Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq, 50 manat qiymətində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,557 qram, 1,643 qram, 1,305 qram olmaqla ümumi təmiz çəkisi 4,505 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və həmin gün yəni, 09 iyul 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3 bölməsinə aparılaraq orada üstünə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd siqartetin gümüşü rəngli iç kağızına bükülmüş külli miqdarda, ümumi təmiz çəkisi 4,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, onun narkotik vasitədən istifadə etdiyi görüntülər internetdə yayıldığına görə onu polis bölməsinə çağırmışlar və o, bölməyə özü getmişdir, yəni onu məcbur olaraq bölməyə aparmamışlar. Polis bölməsində üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, o, üzərində narkotik vasitə olmadığını bildirmiş, daha sonra polis əməkdaşı Tural Əliyev ona təzyiq və təhdidlər etməklə cibinə narkotik vasitə qoymuş, bunu vəkilə bildirməməyi tapşırmış, əgər onun dediyi kimi etməsə evinə gedib 1-2 kilo narkotik vasitə qoyacaqları ilə hədələmişdir. O da Tural Əliyevin dediyi kimi etmişdir. Daha sonra vəkilin yanında videoçəkiliş etmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, psixotrop maddə hesab edilən metamfetamin və narkotik vasitə olan heroindən istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. 09 iyul 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi istiqamətində getmişdir. O, bir neçə dəfə qeyd olunan ünvandan narkotik vasitə aldığı üçün bilmişdir ki, orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə ala bilər. O, Yeni Günəşli qəsəbəsinə çatmışdır. Orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən narkotik vasitə olan heroin istəmişdir. Həmin şəxs onu tanımadığını deyən zaman onu tanıdığını deyərək əvvəl də narkotik vasitə aldığını bildirmişdir. Bu zaman həmin şəxs ona inanmış və 50 manat qarşılığında üç büküm narkotik vasitə olan heroin öz istifadəsi üçün almışdır. Həmin gün saat 20 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman, G.Şıxlinski küçəsində mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli olduğu üçün birlikdə 35-ci PB-nə getməyini bildirmişlər. O, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, polis əməkdaşlarının təklifi əsasında və müşayiəti ilə həmin şöbənin otaqlarından birinə getmişdir. Bundan sonra ərizəsi əsasında ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Polis əməkdaşlarından biri videoçəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb masanın üstünə qoymaq təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqarertin gümüşü rəngli kağızına bükülmiş 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini həmin gün Yeni Günəşli qəsəbəsində, AB massivində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol onlara oxunmuş, ondan götürülmüş 03 büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 59-61). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 09 iyul 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinə yollanmışlar. Həmin gün saat 20:00 radələrində Xətai rayonu, G.Şıxlinski küçəsi 52 saylı ünvanda onlara şifahi məlumat əsasında məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən şəxsiyyətini soruşduqda o, özünün Təqsirləndirilən şəxs olmasını bildirmiş, sonuncuya narkotik vasitə satmaqda, saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermiş və birlikdə polis bölməsinə yollanmışlar. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən siqaretin gümüşü rəngdə iç kağızına bükülmüş üç ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini öz istifadəsi üçün 09 iyul 2021-ci il tarixdə, səhər tezdən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən AB massivində tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 Abdulrəhm oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatlatı tam təsdiq etdi. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində eyni məzmunlu ifadə verərək Şahid3 Abdulrəhm oğlunun göstərdikləri xüsusatlatı tam təsdiq etmişdir (iş vərəqi 4). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09.07.2021-ci il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, ev 52, mənzil 78-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı və istifadəsi ilə məşğul olmasi bildirilir (iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 09.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09.07.2021-ci il tarixli raportdan görünür ki, 09 iyul 2021-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 6-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 20:00-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir (iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 09.07.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:55də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr yerləşdirilmiş bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdəki maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri 09.07.2021-ci il tarixdə səhər tezdən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən AB yaşayış massivində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində şəxsi istifadəsi üçün aldığını, üzərində gəzdirdiyini, 09.07.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 52 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisini müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman kütlələrin ümumi çəkisinin 3,58 qram olması müəyyən edilmişdir. Bundan sonra bükümlərdəki kütlələr bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür (iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videodikə baxış keçirilməsi barədə 11.07.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhərri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Novruzlu polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra onun üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş üç ədəd büküm çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisindəki narkotik vasitədir, öz istifadəsi üçün 50 manata almışdır. Bundan sonra polis baş leytenantı Hüseyn Novruzlu tərəfindən Təqsirləndirilən şəxs cibləri və paltari yoxlanır, lakin onun üzərindən əlavə olaraq heç nə aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş üç ədəd büküm tərəziyə qoyularaq çəkilir və həmin kütlələrin bükümlər ilə birlikdə ümumi çəkisinin 3,58 qram olmasi müəyyən edilir. Büküm çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq zərflər üçün möhürlə möhürlənir (iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış aprılması haqqında 12.07.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, axtarışın aparıldığı ünvan 6 ünvanında yerləşən mənzildə axtarış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqi 81-86). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10.07.2021-ci il tarixli, 6/2761 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,557 qram, 1,643 qram, 1,305 qram olmaqla, ümumi təmiz çəkisi 4,505 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (iş vərəqi 36-41). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12.07.2021-ci il tarixli, 2293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 120-121). İşdə olan maddi sübutların tanınması və saxlanması haqqında 04.09.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 03 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 1,557 qram, 1,643 qram, 1,305 qram olmaqla ümumi təmiz çəkisi 4,505 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,355 qram narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (iş vərəqi 135, 145). İşdə olan sübutların qiymətləndirilməsi barədə 04.09.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqi 122-128). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi barədə 04.09.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3 cü maddəsi ilə başqa cinayət işi icraata ayrılmışdır (iş vərəqi 130-131). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 29.07.2021-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqi 97-105). İşdə olan və məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən əldə edilmiş 22.12.2021-ci il tarixli, 21-1/3-12653-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-278/2021 saylı, 21.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində hökmün icrası barədə göstəriş 27.07.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İşdə olan Bakı şəhəri Xətai rayonu 91 saylı Mənzil-Kommunal İstismarı sahəsinin verdiyi 03.08.2021-ci il tarixli, 600 saylı xasiyyətnamədən və arayışdan, habelə şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 Şıxlinski küçəsi, ev 52, mənzil 78 ünvanda qeydiyyatdadır. Həmin ünvanda yaşadığı müddət ərzində barəsində MKİS-ə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Himayəsində 30.01.2013-cü il təvəllüdlü Abdulkərim və 01.01.2017-ci il təvəllüdlü Zümrüd adlı iki azyaşlı övladı var (iş vərəqi 106-107). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X4 narkotik vasitə istifadəçisi olması və onun narkotik vasitədən istifadə etdiyi görüntülər internetdə yayıldığına görə o, polis bölməsinə çağırıldıqdan sonra bölmədə təzyiq və təhdidlər etməklə cibinə narkotik vasitə qoyulması və polis əməkdaşlarının onun evinə gedib 1-2 kilo narkotik vasitə qoyacaqları ilə hədələməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə X4 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından 4,505/0,15=30,03 dəfə artıq olması, habelə ayrı-ayrı bükümlərə bükülməsi və onların eyni komponentlərə malik olması hallarını, habelə X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini və yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X4 himayəsində iki azyaşlı uşağının olmasını 59.1.4ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində həbsdə saxlanması nəzərə alınmaqla ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmədən o, hazırkı iş üzrə ittiham olunduğu cinayəti törətmişdir. Eyni zamanda müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ümumiyyətlə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü, azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 20, 72-73). Odur ki, təqsirləndirilən şəxs X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarına əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi nəzərə alınmaqla ona hazırkı hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu 09 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. X4 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən X4 törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,355 qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası kimi qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,355 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Fikrət Qəribov
Məhkəmə qərarları › İş №1(101)-212/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver