Məhkəmə qərarları › İş №1(101)-2139/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2139/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2139/2024 18.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “M.B.M” Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Qəbələ şəhərində doğulmuş, (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, istifadəyə yararlı, üzərində təyinatını dəyişən düzəlişlər edilməmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib ünvan 3 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, həmçinin məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxil olan külli miqdarda - 4,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zülfuqar Məmmədov 27 yanvar 2024-cü il tarixdə saat 13:40-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 15:53-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, həmin gödəkcənin sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 4,867 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin hissədə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılması və daşınması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi. O, ifadəsində göstərdi ki, bir gün Aqil adlı bir şəxs onu görüşə çağırmış, o da, həmin görüşə tanışı Şahid1la birlikdə getmişdir. Orada 4-cü Polis bölməsinin arxasında olan “Nabat” adlı kafedə Aqillə görüşmüşlər və oturub söhbət etmək istəmişlər. Bu zaman mülki geyimli şəxslər yaxınlaşıb onları qandallayaraq aparmışlar. Orada üstündən aşkar olunmuş bıçaq barədə BMCMİ-də etiraf edib bildirmişdir ki, həmin bıçaq ona ad günü hədiyyəsidir və evdə narazılıq olduğuna görə həmin bıçağı qaytarmaq məqsədi ilə gətirmişdir. Orada onlara hər birinin üzərinə 1 qram narkotik vasitə qoyacaqlarını, bir il türmədə yatdıqdan sonra çıxacaqlarını bildirmişlər. Sonradan ona CM-nin 234.4.3-cü maddəsini verdiklərini və soyuq silaha görə də maddə verdiklərini bilmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, həmin yerə Əkbərlə birlikdə getmiş, bu zaman məqsədi özündə olan bıçağı aparıb qaytarmaq olmuşdur. Bıçağı ona hədiyyə vermiş dostu Raminə aparıb qaytarmaq istəmişdir. Həmin bıçağı Ramin ona ad günü üçün 22 aprel 2022-ci ildə hədiyyə etmişdir. O, 02 aprel 2023-cü il tarixdə hərbi xidmətdən qayıtmışdır. Hadisə baş verən ərəfədə xəstə olduğu üçün müalicə almış, yanvar ayında isə görüşüb bıçağı qaytarmağı fikirləşmişdir. İdarəyə gələndə polis işçiləri onları bir otağa salaraq hərəsinə 1 qram narkotik vermiş, bir il türmədə yatıb çıxacaqlarını bildirmişlər. Onlara təzyiqlər göstərmişlər, dostunu isə təpiklə vurmuşlar. Onun özünün üzərində heç bir xəsarət izi qalmamışdır. Məhkəməyə sanksiya üçün aparılanda da o, hakimə narkotikin özünə məxsus olmadığını demiş, hakim isə hər şeyin araşdırılacağını bildirmişdir. O, bıçağa görə ittihamla özünü təqsirli bilir. X11 sonuncunun bacısı qızına görə mübahisəsi olmuşdur. Görüşə getməmişdən qabaq Aqil ona zəng edib nalayiq söyüşlərlə söymüş, onun Əkbər olduğunu zənn etmişdir. O, Əkbər olmadığını bildirəndə, Aqil onu fırlada bilməyəcəyini deyib görüşə çağırmışdır. Sonradan bilmişdir ki, Aqil onunla danışandan sonra polisə məlumat vermişdir. Polis işçiləri idarədə narkotik vasitələri onların ciblərinə qoyaraq çəkiliş zamanı çıxarıb təqdim etməyi təklif etmişlər. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edildi. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, təxminən 1 il qabaq tanışı ona bıçaq hədiyyə etmiş və bıçaqlardan xoşu gəldiyindən, marağı olduğundan həmin bıçağı üzərində gəzdirmişdir. Bundan başqa, təxminən 25 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində yaşadığı binanın yaxınlığında piyada hərəkət edən zaman divarın kənarında 1 ədəd selofan büküm qarşısına çıxmış və həmin bükümü götürüb içərisinə baxarkən, əvvəllər istifadə etməsə də, həmin maddənin “şüşə” kimi adlandırılan narkotik maddə olduğunu bilmiş və cibinə qoymuşdur. Onu da qeyd etmişdir ki, onun Kürdəmirdə yaşayan Əkbər adlı tanışı var və o, 26 yanvar 2024-cü il tarixdə onlara qonaq gəlmişdir. 27 yanvar 2024-cü il tarixdə Şahid1la birlikdə olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, onun və Şahid1 narkotik vasitə və psixotrop maddələrin, eləcə də soyuq silahların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını deyərək, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Şahid1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra onların üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona edilmiş təklifdən sonra cibində saxladığı “şüşə” adı ilə tanıdığı psixotrop maddəni və bıçağı, həmçinin 1 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. 1 ədəd selofan büküm açıldıqda, içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 1 ədəd bıçaq kağız zərflərdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon da polis işçiləri tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini 2 gün əvvəl Binəqədi rayonu ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də Şahid1 məlumatı olmadığını, eləcə də üstündən aşkar edilmiş 1 ədəd bıçağı təxminən 1 il əvvəl əldə etdiyini, hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Daha sonra Şahid1 üzərində axtarış aparılmış, 1 ədəd “Samsung” markalı mobil telefon və içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd selofan büküm aşkar olunmuşdur. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş həmin maddələr də götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 onun tanışı olduğunu, Kürdəmir rayonunda yaşasa da, Bakı şəhərinə onun yanma qonaq gəldiyini, üstündə olan maddəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisindən tapdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də onun belə məlumatının olmadığını, 1 ədəd bıçağı isə təxminən 2 ay əvvəl 15 manata aldığını, hər hansı məqsəd üçün istifadə etmədiyini heç kimə vermədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 119-123). İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs izahat verərkən, həmçinin şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 53-55, 90-93). Elan olunmuş ifadə ilə bağlı verilən sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin özünün istintaq zamanı ifadə vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və qrup üzvləri ilə Binəqədi rayonu ərazisinə getmişlər. Orada həmin şəxsləri görüb onlara yaxınlaşmış və özlərini təqdim edib Baş idarəyə dəvət etmişlər. Baş idarədə vəkilin iştirakı ilə videoçəkilişlə həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onlara üzərində qanunla qadağan olunmuş əşya və predmetlərin olub-olmaması soruşulmuş, onların hər biri ciblərindən bir bükümdə metamfetamin və bir ədəd bıçağı çıxarıb təqdim etmişlər. Bükümlərdəki kütlələrin metamfetamin olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim olunmuş əşyalar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid2 şübhəli şəxslərin aşkar olunmuş psixotrop maddələri özlərinin könüllü şəkildə videoçəkiliş zamanı çıxarıb təqdim etdiklərini, daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin satışı barədə olduğunu, lakin satış faktının sonradan öz təsdiqini tapmadığını, həmin şəxslərdən psixotrop maddəni almalı şəxsləri müyyən edə bilmədiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X8, X7 və X6 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların 27 yanvar 2024-cü il tarixdə saat 13:40-da ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində saxlanılmaları və BMCMİ-nə gətirilərək üzərinə şəxsi axtarış zamanı psixotrop maddə metamfetamin və bıçaq aşkar edilərək götürülməsi ilə bağlı əməliyyat tədbirində qrup üzvləri kimi iştirak etdikləri, həmkarları Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 2, iş vərəqi 31- 33, 34-36, 37-39). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Bir gün Zülfüqar ona Aqil adlı tanışının zəng edib onların hər ikisinin ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. O, Zülfüqardan Aqilin nömrəsini götürmüş və onunla danışıb görüş yeri təyin etmişdir. Zülfüqarla həmin yerə getmiş, oraya çatanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları arxadan onları tutmuşlar. Yolda onları idarəyə gətirəndə üzərində olan silahları təqdim etməyi təklif etmişlər, həmçinin demişlər ki, narkotik vasitə ilə onları yükləyəcəklər. İdarəyə gələndə narkotik vasitələri onların qarşısına qoyaraq, həmin narkotiki etiraf etməli olduqlarını, əgər bunu etməsələr, yaşadıqları evlərdən də narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Onlar da məcbur qalıb həmin narkotikləri boynuna götürmüşlər. Verilən sualları cavablandıran Şahid1 özünün də videoçəkiliş zamanı iştirak etdiyini, narkotik vasitənin Zülfüqarın hansı cibindən çıxmasını xatırlamadığını, Zülfüqarın bıçağı dostuna qaytaracağını ona dediyini, hadisə günü Zülfüqarın yanına gedəndə, sonuncunun ona Aqilin zəng edib ünvanına nalayiq söyüşlər söydüyünü və onu axtardığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 2 ay əvvəl xatırlamadığı suvenir mağazasından 15 manata bıçaq almış və üzərində saxlamışdır. Onun Zülfüqar adlı dostu var və o, Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. 25 yanvar 2024-cü il tarixdə o, Bakıya Zülfüqargilə qonaq gəlmişdir. 26 yanvar 2024-cü il tarixdə Zülfüqargilin evlərinin yaxınlığında tək piyada hərəkət edən zaman orada zibil qablarının yanından 1 ədəd selofan büküm tapmış və içərisinə baxdıqda həmin maddənin “şüşə” kimi adlandırılan narkotik maddə olduğunu bilərək cibinə qoymuşdur. 27 yanvar 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxsla birlikdə olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmişlər. Onlar səmimi olaraq bildirmişlər ki, hazırda üzərilərində psixotrop maddə və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orda onun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, hər ikisinin ciblərindən “şüşə” adı ilə tanıdığı psixotrop maddə və bıçaq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini 2 gün əvvəl Binəqədi rayonu ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də onun məlumatının olmadığını, eləcə də üstündən aşkar edilmiş 1 ədəd bıçağı təxminən 1 il əvvəl əldə etdiyini, istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şifahi sorğu zamanı o da, birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs tanışı olduğunu, Kürdəmir rayonunda yaşasa da, Bakı şəhərinə Təqsirləndirilən şəxs yanma qonaq gəldiyini, üstündə olan maddəni 26.01 2024-cü il tarixdə Binəqədi rayonu ərazisindən tapdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, 1 ədəd bıçağı isə təxminən 2 ay əvvəl 15 manata aldığını, hər hansı məqsəd üçün istifadə etmədiyini, heç kimə vermədiyimi bildirmişdir (cild 1, iş vərəqi 119-123). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 27 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid1 və Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saat 13:40-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmişlər. Orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 1 ədəd bıçağa oxşar dəmir predmet, gödəkçəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 1 ədəd selofan büküm və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd bıçağa oxşar dəmir predmet, 1 ədəd selofan büküm və 1 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Şahid1 üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bıçağa oxşar dəmir predmet, sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 1 ədəd selofan büküm, sol yan cibindən 1 ədəd pul qabı və 1 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilmişdir. 1 ədəd pul qabına baxış zamanı içərisində 14 manat 40 qəpik pul, 1 ədəd “Bakı kartı”, 2 ədəd bank kartı, 1 ədəd Şahid1 məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd Şahid1 məxsus “Müharibə iştirakçısı vəsiqəsi” olması müəyyən edilmişdir. Aşkar edilmiş 1 ədəd bıçağa oxşar dəmir predmet, 1 ədəd selofan büküm və 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd bank kartı və Şahid1 məxsus vəsiqələr götürülmüş, pul vəsaiti və “Bakı kartı” isə ona geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 27 yanvar 2024-cü il tarixdə saat 15:53-də başlamış və həmin tarixdə saat 16:23-də bitmişdir (cild 1, iş vərəqi 49-51). İbtidai istintaq orqanı tərəfindən şəxsi axtarış və götürmə videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 52). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş 27 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 220). Məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/682 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi olan 2 (iki) ədəd zərfdə qablaşdırılmış: - üzərində “Ə. Aslanovdan aşkar edilmiş 1 selofan büküm....” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,031 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Z. Məmmədovdan aşkar edilmiş maddə ...” yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,867 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən götürüldüyü qeyd olunan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd:

1. №-li obyekt üzrə metamfetamin - 5,031 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,931 qram.

2. №-li obyekt üzrə metamfetamin - 4,867 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,767qram (cild 1, iş vərəqi 74-79). Məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 583 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi İİ cild səh. 98-99). Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli 456/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 2, iş vərəqi 100-103). Məhkəmə-ballistik ekspertizasının 02 fevral 2024-cü il tarixli 3-16-16/2-3/218 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş predmet...” yazıları olan 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişən düzəlişlər edilməmişdir. - tədqiqata təqdim edilmiş üzərində “Şahid1 aşkar edilmiş predmet...” yazıları olan 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişən düzəlişlər edilməmişdir (cəld 2, iş vərəqi 116-119). İbtidai istintaq orqanının 06 fevral 2024-cü il və 28 iyul 2024-cü il tarixli qərarları Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,767 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən bıçaq iş üzrə maddi sübut kimi tanınmış və təyinatı həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 221-223, cild 2, iş vərəqi 128-130). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 127-128). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, hadisə baş verən gün dostu Şahid1la birlikdə Aqil adlı şəxslə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün görüşə getdiklərini, bu zaman polis əməkdaşlarının onları saxlayaraq Baş idarəyə gətirdiklərini, polis işçilərinin onları bir otağa salaraq hərəsinə 1 qram narkotik vasitə verdiklərini və bir il türmədə yatıb çıxacaqlarını bildirdiklərini, onlara təzyiqlər göstərildiyini, məhkəməyə sanksiya üçün aparılanda hakimə narkotikin özünə məxsus olmadığını dediyini, yalnız üzərindən aşkar olunmuş bıçağa görə ittihamla özünü təqsirli bildiyini göstərib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni və soyuq silah hesab edilən bıçağı polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin, həmçinin bıçağın özünə məxsus olduğunu, psixotrop maddəni tutulmamışdan iki gün əvvəl Binəqədi rayonu ərazisində tapdığını, bıçağı isə bir gün əvvəl əldə etdiyini və marağı olduğu üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin psixotrop maddənin və bıçağın üzərində olduğunu və şəxsi axtarış zamanı könüllü çıxarıb təqdim etdiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması səbəbindən özünə aidiyyəti olmayan psixotrop maddəni etiraf etməsi barədə bildirdiklərini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs bir bükümdə 4,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 866-31-47 saylı mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMC-dən həmin mobil nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman psixotrop və narkotik maddələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 4,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Fərid Qurbanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin həmin hissədə onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilməli, həmçinin ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilmiş dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə ağır cinayətlər kateqoriyasına aiddir, hər iki əməl qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllarini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzaları tamamilə toplanılmaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2024-cü il tarixli 583 nömrəli rəyini əsas tutaraq hesab edir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və o, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,767 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 144 (yüz qırx dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 144 (yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə prosesi başladıqdan sonra sonuncu məhkəmə iclasına qədər Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil X3 müdafiə etmiş, vəkil Müdafiəçi1 bununla bağlı 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, , “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,767 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 144 (yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X2 ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar