Məhkəmə qərarları › İş №1(101)-2111/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2111/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2111/2023 27.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edib saxlayaraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan “Qurban” adlı İran İslam Respublikası vətəndaşı olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 24 may 2023-cü il tarixdə naməlum şəraitdə qabaqcadan razılaşdırılmış yerdə sonuncudan 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 6386,38 qram bitki məşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və təmiz çəkisi 450 qram ağ rəngli kristallardan ibarət mddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 26 may 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilərək, orada 27 may 2023-cü il tarixdə saat 00:05-dən 00:16-dək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 66,38 qram bitki məşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin tarixdə saat 01:30-dan 01:44-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman yataq otağındakı çarpayının yanından 01 ədəd göy rəngli torbanın içərisindən 06 ədəd şəffaf sellofana bükülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1025 qram, 940 qram 1100 qram, 1095 qram və 1115 qram olmaqla, ümumi təmiz çəkisi 6320 qram bitki məşəli kütlələr, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada təmiz çəkisi 450 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində cüzi miqdar marixuana hissəcikləri və metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, saxlanılmadan əvvəl “İnstagram“ vasitəsilə tanış olduğu Qurban adlı şəxsin atdığı konumdan 1 ədəd çanta götürmüşdür. Belə ki, o, xarici ölkəyə getmək üçün ona lazım olan 1000 manat nağd pul qarşılığında həmin narkotik olan çantanı atılan konumdakı yerdən götürərək başqa yerə aparmaq barəsində Qurban adlı şəxslə razılaşmışdır. Üzərindən aşkar olunan narkotik vasitələrdən ibarət bükümləri özünün düzəltmədiyini bildirərək, eyni zamanda da Polis İdarəsində onun üzərinə videoçəkilişlə baxış aparılan zaman müdafiəçinin də iştirak etdiyni qeyd etmişdir. İttihamda qeyd olunanlarla tam razı olduğunu, ibtidai aradşırma dövrü verdiyi ifadələrini təsdiq etdiyini, həmçinin ibtidai aradşırma dövrü ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixoloji təzyiq göstərilmədiyini, həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 5 ilə yaxın müddətdir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisindən sosial şəbəkədən bir aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Qurban adlı şəxsdən onun qeyd etdiyi yerlərə çatdırmaq məqsədilə 1000 manat pul müqabilində 01 ədəd şəffaf sellofana bükülmüş marixuana kimi tanıdığı narkotik vasitəni üzərində saxlamaqla, 01 ədəd göy rəngli torbanın içərisindən 06 ədəd şəffaf sellofana bükülmüş marixuana kimi tanıdığı narkotik vasitəni və 01 ədəd bağlamadaki bükümdə metamfetamin kimi tanıdığı psixotrop maddəni əldə edib yaşadığı ünvan 5 ünvanında yerləşən evinə aparmış və həmin 01 ədəd göy rəngli torbanın içərisindən 06 ədəd şəffaf sellofana bükülmüş marixuana kimi tanıdığı narkotik vasitəni və 01 ədəd bağlamadaki bükümdə metamfetamin kimi tanıdığı psixotrop maddəni orada yataq otağındakı çarpayının yanına qoymuşdur. Lakin 01 ədəd şəffaf sellofana bükülmüş marixuananı isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 26 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən, 1 (bir) ədəd açar, 85(səksən beş) manat pul, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 85(səksən beş) manat pul isə ona geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən 1 (bir) aydır ki tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Qurban” adlı şəxsin vasitəsi ilə 2(iki) gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 1000 (min) manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Bundan sonra o, üzərinə şəxsi axtarış aparıldıqdan sonra polis əməkdaşlarına yaşadığı ünvan 6 ünvanında da narkotik vasitələrin saxladığını bildirmişdir. Bundan sonra o, vəkili polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 6 ünvanında yerləşən evə getmişlər. Orada o, polis əməkdaşlarına yaşadığı evin yataq otağındakı çarpayının yanından 1 (bir) ədəd göy rəngli torbanın içərisindən 6(altı) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 1 (bir) ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzərinə o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Polis əməkdaşları onu ünvan 7 ünvanının yaxınlığında saxlamışlar. O, əvvəllər narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən 10 manat müqabilində almışdır. O, narkotik vasitələrinin satışı ilə məşğul olmamış, sadəcə olaraq sosial şəbəkədə tanış olduğu özünü İran İslan Respublikasının vətəndaşı kimi təqdim edən Qurban adlı şəxsdən Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan narkotik vasitələri əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq müqabilində pul qazanmaq istəmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olan şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında yaradımış əməliyyat qrupu ilə 26 may 2023-cü il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində keçirilən əməliyyat tədbiri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onlar şübhəli şəxsi idarəyə gətirdikdə medafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparmış, bu zaman onun üzərindən Qurban adlı İran vətəndaşından aldığı və müxtəlif yerlərə qoyacağını bildirdiyi marixuanaya bənzər maddə, 85 manat nağd pul, mobil telefon və bir ədəd açar aşkarlanmışdır. Şübhəli şəxsin evinə keçirilmiş baxış zamanı onun evindən marixuanaya bənzər maddə, bir büküm metamfetaminə bənzər maddə, bir ədəd də tərəzi aşkar olunaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 22:00 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu BNMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə BNMİ-nə gəlmişdir. BNMİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman onun əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd açar, 85 manat pul və üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkildikdən sonra ondan həmin bir ədəd bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində marixuana kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni iki gün bundan əvvəl sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan “Qurban” adlı şəxsin dediyi üzrə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb Qurban adlı şəxsin deyəcəyi yerlərə çatdırmaq və bunun müqabilində 1000 manat pul almaq məqsədilə götürdüyünü, bundan başqa yaşadığı ünvan 10 ünvanında yerləşən evində də narkotik vasitə marixuana saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Digər bir ədəd açar və 85 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğu izah edilmiş və yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yerləşən yaşadığı həyət evinə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evin yataq otağında çarpayının yanından 01 ədəd torbanın içindən 07 ədəd bağlamanı və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkildikdən sonra ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən 06 ədəd bükümün içərisində marixuana və qalan 01 ədəd bükümün içərisində isə metamfetamin olduğunu və həmin narkotik maddələri də iki gün bundan əvvəl sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan “Qurban” adlı şəxsin dediyi üzrə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb Qurban adlı şəxsin deyəcəyi yerlərə çatdırmaq və bunun müqabilində 1000 manat pul almaq məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 07 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs üzərinə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, 85 manat pul, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunan əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə çəkilərək içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin yataq otağında çarpayının yanından 01 ədəd göy rəngli torbanın içindən 06 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra həmin kütlələr çəkilmiş, həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Evə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/3044 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş”.... yazı və imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 450 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...." yazı və imzalar qeyd edilmiş 1 ədəd sellofan bağlamada təmiz çəkisi 66,380 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - quruduımuş marixuanadır. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr və elektron tərəzi...” yazı və imzalar olan 1 ədəd göy rəngli polietilen bağlamada 6 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 1045 qram, 1025 qram, 940 qram, 1100 qram, 1095 qram və 1115 qram olmaqla, ümumi təmiz çəkisi 6320 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bağlamada olan 1 ədəd elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 449,8 qram olan psixotrop maddə metamfetamin, 6386,03 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elam olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) . Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilir, bununla yanaşı məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı və ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadə verərək təqsirli olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan əlavə iş materiallarından görünür ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkətləri aparılmaqla protokollar tərtib edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiq edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsinə dair ifadəsində göstərdiyi xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərdə olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bir qisminin bükümlər halında olmasını, təqsirləndirilən şəxsdən elektron tərəzinin aşkar olunmasını, həmçinin təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi digər halları da nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün (məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri) ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, bundan sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay müddətinə azaldılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 234.4.3-cü və 234.1ci maddələri cinayətlərin təsnifatına görə müvafiq olaraq ağır və az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTB-nin 12 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yeri üzrə barəsində şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan çəkisi 449,8 qram olan psixotrop maddə metamfetamin, 6386,03 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan çəkisi 449,8 qram olan psixotrop maddə metamfetamin, 6386,03 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mənzilə baxış keçirilməsinin görüntülərini (axtarış-götürmə) özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertiza xərci 184 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar