və yenidən birlikdə yaşamaq istədiyini bildirmişdir. 17 may 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs yaşadıqları ünvanı demiş və sonuncu onların yaşadıqları “Kubinka” adlanan əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs ilə söhbət zamanı sonuncu bildirmişdir ki, artıq narkotik vasitələrdən istifadə etmir, yenidən onunla və Şahid ilə birlikdə yaşamaq istəyir. O da Təqsirləndirilən şəxs onlarla birlikdə yaşamağına icazə vermişdir. Təqsirləndirilən şəxs həmin gün yaşadıqları ünvanda onlarla birlikdə qalmışdır. Sabahısı gün o, Təqsirləndirilən şəxs yenidən narkotik vasitə istifadə etdiyini görüb evi tərk etməsini demiş, Emin də getmişdir. 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmiş və o da sonuncuya işdən çıxdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının arxa küçəsində görüşə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs də həmin yerin söhbət etmək üçün münasib olmadığını bildirib “Kubinka” adlanan yerdə görüşməyi təklif etmiş, o da razılaşmışdır. Bundan sonra onlar həmin gün saat 19:30 radələrində Təqsirləndirilən şəxs qeyd etdiyi yerdə görüşmüşlər. Belə ki, “Kubinka” adlı ərazidə yerləşən “Bolmart Market”-in arxa hissəsində söhbət etdikləri zaman Təqsirləndirilən şəxs arxa cibindən bıçağı çıxarıb sol döş nahiyəsinə 1 dəfə vurmuş, o da xəsarət almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs əlindəki bıçağı təkrar vurmasın deyə almağa çalışmış, daha sonra isə Təqsirləndirilən şəxs həmin yeri tərk etmişdir. O isə çətinliklə də olsa yaşadığı ünvana getmiş və anası Şahid köməkliyi ilə xəstəxanaya çatdırılmışdır. Təqsirləndirilən şəxs tanıyan zaman sonuncunun narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. İlk dəfə maddi sıxıntılar ucbatından Emindən ayrı yaşamağa qərar vermiş, lakin növbəti dəfə Eminin pis vərdişlərinə görə onunla birlikdə yaşamaq istəməmişlər. Eminin narkotik vasitələrdən istifadə etməsinə görə aralarında mübahisə yarandıqda, qonşulara da mübahisənin səbəbini demişlər. Emin ona zəng edərək onu “narkoman” kimi tanıtdırdığını bildirmişdir. Eminlə görüşüb yaşadığı evə tərəf gəldikdə sonuncu heç nə demədən ona 1 bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Xəstəxana xərcləriylə bağlı Eminin ailəsi ona 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 2-ci bıçaq zərbəsi ona dəyməmişdir. Yaralı halda evə gəldikdən sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” adlı ərazidə işlədiyi müddətdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanış olduqları müddət ərzində Təqsirləndirilən şəxs də cənub zonasından olduğuna görə oğlu ilə aralarında dostluq münasibətləri yaranmışdır. O, həmin vaxtlarda oğlu Zərərçəkmiş şəxs ilə birlikdə “Keşlə bazarı”-nın yaxınlığında kirayə yaşamışdır. Oğlu Zərərçəkmiş şəxs təklifi ilə sonradan Təqsirləndirilən şəxs də onlarla birlikdə yaşamağa başlamışdır. Hətta həmin ünvandan Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən ünvana kirayə yaşamaq üçün köçdükdə də Təqsirləndirilən şəxs onlarla birlikdə yaşamışdır. 2022-ci ilin təxminən fevral ayında Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində kirayə yaşadıqları vaxt oğlu Rəcəb ona Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini demişdir. Buna görə də o, oğlu Zərərçəkmiş şəxs ilə belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs onlarla birlikdə yaşamasın. Sonra da bu barədə Təqsirləndirilən şəxs bildirmişlər. Emin əvvəlcə buna etiraz etsə də, sonradan razı olmuşdur. Həmin vaxtdan sonra maddi çətinliklərə görə oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Astara rayonu, Şiyəkəran kəndinə gedərək təxminən 4- 5 ay kənddə yaşamışlar. Həmin müddətdə Təqsirləndirilən şəxs mütəmadi olaraq oğlu Rəcəbə və ona zəng edərək bağışlanmağını və yenidən birlikdə yaşamaq istədiyini bildirmişdir. 17 may 2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadıqları ünvanı bildirmiş və Təqsirləndirilən şəxs yaşadıqları Nəsimi rayonu, “Kubinka” adlı əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, artıq narkotik vasitələrdən istifadə etmir və yenidən onlarla birlikdə yaşamaq istəyir. O, oğlu Rəcəblə məsləhətləşdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə yaşamağına icazə vermişlər. Təqsirləndirilən şəxs həmin gün yaşadıqları ünvanda qalmış, sabahısı gün oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yenidən narkotik vasitə istifadə etdiyini görmüşdür. Bu səbəblə Təqsirləndirilən şəxs evi tərk etməsini bildirmişlər, o da evi tərk etmişdir. 19 may 2023-cü il tarixdə saat 19 radələrində o, yaşadığı ünvanda olarkən oğlu Zərərçəkmiş şəxs zəng edib nə vaxt evə gələcəyini soruşmuş, o da təxminən 1 saatdan sonra gələcəyini demişdir. Saat 20:30 radələrində oğlu Zərərçəkmiş şəxs evə gəldikdə paltarının qan olduğunu görmüş və ondan səbəbini soruşduqda, Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər oğlu ilə birlikdə işləmişdir. Eminə öz oğlu kimi baxmışdır. Narkotik vasitə istifadə etdiyi üçün Eminlə ayrı yaşamağa qərara almışlar. Emin onun işləməsinə icazə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvan 2 ünvanın qarşısında bıçaqla vuraraq ona xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqə 83-85). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş idman gödəkcəsi boz rəngli olmaqla qarışıq materialdandır, uzunqoldur, kapyuşonludur, uzunluğu 60 sm, çiyin nahiyəsində eni 45 sm, qollarının uzunluğu 52 sm-dir, idman gödəkcəsinin ön səthində solda 1,8 sm ölçüdə zədə var. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş mayka boz rəngli olmaqla qarışıq materialdandır, qısaqoldur, uzunluğu 58 sm, çiyin nahiyəsində 40 sm, qollarının uzunluğu 14 sm-dir, maykanın ön səthi kəsilmiş, Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin kəsik əməliyyat zamanı mayka əynindən çıxarılan zaman olmuşdur, həmçinin, maykanın ön səthində solda 1 ədəd 1,7 sm ölçüdə zədə vardır. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş digər mayka isə qara rəngli olmaqla qarışıq materialdandır, qolsuzdur, uzunluğu 64 sm, eni 45 sm-dir, maykanın ön səthində kəsiklər vardır, Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin kəsiklər əməliyyat zamanı əynindən çıxarılarkən olmuşdur, həmçinin, maykanın ön səthində 1 ədəd 1,8 sm ölçüdə zədə vardır (cild 1, iş vərəqə 134-136). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tiyə və dəstək hissədən ibarətdir və ümumi uzunluğu 206 mm-dir, bıçağın tiyəsi bozumtul-gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin uzunluğu 113 mm-dir, tiyənin orta hissədən eni 11 mm-dir. Dəstəyin uzunluğu 93 mm-dir, orta hissədən eni 19 mm-dir, mavi rəngli sərt plastik materialdan hazırlanmışdır (cild 1, iş vərəqə 137). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 7 avqust 2023-cü il tarixli 1106 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemotoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmiş, qərarda göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, deşilmişkəsilmiş yara qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilmələri mümkündür (cild 1, iş vərəqə 167-169). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 7 avqust 2023-cü il tarixli 354- MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (idman gödəkcə, qısaqol mayka və qolsuz mayka) ön səthində solda 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik olan digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların (idman gödəkcə, qısaqol mayka və qolsuz mayka) ön səthində solda aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan eyni xarakterli xəsarətlə (döş qəfəsinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası) öz lokalizasiyasına görə nisbi uyğun gəlir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmamışdır (cild 1, iş vərəqə 171-176). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 18 avqust 2023-cü il tarixli 497/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa,beta/İ/./sənədin kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus boz rəngli gödəkcə, qısaqol köynək və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni, həmçinin bəzi ləkələrdə alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O- alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 178-180). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 7 avqust 2023-cü il tarixli 2193 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması hadisədən əvvəlki dövrdə onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs qisas almaq istəməsi, hadisə günü aralarında yaranmış mübahisə ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs söz götürməmək, inadkarlıq, emosionallıq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi emosional vəziyyəti ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 182-184). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd idman gödəkcəsi, 1 ədəd qısaqol mayka və 1 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 217-228). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 120). Cinayət işinin materiallarından görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmış, Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və 20 may 2023-cü il tarixli qərarla həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin sonradan həmin əməlin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edən sübutların əldə olunmamasına baxmayaraq təqsirləndirilən şəxsin əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 1; 53-54 və 190-191). Lakin məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs yaşadığı mənzildə müvəqqəti qalarkən mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi səbəbindən Zərərçəkmiş şəxs onu tənqid edib evi tərk etməsini bildirməsini cüzi səbəb kimi bəhanə gətirib 19 may 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında görüş təyin edib həmin gün saat 20:15 radələrində sonuncu ilə birlikdə piyada ünvan 2 ünvanın qarşısına çatdıqda üzərindəki soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədən nahiyəsindən 1 dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun ailəsinin ünvanına nalayiq sözlər deməsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır xəsarət yetirdiyindən təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə həmin cinayət əməlini törətməsini istisna edir. Həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən görünür ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunduğu kimi, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. Bundan başqa, həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, “İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur”. Göründüyü kimi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində cinayət hadisəsinin baş verməsi öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə ağır xəsarət yetirməyə yönəlməsi istisna olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini “xuliqanlıq niyyəti” ilə deyil, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin və onun ailəsinin ünvanına nalayiq sözlər deməsindən sonra törətməklə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 32). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd idman gödəkcəsi, 1 ədəd qolsuz mayka, 1 ədəd qısaqol mayka və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 1 ədəd idman gödəkcəsi, 1 ədəd qolsuz mayka, 1 ədəd qısaqol mayka və 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar