Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-214/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, 09 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd selofan bükümdə külli miqdarda - təmiz çəkisi 101,672 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd göy rəngli siqaret qutusunda küllü miqdarda - təmiz çəkisi 62,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib idarə etdiyi “Mercedes benz 190" markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, 09 iyul 2021-ci il tarixdə saat 21:30-da DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zamanı əlində saxladığı kağız torbanın içərisindən 1 ədəd selofan bükümdə külli miqdarda - təmiz çəkisi 101,672 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd göy rəngli siqaret qutusunda külli miqdarda - təmiz çəkisi 62,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir, əsasən “kokos” kimi tanıdıcı heroindən və “şüşə” kimi tanıdığı metamfetamindən istifadə edir. 04 iyul 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobillə Novxanı-Binəqədi yolunda hərəkətdə olarkən avtomobilində olan nasazlığa görə maşını yolun kənarındakı yarımtikilinin qarşısında saxlamış və su axtarmağa başlamışdır. Bu zaman yarımtilinin qarşısında olan kağız torba diqqətini cəlb etmiş, torbanı götürdükdə içərisində tərəzi olduğunu görmüşdür. Bundan sonra açıb baxarkən göy rəngli siqaret qutusu və ağ rəngli selofana bükülmüş maddə aşkar etmişdir. O, həmin kağız torbanı avtomobilin salonuna qoymuş, su tapıb avtomobilə tökərək yoluna davam etmişdir. Sonradan həmin kağız torbaya baxarkən içərisində 1 ədəd selofan torba, həmin torbanın içərisində isə 1 ədəd selofan bağlama, 1 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli siqaret qutusuna bərkidilmiş bağlama olduğunu görmüşdür. Həmin siqaret qutusunun içərisində 1 ədəd selofan bükümdə kəskin iyli narkotik vasitə heroinə oxşar kütlə, digər selofan bükümdə isə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər kütlə olmasını müəyyən etmişdir. O, həmin heroini, metamfetamini və 1 ədəd tərəzini avtomobilinin salonunda özü istifadə etmək üçün gizlətmişdir. 09 iyul 2021-ci il tarixdə saat 21:30-da kirayə yaşadığı ünvandan çıxaraq avtomobilinə yaxınlaşan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra polis işçiləri onu Xətai RPİ-nin 37-ci Polis şöbəsinə dəvət etmişlər. Orada ona vəkil təqdim edilmiş, onun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. O, əlində saxladığı 1 ədəd kağız torbanı və digər şəxsi əşyalarını təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, kağız torbaya baxış zamanı içərisində 1 ədəd selofan torba, həmin torbanın içərisində isə 1 ədəd selofan bağlama, 1 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli siqaret qutusuna bərkidilmiş bağlama aşkar edilmişdir. Siqaret qutusunun içərisindən heroin, digər selofan bükümdə isə metamfetamin olması müəyyən edilmişdir. Sonra həmin selofan bükümlər və 1 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, həmin maddələrin heroin və metamfetamin olduğunu, onları təxminən 5 gün əvvəl Novxanı kəndi ərazisində yolun kənarından götürdüyünü, həmin yerə narkotikin qoyulmasını sosial şəbəkədə tanış olduğu, adını “Ramil” kimi bildirən İran vətəndaşının bildirdiyini, həmin yerdən narkotiki götürərək “Ramil” adlı şəxsin ona deyəcəyi yerlərə qoyması müqabilində niyyətinin pul əldə etmək olduğunu bildirmişdir. Lakin həmin vaxt "Ramil” adlı şəxsi özündən uydurmuş, polis əməkdaşlarına narkotikin İran vətəndaşı tərəfindən verildiyini və dediyi yerə aparıb qoyacağını bildirərsə, özünün məsuliyyəti olmayacağını fikirləşmişdir. Həqiqətdə isə o, ‘"Ramil” adlı İran vətəndaşını tanımamışdır. Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla razı olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsı üçün əldə edərək idarə etdiyi avtomobildə saxladığını ifadəsinə əlavə etdi. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 iyul 2021-ci il tarixdə dəqiq ünvanı və şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, Baş idarənin əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar məlumat əsasında 09 iyul 2021-ci il tarixdə saat 21:30 radələrində Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Məmmədov küçəsi, 4 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edərək həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İ.Məmmədov küçəsi, 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu əlində olan kağız torbanı yerə atmağa imkan verməyərək saxlamışlar. Sonra Təqsirləndirilən şəxslə birlikdə Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gəlmişlər. Şöbədə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə təhvil vermişlər. X3 Ağayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla saxlanılan şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kağız torbaya baxış zamanı içərisində 1 ədəd selofan torba, həmin torbanın içərisindən isə 1 ədəd selofan bağlama, 1 ədəd elektron tərəzi və 1 ədəd göy rəngli siqaret qutusunda bağlama aşkar edilmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində 1 ədəd selofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər selofan bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin selofan bükümlər və 1 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və adını “şüşə" kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri təxminən 5 gün əvvəl Novxanı kəndi ərazisində yolun kənarından götürdüyünü, həmin yerə narkotikin qoyulmasını sosial şəbəkədə tanış olduğu, ona adını "Ramil” kimi bildirən İran vətəndaşının bildirdiyini, həmin yerdən narkotiki götürərək “Ramil” adlı şəxsin ona deyəcəyi yerlərə qoyması müqabilində pul əldə etmək olduğunu, özünün metadon həblərinin istifadəçisi olduğunu bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 öz həmkarları Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 09.07.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən 1 ədəd selofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 101,672 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd göy rəngli siqaret qutusunda olan küllü miqdar hesab edilən təmiz çəkisi 62,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 28-31). Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2021-ci il tarixli 6/2754 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs əlindəki kağız torbanın içərisindən aşkar edilmiş 2 ədəd selofan büküm və 1 ədəd elektron tərəzi” yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 62,595 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 101,672 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin paketdəki bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamletaminin çəkisini, bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci və 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamletamin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahisına daxildir (cild 1, iş vərəqi 37-43). İbtidai istintaq orqanının 13.09.2021-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ilkin təmiz çəkisi 62,595 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə ilkin təmiz çəkisi 101,672 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 62,495 qram çəkidə narkotik vasitə heroin, 101,472 qram çəkidə psixotrop maddə metamletamin və 1 ədəd elektron tərəzi saxlanılmasından ötrü Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 135-147, 155). Məhkəmə-narkoloji ekspertizasının 12.07.2021-ci il tarixli 2294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.06.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "Azerfon” MMC tərəfindən 1 ədəd CD diskdə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 05.07.2021-ci il tarixdə saat 23:20:08-də ***-***-**-** saylı mobil nömrədən “2k2p indi verdiylerimin arasındadı” sözləri yazılmış mesajın göndərilməsi aşkar edilmişdir (cild 1, iş vərəqi 108). İbtidai istintaq orqanının 13.09.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 135-147). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı kağız torbanın içərisində 1 ədəd selofan bükümdə külli miqdar təmiz çəkisi 101,672 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 1 ədəd göy rəngli siqaret qutusunda olan külli miqdarda təmiz çəkisi 62,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 47-48). İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 135-147). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, həmin idarədə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 98-99). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək, CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla razı olmadığını, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsı üçün əldə edərək idarə etdiyi avtomobildə saxladığını bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 62,495 qram çəkidə narkotik vasitə heroin, 101,472 qram çəkidə psixotrop maddə metamletamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı "xxxx" MMC-dən alınmış məlumatları özündə əks etdirən bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12.07.2021-ci il tarixli 2294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 62,495 qram çəkidə narkotik vasitə heroin, 101,472 qram çəkidə psixotrop maddə metamletamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk və onun istifadəsində olan mobil nömrə ilə bağlı "xxxx" MMC-dən alınmış məlumatları özündə əks etdirən bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-214/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-214/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver