Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-209/2023 11.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və X2 və müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə - xx xxx 1991-ci ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşımışdır.
2. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 6,689 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 mart 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X15 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 81 saylı sərnişin avtobusunun son dayancağında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 6,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X15 7-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsini daşıyır. 17 mart 2022-ci il tarixdə, saat təxminən 15-16 radələrində həmkarı Şahid2 Əlöhmıge oğlu ilə birlikdə Suraxanı rayonunun inzibati ərazisində piyada xidmət apararkən Qaraçuxur qəsəbəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra kimliyini müəyyən etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs idi. Onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər və orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heroin aşkar edilmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlöhvsət oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Əlahiddə X15 7-ci Patrul Bölüyündə polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 17 mart 2022-ci il tarixdə, saat 15-16 radələrində həmkarı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində «Dərə» deyilən yerdə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Kimliyi sonradan məlum olan həmin şəxs, yəni Təqsirləndirilən şəxs özünü itirərək gah xalası, gah da bibisigilə gəldiyini demişdir. Təqsirləndirilən şəxs cibində nə olduğunu soruşduqda, narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heroin aşkar edilmişdir.
5. Şahidlər Şahid2 Əlöhvsət oğlu və Şahid1 verilmiş suallara cavab olaraq bildirmişlər ki, polis nəfəri olaraq on beş gün gecə, on beş gün gündüz xidmətində olurlar. Gündüz növbəsində iş qrafikləri saat 08:00-dan 20:00-dək, gecə isə 21:00-dan səhər saat 09:00-dək müəyyənləşdirilmişdir. 17 mart 2023-cü il tarixdə gündüz növbəsində olmuşlar və Təqsirləndirilən şəxs da piyada hərəkət edərkən gündüz saatlarında tək saxlamışlar.
6. Şahid2 Əlöhvsət oğlu əlavə dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1 ilə 17 mart 2023-cü il tarixdə gecə saatlarında növbədə olmuşlar, Təqsirləndirilən şəxs da gecə saatlarında saxlamışlar, lakin ola bilsin səhvən gündüz saatlarında rəsmiləşdirilmişdir.
7. İbtidai istintaq oraqını iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
8. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 15:30 radələrində xidmət apardıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Y.Eyvazov küçəsində, 81 saylı sərnişin avtobusunun son dayanacağında Təqsirləndirilən şəxs Faiq oğlu saxlanılaraq saat 15:45-də Suraxanı RPİ-nin 32-ci PB-nə təhvil verilmişdir (cild 01, i.v. 03).
9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarxdə, saat 15:30 dəqiqədən tutulmuş hesab edilməklə 16:15də Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 15-17).
10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərərkəti aparılarkən üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş və o, əynində olan qış gödəkçəsinin sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd siqaret qutusunun içərisində olan şəffaf sellofan bükülü çıxararaq, içərisində narkotik maddəyə bənzər büküm olduğunu bildirmişdir (cild 01, i.v. 28-29).
11. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 6/1562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,689 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 01, i.v. 44-48).
12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, i.v. 61).
13. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmaqla dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 79-81).
14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6,689 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqata sərf edildikdən sonra qalıq 6,639 qram) maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılır (cild 01, i.v. 84).
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı müraciət olunmuş, 11 aprel 2022-ci il tarixli cavab məktubunda satışla bağlı müsbət nəticə əldə etmək mümkün olmadığı bildirilmişdir (cild 01, i.v 89-90, 115).
16. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 01, i.v. 123-126).
17. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X1 Komissiyasının xx.xx.2022-ci il tarixli, 3118 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Opioidlərin» qəbulu nəticəsində yaranan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır (cild 01, i.v 140-141).
18. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Ambulator Məhkəmə-Psixiatrik Ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 1396 saylı, 25 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, həmçinin törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur, lakin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda, həmçinin cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur, onunla istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.
19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, şahidlər Şahid2 Əlövhsət oğlu və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər, sonuncu isə onların dediklərini inkar etmişdir (cild 01, i.v. 164-167).
20. İş materiallarında olan qərar və arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman tərtib edilmiş bir ədəd disk, "xxxx" MMC-dən alınmış bir ədəd CD disk iş üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (cild 01, i.v. 162-176, 199).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdi ki, ona internetdən zəng olunaraq bir qram narkotik vasitə heroin 34 manata təklif olunmuşdur. Bundan sonra qonşusu X4 ilə birlikdə 16 mart 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə yaxınlaşmışlar. Lakin, Ayaz Ələkbərovun onun narkotik vasitə almağa getməyindən xəbəri olmamışdır. Onlar maşından düşəndən sonra həmin nömrəyə zəng etmiş, lakin cavab verən olmamışdır. Bundan sonra onlara qara rəngli «Hyundai Sonata» markalı avtomobil yaxınlaşmış, iki nəfər şəxs maşından enərək özlərini polis əməkdaşı kimi təqdim edib, üzərlərinə baxış keçirmişlər. Daha sonra onu avtomaşına mindirib, yolda hardan gəldiklərini soruşduqda qonaq getdiklərini, indi isə evə qayıtdıqlarını bildirmişdir. Sonra ondan 500 manat pul istənilmişdir. Səhərə kimi tanışına mesaj yazıb pul tapmasını xahiş etsə də, pulu tapa bilmədiyi üçün onu idarəyə aparmışlar. Polislər Ayazı bərk döymüşlər. Bundan sonra əlinə qandal vuraraq onları Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Səhər saat 06-07 arası əməliyyat müvəkkilinin otağında onları, ən çox da Ayazı döymüşlər. Ayazın iki uşağı olduğu üçün onu buraxmalarını, dedikləri hər şeyi boynuna götürəcəyini bildirmişdir. Ayazı buraxıb, onu tutmuşlar. Gecə vaxtı tutulmasına baxmayaraq demişlər ki, əgər günün ikinci yarısı tutulduğunu desə işi yüngül olacaq və tez qurtaracaq.
22. Məhkəmədə müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X4 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Polis əməkdaşları tərəfindən saxlanılan günü Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişlər. Polis idarəsində üç gün saxlanılmışdır. İdarədə Elşənin üzərində heç bir narkotik vasitə və ya hər hası bir kütlə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Polis İdarəsində nə etdiklərini görməmiş, lakin onun boynuna nə isə qoymağa çalışdıqlarını bilmişdir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
23. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur.
24. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
25. «Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
26. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə nakrotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).
27. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitləərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
28. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci Siyahısı»na əsasən – təmiz halda 2 (iki) qram çəkidə narkotik maddə heroin- külli miqdar təşkil edir.
29. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir.
30. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
31. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
32. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
33. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən «məlumatların, sənədlərin, və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər».
34. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
35. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
36. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi iş üzrə polis əməkdaşlarının ifadələrini, təqsirləndirilən şəxsin 17 mart 2022-ci il tarixdə gündüz saatlarında deyil, 16 mart 2022-ci il tarixdə gecə saat 23.00 radələrində tutulmasını, saxlanılan zaman tək olmamasını, polis əməkdaşlarının səhərə kimi onu maşında saxlamalarını və səhər polis idarəsinə təhvil verilməsini, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirilərin qanunsuz olmasını göstərmişlər.
37. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.
38. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır.
39. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlilləri ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.
40. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) şahid qismində çıxış edən polis əməkdaşı Şahid1 məhkəmədə iki dəfə dindirilməsinə baxmayaraq həm istintaq zamanı vermiş olduğu ifadəsindən və məhkəmədə vermiş olduğu birinci ifadəsindən fərqli ifadə verərək Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə gündüz saat 18 radələrində saxladığını, həmin gün gündüz növbəsində xidmətdə olduğunu deməsi; b) Şahid2 Əlövhsət oğlunun məhkəmədə fərqli ifadə verərək 17 mart 2022-ci il tarixdə birinci ifadəsində gündüz zamanı, ikinci ifadəsində gecə vaxtı xidmətdə olduğunu bildirməsi; c) telefon anten dairələrində polis əməkdaşları ilə təqsirləndirilən şəxsin mobil telefon anten darəsinin 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə səhərə kimi eyni ərazini göstərməsi, d) 17 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tanışına onu maşında saxladıqlarını, bölməyə aparmadıqlarını yazmasına dair mesajların mövcudluğu ilə əsaslandırmışdır.
41. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onların müdafiə hüququnun ciddi şəkildə pozulmasıdır.
42. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.
43. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.
44. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş sübutlar əsasında, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-PB ÇPA-nın əməkdaşları Şahid2 Əlövhsət oğlu və Şahid1 tərəfindən 16 mart 2022-ci il tarixdə, saat 23 radələrində saxlanılmış, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə saat 04-05 radələrinədək polis əməkdaşları tərəfindən avtomaşında saxlanıldıqdan sonra aparılıb bölməyə təhvil verilmişdir.
45. Qeyd edilən hallar həmçinin, təqsirləndirilən şəxsin həm ibtidai istintaq orqanına sonuncu dəfə verdiyi ifadələri, həm üzləşdirmə protokolu, habelə məhkəmə istintaqında vermiş olduğu ifadələr, anten dairəsindən çıxarışlar, habelə 7 saylı ÇPA-dan daxil olmuş məktublarla da tam şəkildə təsdiq olunur.
46. Bu nəticə iş üzrə məhkəmə istintaqında müəyyən edilmiş yeni hal təşkil etsə də, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə ÇPA-nin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən saxlanılması artıq cinayət işinin mübahisəsiz hallarını təşkil edir.
47. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın sonunda 16 mart 2022-ci il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən tutulduğunu iddia etsə də, ibtidai istintaq orqanı bu kimi əhəmiyyətli halları məhkəməyə aydın olmayan səbəbdən araşdırmamış və nəzərə almamışdır.
48. Məhkəmə istintaqında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında saxlanılmış, üzərində narkotik vasitə olmamış, o narkotik vasitə almaq üçün getsə də həmin yerə çatmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin bu hissədə məhkəmədə iddia etdiyi hallar, yəni onun 16 mart 2022-ci il tarixdə gecə saatlarında tutulması məhkəmə istintaqında öz təsdiqini tam şəkildə tapmışdır.
49. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.
50. Bundan başqa, məhkəmə istintaqı zamanı polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs tək saxladıqlarını, yanında başqa şəxs olmadığını bildirsələr də, təqsirləndirilən şəxs israrla bildirmişdir ki, onu tanışı X4 ilə birlikdə saxlamışlar. Ayaz Ələkbərov polis əməkdaşları tərəfindən döyüldüyü üçün o, məcbur olub ifadələrə imza edəcəyini bildirmişdir.
51. Bununla bağlı Ayaz Ələkbərov ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə 16 mart 2022-ci il tarixdə, axşam saat 23 radələrində saxlanılmış və onu üç gün polis idarəsində saxlayıb sonra azad etmişlər.
52. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutulduğu vaxt 16 mart 2022-ci il tarixi təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.
53. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.
54. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində 17 mart 2022-ci il tarixdə gündüz saatlarında xidmətdə oduqlarını və Təqsirləndirilən şəxs saat 15:30 radələrində saxladıqlarını bildirmişlər.
55. Müdafiəçinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X15 7-ci Patrul Bölüyünə həmin polis əməkdaşlarının 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə və 17 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixə keçən gecə günün hansı saatlarında xidmətdə olduqları ilə əlaqədar verilmiş sorğuya cavabda Şahid2 və Şahid1 həmin tarixlərdə axşam saat 20:00-dan səhər saat 08:00-dək xidmətdə olduqları göstərilmişdir. Belə olan halda Şahid2 və Şahid1 həmin tarixdə gündüz saatlarında xidmətdə olmaları qeyri- mümkün görünür. Bu da ona dəlalət edir ki, şahidlər səmimi ifadə vermirlər. Ona görə də, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir.
56. Məhkəmə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilib-yetirilməməsi ilə bağlı nəticəyə gəlmək üçün tədqiq edilən sübutların inandırıcılıq tələblərinə hansı ölçüdə uyğun gəlmələri ilə bağlı qənaətə gələrkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilənə qədər baş vermiş proseslərə dair dəlilləri də təhlil etmişdir.
57. Belə ki, cinayət işinin materialların əlavə edilmiş müvafiq sənədlərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tanışı X4 ilə 16 mart 2016-cı il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində ÇPA-nın əməkdaşları tərəfindən saxlanılmış, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə geçən gecə saat 04-05 radələrinə kimi polis əməkdaşlarının idarə etdiyi maşında gözlədilmişdir.
58. Təqsirləndirilən şəxs saxlandığı 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə, saat 03:55 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan 055 334 11 14 saylı mobil nömrədən 055 947 74 74 saylı mobil nömrəyə SMS göndərilməklə «bir dənə əlaqə saxla maşında saxlayıblar çox hörmət elədi bölməyə salmadı» kimi mətnlər yazılmışdır.
59. Eləcə də, iş üzrə şahid qismində keçən polis əməkdaşları Şahid2 və Şahid1 və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinin anten dairələrinin müəyyən edilməsinə dair verilmiş sorğuya cavabdan da görünür ki, 16 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixə keçən gecə şahidlər və təqsirləndirilən şəxs eyni ünvanda olmuşlar.
60. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin aşağıda izahlı şəkildə göstərilmiş dəlillərə istinad etmişdir.
61. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində dəfələrlə onun 16 mart 2022-ci il tarixdə, saat 23 radələrində saxlanılaraq, səhər saatlarına kimi polis əməkdaşlarına məxsus avtomaşında saxlanıldığını və saat 04-05 radələrində polis idarəsinə aparıldığını, lakin 17 mart 2022-ci il tarixdə, saat 15:30 radələrində sənədləşdirmə aparıldığını, 17 mart 2022-ci il tarixdə, günün ikinci yarısında saxlanıldığını dediyi halda onun işinin yaxşı olacağının bildirildiyini, saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, saxlanıldığı ünvana narkotik vasitə almaq üçün getdiyini, narkotik istifadəçisi olduğunu, həmin ünvanda narkotik vasitəni əldə etmədən polis əməkdaşları tərəfindən saxlanıldığını iddia etmişdir.
62. Beləliklə, milli mobil operatorlar tərəfindən məhkəməyə təqdim edilmiş disklərdəki məlumatlardan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X14 daxil olmuş məktublardan iş üzrə şahidlər, polis əməkdaşları Şahid2 və Şahid1 məhkəməyə yalan ifadə vermələri təsdiq olunmuşdur.
63. Bundan başqa, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs saxlanılmasında Şahid2 və Şahid1 adlı polis əməkdaşlarının iştirak etməsi tam şəkildə təsdiq olunmuşdur. Bu fakt həm istintaq sənədləri, həm də məhkəmə istintaqı zamanı, habelə təqsirləndirilən şəxsin ifadəsi, eləcədə digər iş materialları ilə sübuta yetirilmişdir.
64. Göstərilənlər isə belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri mötəbər sübut sayır. Şahidlər Şahid2 və Şahid1 ifadəsi isə yalan ifadə kimi qiymətləndirildiyindən mötəbər sübut hesab edilə bilməz.
65. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid2 və Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri yalan ifadələr təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin «Veselov və digərləri Rusiyaya qarşı» iş üzrə xx.xx.2012-ci il tarixli qərarının 89-cu bəndinə əsasən məhkəmə ağır cinayətlərlə mübarizədə gizli agentlərin istifadəsinin qanuni əməliyyat texnikası kimi qəbul etsə də, suiistifadəyə qarşı adekvat qorumanın təmin edilməsi üçün hesab edir ki, ictimai maraq polis təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə haqq qazandıra bilməz.
67. Bundan başqa, «Savalanlı və digərlərinin Azərbaycana qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitədir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır.
68. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirildikdən sonra həmin gün axşam saatlarına qədər hər hansı bir əsas, istintaq hərəkəti aparılmadan saxlanılandan sonra təqiqatçı tərəfindən saat 15:30-da sənədləşmə aparılmışdır.
69. Bütün istintaq sənədlərində, ifadələrdə Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə, saat 15:30-da saxlanıldığı göstərilsə də, məhkəmə istintaqı zamanı toplanmış mötəbər subutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə, axşam saat 23 radələrində saxlanılmış və 17 mart 2022-ci il tarixə keçən gecə saat 04-05 radələrində polis idarəsinə təhvil verilmiş, təhqiqatçı isə şəxsi qanunsuz olaraq həmin tarixdə axam saatlarında sənədləşdirmə aparmış, bu kimi ziddiyyətli hallara nə həmin vaxt, nədə ki, sonradan aydınlıq gətirilməmişdir.
70. Göründüyü kimi Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə, səhər saat 04-05 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə gətiriməsi təsdiqini tapsa da, təqiqatçı, polis kapitanı X9 təqsirləndirilən şəxs barəsində ilkin istintaq hərəkətlərini (şübhəli şəxs qismində tutma qərarı və ya protokolu, müdafiəçinin təqdim edilməsi, hüquq və vəzifələrinin izahı, şəxsi axtarış və götürmə) həmin tarixdə, saat 16 radələrində aparmışdır. Bu da ona dəlalət edir ki, təqsrləndirilən şəxsin hüquqları və cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.
71. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.
72. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyindən və məhkəmədə vermiş olduğu ifadəsindən də aydın olur ki, o narkomaniya xəstəliyindən əziyyət çəkir narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin, hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.
73. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırki cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.
74. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.
75. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
76. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı xx.xx.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).
77. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
78. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
79. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər.
80. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
81. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.
82. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
83. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.
84. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir.
85. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
86. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
87. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş disklər cinayət işinin materiallarında saxlanılmalıdır.
88. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
89. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,639 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlər həmin işin materiallarına əlavə edilməlidir.
90. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,639 qram təşkil edən narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Maddi sübut kimi tanınmış "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat məbləğində pul dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.