Məhkəmə qərarları › İş №1(101)-212/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-212/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-212/2024 19.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2 və X6, müdafiəçi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Tural” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində “Tural” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 425,051 qram narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 148,11 qram psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40...Faran” yazıları olan 10 ədəd blisterdə 99 ədəd, ümumilikdə tərkibində 3,96 qram təsiredici maddə olan külli miqdarda narkotik vasitə metadonu götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə evində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 39,155 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranmış narkotik vasitə heroin, 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 27,394 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman mənzilin yataq otağında olan kreslonun arxa hissəsindən 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 385,896 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranmış narkotik vasitə heroin, 01 ədəd bükümdə, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 120,716 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin, üzərlərində “Methadone 40...Faran” yazıları olan 10 ədəd blisterdə 99 ədəd, ümumilikdə tərkibində 3,96 qram təsiredici maddə olan külli miqdarda narkotik vasitə metadon və 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis əməkdaşları onu Xətai rayonu ərazisində saxlamışlar. Polislər onun evinə iki dəfə girmişlər. Polislər evinə girib ailəsinin yanında onu döymüş və sonra polis idarəsinə aparmışlar. Polislər onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis idarəsində polislər onu bir otağa salıb, vəkilin yanında önünə narkotik vasitəni qoymuş və onları ciblərinə qoymasını söyləmişlər. Polislər onların gözü qarşısında narkotik vasitə olan bükümləri sarıb bağlamışlar. Təcridxanaya daxil olarkən döyülməyi qeyd olunmuşdur. O, müstəntiqə dəfələrlə polislərin onun evinə daxil olması faktını sübut etmək üçün evinin yanında olan kameralara baxılmasını söyləmişdir. Polislər onun evində videoçəkiliş də etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polislər onu Xətai rayonu ərazisində maşının yanında saxlayanda da, evinə gəlib evində də döymüşlər. Polislər ona onsuz da həbs olunacağını, odur ki, onların dedikləri ilə razılaşmasını söyləmişlər və o da razılaşmışdır. 6 dəfə məhkum olunduğunu bildirmiş və məhkumluğunun hamısı narkotiklə bağlı olmuşdur. O, narkotik istifadə edir və bunu gizlətmir. O, narkotiki tanımadığı şəxslərdən almışdır. Polislər narkotiki boynuna götürməyi üçün onu döymüşlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onun telefonunda narkotikə dair yazışmalar olmamışdır. O, metamfetamin deyil, amma heroini şpris yolu ilə istifadə etmiş, narkotiki 10 manata almışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunaraq buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini və 1 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 10 manat pul və 1 ədəd ev açarı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd avtomobil açarı aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 47 qram, metamfetaminin çəkisi 31 qram olmuşdur. Aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 1 ədəd “Redmi” markalı mobil telefon da götürülmüş, 1 ədəd ev açarı, 1 ədəd avtomobil açarı və 10 manat pul isə özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 gün olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, yataq otağında olan kreslonun arxa hissəsindən 1 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metamfetamini, 99 ədəd metadon həblərini və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 393 qram, metamfetaminin çəkisi 126 qram olmuş, həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Mənzilə baxış zamanı arvadı X7 yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, ona mənzildə narkotik vasitə və psixotrop maddə saxlamağını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 69-71). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, 20 noyabr tarixində onlar tərəfindən əməliyyat tədbiri keçirilmişdir. O, saat 20:00-da Bakı şəhəri Nizami rayonu ərazisində “Ruslan” marketin yaxınlığında Əli Vəliyev küçəsində saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Üzərində metamfetamin, heroin, 10 manat pul və 1 ədəd mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlara evdə narkotik olduğunu bildirmiş, özünün icazəsi ilə yaşadığı ünvana getmişlər. Mənzildə yataq otağında kreslonun arxasında olan 2 büküm narkotiki Təqsirləndirilən şəxs onlara təqdim etmişdir. Bükümün birində 300 qramdan artıq heroin, 120 qramdan artıq metamfetamin, 99 ədəd metadon, evdə 2 ədəd tərəzi də olmuşdur. Həyat yoldaşı da şahid qismində videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin narkotikləri İran vətəndaşı Tural adlı şəxsdən götürdüyünü, Turalın dediyi yerə qoyacağını bildirmişdir. Narkotikləri möhürləyərək ekspertizaya göndərmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, şəxsə heç bir fiziki və psixi təsir olunmamışdır. Şəxsin döyülməsi barədə iddiası yalandır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 13 noyabr 2022-ci il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 10 (on) manat pul və 1 (bir) ədəd ev açarı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 47 (qırx yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisi 31 (otuz bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya xəbər verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd ev açarı, 1 (bir) ədəd avtomobil açarı və 10 (on) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 (on beş) gün olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşlarə tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 32-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 23, mənzil 99-a baxış keçirilməsi barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan kreslonun arxa hissəsindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 99 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 393 qram, metamfetamin kütlənin çəkisi 126 qram olmuşdur. Həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 gün olar ki, tanıdığını, yaşadığı mənzildə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs arvadı X7 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 38-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” və.s yazısı və imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 39,155 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 27,394 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir. Bağlamada 1 ədəd bükümdə təmiz çəkisi 385,896 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 120,716 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir, üzərlərində “Methadone 40...Faran” yazıları olan 10 ədəd blisterdə ümumilikdə 99 ədəd dərman tabletlərinin tərkibində ümumilikdə təmiz çəkisi 3,96 qram metadon təsiredici maddəsi müəyyən edilmişdir. 02 ədəd tərzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. 1H №-li obyektə aid heroin kütləsi ilə 2H №-li obyektə aid heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında fərqlənirlər. 1H №-li obyektə aid metamfetamin kütləsi ilə 2H №-li obyektə aid metamfetamin kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz manat) təşkil edir (cild 1, iş vərəqi 47-51). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntülərə baxış keçirlməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 noyabr 2022-ci ildə saat 20:00-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli və 1 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 10 (on) manat pul və 1(bir) ədəd ev açarı, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd avtomobil açarı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 47 (qırx yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisi 31 (otuz bir) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 1(bir) ədəd “Redmi” markalı mobil telefon götürülmüş, 1 (bir) ədəd ev açarı, 1(bir) ədəd avtomobil açarı və 10 (on) manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 (on beş) gün olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 56-57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntülərə baxış keçirlməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 noyabr 2022-ci ildə saat 23:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 23, mənzil 99-a baxış keçirilməsi barədə qərarla tanış edərək mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan kreslonun arxa hissəsindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 99 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 393 (üç yüz doxsan üç) qram, metamfetamin kütlənin çəkisi 126 (yüz iyirmi altı) qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 (on beş) gün olar ki, tanıdığını, yaşadığı mənzildə narkotik vasitə saxlamasından heç kimin məlumatı olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs arvadı X7 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, əri Təqsirləndirilən şəxs ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 58-59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirlməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Redmi” markalı zümrüd rəmgli mobil telefondur. Həmin mobil telefondan digərinə zəng vurularaq müəyyən edilmişdir ki, telefonun üzərində olan abonent nömrəsi ***-***-**-**-dür Həmin telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, əri Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Redmi” markalı zümrüd rəmgli mobil telefon müstəntiq Xəlil Atakişiyev tərəfindən X4 qaytarılmışdır (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 11344 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 98). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nizami Rayon Məhkəməsinin 5(007)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat nüvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 13 noyabr 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ibtidai istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhəri Nizami RPİ, 23-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 088-6199-1221 saylı cavab məktubundan görünür ki, həmin tapşırıq üzrə bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, lakin “Tural” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə baxış keçirilən zaman müyəyən edilmişdir ki, təqdim edilmiş disk CD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağında olan HP markalı kompüterin disk oxuyan cihazına daxil edilmişdir. Monitorda açılan diskin yaddaşında "Adobe Reader" proqramı vasitəsilə yazılmış 04 ədəd fayl olması müşahidə olunmuşdur. Həmin fayllara nəzər yetirdikdə, Təqsirləndirilən şəxs istifadasində olan ***-***-**-** saylı mobil nömrəyə 13 oktyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, sms mətnləri, daxil olan və çıxan mobil nömrələrin şəxsiyyəti və olduqları ünvan barədə məlumatlar var. Həmin diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat və ya yazışma müəyyən edilməmişdir (cild 1, iş vərəqi 115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 116-117). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 425,051 qram heroin, 148,11 qram psixotrop maddə metamfetamin, 99 ədəd metadon tabletləri, 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 424,911 qram heroin, 147,95 qram psixotrop maddə metamfetamin, 90 ədəd metadon tabletləri və 2 ədəd elektron tərəzi saxlanılmasından ötrü Baki şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 118-125, 128). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin materiallarından “Tural” adlı şəxsin barəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraata istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 126-127). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, polislərin onu döyməsi, üzünə, bədəninə zərbələr vurmaları, daha sonra narkotiki çıxararaq boynuna götürməsini və çəkiliş zamanı bükümləri cibindən çıxarıb onların öyrətdiyi sözləri deməsini tələb etmələri, əks halda ailəsini istintaqa cəlb edəcəkləri ilə hədələmələri, nəticədə onun məcbur olub bükümləri öz üzərinə götürməsi, İstintaq təcridxanasına daxil olarkən üzərinə baxış keçirilməsi və üzərində olan xəsarətləri həkimlərin qeyd etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini və 1 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs mənzilində keçirilmiş baxış zamanı yataq otağında olan kreslonun arxa hissəsindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 99 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Şəxsi axtarış və baxış zamanı aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən və mənzilindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Tural” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə “Tural” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, “Tural” adlı şəxsi təxminən 15 gün olar ki, tanıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda müəssisəsinin saxlama yerinə gətirilən vaxt Təqsirləndirilən şəxs sol gözaltı, sol almacıq, sol qulaq seyvanının arxa səthində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Qeyd edilən halla bağlı məsələyə aydınıq gətirilməsi məqsədilə məhkəmə Bakı şəhəri Nizami rayon prokurorluğuna müvafiq sorğu vermişdir. Bakı şəhəri Nizami rayon prokurorluğundan məhkəməyə daxil olmuş 10 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı prokurorluqda araşdırma aparılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə oturdulan zaman özünü aqressiv aparmış, avtomobilə oturmaq istəməmiş, bu zaman onun sifət nahiyəsi avtomobilin qapısının çərçivəsinə dəymiş, onun bədən xəsarətlərini həmin zaman alması mümkün hesab edilmiş və toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan narkotikin çəkilməsində istifadə olunan avadanlığın – elektron tərəzilərin aşkar olunmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin satış məqsədilə əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 23 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 109-111). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzanı çəkib qurtardığı vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 80-83). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 424,911 qram heroin, 147,95 qram psixotrop maddə metamfetamin, 90 ədəd metadon tabletləri və 2 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109 (yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 424,911 qram heroin, 147,95 qram psixotrop maddə metamfetamin, 90 ədəd metadon tabletləri və 2 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109 (yüz doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar