Məhkəmə qərarları › İş №1(101)-2116/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2116/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2116/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,958 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 8 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:35-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcəsinin cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,958 qram olan kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yaşadığı evin yaxınlığında olan marketə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmadığı halda polis əməkdaşları onu polis idarəsinə gətirərək fiziki və psixoloji təsir göstərib şəxsi axtarış zamanı cibinə qoyduqları narkotik vasitəni təqdim etməyini bildirmişlər. Polis əməkdaşları ona işgəncə verdiyindən şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisidir, lakin polis əməkdaşlarının onu niyə saxladığını bilməmişdir. Əvvəllər polis əməkdaşları ilə heç vaxt ünsiyyəti olmamışdır. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Şəxsi axtarışda vəkil iştirak etməmişdir. Onu 2 nəfər polis əməkdaşı döymüşdür. Narkotik vasitəni şəxsi axtarışdan əvvəl polis əməkdaşları cibinə qoysalar da, bu barədə heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsir göstərilmişdir. 2 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Baş və ayaq nahiyələrinə xəsarət yetirmişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar edilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xeyli müddət narkotik vasitələrdən istifadə etmişdir. 8 may 2023-cü il tarixdə saat 14:35 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında, istifadəsində və satışında şübhəli olduğunu bildirərək onu Nəsimi rayon Polis İdarəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki gödəkcəsinin cibindən 1 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bükümü masanın üzərinə qoyaraq təqdim edərək şəffaf sellofanın içərisində qəhvəyi rəngli tozşəkilli maddənin el arasında “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə geyindiyi şalvarın yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan gödəkcəsinin yan ciblərinə və iç qoltuq ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ondan ayaqqabılarını çıxarmaq tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Bundan sonra üzərindən aşkar edilən təqdim etdiyi həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik vasitə istifadə etdiyini, bu məqsədlə 8.05.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus 1 ədəd bükümdəki şəffaf rəngli sellofanda olan içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyi olan maddə zərfə qoyularaq zərfin üzəri Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadəsində mobil telefon və nömrə yoxdur (cild 1, iş vərəqə 84-85). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Qabil oğlu ifadəsində göstərmişdir ki, 8 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ramiz qızının qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin məlumatın yoxlanılması üçün Nəsimi RPİnin rəisinə raportla məruzə etmişdir. Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə həmin gün saat 14:35 radələrində ünvan 3 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nə aparılmış, Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısının xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq çıxarıb masanın üstünə qoyması təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki gödəkcəsinin cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması üçün dəvət olunmuş Nəsimi RPİ-nin İTŞ-nin YYÇ üzrə PİTB-nin inspektoru Şahid3 və QMB-nin inspektoru Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə heroindir və həmin maddəni 8 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələri əldə etməsi, saxlaması və gəzdirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Qabil oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan görünür ki, onlar Şahid1 Qabil oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 116-118 və 119-121). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 8 may 2023-cü il tarixli protokoldan və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli gödəkcəsinin cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,958 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqə 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 may 2023-cü il tarixli 6/2671 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,958 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,958 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,908 qram, cild 1, iş vərəqə 57-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 12 iyun 2023-cü il tarixli 3692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 130- 131). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 17 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmiş, qarnın ön səthində göbək ətrafı və sol saidin ön səthində köhnə kəsikdən sonrakı çapıq izi müşahidə edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 5 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,908 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəq 133-142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 106). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 may 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22- 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 may 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 93-97). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,908 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,908 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar