Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2139/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə, İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, A.Məmmədov küçəsi, ev 17 nömrəli ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi yaşayış evində yaşamış, 20 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəlcədən aralarında olan razılşamaya əsasən naməlum vaxt və şəraitdə İran İslam Respublikası vətəndaşı tərəfindən gizlədilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız vəziyyətdə olan zavodun həyətyanı sahəsindən satış məqsədi ilə qanunsuz olaraq 6005,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 20 may 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız vəziyyətdə olan zavodun yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada 21 may 2023-cü il tarixdə saat 01:05-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əlində olan 1 ədəd ağ rəngli torbanın içərisində üzəri skoçla bağlanmış qara rəngli selofan bağlamada ümumi təmiz çəkisi 6005,0 qram təşkil edən külli miqdarda bitki mənşəli kütlə- tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu Binəqədi rayonu ərazisində saxlamışlar. Belə ki, o, sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran vətəndaşı ilə əlaqə saxlayıb öz şəxsi istifadəsi üçün 200 qram narkotik vasitə qurudulmuş marixuana sifariş vermişdir. 20 may 2023-cü il tarixdə gecə sifariş etdiyi narkotiki götürməyə getmişdir. İranlı ona əvvəlcədən narkotik vasitənin gizlədildiyi yerin şəklini göndərib izahını verdiyindən, həmin yerə çatanda narkotikin bağlamasının böyük olduğunu görmüşdür. O, həmin bağlamanı əlinə götürüb baxan vaxtı polis əməkdaşları onu tutmuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs saxlanıldığı yerin və vaxtın ittihamda düzgün qeyd olunduğunu, saxlanılarkən və polis idarəsində ona qarşı heç bir təsir və təzyiq olunmadığını, istintaqda özünün sərbəst ifadə verdiyini, 200 qram narkotik vasitə marixuana üçün 1350 manat pul verdiyini, lakin ondan heç kim narkotik vasitə almadığını, onun özü lazım olanda istifadə üçün 5-10 qram narkotik aldığını, özü elektrik və santexnik kimi fəaliyyət göstərdiyini, həmin vaxt pulu olduğu üçün narkotiki çox almağı və sonradan yavaş-yavaş istifadə etməyi fikirləşdiyini, 3-4 il olar ki, narkotik vasitə kimi yalnız marixuanadan istifadə etdiyini, heç kimə narkotik vermədiyini və ya satmadığını, etdiyi əmələ görə peşman olduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 20 may 2023-cü il tarixdə saat 23:30-da Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız halda olan zavodun yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat axtarış tədbirlərinin keşirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nə dəvət etmişlər. Orada olan zaman hüququqlarını müdafiə etmək məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Ona şəxsi axtarış zamanı üzərində qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan şalvarının sağ yan cibindən 1 ədəd “Leobank”a aid plastik bank kartı, 1 ədəd “Birbank”a aid plastik bank kartı, əynində olan gödəkçənin sol yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı smartfon tipli mobil telefon, həmçinin əlindəki ağ rəngli torbada olan qara rəngli selofana bükülmüş bükümü təqdim edərək otaqda olan masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı üzərində olan maddənin narkotik vasitə olan marixuana olmasını, həmin maddəni 4 ay əvvəl anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız zavodun həyətində gizlədilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni şəxsi ehtiyacları üçün əldə etdiyini, satmaq niyyəti olmadığını bildirmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tipli hərəkətlər olmamışdır. O, bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş torbada olan marixuananı şəxsi istifadəsi üçün almışdır. Təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilən zaman polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı 4 ay əvvəl “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız vəziyyətdə olan zavodun həyətindən götürmüşdür. Həmin İran vətəndaşının anket məlumatlarını bilmir. Təxminən 4 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə bir şəxslə tanış olmuş, bir neçə dəfə yazışdıqdan sonra həmin şəxs ona görüş təyin etmişdir. Həmin şəxslə görüşməzdən əvvəl bir büküm marixuanadan istifadə etmişdir. Tarixi yadında qalmayan vaxtda, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonun ərazisində həmin şəxslə görüşmüş və yaxınlıqda yerləşən, adını xatırlamadığı bir çayxanada oturub söhbət etmişlər. Söhbət zamanı həmin şəxs onun biraz “hallı” olduğunu başa düşmüş, ondan narkotik vasitələrdən istifadə edib-etməməsini soruşduqda, gülə-gülə “bəli, arada marixuanadan istifadə edirəm“ demişdir. Bundan sonra həmin şəxs bildirmişdir ki, İran vətəndaşıdır və uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitə olan marixuananın satışı ilə məşğuldur. Özündə olan marixuana qurtardığı üçün həmin şəxsə sifariş etmək istədiyini bildirmişdir. Həmin şəxs nə qədər lazım olduğunu soruşduqda, “200 qram marixuana olsa, yaxşı olardı” demişdir. Həmin şəxs telefonu vasitəsilə onun yanında hesablama apardıqdan sonra ona 1350 manat pul hazır etməsini, onu görüşdükləri yerdə gözləyəcəyini demişdir. Razılaşdıqdan təxminən 1-2 saat sonra 1350 manat pulla həmin şəxslə yuxarıda qeyd etdiyi kafedə yenidən görüşmüş və 1350 manat pulu həmin şəxsə əlbəəl şəkildə vermişdir. Bundan sonra həmin şəxs ondan bir az uzaqlaşaraq kiminləsə telefonla danışmış, danışdıqdan sonra ona yaxınlaşıb demişdir ki, “qardaş, 3 gündən sonra axşam saat 21-dən sonra Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız halda olan zavodun həyətində torbada marixuanan səni gözləyəcəkdir.” Minnətdarlığını bildirib sağollaşmış, 3 gün sonra evdə işləri olduğu üçün həmin yerə gedə bilməmişdir. Həmin şəxslə görüşdükdən 5 və ya 6 gün sonra, yəni 20 may 2023-cü il tarixdə saat 23:30-da yuxarıda qeyd edilən ünvana getmiş və zavodun həyətində bir ədəd ağzı skoçla bağlanmış ağ rəngli torbanı aşkar etmişdir. Həmin torbanı götürəndə hiss etmişdir ki, 200 qramdan çoxdur. Torbanı yerə qoyaraq, ağzını açmaq istədikdə iki nəfər şəxs ona yaxınlaşmış və özlərini Bakı şəhəri, Binəqədi RPİ-nin əməkdaşları kimi təqdim etmişlər. Həmçinin bildirmişdir ki, 20 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin inzibati binasının xidməti otaqlarının birində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman qorxduğu üçün əlində olan torbanın 200 qram çəkidə yox, daha ağır çəkidə olmasına dair, həmin torbada olan narkotik vasitə marixuananı 1350 manat pulun müqabilində əldə etdiyi barədə heç bir məlumat bildirməmişdir. Əlində olan torbada məhz 6 kiloqram marixuana olmuşdur. Lakin anket məlumatlarını bilmədiyi və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsə məhz 200 qram narkotik vasitə olan marixuana sifariş etmiş, 200 qram marixuanaya görə qeyd etdiyi pulu vermişdir. Lakin başa düşmədiyi səbəblərə görə təyin edilmiş yerdə 200 qram yox, 6 kiloqram marixuana qoyulmuşdur. Üzərindən aşkar edilmiş 6 kiloqram narkotik vasitə marixuananın ümumi qiyməti təxminən 40000 manatdan çoxdur. Onun isə bu miqdarda marixuananı almağa maddi imkanı çatmaz. Özünü iran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxsə əlbəəl şəkildə 1350 manat məbləğində pulu verdiyi adını xatırlamadığı kafedə onlardan başqa bir neçə stolda insanlar olmuşdur. Lakin pulu cibindən çıxardaraq birbaşa həmin şəxsə vermiş, həmin anda kiminsə görüb-görməməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis bölməsindən Cinayət axtarış şöbəsinə ezam edilmiş kiçik inspektor Şahid2 Təyyub oğlu ifadəsində göstərdi ki, Binəqədi RPİ, Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 “Ramazan" adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq və “Ramazan" adlı şəxsin ifşa edilməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Şahid1 rəhbərliyi ilə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar məlumat əsasında 20 may 2023-cü il tarixdə saat 23:30-da Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız halda olan zavodun yaxınlığında «Ramazan» adlı şəxsi müşahidə etmiş, onu saxlayaraq Binəqədi RPİ-nə aparmışlar. Onların sualına cavab olaraq həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onun əlində iri həcmli selofan bağlama olmuşdur. Həmin şəxsi Binəqədi RPİ-nə gətirmişlər və orada şəxsin anket məlumatları dəqiqləşdirilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs 2 ədəd plastik kartı, 1 ədəd mobil telefonu və əlində olan ağ rəngli selofan torbanın içərisində qara rəngli selofana bükülmüş bağlamanı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunsuz başqa bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “marixuana” olduğunu və həmin bükümü sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran vətəndaşından Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən yararsız halda olan zavodun yaxınlığında yerdən götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin protokol yazılmış və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri, Binəqədi RPİ, Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 21 may 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Leobank” plastik bank kartı, 1 ədəd “Birbank” plastik bank kartı, əynində olan gödəkçənin sol yan cibindən isə 1 ədəd "Samsung” markalı smartfon tipli mobil telefon, əlində saxladığı 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli selofan bağlamada olan bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 35-37). Cinayət işinə əlavə edilmiş elektron məlumatların əks olunduğu 1 ədəd DVD formatlı diskə baxış keçirilməsi protokolundan görünür ki, həmin diskə 21 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər yüklənmişdir və həmin videogörüntülərlə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlar uyğunluq təşkil edir (cild 1, iş vərəqi 132). Məhkəmə-bioloji ekspertizasının 21 may 2023-cü il tarixli 7/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxsin üzərində aşkar olunmuş kütlə" yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli selofan bağlamada təmiz çəkisi - 6005,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 45-47). Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 4118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 161-162). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyul 2023-cü il tarixli 2031 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur. O, törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Məsuliyyətsizlik, inadkarlıq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 164-166). İbtidai istintaq orqanının 04 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6005,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6004,9 qram çəkidə qurudulmuş marixuana məhkəmənin müvafiq qərarına qədər saxlanması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 186-200). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 06 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 109). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran vətəndaşı ilə əlaqə saxlayıb öz şəxsi istifadəsi üçün 200 qram narkotik vasitə qurudulmuş marixuana sifariş verdiyini, 20 may 2023-cü il tarixdə gecə sifariş etdiyi narkotiki götürməyə getdiyini, həmin yerə çatanda narkotikin bağlamasının böyük olduğunu gördüyünü, həmin bağlamanı əlinə götürüb baxan vaxtı polis əməkdaşlarının onu tutduğunu, iranlıya cəmi 1350 manat pul ödəyib 200 qram marixuana sifariş verdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin maddələri adını bilmədiyi İran vətəndaşından 1350 manat pul ödəməklə əldə edib üzərində saxladığını, narkotik vasitə olan bağlamanı götürərkən onun çəkisinin sifariş verdiyindən də artıq olduğunu gördüyünü, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə, evinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eyni məzmunlu ifadəni Təqsirləndirilən şəxs məhkəmədə də verərək, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji zor göstərilmədiyini bildirdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri İran vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, həmçinin onun ilk dəfə cinayət məsuliyytəinə cəlb edilməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 may 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 4118 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6004,9 qram çəkidə qurudulmuş marixuana məhv edilməli; - şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 72 (yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6004,9 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2139/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2139/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver