Məhkəmə qərarları › İş №1(101)-2134/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2134/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2134/2024 11.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,146 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 11 aprel 2024-cü il tarixdə saat 05:50 radələrində ünvan 3 ünvanında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,146 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 25-ci Polis bölməsinin əməkdaşları onu Nizami rayonu ərazisində “Xəzər” Universitetinin yaxınlığında saxlamışlar. Üzərinə baxış keçirilərkən üzərindən 2,7 qram metamfetamin çıxmışdır. Sonra onu bölməyə aparmışlar. O, həmin narkotik vasitəni tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 2 il olar ki, narkotikdən istifadə edir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis bölməsində ona təzyiq edilmədiyini, polislərin onu gecə saat 1-ə qalmış saxladıqlarını, 25-ci bölmənin müvəqqəti saxlama yerində saxlanıldığını, onun üzərinə səhərisi gün baxış keçirildiyini, üzərinə baxışı kimin keçirdiyini bilmədiyini, narkotik vasitənin tərəziyə qoyulub çəkildiyini görmədiyini, həmin vaxt vəkilin olduğunu, üzərindən çıxan bükümün çəkisini dəqiq bilmədiyini, qramını 40 manata aldığını, əməlindən peşman olduğunu bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailəsi birlikdə ünvan 2 ünvanında yaşayır. 6 ildir ki, “şüşə” kimi tanıdığı psixotrop maddəni falqada yandırıb çəkmə yolu ilə qəbul edir. O, “şüşə”ni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxs və ya şəxslərdən şəxsi istifadəsi üçün alıb qəbul etmişdir. 11 aprel 2024-cü il tarixdə o, Bakı şəhəri, Nizami rayonu ərazisinə gəlmiş və tanımadığı şəxsdən 40 manata bir büküm “şüşə” kimi tanıdığı psixotrop maddəni alıb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibinə qoyub, şəxsi istifadsi üçün üzərində saxlamışdır. Elə həmin gün, yəni 11 aprel 2024-cü il tarixdə saat 05:50 radələrində o, ünvan 7 ünvanında piyada hərəkət edərkən Post-Patrul Xidmətinin 2 nəfər əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, ondan adını və soyadını soruşduqda, o da polis əməkdaşlarına anket məlumatlarını demişdir. Həmin vaxt onun üzərində narkotik maddə olduğu üçün narahatlıq hissi keçirərək polis əməkdaşlarının sualından yayınıb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu saxlayıb Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 25-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa təqdim etməyi bildirilmişdir. O, üzərində saxladığı “şüşə”ni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, həmçinin şalvarının sol yan cibindən isə üzərində +**********6 və +**********24 GSM kartı olan 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bu zaman onun təqdim etdiyi bir ədəd büküm açılmış və həmin bükümün içərisində ağ rəngli kristallik maddə aşkarlanmışdır. Həmin maddənin nə olması və haradan əldə etməsi sualına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən həmin bir ədəd bükümdə olan maddə “şüşə” kimi tanıdığı psixotrop maddədir, 11 aprel 2024-cü ildə Bakı şəhəri, Nizami rayonunun ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 40 manata almışdır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən psixotrop maddədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır (cild 1, iş vərəqi 106-108). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, o, polis əməkdaşı Şahid2la 11 aprel tarixində idarə etdiyi 5955 nömrəli avtomobil ilə hərəkətdə olarkən qaranlıq ara yolda bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və müşahidə etməyə başlamışlar. Həmin şəxs onları görən kimi özünü şübhəli aparmağa başlamış və polislər şübhəli şəxsə yaxınlaşıb özlərini təqdim edərək sonuncudan şəxsiyyət vəsiəqəsini təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanmış suallara qeyri-adekvat cavablar verərək uzaqlaşmağa çalışmış və polis əməkdaşları onun üzərində qanunla qadağan olunan əşya və predmetlərin daşınmasında şübhəli olduğunu bildirib onu 25-ci Polis şöbəsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs şöbəyə təhvil verib raport yazmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən telefon və daşıdığı narkotik vasitə aşkar olunduğunu, üzərindən çıxan narkotik maddənin özünə məxsus olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs gecə saat 1-də deyil, saat 05:50 radələrində saxlanıldığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiklərini tam təsdiq etmişdir ( cild 1, iş vərəqi 94-96). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 05:50 radələrində 2 saylı patrul sektorunda xidmətdə olduqları zaman Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 17 ünvanında bir nəfər piyada şəxs polisləri görərək iti addımlarla hərəkət etməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsin narkotik istifadəçisi olmasından və üzərində qanunla gəzdirilməsi, daşınması qadağan edilmiş əşya və predmet olmasından şübhələnib həmin şəxsə yaxınlaşmışlar və onu 25-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 3). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, istintaq hərəkətindən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni saxlanılmamışdan bir az əvvəl 40 manat pul müqabilində tanımadığı şəxsdən Nizami rayonu ərazisində əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 25-26). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1981 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N165” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,146 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 34-38). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 52-53). - kompakt diskə baxış keçirlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntüləri yazılmış 1 ədəd diskə baxış keçirilmiş, diskdə olan görüntüdə Təqsirləndirilən şəxs kimi təqdim edilən şəxs görüntünün 01 dəqiqə 26-cı saniyəsində əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən isə 01 ədəd qara rəngli mobil telefon aparatını çıxarıb, masanın üzərinə qoymaqla təqdim edir və həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristallik maddə aşkar edilir. Həmin maddənin nə olmasına, kimdən və haradan, nə məqsədlə əldə etməsinə dair sorğu-sual edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdəki maddənin “şüşə” olduğunu, 40 manat pul müqabilində şəxsi istifadəsi üçün 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunun ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirir. Bundan sonra aşkar olunmuş içərisində ağ rəngli kristallık psixotrop maddə metamfetaminə bənzər maddə olan sellofan büküm axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşıdırılaraq üzəri imzalanır. Şəxsı axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən digər əşya və ya maddə aşkar edilmir (cild 1, iş vərəqi 74-75). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,146 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkisi 2,096 qram metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 76, 87). - kompakt diskə baxış keçirlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnlərinə dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən 07 may 2024-cü il tarixli, 9571 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd üzərində gümüşü rəngli boya ilə "Verbatim" sözü həkk olunmuş və göy rangli qələmlə "6171" rəqəmləri yazılmış kompakt diskə baxış keçirilmiş, diskdə ***-***-**-** nömrəli telefon nömrəsinin 11 mart 2024-cü il tarixdən 11 aprel 2024-cü tarixədək zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri barədə məlumatlar əks olunmuşdur. Diskdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd diskdə olan məlumatlara əsasən ***-***-**-** nömrəsi X5 məxsusdur. ***-***-**-** nömrədən çıxan SMS mətninə baxış zamanı: 2/03/2024-cü il, saat 21:51:53da, +**********24 nömrədən, +**********75 nömrəyə göndərilmiş mesajdan görünür ki, Kami bu terefdyem qaqa disdremn dibne kimi agrir senol biden xeber dede brat; 7/03/2024-cü il, saat 03:16:05-da, +**********24 nömrədən +**********66 nömrəyə göndərilmiş mesajdan görünür ki, Qaqa birden usaq yatar Cox qoymadn caqrmaqa padyezdeywm”. Baxışın keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, +**********24 nömrə qardaşı X3 adına olsa da, uzun illərdir ki, özü istifadə edir. İstifadəsində olan +**********24 nömrədən mesaj göndərdiyi nömrələr narkotik vasitə və ya psixotrop maddə aldığı şəxslərə aiddir. Lakin qeyd olunan nömrələrin istifadəçiləri və konkret olaraq kimə məxsus olması dəqiq yadında deyil. +**********24 nömrədən çıxan və nömrəyə daxıl olan SMS mətninə baxış zamanı cinayət işi üçün əhəmiyyətli digər hallar aşkar edilmədi. SMS mətnləri protokola əlavə edilməsi üçün A4 formatlı kağızda çap edildi (cild 1, iş vərəqi 111-116). - mobil telefon aparatına baxış keçirlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi zaman götürülmüş bir ədəd, metallik tünd göy rəngli "SAMSUNG Galaxy A21s" markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edildi ki, mobil telefon ekran hissəsində qoruyucu şüşə və üzərində qara rəngli dəri materialdan örtük olan metallik tünd göy rəngli "SAMSUNG Galaxy A21s" markalıdır. Mobil telefon aparatının üzündə olan qoruyucu şüşənin kənar hissələrində kiçik ölçülü qırılmalar vardır. Ümumən mobil telefon işlək vəziyyətdə olması baxış zamanı müəyyən edilmişdır. Həmçinin baxış zamanı "SAMSUNG Galaxy A21s" markalı mobil telefon aparatının üzərində (051)704-10-24 və +**********6 mobil telefon nömrələrinin istifadə edildiyi müəyyən edildi. Mobil telefonu ilkin olaraq işə salmaq üçün 0091 rəqəmlərindən ibarət şifrədən istifadə edildi. Ekranın üzərində sol tərəfdə "Param-lər", aşağı sol tərəfdə "Youtbe" proqramı, telefon danışıq işarəsi və mesaj yazışma proqramı, həmçinin əsas ekranı aşağıdan yuxarıya doğru əllə hərəkət etdirdikdə "Galaxy Store", "Nar+", "Play Market", "İnternet", "Qalereya", "Kamera", "Google" adlı proqramlara keçidlərin olduğu görünür. Həmin keçidlərin aşağı hissəsində telefondan zəng etmək, "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinə daxil olmaq, sms yazmaq kimi funksiyaları işə salmaq üçün lazım olan keçidlər olsa da, yaddaş kartının boş olması müəyyən edildi. Telefondan zəng etmək üçün lazım olan keçidin üzərinə basdıqda həmin keçiddə zəng etdiyi və zəng qəbul etdiyi mobil telefon nömrələrinə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs adla qeydiyyata alınmış ailə üzvləri və qohumları ilə müxtəlif mobil telefon nömrələri ilə gün ərzində əlaqə saxladığı görünür. Baxış zamanı mobil telefonda iş üçün hər hansısa əhəmiyyət kəsb edəcək heç bir məlumat, sms, “WhatsApp” mobil tətbiq vasitəsilə mesajlaşma və ya səs yazışması aşkar edilmədi. Həmin mobil telefon saxlanılması üçün Təqsirləndirilən şəxs ailə üzvlərindən arvadı X4 qaytarılması məqsədəmüvafiqdir (cild 1, iş vərəqi 117). - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus "SAMSUNG Galaxy A21s" markalı mobil telefon aparatı saxlanılması üçün onun arvadı X4 təhvil verilmişdir (cild 1, iş vərəqi 118). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3797 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 141-142). - ibtidai istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin haradan, necə, nə məqsədlə və kimdən əldə etməsi istiqamətində tədbirlər həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 144). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və istifadəsində olmuş telefon nömrəsi üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 145-154). - cinayət işindən başqa cinayət işinin ayrılması və icrraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin cinayət işidə naməlum şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 156-157). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 88). - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Nuridə Mahmudova, xx.xx.2013-cü il təvəllüdlü Yusif Mahmudov və xx.xx.2023-cü il təvəllüdlü Malik Mahmudov adlı uşaqları vardır (cild 1, iş vərəqi 109- 110). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu gecə saat 1-ə qalmış saxlamaları, üzərinə dərhal şəxsi axtarış apararaq psixotrop maddəni aşkar etmələri, daha sonra polis şöbəsinə apararaq orada səhərə kimi saxlamaları, şöbədə üzərinə ertəsi gün baxış keçirmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan metamfetamini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni saxlanılmamışdan bir az əvvəl 40 manat pul müqabilində tanımadığı şəxsdən Nizami rayonu ərazisində əldə etdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən də üzərinə şəxsi axtarış keçirilməsinin sayı və vaxtını mübahisələndirməmişdir. Yuxarıda şərh olunanlardan məhkəmə o nəticəyə gəlir ki, üzərinə şəxsi axtarış keçirilməsinin sayı və vaxtı ilə bağlı təqsirləndirilən şəxs tərəfindən məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini onlar işin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib, saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon prokurorunun 12 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, o, həmin tarixdə həbsdən azad edilmiş, müstəntiqin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə haqqında axtarış elan edilməsi və tutulması haqqında 25 may 2025-ci il tarixdə qərar qəbul edilmiş, keçirilmiş tədbirlər nəticəsində o, 12 iyun 2024-cü il tarixdə Masallı rayonu ərazisində tutularaq istintaqa təhvil verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 15, 68-69, 70-71, 73, 97, 102-103, 124-129). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 11-12 aprel 2024-cü tarixlərdə tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,096 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və istifadəsində olmuş telefon nömrəsi üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs tutulub həbsdə saxlandığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,096 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və istifadəsində olmuş telefon nömrəsi üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar