Məhkəmə qərarları › İş №1(101)-2134/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2134/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2134/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, X3 küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tanışı Şahid1 ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 62 ünvanının qarşısından keçərkən sonuncunun həmin gün saat 18 radələrində aralarında baş vermiş mübahisədən sonra tanışı Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda ümumi uzunluğu 205 mm, çəkisi 169,75 qram zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab olunmayan qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın və bel nahiyələrindən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bel nahiyəsinin sol yarısından daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin ön divarının sağ yarısından daxilə-qarın boşluğuna nüfuz edən, qaraciyərin dəlib keçən yaralanması, mədənin ön divarının yaralanması, enən çənbər bağırsağın retroperitonal hissəsinin yaralanması və daxili qanaxma ilə qeyd olunan bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 64 nömrəli tam orta məktəbi bitirmişdir. Onun 17 yaşı var və 2 aydan sonra 18 yaşı tamam olacaq. Malik onun uşaqlıq dostu və sinif yoldaşıdır. Dostu Malikin Zərərçəkmiş şəxs ilə arasında ailədaxili problemlər baş vermiş və bu barədə Malik ona danışmışdır. 27 aprel 2023-cü il tarixdə o işdən çıxdıqdan sonra axşam saatlarında dostu Maliklə görüşmüşdür. Malik Zərərçəkmiş şəxs ilə dalaşdığından əsəbi imiş. O, və Malik Xətai rayonu, ünvan 3 ünvanın qarşısından yol ilə gedən zaman uzaqdan mağazanın qarşısında Tahir və dostları ilə qarşılaşmışlar. Zərərçəkmiş şəxs Maliklə aralarındakı münaqişəni həll etmək üçün söhbət etmək istədiyini demişdir. Onlar söhbət edən zaman Malik ilə Tahir söz ilə mübahisə etməyə başlamış, o, Tahirə yaxınlaşıb sakitləşdirmək istəmiş, həmin zaman Tahirin dostu Sahib ona xoşuna gəlməyən ifadələr işlətdiyi üçün o Sahib adlı şəxsi kənara çəkmişdir. O, Sahib adlı şəxsi kənara çəkdiyinə görə Zərərçəkmiş şəxs əlində olan dəmir içki qabını onun üz nahiyəsinə doğru atmışdır. Həmin dəmir içki qabı üz nahiyəsinə dəymişdir. Bundan sonra Tahir onun üstünə gəldiyi üçün, onu döyəcəklərindən qorxub Tahiri kənarlaşdırmaq üçün şalvarının sağ cibində olan bir ədəd bıçağı çıxarıb iki dəfə Tahirə tərəf vurmuş, həmin zaman bıçaq bir dəfə Tahirin qarın nahiyəsinə və bir dəfə də sol bel nahiyəsinə dəymişdir. Bundan sonra Maliklə qorxub oradan uzaqlaşmışdır. O, hazırda zərərçəkmiş şəxsin müalicə xərclərini ödəmişdir. Əməlindən peşman deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Sahib Zərərçəkmiş şəxs dostudur. Sahib heç kəsə hücum etməmiş, sadəcə Sahib ona xoşuna gəlməyən ifadələr işlətdiyi üçün o, Sahibi kənara çəkmişdir ki, söhbət etsinlər. O, Sahiblə mübahisə edən zaman Malik və Zərərçəkmiş şəxs də yanlarında imişlər. O, Sahibi döyə-döyə kənara çəkməmiş, normal şəkildə qolundan tutaraq kənara çəkmişdir. Onun üzərində əvvəldən bıçaq var imiş. Əməlindən peşman deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə saat 18 radələrində dostu Sahibin ad günündən çıxıb çay içməyə gedərkən yolda Malik və dostları ilə rastlaşmışdır. Həmin zaman Malik ona yaxınlaşıb işi olduğunu demiş və Maliklə aralarında mübahisə baş vermişdir. Onlar onu döymüşlər. Sahib onları aralaşdırmış və onlar oradan uzaqlaşmış, sonra Sahib və o yuxarı çıxmışlar. Sahib 1 dənə buz alıb vermişdir ki, gözünün altına qoysun, çünki gözü şişmişdir. Həmin gün axşam saat 23 radələrində dostu Sahiblə kafeyə qalxanda təsadüfən Malikgil ilə qarşılaşmışlar. Malikgil də onların məhləsinə keçirmişlər. Onlara demişdir ki, gözləsin, onlarla işi olacaq. Onu döymələrinə görə onlarla söhbət edəcək. Malik və Təqsirləndirilən şəxs onları saxlamışlar, onlar təxmini 6-7 nəfər imiş, hətta sayları daha çox da ola bilərmiş. Bundan sonra dava başlamışdır. Malik və Təqsirləndirilən şəxs Sahibi tutmuş, onu döymüşlər. Onu döyməklərinin fotoşəkilləri də var. Bundan sonra nə baş verdiyi tam yadında deyil. Fuad onun üstünə gələndə o özünü müdafiə etmək üçün dəmir içki qabını ona atmış, sonra Təqsirləndirilən şəxs onu bıçaqlamışdır. Lakin, Təqsirləndirilən şəxs və ailəsi onun bütün müalicə xərclərini ödəmişlər. O, Təqsirləndirilən şəxs bağışlayır, onunla barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Malik və Fuadın yanındakı şəxslərin kim olduqlarını bilmir. Onlar da kafedən çıxıb gəlirmişlər. O, tək deyilmiş. Sahib və o birlikdə imiş. Dostları da kafeyə gəlirmişlər. Malik və Fuad Sahibi döyməmiş, Sahibi tutub, onu döymüşlər. Malik və Fuadın onu döyməsinə Sahibin icazə verməyəcəyini bildikləri üçün Sahibi tutub saxlamışlar. Malik və Fuadın yanındakılar yetkinlik yaşına çatmamış şəxslər imiş. Fuad onun üstünə gələndə o özünü müdafiə etmək üçün dəmir içki qabını ona atmışdır. Sonra da onu bıçaqlamışdır. Təqsirləndirilən şəxs onun bütün müalicə xərclərini qarşılamışdır. Məhkəmə zalına şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, cinayətin baş verdiyi anı görməmişdir. Şahid2 onun doğma oğludur. 27 aprel 2023-cü il tarixdə oğlu Sahibin ad günü imiş, həmin günü Sahib dostu Zərərçəkmiş şəxs və digər dostları ilə birlikdə ad gününü qeyd etdikdən sonra gəzinti üçün şəhər ərazisinə çıxıb sonra evə geri qayıtmışdır. Həmin günü saat 23 radələri olarmış, hava isti olduğu üçün oğlu Sahib yaşadıqları evin yaxınlığında tanışları Tahir, Seymur, Şükür və Məhəmməd adlı şəxslərlə dayanıb söhbət edirmiş. O da binanın həyətində imiş. Sonra görmüşdür ki, Tahir bir nəfər sonradan adını bildiyi Malik adlı şəxslə nə isə sözlə mübahisə edirlər. Həmin zaman Malik adlı şəxsin yanında sonradan adını bildiyi Fuad adlı şəxs də var imiş. Bundan sonra yaxınlaşıb onları sakitləşdirmək istəmiş, həmçinin Fuad adlı şəxs də Tahirlə Malikin mübahisəsinə müdaxilə edib onları sakitləşdirmək istəmişdir. Bundan sonra hər kəs biri-birinə qarışmış, lakin hər hansı bir dava-dalaş olmamışdır. Bir neçə saniyə sonra Tahirin yaxınlıqdakı ağaclıq olan yerə girdiyini görmüş, həmin zaman Tahirin qarın və bel nahiyəsindən qan gəldiyini görmüşdür. Tahir bildirmişdir ki, Fuad onu bıçaqla vurmuşdur. Hava qaranlıq olduğu üçün Fuadın Tahiri necə vurmasını görməmişdir. O, zərərçəkmişi xəsarət aldıqdan sonra kömək edib xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tahiri əvvəlcədən tanıyır, lakin Fuadı əvvəlcədən tanımır. 27 aprel 2023- cü il tarixdə ad günü olduğu üçün həmin günü axşam radələrində Tahirlə ad günündən çıxıb çay içməyə getmişlər. Həmçinin həmin günü ad günü ilə əlaqədar olaraq özü və Tahir bir qədər spirtli içki qəbul etmişlər. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yol ilə gedərkən üzdən tanıdığı Malik və tanışları ilə rastlaşmışlar. Tahirlə Malik sözlə mübahisə edən zaman ani bir vaxtda biri-biriləriylə əlbəyaxa olduqlarını görüb yaxınlaşıb onları aralamış və Tahirlə oradan uzaqlaşıb getmişlər. Həmin günü saat 23 radələrində ünvan 3 ünvanın qarşısında yaşadıqları evin yaxınlığında küçədə, Tahir, atası Asim, tanışları Seymur, Şükür və Məhəmməd dayanıb söhbət edərkən Maliklə, Fuad adlı şəxs onların yanından keçmiş, bu zaman Tahir Malikə gözləməsini dediyi üçün Maliklə Fuad orada dayanmışlar. Tahirlə Malikin sözlə mübahisə etməyə başladıqlarını görüb atası Asim yaxınlaşıb onları sakitləşdirmək istəmiş, Tahir həmin vaxt Fuada qarşı nalayiq söz işlətmiş və əlindəki dəmir içki qabını Fuadın üzünə atmışdır. Həmin dəmir qab Fuadın üz nahiyəsinə dəymişdir. Bundan sonra orada hər kəs biri-birinə qarışmışdır. O, Tahirin vurulmaq anını görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, birinci davada Fuadı orda görməmişdir. Əvvəlcədən Fuadla onun arasında heç bir ədavət olmamışdır. O, bildiyi qədəriylə əvvəlcədən Fuad və Tahir arasında heç bir ədavət olmamışdır. Tahiri 7-8 nəfər döymüşdür. Malik və Fuadgil sayca çox imiş, onu qolundan tutmuşlar deyə o Tahirə kömək edə bilməmişdir. Əlini qolunu bağlamamışlar amma tutmuşlar. Onlar Tahiri döydükdən sonra onlar oradan uzaqlaşmışlar. Fuad Tahiri bıçaqla vuranda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi tanımır. 27 aprel 2023-cü il tarixdə o küçədə yeriyərkən səs-küy eşitmiş və səs gələn tərəfə getmişdir. O, yaxınlaşdıqda dava başladığını görmüş və dalaşanları ayırmaq məqsədilə müdaxilə etmişdir. Arxadan xırıltılı səs gəlmiş, bu Tahirin səsi imiş, Tahir bıçaqlanmışdır. O, Tahirin yaralandığını görüb ona kömək etmək istəmiş, lakin, o, bilmirmiş ki, yaralıya kömək etsin ya təqsirləndirilən şəxs Fuad və yanındakıları Tahirdən uzaqlaşdırsın. Daha sonra Faud və yanındakı şəxs hadisə yerindən uzaqlaşmışlar. O, yaralıya kömək göstərmişdir. O, bıçaqlanma vaxtı hadisə yerində olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs isə yaxınlıqda yaşayan şəxs kimi tanıyır. Onunla aralarında hər hansı bir münasibətləri, ədavətləri olmamışdır, 27 aprel 2023-cü il tarixdə tanışları İlkin Əliyev və Elvin Rəhimovla birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektinin yaxınlığında fəaliyyət göstərən adını bilmədiyi kafedə oturub çay içdikdən sonra saat 18 radələrində kafedən çıxmışlar. Yol ilə gedərkən Tahir və dostu Sahibin getdiyini görmüş, bundan sonra İlkin və Elvindən biraz aralanıb Tahirə yaxınlaşıb ona işi olduğunu və kənara çəkilib söhbət etməyi təklif etmişdir. Həmin zaman Tahirdən spirtli içki iyi gəlməsini hiss etmiş, ondan nə üçün bacılarının üzərinə gedib onlara qışqırdığını və orada nalayiq söyüş işlətməsini soruşmuşdur. Belə ki, bacıları ona Tahirin onların üstünə qışqırdığını və orada nalayiq söz işlətdiyini demişlər. Tahir də ona qardaşı Abbasın xəstə olduğunu və bacılarının Abbası itələdiyi üçün etdiyini demişdir. Bunun üstündə Tahirlə aralarında mübahisə yaranmış, mübahisə zamanı Tahirlə biri-birilərinə əl-qol atmışlar. Lakin, Tahirin yanında olan Sahib və tanışları İlkinlə Elvin onları aralamışlar. Bundan sonra çıxıb getmişlər. İlkinlə Elvin getdikdən sonra həmin günü gecə radələrində dostu Fuad zəng vurub görüşməyi təklif etmiş, Fuadla Xətai rayonunda çörək evinin yaxınlığında görüşmüşlər. Fuad həmin zaman onun əsəbi olduğunu görüb bu barədə soruşduqda ona Tahirlə mübahisə etdiyini bildirmişdir. Fuadla Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanın qarşısından yol ilə gedən zaman uzaqdan mağazanın qarşısında Tahir və dostlarının dayandığını görmüş, həmin vaxt Tahirin yanında təxminən 4-5 nəfər tanımadığı şəxslər olmuşdur. Həmin şəxslərdən Sahib adlı şəxsi üzdən tanıyır. Həmçinin Sahib adlı şəxsin sonradan adını bildiyi atası Asim adlı şəxs də orada olmuşdur. Tahirgilin yanından keçən zaman sonuncu ona “gözlə səninlə işim var” demiş, buna görə də, orada dayanmışlar. Tahir içkili olduğu üçün həmin günü aralarında yuxarıda qeyd etdiyi hadisə ilə bağlı sözlə mübahisə etməyə başlamışdır. Bu zaman Sahibin atası Asim və Fuad yaxınlaşıb onları sakitləşdirməyə çalışmışdır. Lakin, Tahir Fuada “sənin bacıvı, anavı söyməmişəm ki” demişdir. Daha sonra Tahir ani bir vaxtda əlində olan dəmir içki qabını Fuadın üz nahiyəsinə atmışdır. Fuad içki qabının zərbəsindən sonra üzünü tutmuş, Tahir və yanında olan şəxslər isə onların üstünə gəlməyə başlamışlar. Həmin vaxt Tahirin yanında olan digər şəxslərlə sözlə mübahisə etmiş, bir neçə saniyə sonra Fuad ona yaxınlaşıb Tahiri bıçaqla vurduğunu demişdir. Tahirin isə yaxınlıqdakı ağaclıq olan yerə girdiyini görmüşdür. Bundan sonra Fuadla qorxub oradan uzaqlaşıb çıxıb getmişlər. Hadisənin baş verməsinə səbəb Tahirin Fuada nalayiq söz deməsi, həmçinin heç bir səbəb olmadan əlindəki dəmir içki qabını Fuadın üz nahiyəsinə atıb onu vurması olmuşdur. Eyni zamanda sonradan Fuad ona bildirmişdir ki, Tahir onu içki qabı ilə vurduqdan sonra üzərinə getdiyi üçün Tahirin və yanında olan şəxslərin onları döyəcəklərindən qorxub özündən kənarlaşdırmaq üçün bıçaq çıxarıb iki dəfə qabağa etmiş və həmin vaxt Tahirin qarın və bel nahiyələrindən xəsarət yetirmişdir. Hadisə yerindən uzaqlaşan zaman Fuad həmin bıçağı yaxınlıqdakı uşaq bağçasının həyətinə atmışdır. Hadisə zamanı onu heç kəs vurub xəsarət yetirməmişdir. Hadisə zamanı orada özü, Fuad, Tahir, Sahib, sonuncunun atası Asim və Tahirin iki nəfər tanımadığı tanışları olmuşdur. Hadisə ani bir vaxtda baş verib qurtardığı üçün heç bir səs-küy olmadığından, kənar heç kəs hadisə yerinə toplaşmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 34-cü PŞ-nin məsul növbətçisi, polis leytenantı Orxan Qarayevin 28 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 05:00 radələrində «Modern» Hospital dan məlumat verilərək, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldığı bildirilmişdir. Cinayət işinin 62-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmiş və hadisə zamanı istifadə etdiyi bıçağı atdığı yeri göstərmişdir. Həmin bıçaq sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 07 iyul 2023-cü il tarixli, 774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 134-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 17 iyul 2023-cü il tarixli, 770 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qarın nahiyəsinin ön divarının sağ yarısından daxilə-qarın boşluğuna nüfuz edən, qaraciyərin dəlib-keçən yaralanması, mədənin ön divarının yaralanması, enən çənbər bağırsağın retroperitonal hissəsinin yaralanması və daxili qanaxma ilə qeyd olunan bir ədəd deşilmiş-kəsilmiş yara və bel nahiyəsinin sol yarısından daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici və ya kəsici alətlə (alətlərlə) ola bilsin bıçaqla yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin ön divarının sağ yarısından daxilə-qarın boşluğuna nüfuz edən, qaraciyərin dəlib-keçən yaralanması, mədənin ön divarının yaralanması, enən çənbər bağırsağın retroperitonal hissəsinin yaralanması və daxili qanaxma ilə qeyd olunan bir ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəki olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 160-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 21 iyul 2023-cü il tarixli, 411/2023-MTBŞ nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzə qrup göstəricisi:O(l) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən).- Ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan cib bıçağının üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni aşkar olunmuşdur. Belə olan halda bu ləkələr ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 176-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin 18 iyul 2023-cü il tarixli, 304-2023\MTKŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunan bıçağın üzərində sonradan onun təyinatını dəyişdirəcək heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Cinayət işinin 190-199-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadiyevin 29 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cü maddələrinin tərkibi olmadığından sonuncu barəsində inzibati təqib, həmçinin, iş üzrə Şahid1 əməlində cinayət tərkibi olmadığndan barəsində cinayət təqibinin baçlanılması rədd edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək, zərərçəkmiş şəxsi vurduğunu etiraf edərək, peşman olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 131-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 iyun 2023-cü il tarixli 1664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə hetiyacı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tamamilə ödənildiyini bildirmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən müəyyən olunur ki, o, xx xxxxxx 2005-ci il təvəllüdlü olmaqla, hadisəni törətdiyi xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmamış, hal-hazırda da yetkinlik yaşına çatmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğunu Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzanın çəkilmə yeri ümumi rejimli tərbiyə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 23-24-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-93-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli, 4(011)-300/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadiyevin 28 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 169-cu vərəqəsində olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ülvi Hadiyevin 09 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 180-ci vərəqəsində olan 28 avqust 2023-cü il tarixli könüllü olaraq istintaqa gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə özü Xətai RPİ-nin İŞ-nə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərtbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar