Məhkəmə qərarları › İş №1(101)-2094/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2094/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2094/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 mart 1996-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Aslanov küçəsi ev 70 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1əsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə ünvan 2 ünvanında qrupun digər naməlum üzvləri tərəfindən gizlədilmiş külli miqdarda təmiz çəkisi 18,683 qram narkotik vasitə heroin, təmiz çəkisi 22,253 qram narkotik vasitə tiryək və təmiz çəkisi 3235,0 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının tapşırığına əsasən Bakı şəhəri Yasamal rayonu, X10 Əhmədov küçəsində yerləşən “Albalı” uşaq bağçasının yanında təyin olunmuş yerə üzərində saxlamaqla daşımış, onun Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 26-cı PBnə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 aprel 2024-cü il tarixdə, saat 23:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 3 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 955,0 qram, 995,0 qram və 1285,0 qram ümumi çəkisi 3235,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 18,683 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 22,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Yasamal rayonu, Cəfərov Qardaşları küçəsində polislər onu saxlamış, 26-cı polis bölməsinə aparmışlar. Orada onu döymüşlər və narkotik vasitə vermişdirlər ki, həmin narkotik vasitəni üzərinə götürsün. O da onu döyməmələri üçün həmin narkotik vasitəni üzərinə götürmüş və şəxsi axtarış zamanı polislərin dediklərini təkrarlamışdır. “WhatsApp” proqramı vasitəsilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. X6 küçəsinə getməyini İranlı bildirmişdir. O, İranlının dediyi yerdən heçnə götürə bilməmişdir. Onu 10-dan çox adam tutmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. O, İranlının dediyi ərazidən heçnə götürməmişdir. MSY-yə təhvil verilən zaman üzərində heç bir xəsarət olmamışdır. İstintaq Təcridxanasında bədəninə baxış keçirilmiş və qan analizi alınmışdır. İranlının bildirdiyi yerdə narkotik vasitə var idi. Həmin yerə 20 metr qalmış onu tutmuşlar. Birinci dəfə idi ki, narkotik vasitəni “WhatsApp” vasitəsilə ilə almışdır. Həmin yerə qoyulmuş narkotik vasitəni polislər götürmüşlər. O, həmin narkotik vasitəni götürüb İranlının dediyi yerlərə qoyacaqdı. Həmin narkotik vasitəni İranlının dediyi yerə qoymaq müqabilində İranlı ona pul verəcəkdi. Döyülməyi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Həmin narkotik vasitəni onun dediyi yerə qoymaq müqabilində İranlı həm də ona narkotik vasitə verəcəkdi. Həmin İranlı pulu 1 həftəyə karta atacağını bildirmişdir. Təcridxanada müayinə zamanı ondan heçnə soruşmamışlar. Bədənində xəsarətlər var idi, ancaq həmin xəsarətlər görünmürdü. Sidik kisəsindən aldığı xəsarət ilə bağlı müalicə almışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə istifadəçisidir, 17 aprel 2024-cü il tarixdə +**********05 saylı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə sms gəlmiş, o, həmin şəxsə cavab vermiş, lakin qeyd olunan şəxs həmin günü onunla əlaqə yaratmamış, 17 aprel 2024-cü il tarixdə, saat 22:07-də həmin şəxs təkrarən ona “Whatsapp” ani mesajlaşma proqramı üzərindən sms yazaraq zəng etməyini xahiş etmiş, bundan sonra o, həmin şəxslə “WhatsApp” vasitəsi ilə danışıq aparmış, danışıq zamanı həmin şəxs adını təqdim etməmiş, lakin özünün İran İslam Respublikası vətəndaşı olmasını bildirmiş, sonra həmin şəxs ünvan 4 ünvanında, sökülmüş binanın yanında narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsində yerləşən “Albalı” uşaq baxçasının yaxınlığına aparmaq lazım olmasını bildirmiş, həmin şəxs onun bu işi görməyi müqabilində ona aparacağı narkotik vasitələrdən bir bükümünü verəcəyini qeyd etmiş, o, razılaşmış və İran İslam Respublikası vətəndaşı “WhatsApp” vasitəsilə ona narkotik vasitənin olduğu ünvanın məkanını və narkotik vasitənin olduğu yerin şəkilini göndərmiş, sonra xx.xx.2024cü il tarixdə o, həmin şəxsin ona göndərdiyi məkana, yəni ünvan 4 ünvanının qarşısına gəlmiş, həmin ünvanda yerləşən sökülmüş binadan şəkildə göstərilən yerdən qara sellofan torbanı götürüb oradan uzaqlaşmaq istədikdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 23:10-da isə ünvan 4 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİnin 26-cı PB-nə dəvət olunmuş, Polis Bölməsində hüquq və vəzifələri izah edilmiş, sonra dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, o, əlində olan qara rəngli sellafon torbanın içərisində olan 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin, 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan tiryək və 3 ədəd qara rəngli üzəri yapışqanlı lentlə sarılmış sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan bitki mənşəli qurudulmuş marixuananı təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi bükümlər qablaşdırılaraq götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Üzərinizdə aşkar olunan narkotik vasitədən əlavə olaraq yaşadığı ünvanda, eləcədə başqa yerdə narkotik vasitə saxlamır, polis əməkdaşları tərəfindən ona heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir (cild 1, iş vərəqə 73-74). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə saat 23:10 radələrində vətəndaşa yaxınlaşmışlar. Əməliyyat qrupu ondan və Şahid2 ibarət olmuşdur. Həmçinin əməliyyat qrupu daxil olmuş məlumat əsasında rəhbərliyə məruzə edilərək yaradılmışdır. Onlar şəxsə yaxınlaşandan sonra onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Şəxsi Bölməyə dəvət edərkən ona qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Bölmədə təhqiqatçının və vəkilin iştirakı ilə sənədləşmə və şəxsi axtarışın videoçəkilişi aparılmışdır. Şəxsi axtarış zamanı saxlanılan şəxsdən sellofan paketin içərisində olan bir neçə büküm aşkar olunmuş və bükümlərin içərisindəki maddəni müəyyənləşdirmək üçün onlar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bükümlərin içərisindəki maddələr marixuanaya bənzəmişdir, lakin hadisədən uzun müddət keçdiyindən bükümlərin içərisində hansı maddələrin aşkar olduğunu tam xatırlamır. Saxlanılan şəxs onu tanımadığını iddia edir, ancaq o, Təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqın bir neçə mərhələsində iştirak etmiş və onun yanında olmuşdur. Hətta aralarında səmimi söhbət olmuş və danışıq zamanı o, qardaşının da əvəllər narkotik istifadəçisi olduğunu və bununla bağlı cəzaçəkmə müəsisəsində olduğunu bildirmişdir. Şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsi saxladıqdan təxminən 15 dəqiqə sonra onu artıq bölməyə gətirmişlər. Saxlanılan şəxs maddi sübutları öz imzası ilə təsdiqləmişdir. Şəxsi axtarışda özü iştirak etmişdir. Saxlanılan şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 105-108). Cinayət işinin materiallarında olan 11 iyul 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 152-157). Cinayət işinin materiallarında olan 18 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 11 iyun 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 23:10-da ünvan 7 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmiş və həmin gün saat 00:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əlində olan qara rəngli sellofan paketi masanın üzərinə qoymaqla təqdim etmiş, həmin paket açıldıqda içərisində, 3 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükülü və 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması aşkar edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükülülər ayrı-ayrılıqda açıldıqda, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olması aşkar edilmiş, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs, təqdim etdiyi 3 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükülülərin içərisində narkotik vasitə qurudulmuş marixuana, digər 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik vasitə heroin, digər 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə narkotik vasitə tiryək olmasını bildirmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2024-cü il tarixdə «Whatsapp» tətbiqində tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi məkan və şəkil əsasında ünvanını müəyyən edərək ünvan 2 ünvanının qarşısında sökülmüş binanın yanında, daşın arxasında gizlədilmiş yerdən götürdüyünü, daha sonra isə həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi məkan və şəkil ilə bildirdiyi Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsində yerləşən «Albalı» uşaq bağçasının yanına apararaq göstərilən yerə qoymaq üçün xx.xx.2024-cü il tarixdə, saat 23:10-da ünvan 2 ünvanının qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını bildirmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «Redmi Not12» markalı və 1 ədəd «Samsung J4» markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs «Redmi Not12» markalı mobil telefonun üzərində nömrə olmadığını, «Samsung J4» markalı mobil telefonun üzərində isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmasını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, 5 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 35-36 və 114-115). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2024-cü il tarixli 3-16-16/2- 7/593 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli polietilen bağlamada 3 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 955,0 qram, 995,0 qram, 1285,0 qram, ümumi çəkisi 3235,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi çəkisi 3235,0 qram, tədqiqata sərf edildi 0,15 qram (hər obyektdən 0,05 qram), qalıq 3234,85 qram, cild 1, iş vərəqə 48-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2024-cü il tarixli 3-16-16/2- 6/2087 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 170” dairəvi möhür əksləri olan 2 ədəd zərfdə: 1 üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərəfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 18,683 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdəki sellofan bükümdə təmiz çəkisi 22,253 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Tiryək - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 18,683 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 18,633 qram, tiryəkin təmiz çəkisi 22,253, tədqiqata sərf edildi 0,050 qram, qalıq 22,203 qram cild 1, iş vərəqə 52-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X7 X1 18 may 2024-cü il tarixli 3453 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəlinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 140-141). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X7 Məhkəmə Psixiatrik Ekspertizasının 8 iyul 2024-cü il tarixli, 1983 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə və həmin tarixdən sonrakı tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükələliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 143-145). Cinayət işinin materiallarında olan 19 aprel 2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkilli, polis leytenantı Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 58). Cinayət işinin materiallarında olan 15 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatından sonra qalıq çəkiləri 18,633 qram narkotik vasitə heroin, 22,203 qram narkotik vasitə tiryək və 3234,85 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 163-173). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122-123). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 87-91). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 137 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatından sonra qalıq çəkiləri 18,633 qram narkotik vasitə heroin, 22,203 qram narkotik vasitə tiryək və 3234,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 137 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatından sonra qalıq çəkiləri 18,633 qram narkotik vasitə heroin, 22,203 qram narkotik vasitə tiryək və 3234,85 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar