Məhkəmə qərarları › İş №1(101)-2113/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2113/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2113/2023 08.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşamış, 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2022-ci tarixdə cəzasının sonu ilə azad edilməsinə, məhkumluğu ödənilməməsinə və götürülməməsinə baxmayaraq, satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən kulli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək bir hissəsini üzərində saxlamaqla daşımış, bir hissəsini Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz və yaşayış olmayan tikilidə saxlanc yeri kimi istifadə etməklə saxlamış, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə, saat 17:50-də Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu şossesi, Yeni Zığ yaşayış kompleksinin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nə aparılaraq həmin gün üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,451 qram və 3,303 qram, ümumi təmiz çəkisi 6,754 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin özünün göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz və yaşayış olmayan tikilidə saxladığı, üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuana ilə kimyəvi komponent tərkiblərinə görə eyni olan bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 4.350 qram (dörd kq 350 qram) çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 ildir ki narkotik vasitələrdən istifadə etmiş, əvvəllər də məhkumluğu olmuşdur. 09 mart 2023-cü il tarixdə, təxminən 11:30 radələrində çörək almağa gedərkən Zığ yolu şossesində polislər tərəfindən saxlanılmışdır. Onu saxlayan polis əvvəlki məhkumluğu zamanı da onu tutan Elçin adlı polis əməkdaşı olmuşdur. Elçinin maşınına oturmuş, sonuncu bölmədən Samir müəllimin onu oğurluq işi ilə bağlı çağırdığını demişdir. Bundan sonra onu bölməyə aparmış, bölmədə üstünə baxış keçirmiş, lakin üstündən heç nə aşkar edilməmişdir. Sonra bölmədə üstünə iki qutu nəşə qoymuş və videoçəkiliş zamanı çıxarıb təqdim etməsini tələb etmişlər. O, etiraz etdikdə polislər tərəfindən bölmədə döyülmüş, onun ayağının altından vurmuşlar. Bölmədə tanımadığı şəxslər onu döydüyündən ona aid olmayan narkotiki boynuna almağa məcbur olmuş və təşkil edilmiş videoçəkiliş zamanı çıxarıb təqdim etmişdir. Saat 18:00-a qədər bölmədə saxlanılmış, sonra yenə də çəkilişə aparılmışdır. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi deyilmişdir. Lakin 234.4.3-lə ittiham verildikdə razı olmamış, 4 ay sənədləri imzalamamışdır. Müstəntiq ona onsuz da bu işin bağlanacağını dedikdən sonra müvəqqəti saxlama yerində iş materialları ilə tanış olarkən sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona verilən ittihamla razı olmamışdır. Narkotik istifadəçisi olsa da, polislər tərəfindən saxlanıldığı gün narkotik istifadə etməmişdir. Təcridxanaya aparılarkən narkotikin ona məxsus olmadığını demiş, lakin üzərində xəsarət olmadığından döyüldüyünü deməmişdir. İttiham aktında qeyd edilən yarımtikilini ümumiyyətlə tanımamış, həmin yerə heç vaxt gedib-gəlməmiş, çəkiliş etmək üçün ora gediləcəyi ona deyilmiş, o da döyüləcəyindən qorxduğu üçün razılaşmışdır. Həmin yarımtikilidən çıxacaq narkotikin çəkisini bilməmiş, qorxduğu üçün boynuna almışdır. Yarımtikiliyə getdikləri vaxt qaranlıq olmuş, narkotik vasitəni həmin yerdən Nurlan adlı şəxs götürmüşdür. Çəkiliş zamanı isə ona deyilən yerdən o, özü götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, evdən çıxdığı vaxt anası evdə olsa da, tutulması barədə anasına məlumat verilməsinə imkan verməmişlər. Onu Elməddin və Elçin adlı şəxslər döymüş, dindirmə zamanı onu döyən şəxslər iştirak etməmişdir. O, latın qrafikasını bilməmiş, oxuya bilməmiş, lakin qorxduğu üçün ifadəsini imzalamışdır. Adını unutduğu vəkili də olmuş, dindirmə zamanı vəkili iştirak etməmişdir. Orxan adlı müstəntiq sənədləri ona məhkəmədə imzalatmışdır. Ümumiyyətlə bölmədə 234.1-lə bağlı sənədlərə qol çəkmiş, 234.4.3 dedikdə qol çəkməmiş, sonra Samir müəllim ona kömək edəcəyini demiş və o, qol çəkmişdir. Döyülməsi barədə isə prokurorluğa şikayət etməmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini qeyd edib göstərmişdir ki, 20 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri müxtəlif yerlərdən, adlarını, ünvanlarını bilmədiyi müxtəlif şəxslərdən almışdır. Tutulmamışdan bir gün əvvəl Suraxanı rayonunda, Suraxanı qəsəbəsində adını, ünvanını bilmədiyi qaraçıya 70 manat verməklə bir torbada qurudulmuş marixuana almışdır. Həmin marixuananın bir hissəsini iki ədəd kibrit qutusuna yığaraq istifadə üçün üzərində saxlamışdır. Qalan hissəsini isə yaşadığı Zığ qəsəbəsində Allahverdiyev küçəsində yaşayış olmayan, qapı pəncərəsiz, nömrəsiz evdə, tikinti materiallarının arasında gizlətmişdir. 09 mart 2023-cü il tarixdə, saat 17-18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu şosesi, Yeni Zığ yaşayış kompleksinin qarşısında olan zaman ona iki nəfər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirməklə, özlərini təqdim etmiş və ondan da də özünü təqdim etməsini istəmişlər. O da özünü polis əməkdaşlarına təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 33cü PB-nə getməli olduğunu demişlər. O da etiraz etməyərək onlarla birlikdə 33-cü Polis Bölməsinə getmişdir. 33-cü PB-də Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onu PB-nə aparan polislərin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə və s. olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan tünd-boz rəngli cins şalvarının sağ yan cibindən içərisində siqaret olan bir qutu “Prima” markalı siqaretini, sağ kiçik cibindən içərisində “kakos” olan 01 ədəd şəffaf sellofan bükümünü, içərisində “sveça” qırıntıları olan 01 ədəd şəffaf sellofan bükümünü, sol yan cibindən içərilərində narkotik vasitə qurudulmuş marixuana olan iki kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin birində “kakos” adı ilə tanıdığı narkotik vasitə, digər bükümün içərisində avtomobilin elektrik şamının qırıntıları olmuş, həmin qırıntılarla avtomobillərin şüşələrini sındırmaqla avtomobillərdən oğurluq etmiş, iki ədəd kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana olmuşdur. Üzərində şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı bir əşya-maddə aşkar edilməmişdir. Ondan başqa yerdə də narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş başqa maddə-kütlə saxlayıbsaxlamadığı soruşulduqda o, polis əməkdaşlarına qurudulmuş marixuananı əsas hissəsini gizlətdiyi yeri bildirmiş və həmin yeri göstərə biləcəyini demişdir. Sonra təqdim etdiyi içərisində qurudulmuş marixuana olan iki ədəd kibrit qutusu bir zərfdə, içərisində avtomobil sveçasının qırıntıları olan bir büküm və «kakos» olan bir büküm başqa bir zərfdə qablaşdırılmış, zərflərin üzəri o, və polis əmdaşları tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, bundan sonra ona qurudulmuş marixuananı gizlətdiyi yeri göstərməsi təklif edilmiş və o, razılaşmışdır. Bundan sonra o, onu polis bölməsinə aparan polis əməkdaşlarını, vəkilini və təhqiqatçını Zığ qəsəbəsi, Allahverdiyev küçəsindəki yaşayış olmayan, yarı uçuq, qapıpəncərəsiz, tikiliyə apararaq oradakı otaqların birində tikinti materiallarının altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan qara rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin torba açılmış, içərisinə baxıldıqdan sonra bir ədəd sintetik torbaya qoyularaq, torbanın ağzı skoçla bağlanmış, üzərinə kağız parçası yapışdırılmışdır. O və digərləri həmin kağızın üzərini imzalandıqdan sonra möhürlənmişdir (iş vərəqə: səh. 86-88). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 09 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 17:50-də Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu şosesi, Yeni Zığ yaşayış kompleksinin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, daşımasında və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə getməli olduğunu demişlər. 33-cü Polis Bölməsinə getdikdən sonra Məmmədov X3 RPİ-nin 33-cü PB-nin təhqiqatçı, polis mayoru Yusif Mənsimov tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq sonuncuya şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli cins salvarının sağ yan cibindən içərisində siqaret olan bir qutu “Prima” markalı siqareti, sağ kiçik cibindən içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf sellofan bükümünü, içərisində ağ rəngli kirəmit qırıntılarına bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükümünü, sol yan cibindən içərilərində yaşıl rəngli qurudulmuş bitki mənşəli ovuntuları olan iki ədəd kibrit qutularını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlərin birində “kakos” adı ilə tanıdığı narkotik vasitənin, digər bükümün içərisində avtomobilin elektrik şamının qırıntılarının olmasını, həmin qırıntılarla avtomobillərin şüşələrini sındırmaqla avtomobillərdən oğurluq etdiyini, iki ədəd kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı bir əşyamaddə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi içərisində qurudulmuş bitki kütləsi olan iki ədəd kibrit qutusu bir zərfdə, içərisində avtomobil elektrik şamının qırıntıları və qəhvəyi rəngli kütlə olan bükümlər başqa bir zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın çox hissəsini yaşayış olmayan tikilidə gizlətdiyini, həmin yeri göstərə biləcəyini bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın qalan hissəsini yaşayış olmayan tikilidə saxladığını, həmin yeri göstərə biləcəyini bildirdiyindən təhqiqatçı həmin yeri göstərməsini Təqsirləndirilən şəxs təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi və bələdçilik etdiyi qapıpəncərələri olmayan tikiliyə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun hüquqlarını müdafiə edən müdafiəçinin və onların iştirakları ilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyini bildirdiyi yeri göstərməsi və həmin narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs iştirakçıları binanın içərisinə apararaq otağa oxşar yerdəki inşaat tullantılarının arasından bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbada narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torba təhqiqatçı tərəfindən açıldıqda içərisində qurudulmuş bitki mənşəli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd qara rəngli sellofan torba təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli sintetik torbaya qoyularaq qablaşdırılmış, torbanın ağzı skoçla bağlandıqdan sonra üzərinə skoçla ağ kağız parçası yapışıdırılmış, həmin kağızın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 33-cü PB-də olduğu zaman sonuncuya qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi Şahid2 məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində anunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli cins şalvarın sağ yan cibindən içərisində siqaretlər olan bir qutu “Prima” markalı siqareti, sağ kiçik cibindən 01 ədəd içərisində qəhvəyi rəngli kütlə olan bükümü, içərisində ağ rəngli içərisində avtomobil “sveçasının” ((avtomobil elektrik şamının) şamının qırıntılarına bənzər kütlə olan bir bükümü, içərilərində bitki mənşəli, yaşıl rəngli qurudulmuş kütlə olan iki ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, bükümlərin birində “kakos” adı ilə tanıdığı narkotik vasitə, digərində avtomobil sveçasının (avtomobil elektrik şamının) qırıntıları, iki ədəd kibrit qutusunda olan qurudulmuş bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, sveça qırıntıları ilə avtomobillərin şüşələrini sındırıb, abtomobillərdən oğurluq etdiyini, üzərindən aşkar edilmiş marixuananın bir hissəsini özünə məlum olan yerdə saxladığını, həmin yeri göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərilərində qurudulmuş bitki kütlələri olan iki ədəd kibrit qutusu bir zərfdə, iki ədəd bükümlər isə digər bir zərfdə qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (iş vərəqə: 30-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirmə və götürmə haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Abdullayev küçəsindəki nömrəsiz, yarımtikiliyə baxış keçirilmişdir. Həmin tikilidə olan otqaların birində inşaat materiallarının içərisindən Təqsirləndirilən şəxs bir ədəd qara rəngli politelen torbanı çıxararaq həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünün tərəfindən həmin yerdə saxlanıldığını bildirmişdir. Təqdim edilmiş həmin politelen torba müvafiq aydada qabaşdırılaraq götürülmüşdür (iş vərəqə: 32). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və qeyri-yaşayış binasında saxlanc yerindən marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi prosesinin çəkilmiş video görüntüləri daşıyıcı qurğuya – 1 ədəd DVD diskə köçürülmüş və həmin görüntülərə baxış keçirilməklə protokollaşdırılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, diskə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya-maddə varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli cins salvarının sağ yan cibindən içərisində siqaret olan bir qutu “Prima” markalı siqareti, sağ kiçik cibindən içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf sellofan bükümünü, içərisində ağ rəngli kiramit qırıntılarına bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükümünü, sol yan cibindən içərilərində yaşıl rəngli qurudulmuş bitki mənşəli oxuntuları olan iki ədəd kibrit qutularını çıxarıb təqdim etməsi, təqdim etdiyi bükümlərin birində “kakos” adı ilə tanıdığı narkotik vasitənin, digər bükümüm içərisində avtomobilin elektrik şamının qırıntıların olmasını, həmin qırıntılarla avtomobillərin şüşələrini sındırmaqla avtomobillərdən oğurluq etdiyini, iki ədəd kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsinin narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi, başqa hər hansı bir əşya-maddə aşkar edilməməsi, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın çox hissəsini yaşayış olmayan tikilidə gizlətdiyini, həmin yeri göstərə biləcəyini bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş bitki kütləsi olan iki ədəd kibrit qutusu bir zərfdə, içərisində avtomobil elektrik şamının qırıntıları və qəhvəyi rəngli kütlə olan bükümlər başqa bir zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunması müəyyən olunur. Tədqiq olunan protokoldan həmçinin görünür ki, ikinci fayla nəzər yetirdikdə, Təqsirləndirilən şəxs göstərdiyi və bələdçilik etdiyi qapı-pəncərələri olmayan tikiliyə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyini bildirdiyi yeri göstərməsini və həmin narkotik vasitəni təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs iştirakçıları binanın içərisinə apararaq qapı pəncərəsi olmayan otağa oxşar yerdəki inşaat tullantılarının arasından bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək həmin torbada narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirməsi, təqdim etdiyi torba təhqiqatçı tərəfindən açıldıqda içərisində qurudulmuş bitki mənşəli kütlənin olduğunun müəyyən edilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş bitki mənşəli kütlə olan bir ədəd qara rəngli sellofan torbanın təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli torbaya qoyularaq qablaşdırılması, torbanın ağzı skoçla bağlandıqdan sonra üzərinə skoçla ağ kağız parçası yapışıdırıldığını həmin kağızın iştirakçılar tərəfindən imzalandığı müəyyən olunur (iş vərəqə: 110). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və qeyri-yaşayış saxlanc yerində aparılan baxış və götürmə prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan tünd-boz rəngli cins salvarının sol yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyü, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən nömrəsiz və yaşayış olmayan tikilidə baxış aparılarkən həmin evin qapıpəncərəsi olmayan otağa oxşar yerində inşaat tullantılarının arasından bir ədəd qara rəngli sellofan torbada narkotik vasitəyə şübhəli maddələr aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülər “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirmə və götürmə haqqında” 09 mart 2023-cü il tarixli, həmçinin diskə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməbioloji ekspertizanın 10 mart 2023-cü il tarixli, 7/362 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,451 qram; 3,303 qram, ümumi çəkisi 6,754 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 6,754 qram (1-2 №-li obyektlər), tədqiqata sərf edildi 0,1 qram, (hər obyektdən 0,05 qram) qalıq 6,654 qram (iş vərəqə: 51-54). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizanın 10 mart 2023-cü il tarixli, 7/363 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı bir ədəd qara rəngli politelen torbada təmiz çəkisi: 4350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd qara rəngli politelen torbada və iki ədəd kibrit qutusunda olan marixuanalar eynidirlər. Qeyd: 1) Marixuananın təmiz çəkisi 4350 qram (1 N-li obyekt), tədqiqata sərf edildi 0,2 qram, qalıq 4349,8 qram. 2) Marixuananın ümumi təmiz çəkisi 6,654 qram (2-3 N-li obyekt), tədqiqata sərf edildi cəmi 0,1 qram, (hər obyekdən 0,05 qram) qalıq 6,554 qram (iş vərəqə: 55-59). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023-cü il tarixli, 3982 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 121-122). Məhkəmə istintaqı zamanı tədqiq olunan, «toplanmış sübutların qiymətləndirilməsi haqqında» 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin özünün göstərdiyi tikiliyə keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4356,754 qram (6,754 qram üzərindən, 4350 qram tikilidən) qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4356,354 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 148-157). Məhkəmə istintaqı zamanı tədqiq olunan, «toplanmış sübutların qiymətləndirilməsi haqqında» 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin özünün göstərdiyi tikiliyə keçirilmiş baxış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 148- 157). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində sonuncunun “kakos” adı ilə tanıdığı narkotik vasitə kimi təqdim etdiyi bir ədəd şəffaf selofan bükümdə olan qəhvəyi rəngli 3,573 qram maddənin iş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli, 6/1467 nömrəli ekspert rəyi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmadığı müəyyən edilmişdir (iş vərəqə: 48, 49, 50). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsi 4.356,754 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin yuxarı həddindən səkkiz dəfədən də çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 4356,754 qram olmaqla külli miqdar təşkil etməsi, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin ondan aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə ona təyin olunan cəzanı sonadək çəkməkdən qərəzli olaraq yayındığından Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunan 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi) azadlıqdan məhrum etməyə məhkum edilmiş, cəzadan azad edildiyi tarixdən baxılan iş üzrə yeni cinayət hadisəsinin törədilməsinədək qanunla müəyyən olunan iki il keçməmişdir ki, buna görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilir və Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü madəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin məhkəmə ibtidai istintaq orqanının qeyd olunan məsələ ilə bağlı ittiham aktındakı mövqeyini qanunun tələblərinə zidd mövqe kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər (18.4.1); yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (18.4.2); bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar (18.4.3); azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar (18.4.4) residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı isə həmin hökm üzrə çıxarılmış, Təqsirləndirilən şəxs hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirilmiş və həqiqətən Təqsirləndirilən şəxs cəzadan azad olunduğu vaxtdan baxılan iş üzrə yeni cinayətin törədildiyi tarixədək iki il keçməmişdir. Lakin Azərbaycan Respublikası CM-nın 83.3.3-cü madəsinin tələbləri az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsləri nəzərdə tutmuşdur. Lakin qeyd olunan bu hal, yəni təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması onun barəsində yeni hökm üzrə cəza təyin olunarkən cinayətlərin residivinə görə cəza təyin edilməsinə əsas vermir və təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş olsa belə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinin “a” bəndində məhkəmələrə tövsiyə olunur ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiyanın nisbətən aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 09 mart 2023-cü il tarixdən də hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023-cü il tarixli, 3982 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən olunan opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi ilə əlaqədar onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və onun saxlanc yeri kimi istifadə etdiyi qeyri-yaşayış sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4356,354 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli; - şəxsi axtarış aparılması və götürmə, həmçinin qeyri -yaşayış sahəsinə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 236,0 (iki yüz otuz altı) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və onun saxlanc yeri kimi istifadə etdiyi qeyri-yaşayış sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4356,354 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - şəxsi axtarış aparılması və götürmə, həmçinin qeyri -yaşayış sahəsinə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 236,0 (iki yüz otuz altı) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar