Məhkəmə qərarları › İş №1(101)-212/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, « 31 » yanvar 2020-ci il Bakı şəhərində xx xxxxxx 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olan, Lənkəran şəhəri, X4 küçəsi, ev 75/2, mənzil 33də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Arif adlı şəxs və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Arif adlı şəxs aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda – 1.010,565 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək daşıyıb Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ərazisinə gətirmiş və orada “90” yazılı yol nişanının altında gizlətməklə saxlayaraq bu barədə onu məlumatlandırmış, bundan sonra Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında külli miqdarda psixotrop maddə metamfetamini gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin yerdən götürüb qanunsuz əldə edib iki hissəyə böldükdən sonra bir ədəd bükümdə 0,565 qram çəkidə olan hissəsini üstündə, qalan bir bükümdə olan külli miqdarda 1.010 qram çəkidə olan hissəsini isə özünə məxsus olan “Opel Astra” markalı, 99KP649 dövlət qeydiyyat nişanlı avtomaşınında gizlədib saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 145 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 13:15-də qeyd olunan ünvanda saxlanılaraq üstünə və özünə məxsus olan “Opel Astra” markalı, 99KP649 dövlət nömrə nişanlı avtomaşınına baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibliyindən bir ədəd “gümüşü” rəngli kağız bükümdə - 0,565 qram çəkidə və avtomobilin sükan arxasında olan oturacağın altından bir ədəd tünd göy rəngli üzərində “Bottega” sözləri yazılmış polietilen torbada bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 1.010 qram çəkidə, cəmi 1.010,565 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasında yaşayan Arif adlı şəxsi uzun zamandır tanıyır. Ariflə işlədiyi “Sədərək” mərkəzində tanış olmuş, İrandan gül sifariş edib gətizdirmişdir. Ariflə bir neçə dəfə telefon danışığı olmuşdur. Övladı dünyasını dəyişdiyinə görə 2-3 ildir ki, əsəbləri korlanıb, yuxusuzluq xəstəliyindən əziyyət çəkir. Buna görə də Arifdən xahiş etmişdir ki, ona oradan təsirli dərman göndərsin, çünki İranda dərmanlar daha keyfiyyətlidir. Arif dərmanı göndərdiyini bildirmiş, özünəməxsus lakin arvadının adına olan “Opel Astra” markalı, 99KP649 dövlət nömrə nişanlı avtomaşınla “Şıx” çimərliyinə gedib yol nişanının altından dərmanları götürmüş və görmüşdür ki, Arifin göndərdiyi dərmanların sayı çoxdur. Bu barədə Arifin özünə telefonla demiş, Arif isə ona “ nə qədər lazımdır götür istifadə et, qalanı qalsın” demişdir. Əvvəl belə bir səhv etdiyi üçün 8 il azadlıqdan məhrum olunaraq cəzasını çəkmişdir. O həmin dərmanı yalnız şəxsi istifadəsi üçün gətizdirmiş, satış məqsədi olmamışdır. Həmin dərmanların sərhəddən necə keçdiyini və kim tərəfindən keçirildiyini bilmir. O sadəcə olaraq Arifin ona dediyi yerdən dərmanları gedib götürmüşdür. Polis əməkdaşlarına verdiyi etirafedici ifadələrini təzyiqlər nəticəsində verdiyinə görə onları təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ev 145, mənzil 112 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması, idarə etdiyi «Opel Astra» markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomaşında və yaşadığı evdə həmin maddəni saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ev 145 ünvanının yaxınlığına yollanmış, oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx xxxxxx 2019cu il tarixdə saat 13:15-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ev 145 ünvanının qarşısında gümüşü metal rəngli, «Opel Astra» markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomaşının yanında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi ev 145, mənzil 112 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs xidməti vəsiqə göstərilmiş və özümüzü təqdim etdikdən sonra o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında, idarə etdiyi «Opel Astra» markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomaşınında və yaşadığı evdə həmin maddənin saxlamasında şübhəlidir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Winston» markalı siqaret qutusunu, bir ədəd alışqanı, 20 manat pulu, şalvarının sağ arxa cibindən şəxsiyyət vəsiqəsini, «Opel Astra» markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsini, şalvarının sol arxa cibindən «Xiaomi» markalı mobil telefonunu, şalvarının sağ yan kiçik cibliyindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü, şalvarının sol yan cibindən bir ədəd ev açarını, sağ əlində saxladığı bir ədəd avtomaşın açarını çıxarıb tədbir iştirakçılarına təqdim edərək bildirmişdir ki, bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan maddə psixotrop maddə olan metamfetamindir. Həmin büküm açıldıqda orada ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu, alışqan, 20 manat pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Ev və avtomaşın açarları baxış keçirilməsi məqsədi ilə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi «Opel Astra» markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomaşında bir ədəd bükümdə təxminən 800- 900 qrama yaxın çəkidə psixotrop maddə olan metamfetamin vardır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının sükan tərəfdən olan oturacağın alt hissəsindən bir ədəd tüng göy rəngli, üzərində «Bottega» sözləri yazılmış polietilen torbanı çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba açıldıqda orada bir ədəd şəffaf polietilen büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda isə orada ağ rəndi, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Torba bükümün içərisindəki maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşından əməliyyat marağı kəsb edən əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə hər hansı bir qanunsuz əşyaların olub-olmaması soruşulduqda o bildirmişdir ki, yaşadığı mənzildə qanunsuz əşya və predmetlər yoxdur. Buna baxmayaraq onun mənzilinə baxış keçirilməsi zərurəti yarandığı ona izah edilmiş və o, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını yaşadığı mənzilə dəvət etmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 1997-ci ildə İran İslam Respublikasının vətəndaşı «Arif» adlı şəxslə tanış olmuş, onunla uzun müddət münasibət saxlamış, razılıq əldə ədildikdən sonra, saxlandığı vaxtdan təxminən 20 gün əvvəl «Arif» adlı şəxs istifadəsində olan +**********86 nömrəli mobil telefonla «WhatsApp» sistemi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********39 nömrəli mobil telefonuna zəng vuraraq Bakı şəhəri, «Şıx» çimərliyi adlanan ərazidə qoyulmuş üzərində «90» rəqəmi yazılmış yol nişanının dibində bir ədəd torbada təxminən 800-900 qrama yaxın çəkidə psixotrop maddə metamfetaminin qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə günorta saatlarında «Arif» adlı şəxsin dediyi yerdən həmin torbanı götürmüş, oradan az miqdarda psixotrop maddə olan metamfetamindən özü istifadə etmək məqsədilə götürərək üzərində saxlamış, qalan hissəsini isə idarə etdiyi avtomanının sükan tərəfdən olan oturacağın alt hissəsinə qoyaraq xx.xx.2019-cu il tarixdə «Arif» adlı şəxsin ona deyəcəyi şəxsə çatdırdıqdan sonra 400 manat pul verəcəyini vəd etmişdir. Əməliyyat-axtarış tədbiri «İphone 7» markalı mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs bildirilmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxsla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmış və oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Mobil telefon vasitəsilə aparılan videoçəkiliş diskə köçürüldü. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Möhürlənmiş iki ədəd zərf, şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və bir ədəd disk protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir şikayət və daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 20985 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş ...” yazısı olan zərfdəki bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,565 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, 99KP649 dövlət nömrə nişanlı avtomaşınından aşkar olunmuş ...” yazısı olan paketdəki bir ədəd göy rəngli polietilen torbada şəffaf polietilen bükümdə təmiz çəkisi 1.010 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Həmin maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Qalıq – 1.010,365 qram. Məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 1728 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Hazirki psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 23412 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi“ markalı mobil telefon aparatlarına keçirilən baxış protokolundan görünür ki, “Xiomi “ markalı mobil aparatının içərisində bir ədəd “xxxxxxx” mobil telefon operatoruna məxsus bir ədəd sim kart aşkar olundu. Telefonun menyu hissəsində “WhatsApp” proqramı aşkar edilmiş, həmin proqrama baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 00.32-dən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində “Arif” adı altında qeyd olunmuş İran İslam Respublikasının mobil operatoruna aid +**********86 nömrəsi ilə 137 telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. «xxxxxxx» MMC-dən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli 18712 saylı məktubla daxil olan məlumatlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus 0**********86 nömrəsi ilə xx.xx.2019-cu il tarixdə saat 16.22-də 5 saniyə və xx.xx.2019-cu il tarixdə saat 12.15-də 9 saniyə davam edən telefon danışıqları olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddəni öz istifadəsi üçün əldə etməsini və həmin maddələri satış məqsədilə ilə əldə etmədiyi, həmin maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsində heç bir iştirakının olmaması, ona pul söz verilmədiyi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri iş üzrə toplanmış sübutlarla üst-üstə gəldiyinə görə onları mötəbər sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən müxtəlif növ narkotik vasitələri qəbul etmiş, narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2008-ci ildə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2016-cı ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Təxminən 1997-ci ildə o, “Sədərək” ticarət mərkəzində gül dükanında satıcı işləyən zaman Azərbaycana geyim və sair əşyaları almağa gələn iranlı “Arif” adlı şəxslə tanış olmuşdur. Ariflə onnu normal dost münasibətləri yaranmış və telefon əlaqəsi saxlamışlar. 2016-cı ildə o, azadlığa buraxıldıqdan sonra bir neçə dəfə Ariflə telefon əlaqəsi saxlamışdır. Bildiyinə görə X9 Respublikasının vətəndaşı olmaqla İranın Ərdəbil şəhərində yaşamışdır. Təxminən 2018-ci ildə o, İranın Təbriz şəhərinə müalicə almaq üçün getmiş, lakin həmin vaxt Ariflə görüşməmişdir. Ümumiyyətlə o, İranda cəmi bir dəfə olmuş və Ariflə heç vaxt İranda görüşməmişdir. Arif onun narkotik vasitələri qəbul etdiyini və CM-in 234.4.3cü maddəsi məhkum olunduğunu bilmişdir. Təxminən 01-xx.xx.2019-cu il tarixdə Arif həmişə olduğu kimi “WhatsApp” proqramı vasitəsi ilə özünə məxsus +98911-lə başlayan nömrədən onun telefonuna zəng edib maddi çəkinlikdə olduğunu bildiyini deyib ona psixotrop maddəni satışında köməklik etməyini, daha dəqiq isə həmin maddəni dediyi yerdən götürüb dediyi şəxsə verməyini xahiş etmişdir. Demişdir ki, bunun müqabilində 400 manat pul və həmin maddədən istifadə etmək üçün ona verəcək. O, razılaşmışdır. Arif demişdir ki, həmin “şüşə” kimi tanınanan maddə psixotrop maddə metamfetamin onun dostuna məxsusdur. Lakin həmin dostunun adını, harda yaşamasını və hər hansı bir anket məlumatlarını deməmişdir. Sadəcə onu demişdir ki, o, “şüşə”ni götürüb bir neçə gün özündə saxladıqdan sonra onun göstərişinə əsasən dediyi adamla görüşüb həmin şəxsə verəcək və bunun müqabilində Arif ona 400 manat pul göndərəcəkdir. Belə ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında Arif “whatsapp” proqramı vasitəsi ilə ona zəng edib “şüşə”ni Bakı şəhəri, Səbail rayonu, “Şıx” çimərliyi yaxınlığında yerləşən “90” rəqəmi yazılan yol nişanın dibinə qoyulduğunu deyib həmin maddəni götürməyini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, o, həmin maddənin kim tərəfindən və nə vaxt qoyulduğunu və haradan gətirildiyini bilməmişdir. Beləliklə o, Arifin göstərişinə əsasən qeyd etdiyi yerə gedib xx.xx.2019-cu il tarixdə günorta saatlarında həmin yerdən bir ədəd ədəd torbanı götürüb içərisinə baxdıqda orada bir ədəd bükümdə təxminən 1 kiloqram çəkidə psixotrop maddə olan metamfetamin olduğunu görmüş və həmin maddədən təxminən yarım qramını öz istifadəsi üçün götürüb qalan maddəni arvadının adına olan idarə etdiyi “Opel Astra” markalı 99KP649 dövlət nömrə nişanlı avtomaşının sürücü oturacağının altına qoymuşdur. Özü üçün götürdüyü maddəni isə siqaretin kağızına büküb cibinə qoymuşdur. Bundan sonra Arifə zəng edib şüşəni götürdüyünü demişdir. Arif bir neçə gündən sonra ona zəng edib kimə vermək lazım olacağını deyəcəyini bildirmişdir. Demişdir ki, həmin vaxtadək o, şüşəni özündə saxlasın. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, yaşadığı evdən çıxıb avtomaşına yaxınlaşan zaman ona bir neçə nəfər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü təqdim etdikdən sonra polislər onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla onu tanış edib üstünə, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirəcəklərini təklif edib üstündə, idarə etdiyi avtomobildə və yaşadığı evdə qanunsuz əşya olduğu halda təqdim etməyini xahiş etmişlər. O, razılaşıb üzərində olan əşyaları – telefon, şəxsiyyət vəsiqəsi, evin və maşının açarları və sair əşyaları, eləcədə əynində olan şalvarının sağ yan kiçik cibliyində olan psixitrop maddə metamfetamini çıxarıb polislərə vermişdir. Təqdim etdiyi şüşəyə baxış keçirilmiş və qablaşdırılmışdır. Bundan sonra sorğu zamanı o, etiraf etmişdir ki, idarə etdiyi avtomaşında iranlı Arifim ona göndərdiyi psixotrop maddə metamfetam olmuş və həmin maddəni təqdim edə bilər. Bundan sonra o, idarə etdiyi avtomobilin sürücü oturacağının altından bir ədəd torbada olan maddəni çıxarıb polislərə vermişdir. Təqdim etdiyi torba götürülüb ona baxış keçirilmiş və bir ədəd paketə qoyularaq qablaşdırılmışdır. Bundan başqa onun razılığına əsasən yaşadığı evə də baxış keçirilmiş, lakin evdə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra polislərin dəvətinə əsasən onlar polis idarəsinə gəlmiş və orada ona təqdim olunan vəkilin iştirakı ilə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli videoçəkilişlə əməliyyat axtarış tədbirinin keçirilməsi barədə protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Opel Astra” markalı 99KP649 dövlət nömrə nişanlı avtomaşında psixotrop maddələr aşkar edilərkən Təqsirləndirilən şəxs bildirdi ki, 1997-ci ildə İran İslam Respublikasının vətəndaşı Arif adlı şəxslə tanış olmuş,onunla uzun müddət münasibət saxlamış,razılıq əldə edildikdən sonra,saxlandığı vaxtdan təxminən 20 gün əvvəl Arif adlı şəxs istifadəsində olan +**********86 nömrəli mobil telefonla “whatsapp” sistemi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********39 nömrəli mobil telefonuna zəng vuraraq Bakı şəhəri, “Şıx” çimərliyi adlanan ərazidə qoyulmuş üzərində “90” rəqəmi yazılan yol nişanın dibində 01 (bir) ədəd torbada təxminən 800 (səkkiz yüz)-900 (doqquz yüz) qrama yaxın çəkidə psixotrop maddə metamfetaminin qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə günorta saatlarında Arif adlı şəxsin dediyi yerdən həmin torbanı götürmüş,oradan az miqdarda psixotrop maddə olan metamfetamindən özü istifadə etmək məqsədilə götürərək üzərində saxlamış,qalan hissəsini isə idarə etdiyi avtomaşının sükan tərəfdən olan oturacağın alt hissəsinə qoyaraq xx.xx.2019-cu il tarixdə Arif adlı şəxsin ona deyəcəyi şəxsə çatdırdıqdan sonra 400(dörd yüz) manat pul verəcəyini vəd etmişdir.(cild 01,vər. 19-20) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X7 İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunub xx xxxx 2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs İran İslam Respublikasına istifadəsində olan Xiaomi” markalı mobil telefon aparatı vasitəsilə zəng etmiş, psixotrop maddəni isə idarə etdiyi “Opel Astra” markalı avtomobilində daşımış və saxlamışdır. Bu səbəbdən Xiaomi” markalı mobil telefon aparatı və Təqsirləndirilən şəxs məxsus lakin arvadının adına sənədləşdirilmiş “Opel Astra” markalı avtomaşın dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatdan sonra ümumi qalıq çəkisi 1.010,365 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Opel Astra” markalı, 99KP649 dövlət nömrə nişanlı avtomaşın və bir ədəd “Xiaomi” markalı mobil telefon aparatı cinayətin alətləri olduğuna görə dövlət nəfinə müsadirə edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatdan sonra ümumi qalıq çəkisi 1.010,365 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Opel Astra” markalı, 99KP649 dövlət nömrə nişanlı avtomaşın və bir ədəd “Xiaomi” markalı mobil telefon aparatı cinayətin alətləri olduğuna görə dövlət nəfinə müsadirə edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar