Məhkəmə qərarları › İş №1(101)-213/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2020

07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərşəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1999-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində anadan olmuş, subay, natamam-orta təhsilli, azərbaycanlı, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, M ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2019-cu il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında qohumu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə onu vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməsindən sonra yerdən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs iki dəfə vuraraq döş qəfəsinin sol yarısının ön qoltuq xətti üzrə 7-8 qabırğa arası sahədə yerləşən daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş və qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən nazik bağırsaq və onun müsariqəsinin zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Əmrah öz işlədiyi “Pak Xalça” xalçayuma şirkətində onu da işə düzəltmişdir. 24 avqust 2019-cu il tarixdə saat 14 radələrində Əmrahla birlikdə işdə olan zaman Əmrah idarə etdiyi “Ford transit” markalı yük avtomobilini yanacaq doldurmaq üçün “Socar”-ın yanacaq doldurma məntəqəsinə sürmüşdür. Avtomobilə yanacaq dolduran zaman o avtomobildə mürgüləmişdir. Həmin vaxt Əmrah firmanın nümyəndələri gəlib görərlər, sonra ikimizidə cəzalandırarlar deyərək ona mürgüləməyə imkan verməmişdir. O Əmraha demişdir ki, “burada nə var ki, hələki burdayıq, gözümün yuxusunu alıram.” Əmrah onun yatmamağını tələb etmiş və firma rəhbərliyi tərəfindən işdə olan zaman yatmağa icazə verilmədiyini bildirərək avtomobildən düşərək ona yaxınlaşıb sözlə mübahisə etməyə başlamışdır. O Əmraha əhəmiyyət verməmiş və yoldan keçən dövlət taksi fəaliyyəti ilə məşğul olan avtomobilə minib işlədiyi firmanın ofisinə getmişdir. Orda firmanın əməkdaşına Əmrahla yola gedə bilmədiyini deyərək işdən çıxdığını bildirmiş və işlədiyi günlərin maaşını istəmişdir. Firmadan ona yarımçıq işlədiyi aya görə maaş verilmədiyini bildirmişlər. Sonra o gəldiyi taksiyə minib evə getmişdir. Saat 17 radələrində evdə olan zaman Nihad adlı bibisi oğlu onlara gələrək ona demişdir ki, “Əmrah səni çağırır və səni çöldə gözləyir.” O Nihada demişdir ki, əynini geyinib çıxır. Nihad onu gözləmədən çıxıb getmişdir. Əynini geyindikdən sonra çölə çıxmışdır. Əmrah evlərinin qarşısına firmanın avtomobili ilə gəlmişdir. Əmrah ona avtomobilə oturmağını tələb etmişdir. O onun sözü ilə avtomobilə oturmuşdur. Sonra onu qəsəbədə olan qəbritstanlığa aparıb orda döyəcəyini bildirməklə hədələyirmiş və idarə etdiyi avtomobili sürməyə başlamışdır. Avtomobildə aralarında sözlə mübahisə yaranmışdır. Əmrah avtomobili bir qədər idarə etdikdən sonra saxlamış və ondan avtomobildən düşməyini tələb etmişdir. O avtomobildən düşmüş və Əmrahda avtomobildən düşüb onun yanına gəlmişdir. Həmin vaxt Əmrah yumruğu ilə sifət nahiyəsinə zərbə vurmuş və o yerə yıxılmışdır. Həmin an özünü müdafiə etmək üçün yerdən uqolnikə oxşar balaca dəmir parçası götürüb Əmrahın bədən nahiyəsinə vurmuşdur ki, ondan əl çəksin. Yerdən götürdüyü dəmir parçası ilə Əmrahın bədən nahiyəsinə neçə dəfə vurduğunu xatırlamır. Əmrah xəsarət aldıqdan sonra geri çəkilmişdir. O isə yerdən durub evinə qaçmışdır. Sonra nə baş verdiyindən xəbəri olmamışdır. Hadisədən sonra evə getmiş, hadisənin sabahsı günü isə polisə özü getmişdir.Polislər gəlmişlər evə, evdən ona zəng etmişlər ki, polislər səni axtarır o da çıxıb getmişdir Mehdiabatda polis idarəsinə təslim olmuşdur. Onu avqust ayının 24 də saxlayıblar. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, beş ildir ki, xalça yuma firmasında sürücü ekspeditor vəzifəsində işləyir. İşi ancaq müştərilərin evlərindən sifarişlə xalçaları götürüb yuyub təmizlədikdən sonra ünvanlara çatdımaq olmuşdur. İşlədiyi şirkət xalçaları ünvanlara çatdırılmasını təmin etmək üçün onu avtomobillə təmin etmişdir. Həmin avtomobillə gündəlik işləri görmüşdür. Təqsirləndirilən şəxs onun əmisi oğludur, onunla düşmənçiliyi və ədavəti yoxdur, münasibəti yaxşı olmuşdur. Azərlə bir yerdə “Xalça yuma” şirkətində işləyirmişlər. Azərlə işlədiyi zaman aralarında mübahisə yarandığı üçün Azər işi yarıda qoyaraq çıxıb getmişdir.Oda həmin gün axşam iş bitənədək bütün işləri tək işləmişdir. Axşam işdən çıxdıqdan sonra Azərin yaşadığı evə gedərək Azərin nəyə görə işdən çıxıb getməyinin səbəbini öyrənmək istəmişdir. Sonra evin yaxınlığından bibisi oğlu Nihadın keçdiyini görmüş, Nihadı yanına çağırmış və ona demişdir ki, Azəri evindən çağırsın. Nihad evə girib Azəri çağırmış və çıxıb getmişdir. Azər gəlmiş onun idarə etdiyi “Ford transit” yük avtomaşınına əyləşmiş və aralarında biraz mübahisə yaranmış, ondan sonra aralarında dava yaranmışdır.“Şərab zavod”- unun qabağında avtomaşını saxlamış, avtomaşından düşmüşlər aşağı, mübahisə zamanı o Azəri yumruq ilə vurmuş və Azər yerə yıxılmışdır, sonra isə yerdə olan dəmir alət ilə ona zərbə vurmuşdur, vurduqdan sonra qaçıb getmişdir. O isə xidməti avtomobili Mehdiabad qəsəbəsinin mərkəzinə sürmüşdür. Ordan tanımadığı yol taksisi avtomobilə minib “semaşko” adlanan xəstəxanaya getmişdir. Yolda yaranı əli ilə sıxıb saxlayırmış ki, qanaxma azalsın. Xəstəxanaya daxil olmuş, ordanda həkimlər onu cərrahiyyə əməliyyatı etmişlər. Cərrahiyyə əməliyyatından sonra 12-13 gün qalıb müalicə aldıqdan sonra evə buraxılmışdır, halhazırda sağlamlığında heç bir narazıçılığı yoxdur və öz işinə gedib gəlir, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərin evinə getməkdə məqsədi onun nəyə görə işdən çıxmağının səbəbini öyrənmək olmuşdur. İlk öncə o Azərin sifət nahiyyəsindən vurmuşdur. Azər dəmir vaistəsilə ona iki zərbə vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun dayısı oğullarıdır. Aralarında heç bir ədavət yoxdur. 24 avqust 2019-cu ildə axşam tərəfi Təqsirləndirilən şəxs yaşayan küçə ilə gedirmiş, bu vaxt Əmrah maşınla yanında saxlamış və ona demişdir ki, get evdən Azəri çağır, oda Azərin yaşadığı evə girmiş, Azərlə salamlaşmış, sonra isə Əmrahın onu çağırdığını və çöldə gözlədiyini demişdir. Bundan sonra evdən çölə çıxmış və Əmraha Azəri çağırdığını deyib çıxıb getmişdir. Ondan sonra eşitmişdir ki, onların arasında dava olubdur. O Azəri evlərindən çağırdıqdan 1 gün sonra aralarında dava olduğunu eşitmişdir. Əmrah ona Azəri evlərindən çağırmağını istədikdə onun Azəri nəyə görə çağırdığını bilməmişdir. Azəri yaşadığı evlərindən çağırdıqdan sonra həmin yerdən çıxıb getmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 2290№li rəyi ilə müəyyən olunmuşdur ki, 1994-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının ön qoltuq xətti üzrə 7-8 qabırğa arası sahədə yerləşən daxilə nüfuz etməyən 1 (bir) ədəd, qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən nazik bağırsaq və onun müsariqəsinin zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, iti deşici-kəsici alətin (alətlərin), əşyanın (əşyaların) təsirinindən törənmişdir; qərarda qeyd olunan müddətdə, yəni 24.08.2019-cu il tarixdə əmələ gəlmişdirlər. Dərəcələrinə görə: 1) döş qəfəsinin sol yarısının ön qoltuq xətti üzrə 7-8 qabırğa arası sahədə yerləşən daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; 2) qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən nazik bağırsaq və onun müsariqəsinin zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (İş vər.95-97) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 29 oktyabr 2019-cu il tarixli 2187№li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmaylb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İş vər.92;166-167) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş məhkəmə tibbi-kriminalistika ekspertizasının 30 oktyabr 2019-cu il tarixli 521\2019 MKTŞ №li rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön sol səthində iki ədəd və köynəyin ön sol səthində iki ədəd (cəmi iki ədəd) dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəkdə olan iki ədəd deşilmiş-kəsilmiş zədələr eyni konstruktiv xüsusiyyəti malik alətin (alətlərin) təsirindən yaranması istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəkdə olan iki ədəd deşilmiş-kəsilmiş zədələrə əsasən onları yetirən alətin daxil olma səviyyəsində eni 2,0 sm-ə qədər olmuşdur. (İş vər.176-179) Məhkəməyədək icraat zamanı iş üzrə təyin edilmiş məhkəmə tibbi-bioloji 31 oktyabr 2019cu il tarixli 776\2019MTBŞ №li rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə B alfadır (İİİ). Ekspertizaya təqdim olunumuş Zərərçəkmiş şəxs məxsus köynək, mayka üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (İş vər.174-175) Məhkəməyədək icraat zamanı iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 2019-cu il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi Şıxəli Qurabnov küçəsində ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisə yerini əyani olaraq göstərmiş, bu istintaq hərəkəti Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Paşalı tərəfindən protokol tərtib olunmaqla və foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. (İş vər.62-67) Məhkəməyədək icraat zamanı cinayət işinə əlavə olunmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş vər.112) Məhkəməyədək icraat zamanı iş üzrə 21.10.2019-cu ildə bəzi xüsusatlara aydınlıq gətirilməsi üçün əməliyyat tapşırığı verilmiş, həmin tapşırığa 30.10.2019-cu ildə verilmiş cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə baş verən zaman ətrafda heç kim olmamış, kənardan heç kim yığışmamışdır. Hadisənin törədildiyi dəmir parçasının yerini müəyyən etmək hələ ki mümkün olmamışdır.(İş vər.168-170) İş üzrə bir ədəd köynək və bir ədəd mayka 01 noyabr 2019-cu il tarixdə maddi sübut kimi tanınmışdır. (İş vər.180-188) Beləliklə də, yuxarıda şərh edilən sübutları məcmuyu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmüş cinayət əməlləri düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. O həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, «Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.» Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı və 7-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə qohum olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4--cü maddəsinə əsasən yenicə doğulmuş bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəyə əsasən isə Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən ayrı-ayrı halların məcmusunu nəzərə almaqla onun cəza çəkmədən islah olunmasını və ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsini, Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs 26 avqust 2019-cu ildə şübhəli şəxs qismində tutulmuş və 28 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. (İş vər.57-59) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, belə bir əmlak yoxdur. Əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan bir ədəd köynək və bir ədəd mayka Abşeron rayon Polis İdarəsində saxlanılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs qismində saxlanıldığı 26 avqust 2019-cu il tarixdən bu günədək 05 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 06 ay 18 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq onun üzərində saxlanılmış 02 (iki) il 06 ay 18 gün azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləöv edilib, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İş üzrə Abşeron rayon Polis İdarəsində saxlanılan maddi sübut olan bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. Hökm elan edildiyi (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov. Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar