Azərbaycan Respublikası adından QİYABİ HÖKM Bakı şəhəri İş № 1(101)-2102/2025 18.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1963-cü il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, 558-566-cı məhəllə, ev 05, mənzil 10-da qeydiyyatda olan, X3 Nyu-York şəhərində yaşayan, haqqında həbs qətimkan tədbiri seçilmiş, barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək X4 yaşadığı müddətdə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmək məqsədilə özünün 03 oktyabr 2011-ci il tarixdə “youtube.com” video platformasında yaratdığı “Təqsirləndirilən şəxs kanalı” adlı kanalda 2023-cü ilin yanvar ayının istintaqa məlum olmayan tarixdə yaşadığı X3 Nyu-York şəhərində istintaqa məlum olmayan ünvanda 25 dəqiqə 15 saniyə müddətində davam edən videoçıxış hazırlayaraq Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib “Dostlar, bu mübarizəni siz aparmasaz, biz aparmasaq, yəni hər birimiz aparmasaq heç kim bizim əvəzimizdən aparası deyil. Biz o qanuni mexanizmlərin cinayətkarlıqla mübarizə tətbiqinə yalnız o zaman nail ola bilərik ki, biz qüc göstərək. Toplum olaraq tələb edirik və bizim tələbimizə əməl olunmadıqda bunun çox ağır nəticələri ola bilər. Onda bizlə hesablaşacaqlar”, “Bizim mesajımız isə 2023-cü il üçün bu olmalıdır. Ya sizi buna məcbur edəcəyik və siz edəcəksiniz, ya da siz gedəcəksiniz! 3-cü yolu yoxdur” məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zər tətbiqi yolu ilə çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, həmin videonu 04 yanvar 2023-cü il tarixdə özünün istifadəsində olan “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) adlı “youtube” kanalında “Arxada qalan il bizə nələri öyrətdi” başlığı altında (https://www.youtube.com/watch?v=PdztaSQİdP0) yerləşdirərək paylaşmış, bununla da bu cür məzmunlu video materialı qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yaymışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Qurban Məmmədov tərəfindən 23 dekabr 2018-ci il tarixdə “youtube.com” video platformasında yaradılmış “AzerFreedom TV” kanalında 24 oktyabr 2024-cü il tarixdə aparılan canlı yayıma bağlanıb “Bu Azərbaycan xalqına qarşı müharibədir. MÜHARİBƏ! Bizə lazımdır xalq anlasın ki, o, döyüş meydanındadır və özü də silahsızdır. Onun yeganə silahı bu gün əl-ələ verib birləşib düşmənə qarşı döyüşməkdir. Sözün həqiqi mənasında döyüşmək. Sonra deyirlər ki, çağırış eləyir, nə bilim neynəyir, düşmənə qarşı neyləyərlər? Çağırış eləyərlər də”, “Biz xalq olaraq məhvə aparılırıq, bunu başa düşmək lazımdır. Yoxsa nə bilim hakimiyyətə xitab eləmək, nəsə ünvanlamaq, çağırmaq, qışqırmaq, söymək bunlar nəyisə anlayacaqlar. Heçnə anlayan deyillər. Amma biz anlamaq istəmirik ki, bizim üçün də düşmən onlardır. Müharibənin isə çox sadə qaydası var. Sənə qarşı olan düşməndi, düşmən məhv edilməlidir. Bunu başa düşmək lazımdır. Biz artıq terminologiyanı dəyişməliyik. Siyasi hakimiyyət yoxdur. Hakimiyyət yoxdur. Dövlət yoxdur. Döyüş meydanı var və düşmən var. Bitdi. Biz bunu dərk eləməyincə heçnə dəyişməyəcək. İnanın daha da pis olacaq. Daha da ağır olacaqdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, bu videonun “AzerFreedom TV” adlı “youtube” kanalında (https://www.youtube.com/watch?v=ZvZOAA3LİİY) həmin tarixdə yerləşdirilməsinə və paylaşılmasına nail olaraq, bu cür məzmunlu video materialı qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. İşin dəlilləri: Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdə olan görüntüyə əsasən Təqsirləndirilən şəxs tərəfindən “https://www.youtube.com” video platformasında xx.xx.2011-ci il tarixdə yaradılmış “Təqsirləndirilən şəxs kanalı” adlı və X7 tərəfindən həmin platformada xx.xx.2018-ci il tarixdə yaradılmış “AzerFreedom TV” adlı “youtube.com kanallarında yerləşdirilmiş videogörüntülərə baxış zamanı “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) adlı “youtube” kanalında 04 yanvar 2023-cü il tarixdə “Arxada qalan il bizə nələri öyrətdi” başlığı altında yerləşdirilmiş (https://www.youtube.com/watch?v=PdztaSQİdPO) videogörüntünün 19:45- 20:26-cı dəqiqələri arasında Təqsirləndirilən şəxs “Dostlar, bu mübarizəni siz aparmasaz, biz aparmasaq, yəni hər birimiz aparmasaq heç kim bizim əvəzimizdən aparası deyil. Biz o qanuni mexanizmlərin cinayətkarlıqla mübarizə tətbiqinə yalnız o zaman nail ola bilərik ki, biz güc göstərək. Toplum olaraq tələb edirik və bizim tələbimizə əməl olunmadıqda bunun çox ağır nəticələri ola bilər. Onda bizlə hesablaşacaqlar”, 21:43-22:07-ci dəqiqələri arasında “Bizim mesajımız isə 2023-cü il üçün bu olmalıdır. Ya sizi buna məcbur edəcəyik və siz edəcəksiniz ya da siz gedəcəksiniz! 3-cü yolu yoxdur” məzmununda çıxışlar etmişdir. Bundan başqa, “AzerFreedom TV” (@AzerFreedomTV) adlı “youtube” kanalında 24 oktyabr 2024-cü il tarixdə aparılan canlı yayıma Təqsirləndirilən şəxs bağlanıb yayımın (https://www.youtube.com/watch?v=ZvZOAA3LİİY) 45:00- 45:40-ci dəqiqələri arasında “Bu Azərbaycan xalqına qarşı müharibədir. MÜHARİBƏ! Bizə lazımdır xalq anlasın ki, o, döyüş meydanındadır və özü də silahsızdır. Onun yeganə silahı bu gün əl-ələ verib birləşib düşmənə qarşı döyüşməkdir. Sözün həqiqi mənasında döyüşmək. Sonra deyirlər ki, çağırış eləyir, nə bilim neynəyir, düşmənə qarşı neyləyərlər? Çağırış eləyərlər də”, 50:59-52.16-cı dəqiqələri arasında “Biz xalq olaraq məhvə aparılırıq, bunu başa düşmək lazımdır. Yoxsa na bilim hakimiyyətə xitab eləmək, nəsə ünvanlamaq, çağırmaq, qışqırmaq, söymək bunlar nəyisa anlayacaqlar. Heçnə anlayan deyillər. Amma biz anlamaq istəmirik ki, bizim üçün də düşmən onlardır. Müharibənin isə çox sadə qaydası var. Sənə qarşı olan düşməndi, düşmən məhv edilməlidir. Bunu başa düşmək lazımdır. Biz artıq terminologiyanı dəyişməliyik. Siyasi hakimiyyət yoxdur. Hakimiyyət yoxdur. Dövlət yoxdur. Döyüş meydanı var və düşmən var. Bitdi. Biz bunu dərk eləməyincə heçnə dəyişməyəcək. İnanın daha da pis olacaq. Daha da ağır olacaqdır” məzmununda çıxışlar etmişdir (İ cild, i.v.35-36; 130); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/347 nömrəli rəyinə görə “24.10.24_ Azərbaycan Xalq Parlamentinə seçkilərə dair suallara cavab veririk” və “Arxada qalan il bizə nələri öyrətdi” adlı videomateriallarda aşkar edilmiş və rəyin təsviri hissəsində göstərilən məlumatlarda hakimiyyətin zorla ələ keçirilməsinə, habelə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara yönələn açıq çağırışların və bu cür məzmunlu materialları yayma əlamətləri müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli CD-R diskdə qeydə alınmış videomaterialların internet resurslarında, əsasən də, “youtube” videoplatformasında yayıldığı müəyyən edilir. Tədqiqatın dəyəri 400 manat təşkil edir (İ cild, i.v.126-129); • “X1 Sistemi”ndən əldə olunmuş sərhədkeçmə məlumatlarına görə Təqsirləndirilən şəxs sonuncu dəfə ölkə hüdudlarını xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində “X9 Aeroportu”ndan tərk etmişdir (İ cild, i.v.44-45); • “Təqsirləndirilən şəxs barəsində axtarış elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (İ cild, i.v.61-62); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla baxış keçirilməsi haqqında 21 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş və “youtube” video platformasında Təqsirləndirilən şəxs istifadəsində olan “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) kanalında paylaşdığı https://www.youtube.com/watch?v=PdztaSQİdP0, “AzerFreedom TV” adlı “youtube” kanalında paylaşılan https://www.youtube.com/watch?v= ZvZOAA3LİlY linklərdəki, “Arxada qalan il bizə nələri öyrətdi” və “24.10.24_ Azərbaycan Xalq Parlamentinə seçkilərə dair suallara cavab veririk” kimi adlandırılan 2 videonun köçürüldüyü CD disk öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut hesab edilərək iş materiallarına əalvə edilmişdir (İİ cild, i.v.36-50); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 18(001)-9/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır (İİ cild, i.v.19-27); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 147/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu andan hesablanması nəzərdə tutulmuşdur (İ cild, i.v.76-81); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.05-06). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, həmin Məcəllənin 281.2-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma kimi əməlləri təkrar və ya bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Hüquq ədəbiyyatına görə kütləvi iğtişaş dedikdə, ictimai əmin-amanlığın (dincliyin və sakitliyin) və təhlükəsizliyin kortəbii şəkildə toplanmış insanlar qrupu (kütlə) tərəfindən elə pozulması başa düşülür ki, bu zaman hakimiyyət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınır və ictimai dincliyin bərpası üçün fövqəladə tədbirlər həyata keçirilir. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar dedikdə kütləyə fitnəkar və təhrikedici müraciətlər etmə, vərəqələr paylama və digər formalarda, yəni kütləvi iğtişaş iştirakçılarının şüuruna, iradəsinə, emosiyalarına onları qeyd olunan ictimai təhlükəli əməlləri törətməyə sövq etmək məqsədi ilə təsir göstərmə başa düşülür. Çağırışın üsulları şifahi, radio, televiziya, mətbu nəşrlər vasitəsi ilə ola bilər. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, bir qayda olaraq, qeyriməhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın məcburi ünsürü hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin yeri, üsulu, konkret şərait və s. nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və ya daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir. Televiziya, radio, səsgücləndirici vasitələrlə, vərəqələr yaymaqla, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Çağırışın açıqlığı təqsirli şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində olunur. Açıq çağırışlar, həmçinin, qanuni yolla seçilmiş və ya təyin olunmuş vəzifəli şəxsləri tanımamağa, onlara qarşı açıq itaətsizliyə, habelə onların bilavasitə özünə və ya yaxınlarına qarşı zor tətbiq etməyə yönəlmiş qanunsuz müraciətlərdə ifadə oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Konstitusiya quruluşunu zorla dəyişdirmə dedikdə, bu quruluşun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş əsaslarının zorakılıqla dəyişdirilməsi başa düşülür. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs özünə məxsus internet informasiya resurslarında yerləşdirdiyi və qeyri-məhdud şəxslər üçün əlçatan etdiyi videoçıxışlarda Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təşviq edən ifadələr işlətmişdir. O, həmin əməlləri təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməklə bu cür məzmunlu materialları internet vasitəsilə yaymışdır. Onun əməlləri cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdə olan görüntülər, Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/347 nömrəli rəyi və digər sübutlarla təsdiq olunur. Beləliklə də Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilir. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Eyni zamanda, Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə сinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-cı maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsə də, ölkə hüdudlarından kənarda olduğundan, onun barəsində bu qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 400 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X8 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-17-ci maddəsinə görə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir; barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllənin 298-307-ci maddələrində nəzərdə tutulmuş tədbirlər görülür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 318, 344-347, 349, 351-353, 356, 358, 385, 467-12-467-17-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 281.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hazırkı hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X8 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Təqsirləndirilən şəxs hazırki hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müvafiq cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs və onun müdafiəçisinə izah edilsin ki, Təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ vardır. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-2102/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyabi hökm — İş №1(101)-2102/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver