Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-213/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X9 və Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1985-ci il avqustun 25-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 21, mənzil 112 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il mayın 22-də saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonunun Zığ qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda 14,387 qram təmiz çəkidə psixotrop maddə metamfetamini 160 manat müqabilində və iki ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 17,930 qram və 16,161 qram olmaqla ümumi təmiz çəkisi 34,091 qram olan narkotik vasitə heroini 120 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il mayın 23-də gecə saatlarında həmin psixotrop maddəni və narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 32 saylı evin yaxınlığına gətirmiş, göstərilən tarixdə saat 01:15 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bilavasitə tabe olan X13 Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasına dəvət edilmiş, orada üzərində axtarış aparılmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və özündə saxlayıb daşıdığı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda 14,387 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, habelə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən iki ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 17,930 qram və 16,161 qram olmaqla ümumilikdə 34,091 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotik vasitə marixuana aludəçisi olsa da narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmamışdır. X2 polis axtarışında olduğundan evlərinə dəfələrlə polis əməkdaşları gəlmişlər və o, sonuncularla dalaşmışdır. Bu səbəbə görə polis işçiləri onu qərəzli şəkildə ittiham olunduğu maddələri satış məqsədi ilə əldə etmək və özündə saxlayaraq daşımaq şübhəsi ilə tutmuşlar. O, buna əsəbiləşib özünə bıçaqla xəsarət yetirmiş, polislər tərəfindən ona qarşı təzyiq göstərilmiş, lakin bu haqda heç kimə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bilavasitə tabe olan X13 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri polis serjantları X3 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il mayın 23-də saat 01:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 32 saylı evin qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsə yaxınlaşıb özlərini təqdim eməklə sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etdikdə sonuncu üzərində olan bir ədəd mətbəx bıçağı ilə özünə xəsarət yetirmişdir. Onlar Təqsirləndirilən şəxs özünə daha ağır xəsarət yetirməsinin qarşısını alaraq sonuncunu bölməyə aparmışlar. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılarkən üstündə qanunsuz olan əşya və ya predmet varsa, könüllü surətdə təqdim etməsi təklif edildikdə sonuncu əynindəki olan rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroinə və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etməklə 2021-ci il mayın 22-də saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Tural adlı şəxsdən öz şəxsi istifadəsi üçün iki ədəd bükümdəki narkotik vasitə heroini 120 manata, bir ədəd bükümdəki psixotrop maddə metamfetamini isə 160 manata alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Aşkarlanan maddələr götürülməklə zərfə qablaşdırılmış, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanarkən və sonradan sonuncuya qarşı heç bir fiziki zor və mənəvi təsir göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bilavasitə tabe olan X13 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri polis serjantları Şahid3 və X6 Şahid1 ilə analoji ifadələr verdilər. İş üzrə əlavə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Sonuncunun X2 axtarışda olduğundan polis əməkdaşları teztez Elxanı polis bölməsinə aparıb incitmişlər. 2021-ci il mayın 23-də onun dayısını görmək üçün onlara gələn Elxan növbəti tarixdə gecə saatlarında evlərindən çıxarkən sonuncunu 10 nəfərə yaxın polis işçisi tutub aparmışdır. O, Elxana narkotik vasitə satmamış, sonuncunun da həmin maddələri satmasını görməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada 2021-ci il mayın 23-də şübhəli şəxs qismində dindirilərkən tutulduğu Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə əməlini etiraf edərək 2021-ci il mayın 22-də saat 16 radələrində Bakı şəhəri Suraxanı rayonunun Zığ qəsəbəsində Tural adlı şəxsdən iki büküm narkotik vasitə heroini 120 manata və bir büküm psixotrop maddə metamfetamini 160 manata öz şəxsi istifadəsi üçün əldə edib üstündə gəzdirdiyini, 2021-ci il mayın 24-də təqsirləndirilən şəxs qismində dindirilərkən ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilsə də eyni ifadə verməklə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq tətbiq olunmadığını, 2021-ci il sentyabrın 11-də isə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilməyərək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin işçiləri tərəfindən zorakılığa və mənəvi təsirə məruz qaldığını bildirmişdir (1-ci cild, iş vərəqi 36-37 və 75-76; 2-ci cild, iş vərəqi 108-111 və 127-130). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 2021-ci il mayın 23-də tərtib etdiyi raportlarından, eyni tarixli protokolundan, Ə165-096 №-li əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il mayın 23-də saat 01:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 32 saylı evin qarşısında saxlanmaqla bölməyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 3-7 və 8-10). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 23 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 2 ünvanından götürdüyü ümumi uzunluğu 165 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin sol ucunda F-409 və «BENCHMAD usa» yazısı və zavod işarəsi olan bir ədəd mətbəx bıçağını təqdim edərək qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən tutulmamaq üçün özünə xəsarət yetirdiyini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 11-12). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 23 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 01:15-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun bacısına məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 23 may tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürülmə aparılan Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər və bir ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edib narkotik vasitə heroini 120 manata, psixotrop maddə metamfetamini 160 manata Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində Tural adlı şəxsdən alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, qeyd olunan bükümlər zərfə qablaşdırılıb götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd CD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 26-28). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 23 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında axtarış və götürmə aparılması vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 41-48). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 23 may tarixli 6/2037 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-171» dairəvi möhür əksi olan ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 14,387 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,930 qram və 16,161 qram olmaqla ümumi təmiz çəkisi 34,091 qram olan qəhvəyi maddə rəngli kustar üsulla hazırlanan narkotik vasitə heroindir, psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 14,337 qram və 33,991 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 53-56). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 63-64 və 66-67). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 24 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 23-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 87-91). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 10-da, 2021-ci il iyulun 15-də və 2021ci il avqustun 23-də tərtib etdiyi tələbnamələrdən, habelə məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 2004-cü il 15 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 331.3.-cü və 128-ci maddələri ilə təqsirli bilinib 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına 01 il sınaq müddəti ilə şərti məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2015-ci il 15 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 2015-ci il sentyabrın 16-da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 2016-cı il yanvarın 05-də cəza müddəti bitmişdir (1-ci cild, iş vərəqi 130-132, 171-173 və 236-237; 2-ci cild, iş vərəqi 50-51 və 78-83). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci il 23 iyul tarixli 1000-170/170-22/011733 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il yanvarın 01-dən 2021-ci il iyulun 13-dək olan dövr ərzində idxal-ixrac əməliyyatları haqqında məlumat bazasında hər hansı məlumat yoxdur (1-ci cild, iş vərəqi 195). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 2021-ci il 26 iyul tarixli 016-85910-1221 №-li məktubunun kserosurətindən görünür ki, idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında 2008-ci il aprelin 23-dən «VAZ-21074» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır, sonuncunun etibarnamə ilə istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə mərkəzi informasiya sistemində məlumat yoxdur (1ci cild, iş vərəqi 196-197). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin 2021-ci il 27 iyul tarixli 010-2478-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il yanvarın 01-dən 2021-ci il iyulun 23-dək olan dövr ərzində Azərbaycan hüdudlarını tərk etməsi barədə məlumat müəyyənləşdirilməmişdir (1-ci cild, iş vərəqi 208-209). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2021-ci il 02 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutularkən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü X11 adlı əməkdaşının xidməti silahı ilə onun başının arxa nahiyəsindən, sol tərəfdən isə tanımadığı polis nəfərinin başına zərbə endirməsinə etiraz edərək cibindəki açılıb-bağlanan bıçaqla öz qarın nahiyəsinə dörd zərbə vurması, ona heç bir tibbi yardım edilməməsi ilə bağlı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi sübut olunmadığından cinayət işinin başlanması rədd edilmişdir (1-ci cild, iş vərəqi 210- 211). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 2021-ci il 03 avqust tarixli **********047200 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanuni təmsilçisi olduğu hüquqi şəxs aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 212). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 iyul tarixli AZF/LGL-20826/21 №-li və «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 17 iyul tarixli 14654 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına nömrə qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 223-224). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 12 avqust tarixli AZF/LGL-18621/21 №-li məktubundan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə kartı üzrə sonuncunun qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsinin, saxlamasının, daşımasının, satmasının və narkotik vasitələrdən istifadə etməsinin öz əksini tapması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 238-250; 2-ci cild, iş vərəqi 1-46). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 2021-ci il 16 avqust tarixli 100-6815-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin mənbəyini müəyyən etmək istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin X7 olması müəyyənləşdirilmişdir (2-ci cild, iş vərəqi 48). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2021-ci il 04 avqust tarixli **********33 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınan daşınmaz əmlak aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 49). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekpertizasının 2021-ci il 16 iyul tarixli 3/1255 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı soyuq silah hesab edilmir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (2-ci cild, iş vərəqi 68-70). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 29 iyul tarixli 2537 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 71-72). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X4» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2021-ci il 04 sentyabr tarixli 2016 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla ittiham olunduğu əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən edilməməklə özünü psixoloji müdafiə etmək məqsədi ilə yalan danışa bilər, sonuncu törədilən əməl zamanı yüksək ruhi həyəcan vəziyyətində olmamışdır (2-ci cild, iş vərəqi 74-76). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekpertizasına dair 2021-ci il 11 sentyabr tarixli 6/3988 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Tədqiqat Obyekti № 65»-li ştamp əksi olan paketdə olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdəki heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 33,951 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (2-ci cild, iş vərəqi 96-99). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 11 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 117-119). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 sentyabr tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işindən cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, iş üzrə maddi sübut kimi tanınan iki ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 14,337 qram və 33,951 qram qalıqları idarəyə təhvil verilmiş, cinayət işinin materiallarından Tural adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul olunması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 146- 162 və 166-168). Məhkəməyə təqdim olunan 2013-cü il 09 aprel tarixli AZ-İİİ seriyalı 074807 №-li və 2013-cü il 09 aprel tarixli AZ-İİİ seriyalı 074808 №-li doğum haqqında şəhadətnamələrnin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il 10 avqust təvəllüdlü Fatimə və 2012-ci il 13 iyul təvəllüdlü İdris adlı azyaşlı övladları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq, habelə əlavə şahid X5 ifadəsini uşaqlıq dostunun vəziyyətini yüngülləşdirmək məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı şübhəli və təqsirləndirilən şəxslər qismindəki qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəedilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq olduğunu cəzanı yüngulləşdirən hal olduğunu nəzərə almaqla ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2015-ci il 15 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 2015-ci il sentyabrın 16-da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 2016-cı il yanvarın 05-də cəza müddəti bitmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 14,337 qram və 33,951 qram qalıqları məhv edilməli, iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 243 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 23-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 23-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 243 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 14,337 qram və 33,951 qram qalıqları məhv edilsin, iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-213/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-213/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver