Məhkəmə qərarları › İş №1(101)-210/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-210/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-210/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlayıb daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,460 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış. 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsində şübhəli olduğuna görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 2,460 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, gecə 23:00-da evdə qeyri-rəsmi yaşadığı Əfruzə adlı xanımla tutulmuş, onun üstündə heç nə olmamışdır. Həmin xanıma görə onu təhdid etmişlər və xanımın buraxılması üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə qol çəkmişdir. Sonradan isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi olduğunu bilmişdir. O, narkotik vasitədən və metamfetamindən istifadə etmir, psixotrop dərmandan istifadə edir və qeydiyyatdadır. Videoçəkiliş bölmədə keçirilmiş, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Onu saxlayan polis əməkdaşlarını tanımır, şəxsi qərəzliklərinin olub olmadığını bilmir. İstintaq zamanı da müstəntiqə bu ifadəni vermişdir. Onu döymüşlər, təcridxanaya daxil olanda prokurorluqdan gəlmişlər, yoxlama aparılmış və qərarla tanış olmuşdur. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddət olar ki, psixotrop maddə metamfetamini qəbul edir. Hal- hazırda bədənində olan ağrıları yumşaltmaq üçün psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə olan metamfetamini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 27 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Balaxanı qəsəbəsində olarkən anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 20 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarımın müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən psixotrop maddə metamfetaminin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan psixotrop maddə metamfetamini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində psixotrop maddə metamfetaminin olmasını polis əməkdaşlarına bildirmişdir. O üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə dəqiq anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 20 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Onun psixotrop maddəni əldə etməkdə məqsədi psixotrop maddəni qəbul etməyi ilə bağlı olmuşdur. Ondan aşkar olunmuş psixotrop maddəni kiməsə satmaq, pay vermək niyyəti, məqsədi olmamışdır (İ cild, səh. 61-65). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən oktyabr ayının sonları Şahid2la birlikdə xidmət edən zaman Maştağa qəsəbəsində günün birinci yarısı Zöhrab özünü şübhəli apardığı üçün yaxınlaşmışlar, Zöhrab yaxınlaşdıqlarını görərək uzaqlaşmaq istəmiş, narkotik vasitə təsiri altında olan şəxs kimi hərəkəti və davranışı şübhə yaratmış, anket məlumatlarını onlara deyərkən həyəcanlı olmuşdur. Sonra Zöhrab 14-cü polis bölməsinə dəvət etmışlər, video çəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər, səhv etmirsə üzərindən bir büküm metamfetamin aşkar olunmuşdur. Şəxs Balaxanıdan 20 manata aldığını bildirmişdir. Üstündən uzun müddət keçdiyi üçün dəqiq yadında deyil, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs heç bir zor və təzyiq göstərilməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Sabunçu RPİ 14-cü PB-də əməliyyat müvəkkli vəzifəsində xidmət edir. 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində həmkarı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin tanımadıqları şəxsə yaxınlaşan zaman həmin şəxs onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsə saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik vasitələrin, psixotrop maddələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində anket məlumatları ona məlum olmayan əvvəllər tanımadığı şəxsdən 20 manata istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşımasını onlara bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (İ cild, səh. 94-96). 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 99- 101). 8.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun qardaşını 27 oktyabr tarixdə axşam tutmuşlar. Qardaşı həyətdə olan otaqda Əfruzə adlı qızla olmuşdur. Əfruzə orada bir həftə ərzində qalmışdır. Polis əməkdaşları qardaşının əllərini bağlayaraq qızla birlikdə aparmışlar. Polis əməkdaşları 4-5 nəfər olmuşdur. Qardaşının üstündən heç nə çıxmamışdır. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli 6/6235 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, ...iştirak etdilər: dörd imza...Təhqiqatçı: R.İsmayılov -imza”” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-2,460 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 36-39). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 barədə 19 noyabr 2022-ci il tarixli, 6989 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 108-109). 11.Məhkəmə-psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3080 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (İ cild, səh. 104-107). 12.«Baxış keçirilməsi barədə» 27 oktyabr 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə olan şəxslər və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Rəşad İsmayılov kimi təqdim edir və Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 27 oktyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X3 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş halda bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Balaxanı qəsəbəsində anket məlumatları ona məlum olmayan əvvəllər tanımadığı şəxsdən 20 manata istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 51). 13.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 2,460 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmaqla (ekspertiza tədqiqatından sonra qalıq 2,410 qram psixotrop maddə metamfetamin) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 120). 14.«Sübutların qiymətləndirilməsi haqqında» 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 112-118). 15.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin MSYnə gətirilən vaxt onun üzərinə tam baxış keçirilmiş, bədənində heç bir xəsarəti aşkar olunmamışdır. Bu barədə vət. Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib olunmuşdur. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı boyunun sağ böyrək üstü və bel nahiyyəsində sarımtıl qançır, hər iki saiddə köhnə çapıq aşkar edilmişdir. Həbs edilən zaman xəsarət aldığını bildirmişdir. 17.Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 1607 nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində (xx.xx.2022-ci il tarixdə yetirilməyə uyğun gələn) xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2.Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsində tibbi baxışdan keçirilərkən bədən səthində aşkar edilmiş "sağ böyrəküstü və bel nahiyəsində sarımtıl rəngli qançır** xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlər təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 5-8 gün əvvəl əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 3.Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) - həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilmələri mümkündür. Bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər 18.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir (İ cild, səh. 91). 19.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 27-29 oktyabr 2022-ci il tarixdə 14-cü polis şöbəsinə Əfruzə adlı qadın gətirilməmişdir. 20.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 14). 21.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 4(008)- 899/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 76-78). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 dekabr 2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 3.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 4.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 25 may 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, səh. 88-90). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 26.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 27.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 28.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 33.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 34.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 36.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilməsi haqqında 10 noyabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Eyni zamanda Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 1607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 5-8 gün əvvəl əmələ gələ bilərdilər. Göründüyü kimi həmin xəsarətlərin yaranması Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2022-ci il tarixdən əvvələ uyğun gəlir. 37.Məhkəmə həmçinin təqsirləndirilən şəxsin bacısı Şahid3 ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla onun xeyrinə ifadə verməsi istisna olunmur. 38.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 39.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 46.Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 25 may 2022-ci il tarixdə cəza müddəti başa çatmış, lakin məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 27 oktyabr 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 47.Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli və 14 dekabr 2016-cı il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-cı il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 49.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 55.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 56.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 59.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. 60.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 61.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 63.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,410 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 64.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 66.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 67.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 68.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 (iki yüz on) manat təşkil edir. 69.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri «UNİVERSAL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,410 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar