Məhkəmə qərarları › İş №1(101)-2129/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2129/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2129/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 25 may 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 02 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 4,808 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi təmiz çəkisi 0,645 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlayıb Xəzər rayonu, Türkan qəsəbəsi, H.Hacıyev küçəsində daşımış, 25 may 2023-cü il tarixdə saat 14:45 radələrində qeyd olunan ünvanda Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirilmiş, orada həmin gün saat 15:50-də üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli idman şalvarın sağ cibindən 1 ədəd “Winchester” siqaret qutusunda gizlətdiyi 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,579 qram və 0,229 qram olmaqla ümumi təmiz çəkisi 4,808 qram təşkil edən, kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 02 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,266 qram və 0,379 qram olmaqla ümumi təmiz çəkisi 0,645 qram təşkil edən kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Türkan qəsəbəsində yaşayır, həyətində göyərti yetişdirib satmaqla məşğul olur. Bir neçə ildir ki, heroin və metamfetamindən istifadə etməyə başlamış və onların aludəçisinə çevrilmişdir. Polis əməkdaşları ittiham aktında göstərildiyi kimi onu küçədə yox, öz evində, ailə üzvlərinin, uşaqlarının, yaşlı anasının yanında tutmuşlar. Belə ki, səhər tezdən 7-8 nəfər hasardan aşaraq evə daxil olmuş, onu üzü üstə yerə yıxıb əllərinə qandal vurmuş və məhkəmə qərarı olmadan evinin altını üstünə çevirib axtarış aparmışlar, amma heç nə tapa bilməmişlər. O, öz istifadəsi üçün aldığı narkotik vasitəni həmin şəxslərə təqdim etmişdir ki, onu döyməsinlər. Çəkisi 1 qrama yaxın olan həmin narkotik vasitəni 30 manata almışdır ki, ağrıları olanda qəbul etsin. Bundan sonra onu şöbəyə aparmışlar və onun təqdim etdiyi narkotik vasitənin üstünə başqa narkotik vasitə əlavə edərək onun cibinə qoymuşlar. Çəkilişdən əvvəl ona ağıllı olmasını təklif etmişlər və yazıqları gəldiyi üçün kömək edib 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini demişlər. Əks halda daha böyük çəkidə narkotik qoyub bədbəxt edəcəklərini bildirməklə hədələmişlər. Bütün bunlardan sonra o razılaşıb əslində üstündən çıxandan daha artıq çəki ilə razılaşıb imzalamışdır. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılmasını xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, lakin fərdi qaydada əməklə məşğul olur. Bir neçə ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Həmin maddələri tanımadığı şəxslərdən almışdır. 25 may 2023-cü il tarixdə səhər saatlarında onunla qonşuluqda yaşayan Ramil adlı şəxslə görüşmüş və ondan özü istifadə etmək üçün 100 manata 02 ədəd bükümdə “kakos” kimi bildiyi narkotik vasitə heroin və 02 ədəd bükümdə “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin almışdır. Həmin 04 ədəd bükümdə olan maddələri “Winchester” markalı siqaret qutusunun içərisinə qoyaraq gizlətmiş və əynində olan idman şalvarının sağ cibinə qoyub saxlamışdır. 25 may 2023-cü il tarixdə təxminən saat 14:45 radəsində yaşadığı ünvan 3 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini çıxardaraq ona özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu deyib şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Bundan sonra o, polis əməkdaşlarına hər bir şeyin aydın olduğunu bilərək şəxsiyyəti barədə onlara məlumat vermiş və onların təklifi ilə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöəsinə getmişdir. Orada olan zaman polis əməkdaşları onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəklərini bildirmiş, o da polis əməkdaşları ilə razılaşmışdır. Ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən birini dəvət etmişlər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən siqaret qutusunu çıxarmış və onun içərisində gizlətdiyi 04 ədəd bükümdəki maddələri təqdim etmişdir. Sorğu sual zamanı polis əməkdaşlarına həmin maddələrdən 02 ədədinin “kakos” kimi bildiyi narkotik vasitə heroin, 02 ədədinin isə “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri özü istifadə etmək üçün qonşuluqda yaşayan Ramil adlı şəxsdən 100 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra onun təqdim etdiyi maddələr qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş həmin maddələri öz istifadəsi üçün saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğu üçün onlardan istifadə etmişdir. Lakin, o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir fiziki zor göstərməmişlər (cild 1, iş vərəqə 62-64). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 25 may 2023-cü il tarixdə Türkan qəsəbəsi, H.Hacıyev küçəsi 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Həsənalı oğlu bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmiş və bundan sonra şöbə rəisinin əmrinə əsasən Təqsirləndirilən şəxs ifşa olunaraq saxlanılması üçün əməliyyat qrupu təşkil olunmuşdu. Əməliyyat qrupuna o, şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 Həsənalı oğlu və Şahid3 Aylın oğlu daxil edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi üçün onlar birlikdə Türkan qəsəbəsinə getmişlər. Həmin gün saat 14:45 radələrində Türkan qəsəbəsi, H.Hacıyev küçəsi ilə hərəkət edərkən bir nəfər xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsin ev 13 ünvanın yaxınlığında hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduğunu bildirərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə 1-ci Polis Şöbəsinə getməyi təklif etmişlər, sonuncu da onlarla razılaşaraq Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirildikdən sonra onlar hadisə barədə raport yazıb məruzə etmişlər və faktla bağlı araşdırmanın aparılması təhqiqatçı Natiq Ağamirzəyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin qutuya baxış keçirilən zaman qutunun içərisindən 4 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlərdən ikisinin içərisindən qəhvəyi rəngli spesifik iyli kütlələr, digər iki bükümün içərisindən isə ağ rəngli spesifik iyli kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan qəhvəyi rəngli kütlənin “kokos”, yəni heroin, digər iki ədəd bükümdə olan ağ rəngli kütlənin isə “şüşə”, yəni metamfetamin olduğunu, həmin maddələri 25 may 2023-cü il tarixdə səhər saatlarında qonşuluqda yaşayan Ramil adlı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını, onları hər hansı şəxsə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun təqdim etdiyi 04 ədəd bükümdən əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərilərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olan 04 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılaraq 157 №-li “Zərflər üçün” möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Həsənalı oğlu Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 84-86) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 may 2023-cü il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskə baxış keçirilməsi haqqında protokoldan, habelə DVD diskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki göy rəngli idman şalvarının sağ cibindən bir ədəd “Winchester” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin “Winchester” siqaret qutusunun içərisinə baxış keçirilərkən onun içərisindən 4 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin ikisinin içərisindən qəhvəyi rəngli spesifik iyli kütlə, digər iki bükümün içərisindən isə ağ rəngli spesifik iyli kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümdə olan qəhvəyi rəngli kütlənin “kokos”, yəni heroin, digər iki ədəd bükümdə olan ağ rəngli kütlənin isə “şüşə”, yəni metamfetamin olduğunu, həmin maddələri 25 may 2023-cü il tarixdə səhər saatlarında Türkan qəsəbəsində qonşuluqda yaşayan Ramil adlı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün siqaret qutusuna gizlədib üzərində saxlayaraq daşıdığını bildirmişdir (cild 1, iş vərəqə 30-31, 50). Məhkəmə-kimyəvi ekspertizasının 25 may 2023-cü il tarixli 6/3021 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 157” möhür əksi, soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,579 qram, 0,229 qram, ümumi təmiz çəkiləri 4,808 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,266 qram, 0,379 qram, ümumi təmiz çəkiləri 0,645 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,708 qram, metamfetaminin qalıq çəkisi 0,545 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-42). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 sentyabr 2023-cü il tarixli 5691 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 91-99) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs həmin maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının narkotik vasitənin külli miqdarda olması səbəbindən onun satış məqsədilə əldə edilməsi ilə bağlı gəldiyi qənaəti əsassız hesab edərkən onu da vurğulayır ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün heç bir halda əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”lə bağlı XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. İlkin təhqiqat sənədləri tərtib edilərkən də satış məqsədi ilə bağlı ziddiyyətli mövqe əks etdirilmişdir. Belə ki, əməliyyat müvəkkilinin əməliyyat məlumatı daxil olması barədə raportunda hər hansı birbaşa satış məqsədi əks etdirilməmiş, yalnız ümumi şəkildə “Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması” qeyd edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda, eyni tarixdə tərtib olunmuş əməliyyat qrupunun yaradılması haqqında əmrdə və əməliyyat qrupunun təşkil edilməsi barədə qərarda da eyni mövqe əks etdirilmişdir (cild 1, iş vərəqə 4-7). Eyni tarixli, yəni xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “... Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməkdə” şübhəlidir...” qeyd olunaraq onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilindiyi göstərilmiş, Təqsirləndirilən şəxs mövcud sübutlar əsasında əsaslı olaraq məhz satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli bilinərək tutulmuşdur (cild 1, iş vərəqə 22). Sübutların təsvir olunan həcmdə və məzmunda olmasına rəğmən xx.xx.2023-cü il tarixdə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmışdır. 27 may 2023-cü il tarixdə isə yalnız satış məqsədi olmadan narkotik vasitəni və psixotrop maddəni əldə etmə barədə mövcud olan ilkin sübutların mövcudluğu şəraitində müstəntiq tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Halbuki, həmin an üçün satış məqsədini təsdiq edən heç bir sübut mövcud olmamış və ibtidai istintaqın sonrakı mərhələsində də belə sübut əldə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 4,808 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0,645 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, polis əməkdaşlarının ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmədə dindirilmiş polis əməkdaşı olan şahidlər də göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda olması, onun bağlamalara bükülməsi şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması və bağlamalara bükülməsi kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X4rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs onda cəmi bir qrama yaxın çəkidə narkotik vasitə olmasına, polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə başqa narkotik vasitə əlavə olunaraq onun cibinə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələrini də sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd münasibət göstərilməsi, o cümlədən hədələnməsi və digər xüsuatlarla bağlı məhkəmədə bildirdiklərinin həqiqət olması məhkəmədə təsdiqini tapmamışdır. Məhkəmə, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuş təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatların da onun məsuliyyətini yüngülləşdirməyə, habelə cinayət məsuliyyətindən yayınmağa yönəlmiş subyektiv mülahizələri olmasına qənaətinə gəlir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 74-77). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,708 qram təşkil edən heroin və qalıq çəkisi 0,545 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40, 209). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,708 qram təşkil edən heroin və qalıq çəkisi 0,545 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar