Məhkəmə qərarları › İş №1(101)-210/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-210/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-210/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, 1-ci zavod döngəsi ev 2, mənzil 13-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni, külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıma, saxlama və qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,411 qram, 1,891 qram, 2,932 qram ümumi təmiz çəkisi 7,234 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, bir ədəd şüşə qabda təmiz çəkisi 0,205 qram ağ rəngli kristal formada olan psixotrop maddə hesab edilən metafetamini əldə edib idarə etdiyi avtomobilində daşıyaraq Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən Rent a Car-dan icarəyə götürdüyü avtomaşında saxlamış, habelə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə edib xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Qobu- Lökbatan avtomobil yolunun, Abşeron rayonu, Qobu qəsəbəsindən keçən hissəsində Azərbaycan Respublikası DİN-nin X6 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş, həmin tarixdə saat 21:10-da Abşeron RPİ-nin inzibati binasının ərazisində idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən avtomobilin qabaq ön sol qapısının cib yerindən üç ədəd sellofana bükülmüş bükümlərdə, xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,411 qram, 1,891 qram, 2,932 qram ümumi təmiz çəkisi 7,234 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, avtomobilin alışqan yerindən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan bir ədəd şüşə qabda təmiz çəkisi 0,205 qram ağ rəngli kristal formada olan psixotrop maddə hesab edilən metamfetamin və avtomobilin ön sol qapısının cib yerindən bir ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maşında metamfetamin qəbul edirdim. Məndə başqa heç bir narkotik vasitə olmayıb, metamfetaminin qalığı da qalmamış, artıq çəkib qurtarmışdır. Polislər onu bölməyə aparandan sonra özləri maşınına istədikləri narkotik vasitəni yerləşdiriblər. Sonradan videoçəkiliş etmişlər. Video çəkilişi zamanı otaqda elektroşoker cihazı görüb, elektroşokerdən qorxduğu üçün video çəkilişi zamanı etiraf etmişdir ki, guya maşınında narkotik vasitə və beşbarmaq olmuşdur amma ibtidai istintaq zamanı verdiyi ifadə yalandır çünki elektroşokerdən qorxduğu üçün belə ifadə verib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və metafetamindən təxminən 6 ay olar istifadə edirmiş. Təxminən 1 həftə əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində olan zaman, tanımadığı şəxsdən 70 manata 3 büküm heroin və bir ədəd qabda olan psixotrop maddə metafetamini öz istifadəsi üçün almışdır. xx.xx.2019-cu il tarixdə günorta radəlrəində Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Rent A Car”-dan günü 40 manat olmaqla 5 günlük «Hyundai-Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. İcarə pulunun 150 manatını həmin gün vermiş, 50 manatını isə maşını qaytaranda verəcəkmiş. Həmin günü axşam radələrində dostları Elçin və Anton ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsinə baxmaq üçün Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmişlər. Onlar həmin vaxtı orada makler Rafiq adlı şəxsi gözləyirmişlər. Makler gələnə qədər ərazidə xidmət aparan iki nəfər polis əməkdaşları onlara yaxınlaşaraq, həmin yerdə nə etdiklərini soruşmuşlar. Onlar isə həmin yerə torpaqa baxmağa gəldiklərini bildirmişlər. Özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları onları Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-də xidməti otaqların birində əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Lakin, o, baxış zamanı icarəyə götürdüyü avtomobilin sol qabaq qapısının cib yerində 3 ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinin, avtomobilin alışqan yerində bir ədəd şüşə qabda olan metafetaminin və bir ədəd beşbarmağın olduğunu bildirmişdir. Polis əməkdaşları onun və müdafiəçinin iştirakı ilə avtomobilə baxış keçirmişlər. Bütün bu hadisələr polis əməkdaşları tərəfindən video çəkiliş ilə lentə alınmışdır. Avtomobildən aşkar edilmiş, narkotik vasitə xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş o, və digər iştirakçılar həmin protokolu imzalamışlar. Avtomobilindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə olan metafetamini təxminən bir həftə əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində olan zaman tanımadığım şəxsdən 70 manata almış, beşbarmaqı isə Bakı şəhəri, Mərdəkan qəsəbəsində dəniz qırağında olan zaman tapmış və xoşuna gəldiyi üçün avtomobildə gəzdirirmiş. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri polis otağında elektroşoker gördüyündən ona qarşı tətbiq olunmasından qorxduğu üçün verdiyini bildirmiş və videoçəkiliş zamanı hərəkətləri təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir il olar tanıyırmış, sonuncu ilə münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2019-cu il tarixdə saat təxminən 17 radələrində Rauf ona zəng edərək, torpaq sahəsinə baxmaq üçün Abşeron rayonu, Qobu qəsəbəsinə getməsini xahiş etmişdir. O, Raufla razılaşmış və sonuncu onu yaşadığı məhəllədən avtomobillə götürmüşdür. Avtomobildə həmin vaxtı dostu Anton da olmuşdur. Həmin tarixdə saat təxminən 18 radələrində onlar Abşeron rayonu, Qobu qəsəbəsinə çatmışlar. Maşında olan zaman Rauf narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. Rauf psixotrop maddə metafetamin qəbul etmişdir. O, isə həmin vaxtı avtomobildə arxa oturacaq yerində oturmuş və narkotik vasitə qəbul etməmişdir. Təxminən 5 dəqiqə sonra X7 əməkdaşları onlara yaxınlaşaraq nə etdiklərini soruşmuşlar. Onlar isə həmin yerə torpaqa baxmağa gəldiklərini bildirmişlər. Özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları onları Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-də xidməti otaqların birində əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə baxış keçirmişlər. Baxış zamanı onların üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Lakin, Rauf həmin vaxtı icarəyə götürdüyü avtomobilin sol qabaq qapısının cib yerində 3 ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinin, avtomobilin alışqan yerində bir ədəd şüşə qabda olan metafetaminin və bir ədəd beşbarmağın olduğunu bildirmişdir. Polis əməkdaşları Raufun və müdafiəçisinin iştirakı ilə avtomobilə baxış keçirmişlər. Bütün bu hadisələr polis əməkdaşları tərəfindən video çəkiliş ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Avtomobildən aşkar edilmiş, narkotik vasitə xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və Rauf protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Məmməd oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində xidmət apararkən Qobu-Lökbatan yolu deyilən ərazidə yol kənarında «Hyundai Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 03 nəfər şəxsin özlərini şübhəli aparmalarını görərək, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər narkotik vasitə istifadə etmələri barədə şübhəli bilinərək, nəqliyyat vasitələri ilə birlikdə Abşeron RPİ-nə gətirərək NH-yə təhvil vermişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs, X3 və Şahid2 Fyodorviç olduqları müəyyən edilmişdir. Daha sonra Abşeron RPİ-də xidməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən həmin şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxslərin üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Lakin, Təqsirləndirilən şəxs baxış zamanı icarəyə götürdüyü avtomobilin sol qabaq qapısının cib yerində 3 ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinin, avtomobilin alışqan yerində bir ədəd şüşə qabda olan metafetaminin və bir ədəd beş barmaqın olduğunu bildirmişdir. Təhqiqatçı Raufun, müdafiəçinin və onların iştirakı ilə avtomobilə baxış keçirmişdir. Bütün bu hadisələr video çəkiliş ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Avtomobildən aşkar edilmiş, narkotik vasitə xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində xidmət apararkən Qobu-Lökbatan yolu deyilən ərazidə yol kənarında «Hyundai Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 03 nəfər şəxsin özlərini şübhəli aparmalarını görərək, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər narkotik vasitə istifadə etmələri barədə şübhəli bilinərək, nəqliyyat vasitələri ilə birlikdə Abşeron RPİ-nə gətirərək NH-yə təhvil vermişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs, X3 və Şahid2 Fyodorviç olduqları müəyyən edilmişdir. Daha sonra Abşeron RPİ-də xidməti otaqların birində Abşeron RPİnin TŞ-nin təhqiqatçısı Ayaz Gülməmmədov tərəfindən həmin şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxslərin üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Lakin, Təqsirləndirilən şəxs baxış zamanı icarəyə götürdüyü avtomobilin sol qabaq qapısının cib yerində 3 ədəd sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinin, avtomobilin alışqan yerində bir ədəd şüşə qabda olan metafetaminin və bir ədəd beş barmaqın olduğunu bildirmişdir. Təhqiqatçı Raufun, müdafiəçinin və onların iştirakı ilə avtomobilə baxış keçirmişdir. Bütün bu hadisələr video çəkiliş ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Avtomobildən aşkar edilmiş, narkotik vasitə xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı onun özünü məsuliyyətdən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmədə tədqiq edilmiş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2019-cu il tarixli, 19344 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs idarə etdiyi Hunday Elantra..» sözlər və imzalar olan bir ədəd zərfdəki üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 2,411 qram; 1,891 qram; 2,932 qram, ümumi təmiz çəkisi – 7,234 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və bir ədəd şüşə qabda təmiz çəkisi – 0,205 qram ağ rəngli kristall formada maddə metamfetamindir. Heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir (Siyahı İ) Məhkəmədə tədqiq edilmiş iş üzrə keçirilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2099 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmədə tədqiq edilmiş iş üzrə keçirilmiş cinayət işi üzrə təyin edilmiş məhkəmətrasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 20418 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş şahid ifadələrindən görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar heç bir məlumat olmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs nakotik vasitələri satış məqsədi olmasına dair heç bir əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxışla bağlı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla yanaşı həmin videogörüntülərdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut öz əksini tapmamışdır. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı xx xxxx 2005-ci il tarixli qanun"la təsdiq edilmiş siyahıya əsasən 2 (iki) qramdan artıq miqdarda heroin növündə narkotik vasitə "külli miqdar" hesab olunur. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə və narkotik vasitənin 3 bükümdə olması əlamətinə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Başqa sözlə qanunsuz əldə edilmiş həmin narkotik vasitənin şəxsi istehlakı da mümkün ola bilər. Buna əsas da vardır. Belə ki, cinayət işində olan şahid ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz saxlanması və qəbulu ilə məşğul olur. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin, CM-nin 234.4.3-cü maddəsinə münasibətdə düzgün hüquqi nəticəyə gəlinməmiş, həmin əməli düzgün tövsif olunmamışdır, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2099 saylı rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi maşınından aşkar edilmiş müvafiq olaraq hər iki növ maddə olan tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı və ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrlə eyni adda olması da əməlin CM-nin 234.1-ci maddəsinə uyğunluğunu təsdiq edən mötəbər haldır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu səbəbdən təqsirləndirilən şəxsin heroin və metamfetmini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və CM-nin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddələrin sanksiyaları həddində cəza təyin edilməklə, həmin məcəllənin 66.2-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə müəyyən edir ki, eyni zamanda təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin miqdarının külli miqdardan xeyli az, şəxsi istehlak miqdarından cüzi çox olması, heroinin isə külli miqdardan cüzi çox olması narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirilməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Beləliklə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetmaminin qeyd edilən ölçülərdə olması əməlin satış məqsədilə törədilən əməl kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməlləri törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıma, saxlama və qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,411 qram, 1,891 qram, 2,932 qram ümumi təmiz çəkisi 7,234 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, bir ədəd şüşə qabda təmiz çəkisi 0,205 qram ağ rəngli kristal formada olan psixotrop maddə hesab edilən metafetamini əldə edib idarə etdiyi avtomobilində daşıyaraq Bakı şəhəri, Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən Rent a Car-dan icarəyə götürdüyü avtomaşında saxlamış, habelə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı qanunsuz olaraq əldə edib xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Qobu- Lökbatan avtomobil yolunun, Abşeron rayonu, Qobu qəsəbəsindən keçən hissəsində Azərbaycan Respublikası DİN-nin X6 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş, həmin tarixdə saat 21:10-da Abşeron RPİ-nin inzibati binasının ərazisində idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən avtomobilin qabaq ön sol qapısının cib yerindən üç ədəd sellofana bükülmüş bükümlərdə, xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,411 qram, 1,891 qram, 2,932 qram ümumi təmiz çəkisi 7,234 qram olan, şəxsi istehlak miqdarından artıq miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, avtomobilin alışqan yerindən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan bir ədəd şüşə qabda təmiz çəkisi 0,205 qram ağ rəngli kristal formada olan psixotrop maddə hesab edilən metamfetamin və avtomobilin ön sol qapısının cib yerindən bir ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni, külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıma, saxlama və qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 208-ci maddəsinin 1-ci hissəsi ilə 03 il əməyə mütləq cəlb olunmaqla azadlıqdan məhrum edilmişdir. xx.xx.2000-ci ildə çəkilməmiş cəzası cərimə ilə əvəz edilərək azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi DİN-in Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 7,084 qram çəkidə heroin, 0,155 qram metamfetamin və bir ədəd beşbarmaq (kastet) məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi DİN-in Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 7,084 qram çəkidə heroin, 0,155 qram metamfetamin və bir ədəd beşbarmaq (kastet) - məhv edilsin. İş üzrə 105 (yüz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün . Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar