Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2138/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:50 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psxiotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsi barədə razılığa gəlib qeyrisinin satış üçün göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda olan təmiz çəkisi 5,376 qram heroini və 2,362 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlayaraq daşımış, onlardan 0,455 qram metamfetamini və 0,184 qram heroini 06 may 2023-cü il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində 20 manat müqabilində Şahid3 satmış, həmin tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində 1,371 qram heroini 20 manat müqabilində Şahid4 satmış, yerdə qalan 3,821 qram heroini və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram və 1,105 qram olmaqla ümumi təmiz çəkisi 1,907 qram təşkil edən psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq daşımış, 06 may 2023-cü il tarixdə saat 15:15 radələrində onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, həmin Polis Bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 3,821 qram təçkil edən narkotik vasitə olan heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,802 qram və 1,105 qram olmaqla ümumi təmiz çəkisi 1,907 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik istifadəçisidir. May ayının 5-dən 6-na kəçən gecə polis əməkdaşları onu məhəllədə qapının ağzında saxlamış və maşına mindirib Polis Bölməsinə aparmışlar. O, polis əmədaşlarının onu sutkalıq cəzaya aparacaqlarını zənn etmişdir. Belə ki, hadisədən iki-üç əvvəl də sutkalıq cəza almış, oradan çıxandan sonra özü Maştağaya müalicəyə getmişdir. Elə müalicədən yeni çıxmışdır ki, polislər gecə saat 2-də onu tutmuşlar. Bölmədə Ricat adlı polis əməkdaşı ona “kim mal satır-satmır denən, buraxım səni” deyə bildirmiş, o da “mən qəbirstanlıqda ot təmizləyirəm ki, pul qazanım gedim 5 manatlıq çet alım” deyə cavab vermişdir. Polis əməkdaşı isə onu yenidən Binəqədiyə göndərəcəyini bildirmişdir. Daha sonra Əli və Səyyarı da Bölməyə gətirmişlər. Ricat adlı polis əməkdaşı ona “evinizə gedib ordan yarım kilo mal çıxaracayıq” deyə bildirmişdir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsini boynuna götürməsi ilə bağlı sənədlərə qol çəkdirmişlər. Amma sonradan X1rkən başa düşmüşdür ki, onun işini Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə rəsmiləşdirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixdə saat 16:10 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi 10 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu narkotik vasitələrin dövriyəsində şübhəli olduğu üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Orada onu hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin etmişlə və hüquqlarını izah etmişlər. Polis bölməsində öz xahişi və razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdi. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan torbaya bükülmüş içərisində bir ədəd elektron tərəzi, iki büküm şəffaf sellofana bükülmüş içərisində kristal formada olan maddə, bir büküm göy rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan torbanı, sonra isə şalvarının sol cibindən “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi ağ sellofan torbanın içərisindəki iki büküm şəffaf sellofana bükülmüş içərisində kristal formada olan maddənin “metamfetamin” və bir ədəd göy rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirmişdir. Həmin maddələri 05 may 2023-cü il tarixdə 140 manat ödədikdən sonra İran vətəndaşı olan, adını ona “Qəhrəman” deyən, nömrəsini unutduğu şəxs ilə “Whatsapp” tətbiqi vasitəsilə danışıb Xocasən qəsəbəsində yolun kənarından götürüb bir qismini satmaq üçün, bir qismini isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitələrdən 0,455 qram metamfetamini və 0,184 qram heroini 06 may 2023-cü il tarixdə saat 10 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində 20 manat müqabilində Şahid3 və həmin tarixdə saat 11 radələrində Balaxanı qəsəbəsində 1,371 qram heroini 20 manat müqabilində Şahid4 satmışdır. Üzərindən aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, bölməyə gətirilərkən polislər tərəfindən ciddi nəzarət altında olduğundan maddələri özündən kənara ata bilməmişdir. Qəhrəmanın anket məlumatını bilmir. Onun üzərinə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, Qəhrəman adlı şəxslə əlbir olmuşdur (cild 1, iş vərəqə 200-202). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Əli və Səyyad adlı şəxsləri şübhəli şəxs qismində saxlamışlar. Polis Bölməsində həmin şəxslər narkotik vasitəni Balaxanı qəsəbəsində yaşayan Bala adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Həmin məlumatı əldə etdikdən sonra ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bala adlı şəxs Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 10 ünvanının qarşısında saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilməsinin səbəbi, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçının otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs 3 ədəd bükümü və 1 ədəd tərəzini könüllü olaraq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü səmimi olaraq Əli və Səyyad adlı şəxslərə narkotik vasitə satdığını etiraf etmiş, həmin narkotik vasitəni İran vətəndaşı olan Qəhraman adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun bacanağının dostudur. O, Təqsirləndirilən şəxs əmisi ilə əsgər yoldaşı olmuş, onlara gedib-gələndə Bala ilə tanış olmuşdur. Daha sonra narkotikə qurşanmış və təxminən 6 ay əvvəl Təqsirləndirilən şəxs 20 manata metamfetamin və heroin almışdır. Sonra 13-cü Polis Bölməsinin əməkdaşları onu saxlamışlar. Hazırda özünün də barəsində başqa məhkəmədə işə baxılır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, narkotik vasitələrin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs iranlı vasitəsilə tanımışdır. İranlı onu Balaxanı qəsəbəsinə yollamış, o da 06 may 2023-cü il tarixdə həmin qəsəbədə yerləşən bir məktəbin arxasına gedərək Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt özünə məxsus “BMW” markalı avtomobildə Təqsirləndirilən şəxs 20 manat pul verərək şəxsi istifadəsi üçün təxminən bir qram narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs “əgər çəkiyə inanmırsızsa malı tərəzidə çəkə bilərik” deyə bildirmişdir. Sonrakı saatlarda 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman həmin heroini polislərə təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3 və Şahid4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər, Təqsirləndirilən şəxs da həmin şəxslərə narotik vasitə satdığını etiraf emişdir (cild 1, iş vərəqə 91-92, 93-94). Şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Sellofan torbaya baxış keçirilərkən içərisində 01 ədəd elektron tərəzi, 03 ədəd sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümün içərisindəki maddələrin metamfetamin, 01 ədəd bükümün içərisindəki maddənin isə “kakos” olduğunu, həmin maddələri 05 may 2023-cü il tarixdə 140 manat ödəməklə İran vətəndaşı ilə “WhatsApp” vasitəsilə danışdıqdan sonra Xocasən qəsəbəsində yolun kənarından götürüb bir qismini satmaq üçün, bir qismini isə özü istifadə etmək üçün üzərində saxladığını, elektron tərəzini isə narkotik alıb satarkən çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-30, 183). Məhkəmə-kimyəvi ekspertizasının 06 may 2023-cü il tarixli 6/2637 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün № 160” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 büküm maddə və 01 ədəd elektron tərəzi” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,821 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,802 qram və 1,105 qram olmaqla ümumi təmiz çəkisi 1,907 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Elektron tərəzinin üzərində metamfetamin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,771 qram, metamfetaminin qalıq çəkisi 1,807 qram təşkil etmişdir (cild 1, iş vərəqə 35-40). Məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 6/2873 nömrəli rəyindən görünür ki, üzərlərində “Vət. Şahid3 üzərindən...”, “Vət. Şahid4 üzərindən aşkar olunmuş...”, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd büküm maddə və 01 ədəd elektron tərəzi...” yazılar olan zərflərdəki heroinlər və metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,721 qram, metamfetaminin qalıq çəkisi 1,707 qram təşkil etmişdir (cild 1, iş vərəqə 172-176). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2023-cü il tarixli 3073 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 166-167). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 1383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, qıcığa qarşı həssaslıq, hirslilik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir (cild 1, iş vərəqə 169-171). Telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrəyə “daş varındı he yox yazda mene 10 yenə”, həmin nömrədən həmin tarixdə “bidene torpaq opsi pul 15 manat”, 13 fevral 2023-cü il tarixdə həmin nömrədən “qerdes bidene diri 10 daş tapmaq olar bidene cavab mesaj yazda mene he yox, ciyerim yanıre daşsun qaqaücanı”, 16 fevral 2023-cü il tarixdə həmin nömrə “sehere 1 dene 10 mene saxla 9-un yarısı ise gedende deyecem sana” məzmunlu narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesajlar müəyyən edilmişdir (cild 1, iş vərəqə 185-187). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il, xx.xx.2016-cı il və xx.xx.2018-ci il təvəllüdlü dörd azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 105-114). İbtidai istintaq orqanının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 278-282). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 noyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 186 saylı Fərmanına əsasən 30 dekabr 2004-cü il tarixdə cəzadan azad olunmuşdur (cild 1, iş vərəqə 117-118). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq təkrarən daşıyıb satmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni həm də təkrarən satması ilə bağlı nəticəyə gələrək ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Belə ki, işin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroin və psixotrop madə olan metamfetamin əldə etmiş, əldə etdiyi həmin maddələrdən 06 may 2023-cü il tarixdə saat 10 radələrində 0,455 qram metamfetamini və 0,184 qram heroini Sabunçu rayonunun Balaxanı qəsəbəsində 20 manat müqabilində Şahid3, həmin tarixdə saat 11 radələrində 1,371 qram heroini isə Balaxanı qəsəbəsində 20 manat müqabilində Şahid4 satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən narkotik vasitə satma ilə bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının digər izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı ittiham əsaslıdır. Belə ki, iş üzrə sübutların məcmusuna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhz qeyrisi ilə qabaqcadan əlbir olub sonuncudan şərtləşdikləri üsul və qaydada əldə edəcəyi narkotik vasitə və psixotrop maddəni satmaq funksiyasını üzərinə götürmüş, həmin funksiyanı yerinə yetirərkən də fəaliyyətini qeyrisi ilə əlaqələndirməkdə davam etmişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də qeyrisi, yəni Qəhrəman adlı iranlı kimi bildirdiyi şəxslə əlbir olduğunu birbaşa etiraf etmişdir. İş üzrə Şahid4 isə narkotik vasitə almaq üçün onu Təqsirləndirilən şəxs məhz iranlının istiqamətləndirdiyini, məhz iranlının bildirdiyi qaydada və verdiyi məlumatlar əsasında Təqsirləndirilən şəxsla əlaqə yaradıb sonuncunun yaşadığı məntəqəyə gedib görüşərək narkotik vasitə aldığını birbaşa göstərmişdir. Ona görə də digər xüsusatları da nəzərə almaqla məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıma, saxlama, satma cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs qeyrisi ilə telefonla əlaqə saxlayıb razılıq əldə etməsi də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıma, saxlama, satma cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Plenum Qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitənin olmaması, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsini də iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 16, 70-75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,721 qram təşkil edən heroin, qalıq çəkisi 1,707 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 36, 173, 296). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,721 qram təşkil edən heroin, qalıq çəkisi 1,707 qram təşkil edən metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-2138/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2138/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver