Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2115/2025 18.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Ağdam şəhəri, İ.Hacıyev küçəsi, ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Hüseyn” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək həmin şəxslərin öncədən bildirdiyi ünvanda gizlədilərək saxlanıldığı 11.525 qram çəkidə külli miqdarda qurudulmuş marixuananı vəd edilən pulun müqabilində deyiləcək yerlərə yerləşdirmək üçün razılaşmış, istintaqa məlum olmayan vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisindən bu vasitəni əldə etdikdən sonra həmin şəxslərin tapşırığı ilə ondan 945 qram, 960 qram və 970 qram olmaqla ümumi təmiz çəkisi 2.875 qram olan 3 ədəd bağlamanı ayırıb Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinə daşıyıb yolun kənarında yerləşən işıq dirəyinin alt hissəsində gizlətmiş, qalan 8 ədəd sellofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 2.520 qram, 950 qram, 945 qram, 940 qram, 930 qram, 940 qram, 945 qram və 480 qram olmaqla ümumi təmiz çəkisi 8.650 qram çəkidə marixuananı isə xalasına məxsus, lakin öz istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-də saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə, saat 04:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq həmin günü videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı saat 05:02-də Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yolun kənarında işıq dirəyinin alt hissəsindən və saat 05:32-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-dən həmin narkotik vasitə qeyd olunan bağlamalarda aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamışdır. İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxslə tanışı “Kənan” adlı şəxsin vasitəsilə tanış olmuşdur. Kənan adətən özünün istifadəsi üçün Hüseyndən narkotik alırdı. O da öz şəxsi istifadəsi üçün Hüseyndən narkotik almağa başlamışdır. Bir dəfə Hüseyn ona da narkotik vasitələri bir yerdən başqa bir yerə daşıması müqabilində hər kiloqramına görə 300 manat pul verəcəyini demiş, o da bu təkliflə razılaşmışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 21:00 radələrində Hüseyn ona zəng edərək narkotik qablaşdırıldığı bağlamaların olduğu yerin məkanını atmışdır. Həmin yer Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində idi. O, bu yerə gedərək bağlamaları götürmüş və xalasına məxsus, lakin özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-ə gətirmişdir. Çünki Hüseyn ona həmin narkotik vasitəni qoyacağı yeri bir müddət sonra deyəcəyini söyləmiş, ondan tapşırıq gəldikdən sonra götürdüyü narkotik vasitənin hamısını dediyi ünvana qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 04:00-da Cəfər Xəndan küçəsində idarə etdiyi “Chevrolet” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında Bilal adlı tanışı ilə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərinə və avtomobilinə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olub-olmadığı soruşulmuş, ilk öncə inkar etsə də, ona izlənildiyi və narkotik vasitələri daşıdığından xəbərdar olduqları deyilmiş, bu zaman əldə etdiyi narkotik vasitəni Dədə Qorqud qəsəbəsində saxladığını söyləmişdir. Polis əməkdaşları ilə birgə həmin yerə gedərək işıq dirəyinin altında gizlətdiyi 02 kiloqram çəkidə narkotik vasitəni təqdim etmişdir. Bundan sonra Yeni Günəşli qəsəbəsində olan mənzilə yollanmışlar. Baxış zamanı 8 ədəd bağlama aşkar olunsa da, onların ona heç bir aidiyyəti yoxdur. Məhkəmədə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Bəxşeyiş oğlu ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə idarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə, saat 04:00-da Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında idarə etdiyi “Chevrolet” markalı, **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Bilal adlı şəxslə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs məsələ barədə məlumat verib üzərində və avtomobilində videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Ona verilən suallara cavab olaraq İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxslə “Kənan” adlı tanışı vasitəsilə tanış olaraq ondan Xocasən qəsəbəsinə gedərək 13 kiloqram narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitənin 10 kiloqramını Suraxanı rayonundakı mənzilində saxladığını, 3 kiloqramını isə Hüseynin tapşırığı ilə vəd edilən pul müqabilində Dədə Qorqud deyilən ərazidə yerləşdirdiyini və həmin yerləri göstərə biləcəyini, onunla birlikdə saxlanılan Bilal adlı şəxsin həmin narkotikdən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yollanmışlar. Həmin yerdə saat 05:02-də videoçəkilişlə baxış aparılmış və bu vaxt Təqsirləndirilən şəxs yolun kənarında yerləşən işıq dirəyinə işarə edərək həmin dirəyin alt hissəsində olan bir ədəd torbanı göstərmişdir. Bu torba açıldıqda içərisindən 3 ədəd hər birinin üzəri yapışqan lentə bürünmüş bağlamalar aşkar edilmişdir. Bağlamalara ayrılıqda olaraq keçirilən baxış zamanı hər birinin içərisində marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, daha sonra onlar torbaya yığılıb qablaşdırılaraq tərəzi vasitəsilə çəkilmiş, qablaşmanın üzərində müvafiq qaydada qeydiyyat aparılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı və xalasına məxsus olduğunu bildirdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-ə yollanmışlar. Həmin mənzilə də saat 05:32-də videoçəkilişlə baxış keçirilməyə başlanılmış, bu vaxt Təqsirləndirilən şəxs qapını açaraq içəri keçmiş və yataq otağına daxil olaraq yerdə döşəməyə düzülmüş 8 ədəd bağlamanı göstərib içərisində narkotik olduğunu bildirmişdir. Həmin bağlamalar açılmış və onların içərisində də marixuanaya bənzər kütlələr aşkar edilərək qablaşdırılaraq tərəzi vasitəsilə çəkilmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla bir məktəbdə oxumuş və 2003-cü ilədək eyni məhəllədə yaşamışlar. xx.xx.2025-ci il tarixində, saat 23 radələrində çayxanada olan zaman Zamiq də ora gəlmişdir. Təxminən saat 01-02 radələrində onlar çayxanadan çıxmış və Zamiqin maşınla olduğunu görüb onu metronun “Neftçilər” stansiyası tərəfdə düşürə biləcəyi ilə maraqlanmışdır. Zamiq də həmin tərəfə getdiyini bildirmişdir. Yolda Zamiq ac olduğu üçün dönər yeməyi təklif etmiş və maşını saxlayıb dönərxanaya yollanmışdır. Elə bu vaxtı polis əməkdaşları yaxınlaşıb Zamiqi saxlamış və onun üzərinə, habelə avtomobilə baxış keçirmişlər. Daha sonra Zamiqə verilən suallara cavab olaraq o, narkotik vasitələri “Hüseyn” adlı İran vətəndaşının dediyi yerdən əldə etdiyini, narkotiki Dədə Qorqud qəsəbəsində yerləşdirdiyini bildirmişdir. Bundan sonra o da polis əməkdaşları ilə birlikdə getsə də, yoldan onu geri qaytamışlar. Buna görə də sonrakı hadisələri görməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, tutulmamışdan təxminən 6 ay əvvəl məhəllə uşağısı olan Kənan adlı şəxsin vasitəsilə bir nəfər İran İslam Respublikasının vətədaşı olan “Hüseyn” adlı şəxslə tanış olmuşdur. Bildiyi qədər Kənan həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitə almışdır. O da özü üçün bir neçə dəfə marixuana aldıqdan sonra həmin “Hüseyn” adlı şəxs bir dəfə danışıq zamanı ona təklif etmişdir ki, gördüyü işdə köməklik etsə pul qazana bilər. Belə ki, ona təklif etmişdir ki, atdırdığı narkotik maddələri götürüb özündə saxlasın və deyilən zamanlarda müəyyən ünvanlara yerləşdirməklə həmin ünvanların konumlarını yollasın. Narkotik vasitənin hər kiloqramına görə də ona 300 manat pul verəcəyini söz vermişdir. Beləliklə də o, bu cür qaydada həmin “Hüseyn” adlı şəxslə əlaqədə olaraq buna qədər cəmi iki dəfə bildirdiyi qaydada iş görüb pul qazanmışdır. Belə ki, ilk dəfə may ayında 3 kiloqram və avqust ayında 1 kiloqram olmaqla “Hüseyn” adlı şəxsin atdırdığı marixuananı götürüb özündə saxlayaraq sonrakı vaxt başqa ünvana yerləşdirib müvafiq qaydada ona deyilən pulu almışdır. Qazandığı pulu da “Hüseyn” onun adına olan istifadəsində olan yadında qalmayan kart hesablarına yollamışdır. Sonununcu dəfə isə, 16 oktyabr 2025-ci il tarixində “Hüseyn”lə danışan zaman sonuncu ona rayondan marixuana gəldiyini, onu götürüb saxlamalı və orada olan 13 kiloqram marixuananın 6 ədəd bağlamasını tez bir zamanda yerləşdirməli olduğunu demişdir. Beləliklə də növbəti gün, xx.xx.2025-ci il tarixdə axşam saat 21:00 radələrində “Hüseyn” ona zəng edərək həmin narkotikin torbada qablaşdırıldığı bağlamaların olduğu yerin konumunu atmışdır. Həmin yer Xocasən qəsəbəsində olmuş və torba yolun kənarında quraşdırılmış nişanın arxasında olan kolluqda gizlədilmişdir. O da həmin torbanı götürəndən sonra aparıb gizlin bir yerə qoymalı imiş. Belə ki, narkotikin çəkisi çox olduğundan və bir dəfəyə deyil, hissə-hissə yerləşdirilməli olduğundan etibarlı bir gizli yerə aparıb qoymalı imiş. Odur ki, həmin narkotiki xalasının mənzilinə aparıb yerləşdirməyi fikirləşmişdir. Belə ki, xalasıgil Rusiyada yaşadığından həmin mənzilin açarları valideynlərində olmuşdur. Odur ki, o, evdən həmin mənzilin açarını götürüb torbada olan narkotikləri evdə yerləşdirmişdir. Elə həmin gün “Hüseyn” demişdir ki, marixuananın 3 bağlamasını Dədə Qorqud- Hövsan qəsəbəsi ərazisində yerləşdirsin. O da “Hüseyn”in dediyi kimi edib özündə olan götürdüyü 11 ədəd bağlamadan 3 ədəd bağlamanı təxminən 17.10. 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saatlarında aparıb Dədə Qorqud qəsəbəsi ərazisində yolun kənarında olan dirəklərin altına qoyaraq konumunu “Hüseyn”ə atmışdır...............Polis əməkdaşları videoçəkilişlə üzərinə və avtomobilə baxış keçirilməli olduğunu bildirmişlər. O, buna etiraz etməmiş və həmin vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet varsa təqdim etsin. Üzərində heç bir qanunsuz maddə yox imiş. O, həmin vaxt üstündə olan mobil telefonunu, dörd ədəd bank kartı ilə şəxsiyyət vəsiqəsini, nağd pulu, avtomobilə və evə aid açarları çıxarıb təqdim etmişdir. Polis əməkdaşı onun üstünü yoxlamış, əlavə heç bir əşya aşkar edilməmişdir. Qeyd etdiyi mobil telefonla bank kartları və şəxsiyyət vəsiqəsi ona izah edilməklə götürülmüşdür. Qalan əşaylar isə özünə geri qaytarılmışdır. Daha sonra orada saxladığı avtomobilə baxış keçirilmişdir. Lakin avtomobildən şübhəli kənar bir şey aşkar edilməmişdir. Daha sonra onun barəsində daxil olmuş məlumatla bağlı şifahi sorğu zamanı səmimi olaraq bildirmişdir ki, həqiqətən də İran vətəndaşının vasitəsilə narkotik vasitə əldə etmiş və bir qismini evdə, bir qismini gizlətdiyi başqa bir ünvanda olmaqla təqdim edə bilər. Bundan sonra polis əməkdaşları yanında olan Bilalı şifahi sorğu etmişlər və sonuncu bu məsələyə heç bir aidiyyəti olmadığı üçün Bilalı sərbəst buraxdıqdan sonra onlar ilk əvvəl onun 3 ədəd bağlamanı yerləşdirdiyi ünvana yollanmışlar. Dədə Qorqud qəsəbəsində yerləşən həmin ünvana çatanda o, dəqiq olaraq bağlamaları yerləşdirdiyi yeri göstərib üç ədəd bağlamanı polis əməkdşlarma təqdim etmişdir. Bağlamalar açıldıqda içərisində marixuana adlı narkotik maddə aşkar olunmuşdur. Sonra həmin maddələr tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq o, səmimi olaraq bildirmişdir ki, həmin maddələri “Hüseyn” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə ona bildirilmiş yerə gedib əldə etmiş, həmin maddələri özündə saxlayaraq üç ədəd bağlamanı hazırki yerə yerləşdirmişdir ki, “Hüseyn”in adamı gəlib götürsün, qalan bağlamaları da yuxarıda bildirdiyi ünvanda saxlayır. Odur ki, onlar bundan sonra həmin tərkibdə olmaqla xalasına məxsus olan mənzilin yerləşdiyi ünvana yollanmışlar. Həmin yerə çatanda o, özündə olan açarla mənzilin qapısını açaraq içəri daxil olmuş və polis əməkdaşlarının da içəri daxil olmasına şərait yaratmışdır. Evin içəri otağında döşəmənin üzərinə qoyduğu 8 ədəd bağlamanı da polis əməkdaşlarına təqdim etmişdir. Evə əlavə baxış keçirilsə də heç bir maddə aşkar edilməmişdir...........(İ cild, i.v.69-72, 88-91); • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki görüntülərə görə Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə saat 04:00 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və həmin idarənin X4 Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda idarə etdiyi “Chevrolet Orlando” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşmiş Şahid5 ilə birlikdə saxlanılır, orada onun üstünə baxış keçirilən zaman o, üzərində olan əşyaları təqdim edir, bundan sonra onun üzəri yoxlanılır, təqdim etdiyi əşyalardan başqa əşya, predmet aşkar edilmir. Onun təqdim etdiyi şəxsiyyət vəsiqəsi, **********753967 və **********071725 nömrəli "xxxx" ASC-yə məxsus, **********736920 nömrəli “ABB”yə məxsus, üzərində nömrəsi olmayan “Leo bank”a məxsus plastik kartlar, 01 ədəd “İnfinix” markalı mobil telefon götürülür, digər əşyalar özünə qaytarılır. Bundan sonra avtomobilə baxış keçirilir, oradan narkotik vasitə, psixotrop maddə aşkar edilmir. Verilən suallara cavab olaraq o, tanışı Kənan adlı şəxsin vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsin dediyi məkana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisinə gedərək 13 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyini, əldə etdiyi narkotik vasitənin 3 kiloqramını Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yolun kənarına gizlətdiyini, 10 kiloqram narkotik vasitəni isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-də saxladığını, həmin mənzilin xalasına məxsus olmasına baxmayaraq onun istifadəsində olduğunu, yanında olan Şahid5 narkotik vasitə əldə etməsindən məlumatının olmadığını bildirir (İ cild, i.v.11-14); • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və ünvana baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki görüntülərə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində işıq dirəyinin alt hissəsinə gizlətdiyi 01 ədəd kisəni göstərir. Bu kisə götürülür, içərisinə baxış zamanı 03 ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamalar aşkar edilir. Həmin bağlamalar yoxlanılır, hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir, həmin kütlə tərəzidə çəkilir, çəkisinin 03 kiloqram 250 qram olması müəyyən olunur (İ cild, i.v.15-18); • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki görüntülərə görə Təqsirləndirilən şəxs narkotik vasitələrin digər qismini saxladığını bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5-in giriş qapısını açıb içəri daxil olunur. Mənzilin arxa otağında döşəmənin üzərində aşkar olunmuş 08 ədəd üzəri yapışqanlı lentlə sarınmış bağlamalar yoxlanılır, hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar olunduqdan sonra elektron tərəzidə çəkilir və çəkilərinin 10 kiloqram 40 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlələr 01 ədəd sellofan kisənin içərisinə yığılaraq müvafiq qaydada qablaşdırılaraq götürülür (İ cild, i.v.19- 22); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1312 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkarlanmış...” sözləri yazılmış qara rəngli polietilen torbada yapışqan lentlə bağlanmış 08 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2.520 qram, 950 qram, 945 qram, 940 qram, 930 qram, 940 qram, 945 qram, 480 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (ümumi çəkisi -8.650 qram). Ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs ...ünvana qoyduğu...” sözləri yazılmış sintetik torbada yapışqan lentlə bağlanmış 03 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 945 qram, 960 qram, 970 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (ümumi çəkisi 2.875 qram). Ümumi sayı 11 ədəd sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər, onların ümumi çəkisi – 11.525 qramdır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 11.523,9 qram, aparılmış tədqiqatın dəyəri isə 89 manat təşkil edir (İ cild, i.v.56-59); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 7359 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v.178-179); • “Mobil telefon aparatına baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs oğundan götürülmüş “İnfinix” markalı mobil telefonunda quraşdırılmış “WhatsApp” tətbiqinin “Söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxsin çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Huseyin Rus” kimi qeyd edilmiş +**********7 saylı Rusiya Federasiyasına məxsus mobil operatora aid GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun daxili yaddaşına keçirilən baxış zamanı fotogörüntülərin içərisində 14,32 qram çəkidə zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin elektron tərəzi vasitəsilə çəkisinin müəyyən edilməsinin, əldə saxlanılan bir ədəd qara rəngli yapışqan lentə sarılmış və üzərində oxunması mümkün olmayan qeydiyyat aparılmış bükümün və açıq şəkildə olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin görüntüləri müəyyən edilir (İ cild, i.v.144-146); • "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxışa dair “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı telefon nömrəsinə aid 19 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2025-ci il tarixədək olan məlumatlara əsasən Təqsirləndirilən şəxs 050 ***-**-** saylı GSM nömrənin istifadəçisinə müxtəlif tarixlərdə “Qaqa sen bidene nıene he yox denende quzu keserem 200 du 100 ola bilerki verdim 100 elimde qalibdi indi alinsa sene 200 vere bilerik buda yaxwi söhbetdi sen bidene mene soz deki xeber goozleyirlee menden... Qaqa gor 1 saat uzaqi en azi 2000 tapsan indiden gonderitn Sabah axwama burdadi beyaqdan onunla.daniwmiwam hemde istemirem.elden qacirdam bidene mene kankret xeber eleyersen negdi söhbetdi menden cavab gozleyir... Salam qaqa o gelib pramoy indi gele bilmir gerek men gedem mende inandimki o gele sadeece теne mawin lazimdiki gedem ondan goturem oda kurdexanidadi dedim belke sende mawin ola gedib gelem eger imkan varsa taksiylede istemirem gedem bildinde neye gore deyirem... Qaqa deyirem belke sabah goruwek verim bunu gelim günorta verim.,, indi bu saat buralarda post patrul da firlanir...Qaqa quzu keserem men 3000 pul almiwam oğlandan уarim goturmeliyem 2000 lazimdiki goturekki oğlanında seninde menimde iwim getsin mene en uzaqi 6 kimi lazimdiki bu gune hell eleye bilim mene bidene kankret vaxt denen alinir ya alinmir men iwimi bilim...Qaqa bunlar menden xeber gozleyir uje birazda gec olsa geceye sehere yaxin olacaq ondada gede bilmirem onla goruwmeye deyirem eger sende deqiqdise men seni gozleyim yox deqiq deyilse sozun bir hedi biri yox bizde iwimizi bilek... Qaqa ustumdedi mende awagidayam neyniyek Cox gozleyede bilmirem... Salam qaqa netersen? Yigmadimki gec olar qaqa sene dunen dediyim söhbet nece eleyek bawqa söhbetdi ela söhbetdi sabah deyirdim eger isteyirsense ona pul atmaq lazım idi ki gelsin gör eger isteyirsense mene xeber eleyersen... Qaqa seni de bezdirтеk kimi olmasın quzu keserem mene deqiq denen ona pul atmalıyam hemde deyirdim sene 300 verim hec olmasa 1500 ata bilsen ve ya ne qedere Cox ata bilsen o qeder yaxwidi ki rayından cixacaq menden xeber gozleyir 2 cure olacaq özümde 2 sinde eladi Qaqa men getmeliyem quzu keserem sene göre qalmiwam Burda mene xeber ele tez men 30 deqiqeye olmaliyam meni gozleyirler babekede tecili ora getmeliyem Qaqa senden ne xeber ne deyirsen dedin 40 deqiqeye deyirem mene kankret bidene henyox denen..Qaqa ewidirsen meni sene quzu keserem meni sehv bawa duwme men bu yetimi imenni sene göre Vallah gozletmiwem rayona gedir cixir uje bu buda mene deyirki burda ne varki he yox desin iwimizi bilek eger isteyirse verek axwam 12-1 arası pulun atsın uje deyir men gediremse bunuda verecem kimese getsin birde 15 güne gelejek...Qaqa zeng elemek istemedim dedim yatarsan hemde narahat elemek istemedim..uje kankret tapwirdim qaqa sabah axwama axirinci verdiyimden hazır olacaq qaqa uzurlu say gozletdim seni..hemde qaqa Vallah vxtinda sen deseydin uje hell olunmuwdi amma yenede tam arxayin ol sabha axwama hell eleyecem...Salam qaqa axwamin xeyir netersen qaqa berdeden bir qaqa gelib bura üstünde 15 eded 5 Gr botuv var dediki mene srocnu pul lazimdi ozudeki ela bir temadi dediki birin 60 dan isteyen vrsa verek getsin bidene gör eger neyse eleye bilirsense buna indi rayona getmeye 400 azn pul lazimdi dediki qalaninda seher verer”, 050 ***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025-ci il tarixdə “Qaqa mən evdeyem yatıram uje emaneti qoydum wakigilin binasina girəndə qabaq tərəfdən sağdan gedirsən pilləkəni düşəndə sağda yuxarida qara wunurlar var yollar onun üstünə qoymusam əlini salanda goreceksen göy zalentalidi..”, 070 ***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2025-ci il tarixdə “Salam onu dunen vermeliydim camaatın yaninda yalanci cixdim Vallah.axwam eleme.onu uzaqi saat 6 kimi duz qow eleki ona deyende yene gondersin yoxsa incitsem onu birde gonderen deyil ..meni duz bawa duw..Senden xeber cixmadi qaqa onlarda meni yigir meni dayanmadan uje bele gediwle elden gedecek onu mene quzu keserem sene 7 kimi at atim ona yoxsa elimden qacacaq..Qaqa 50 geldi caliw en uzaqi 30 da 1 saat duz qow ele beyaqdan telefonda qiriwiriq uje elden gedejek bu..Salam ..qaqa noldu bes 30 manat meni sen pis veziyyetde qoydun Vallah..” mətnli qısa mesajlar yazmışdır (İ cild, i.v.168-171); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxışa dair “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (İ cild, i.v.172-174); • Təqsirləndirilən şəxs istifadəsində olan 4098**** ****5286 nömrəli bank kartı ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş diskə baxışa dair “Bank məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir (İ cild, i.v.175-177); • “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs göstərdiyi ünvandan və xalasına məxsus evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 11 ədəd bağlamada olan, qalıq qalan 11.523,9 qram çəkidə marixuana, 01 ədəd “İnfinix” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, marixuana və telefon saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 04 ədəd DVD disk və 02 ədəd CD disk isə iş materiallarına əlavə olunmuşdur (İ cild, i.v.118-119, 182-199); • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarla külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına, habelə adı istintaqa “Hüseyn” kimi məlum olan İran İslam Respublikası vətəndaşı barəsində ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.220-221); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 1244/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.107-112); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.120); • Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il, xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2021-ci il təvəllüdlü üç uşağı var (İİ cild). • Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir (12-ci bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarının siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının (təmiz halda) aşağı həddi 500 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirli olması məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və bir-biri ilə uzlaşan sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü qismən təqsirli bilərək Dədə Qorqud qəsəbəsindən aşkar edilmiş narkotik vasitəni İran vətəndaşı “Hüseyn” adlı şəxsin göndərdiyi ünvan üzrə yerləşdirdiyini bildirsə də, xalasına məxsus, lakin onun istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, bina 1, mənzil 5dən aşkar edilmiş 8 bağlamada marixuananın ona məxsus olmadığını iddia etmişdir. Məhkəmə həmin ifadəni iş üzrə digər sübutların məcmusu ilə təkzib olunan və məsuliyyətdən yayınmağa yönəlmiş özünü müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Belə ki, xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üstünün yoxlanılması, ünvana və evə baxış protokollarından, habelə həmin hərəkətlərin video yazılarından görünür ki, Təqsirləndirilən şəxs hər iki ünvandan aşkar olunan narkotik vasitələrin yerini özü bildirmiş və onları təqdim etmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını, onun göstərişi ilə narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini, bunun müqabilində pul aldığını və sonuncunun verdiyi külli miqdarda marixuanaya aid 03 ədəd bağlamanı onun dediyi ünvanda yerləşdirdiyini, 08 ədəd bağlamanı isə xalasına məxsus mənzildə saxladığını ətraflı şəkildə göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs xalasına məxus, lakin onun istifadəsində olan mənzildən aşkarlanmış narkotik vasitələrdən xəbərsiz olması barədə verdiyi ifadəsini inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin bu hissədə ifadəsinə tənqidi yanaşır və iş üzrə digər sübutlarla təkzib olunan, özünün müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir, bu ifadəni onun təqsirsizliyini təsdiq edən əsas kimi qəbul etmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış və buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 18 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, 11 ədəd bağlamada olan, qalıq qalan 11.523,9 qram çəkidə narkotik vasitə marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 02 ədəd CD disk və 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “İnfinix” markalı mobil telefon Təqsirləndirilən şəxs razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 89 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, 11 ədəd bağlamada olan, qalıq qalan 11.523,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “İnfinix” markalı mobil telefon Təqsirləndirilən şəxs razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 04 ədəd DVD disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-2115/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2115/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver