Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2149/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 iyun 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8.12.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 6 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2nvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Mamed» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və “Mamed” adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən külli miqdarda təmiz çəkisi 47,004 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 16,441 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 305 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın yaxınlığınadək daşımış, xx.xx.2024-cü il tarixdə saat 23:30-da Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq Sabunçu rayonu, ünvan 5 Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qara rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 47,004 qram külli miqdarda psixotrop maddə metamfetamin, 1 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 16,441 qram külli miqdarda narkotik vasitə heroin və 1 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 305 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, sol yan cibindən isə narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsində istifadə etdiyi, üzərində adına rəsmiləşmiş ***-***-**-** nömrəsi olan “Samsung J2” markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Məhəmməd adlı şəxslə əlaqə saxlayıb şəxsi istifadəsi üçün sifariş etdiyi narkotik vasitəni götürməyə getmişdir. Ona deyilən yerə getdikdə orada deyiləndən daha çox miqdarda narkotik vasitənin olduğunu görüb, buna etirazını bildirmək üçün əvvəlcədən danışdığı şəxsə zəng etmək istəmişdir. Telefonu cibindən götürmək istəyərkən 10 nəfər onun üstünə gəlmiş, sonradan onların polis əməkdaşları olduqları bilmişdir. Polis əməkdaşları ona qarşı fiziki zorakılıq tətbiq edərək onu Sabunçu rayon Polis İdarəsinə aparmışlar. İdarədə həmin miqdarda narkotik vasitənin ona məxsus olmadığını, həmin yerə cəmi 2 qram narkotik vasitəni götürməyə getdiyini bildirmişdir. Polis əməkdaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham irəli sürüləcəyini bildirib, onu 13-cü Polis şöbəsinə aparmışlar. Şöbədə əvvəlcə onu qanunsuz silah əldə etmə və daşıma maddəsi ilə ittiham etmək istəmiş, lakin, sonradan narkotik vasitələrin əldə edilməsi, saxlanıması və daşınması maddəsi ilə ittiham etmək qərarına gəlmişlər. Şöbədə ona qarşı irəli sürülmüş ittihamla bağlı bir sənədə imza etmişdir. İdarədə polis əməkdaşları ona qarşı fiziki və psixi təzyiq göstərmiş, ancaq şöbədə ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. İdarədə hər hansı bir sənədə imza etməmişdir. Növbəti gün səhər saatlarında 13-cü Polis şöbəsində onu rəis müavinin otağına aparmışlar. Orada rəis müavini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona qarşı ittiham irəli sürüldüyünü bildirib, qarşısına sənəd qoyaraq sənədə imza etməyini tələb etmişdir. O, dəfələrlə sənədə qol çəkməyə etiraz etsə də, nəticədə məcburiyyət qarşısında qalaraq sənədə imza etmişdir. Sonra axşam saatlarında onu təhqiqatçının otağına aparıb, çəkiliş olacağını bildirmişlər. Çəkilişdən qabaq o, polis əməkdaşlarından vəkillə təmin olunmağını tələb etdikdə, polislər artıq gecə olduğunu, növbəti gün onu vəkillə təmin edə bilcəklərini deyərək tələbini yerinə yetirməmişlər. Bundan başqa çəkilişdən qabaq polis əməkdaşları otağa bir sellofan paket gətirib, çəkiliş zamanı həmin paketin ona məxsus olduğunu bildirməyini tələb etmişlər. Onların tələbinə etiraz etdiyi təqdirdə İdarənin əməkdaşlarını şöbəyə çağıracaqlarını deyərək ona qarşı hədəqorxu gəlmişlər. Çəkiliş zamanı sellofan paketlə bağlı ona sual veriləndə paketin ona məxsus olmadığını bildirməyinə baxmayaraq polis əməkdaşları çəkilişi dayandıraraq ona qarşı yenidən hədə-qorxu gəlib, psixoloji təzyiq göstərmişlər. Artıq bir neçə dəfə çəkiliş təzələndikdən sonra əməkdaşlar tərəfindən psixi təzyiqə məruz qalaraq və məcburiyyət qarşısında qalaraq çəkiliş zamanı polislərin ona verdikləri sellofan paketin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, əvəllər narkotik vasitələrdən istifadə etmişdir. Cəzaçəkmə müəsisəsində 7 ay qalmışdır. Cəza çəkməkdən 2023-cü ilin dekabr ayında vaxtından əvvəl şərti azad edilmiş, 2024-cü ilin aprel ayında yenidən tutulmuşdur. Cəzaçəkmə müəssisəsində narkotik vasitə qəbul etməmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün azadlığa çıxandan sonra yenidən narkotik vasitə qəbul etmişdir. Onun nakotik vasitə almaq üçün əlaqə saxladığı şəxsin adı Məhəmməd olmuş, sonuncu ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamışdır. Nakotik vasitələrin pulunu kartla ödəmişdir. İttihamda qeyd edilən narkotik vasitənin miqdarı səhvdir. Ona qarşı göstərilən fiziki və psixi təzyiq haqqında barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə bildirmişdir. Hər hansı bir sənədə imza etməmiş, eləcə də, vəkildən imtina ərizəsini imzalamamışdır. Saxlanılan zaman üzərində narkotik vasitə və ya hər hansı qanunsuz əşya olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tarixi tam xatırlamır, təxminən 2024-cü ilin aprel ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi əraizsində Təyyat Əliyevi saxlayıb onu Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə aparmışlar. Şöbənin xidməti otaqlarının birində təhqiqatçının iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən müxtəlif bükümlər aşkar olunmuşdur. Həmin bükümlərin içərisində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələr və psixotrop maddələr olmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin bükümləri şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa təhqiqatçı Təqsirləndirilən şəxs məxsus mobil telefona da baxış keçirmişdir. Şahid1 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı iştirak edib-etmədiyini tam olaraq xatırlamır. Xatırladığı qədər Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətləri videoçəkilişlə keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Sonuncu narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir. Əməliyyat tədbirlərində onunla birlikdə Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı aşkar olunan maddələr heroinə, marixuanaya və metamfetaminə bənzər maddələr olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 99-101). Cinayət işinin materiallarında olan 17 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və 27 aprel 2024-cü il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” prokollardan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları, daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı məlumat verir, təhqiqatçı Rafiq Babayev saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs sol əlindəki qara rəngli sellofan torbanı təqdim edərək masanın üzərinə qoyur və bildirir ki, narkotiki aldığı şəxs ona “kakos” verməli idi, həmin şəxsin “kakos”u atmalı olduğu yerdən hazırda təqdim etdiyi sellofan torbanı götürmüş, sellofan torbadan özünə aid olan “kakos”u götürərkən həmin anda polis əməkdaşları ona yaxınlaşmış, sellofan torba əlində olarkən tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heçnə aşkar edilmir. Həmin sellofan torba açılan zaman içərisindən 1 böyük ölçüdə və 2 kiçik ölçüdə şəffaf və qara sellofanlarda bükümlər aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi sellofan ondan aşkar edilmişdir, narkotik tərkibli maddələri deyilən yerdən götürərək içərisindən 2 qram “kakos”u özü götürməli idi, “kakos”u götürməyə gələrkən sellofandakı digər narkotikləridə sellofanın içərisində görmüş, lakin narkotikləri ayırmağa imkanı olmamışdır. 2 qram “kakos”u özünün şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından 80 manat pul atmaqla almışdır. Təhqiqatçı tərəfindən böyük ölçüdə olan büküm açılarkən içərisindən ot kütləsi, şəffaf sellofandakı büküm açılarkən kristal şəkilli maddə və qara sellofandakı büküm açılarkən içərisindən qəhvəyi rəngli maddə aşkar olunur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs ot kütləsinin və kristal şəkilli maddənin nə olduğunu bilmədiyini, lakin qəhvəyi rəngli maddənin “kakos” olduğunu deyir, içərisindən 2 qramının ona aid olduğunu, şəxsi istifadəsi üçün götürəcəyini bildirir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı Rafiq Babayev tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülür. Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır (cild 1, iş vərəqə 36-37 və 53-54). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiq edib Təqsirləndirilən şəxs əməlini ifşa etmişdir (cild 1, iş vərəqə 135-138). Cinayət işinin materiallarında olan protkoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini bir daha təsdiq edib Təqsirləndirilən şəxs əməlini ifşa etmişdir (cild 1, iş vərəqə 139-142). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/652 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı qara rəngli polietilen bağlamanın içərisində 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 305 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqə 34-37). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 100” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadaki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,441 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 47,004 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir (cild 1, vərəqə 38-42). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 may 2024-cü il tarixli 3275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 127- 128). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-7942/24 nömrəli məktuba əlavə edilmiş “CD” diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsində xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMS-lə narkotik tərkibli maddələrin satışını həyata keçirməsi əksini tapmışdır. Aşağıda həmin yazışmaların bir qismi gəstərilmişdir; xx.xx.2024-cü il; saat 13:39:10 ***-***-**-**-***-***-**-** Brat mənə 05 kola birazda daş lazımdı düzələr brat? xx.xx.2024-cü il; saat 18:43:32 ***-***-**-**-***-***-**-** Daş yoxdu ki o biri olmasa da, olar. xx.xx.2024-cü il; saat 18:44:33 ***-***-**-**-***-***-**-** Daşda yoxdur gedim mən onda he yoxun yaz? xx.xx.2024- cü il; saat 18:44:34 ***-***-**-**-***-***-**-** Bariqaynan danışdım deyir yoxdu heçnəyim. İndidən niyə gəlime ora boş boş., həmdə burda bir balaca işim var.. ***-***-**-**-***-***-**-** xx.xx.2024-cü il; saat 18:44:50 Gələndə yığaram səni. xx.xx.2024-cü il; saat 18:45:11 Xəbər edərsən. xx.xx.2024-cü il; saat 18:59:12 Daşı var...kolası yoxdur. xx.xx.2024-cü il; saat 14:17:36 ***-***-**-**-***-***-**-** ***-***-**-**-***-***-**-** ***-***-**-**-***-***-**-** Baba salam, sən lomkada olanda mən belə eləmədim Baba! Pulumu verim mən lomkadayam vəziyyətim çox pisdi kola düz qoş, and ola Allaha sən mənə deyən kimi xx.xx.2024- cü il; saat 14:17:37 ***-***-**-**-***-***-**-** Lomkadayam mən sənin işivi aşırtdım. İndidə mənim vəziyyətim pisdi ağrıyıram. Mənə yarı kola düz qoş. Yarının pulu var məndə. xx.xx.2024- cü il; saat 15:01:18 ***-***-**-**-***-***-**-** Əhməd dünən bilib ona “patı” götürüb vermişəm, sənə isə bir neçə dəfə olub ki, istədiyin kimi eləmişəm getmisən... mənim sizə işim düşməz bundan s xx.xx.2024- cü il; saat 15:01:19 ***-***-**-**-***-***-**-** onrada düşə bilməz!!! Əhməd nömrəmi çornuya atıb!!! mənə az fərq eləyir!!! mən nəyinki Əhmədə zəng vurum nəsə istəyim heç vaxt ona nəyisə etibar etmərəm!!! xx.xx.2024- cü il; saat 15:01:20 ***-***-**-**-***-***-**-** !amma bundan sonra mənə nə zəng vurun nədə salam verun!!! siz nə gündəsiz ala mal alınsaydı mən bomba oğlan idim həəə?!?!?!...nə isə!!!!! xx.xx.2024- cü il; 19:59:46 ***-***-**-**-***-***-**-** Mənim nömrəmi atmısan çornuya. Gəlirsən gəlmirsən ay Neman xx.xx.2024- cü il; 20:50:36 ***-***-**-**-***-***-**-** Neman mən ağrıyıram niə belə eliyirsən ki sən? At qaqaş and ola Al xx.xx.2024- cü il; 20:50:37 ***-***-**-**-***-***-**-** laha oğluvun canına and içdün mən verdim daşı sənə!!! (cild 1, iş vərəqə 111-116). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung J12” markalı mobil telefonuna baxış keçirilərkən “WhatsApp” və “Məsajlar” proqramları vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı zamanı səsli mesajlardan istifadə etməsi və yazışmalar aparması müəyyən edilmişdir. Belə ki, “WhatsApp” proqramı vasitəsi müəyyən edildi ki, xx.xx.2024-cü il; “WhatsApp”da “BABA GÖYGÖZ” adı ilə qeyd edilib saat 17:00 ***-***-**-**—***-***-**-** Gör nə deyir qardaşun sənə, saat 17:00 ***-***-**-**—***-***-**-** De brat, saat 17:01 ***-***-**-**—***-***-**-** Əgər patı eliyən adam varsa danış patıdan verəy, saat 17:01 ***-***-**-**—***-***-**-** Yaxşı səbrli ol soraq eliyim alınsa yığacam səni, saat 23:24 ***-***-**-**—***-***-**-** Baba patı verib kola götürə biləriy? Mənim yüküm gecikir deyəsən bu gündə qaldı. Başım xarab olub yenə, saat 23:26 ***-***-**-**—***-***-**-** Gözdə danışım qaaa, xx.xx.2024-cü il saat 18:29 ***-***-**-**—***-***-**-** Qaa saat 18:56 ***-***-**-**—***-***-**-** Hə qaqa saat 18:58 ***-***-**-**—***-***-**-** (SƏS YAZİSİ) -qaqa belə bir şey eliyə bilsən elə bil məndə bir dənə bütov qram qalıbda, patı. Elə bil buna desəm o yarının birin bunnan dəyişərdim birində sənə saxlayardım, heç kimə verməzdim. Belə bizim o malış yoxdu Tural? Deyir birazdan götürəcəm. Neyniyəcəme götürəcəme brat, mənə burda mal lazımdı, buna zəng elə gör, prosta bir dənə ortada qalır kimin getməyi, yəni oda denən ki, mənim doğma xalam oğludu, yəni mən danışmayacam eləmiyəcəm, mən ora çatacam sən onu yığasan ki, qaqaş, ordadı qalxsın? Mənə deyəsən neçəyə qalxım çıxsın bir dənə belədə bildin? düzgün baxmaq lazımdı bəlkədə razılaşar. Özümüm lomkam gəlib dilxor olmuşam, heç malda tapa bilmirəm (söyüş). xx.xx.2024-cü il; “WhatsApp”da “AXMED” adı ilə qeyd edilib saat 00:18 ***-***-**-**—***-***-**-** Ceti varıdı qaqa axrıncı valla. Maraqlanaram indi saat 09:38 ***-***-**-**—***-***-**-** pul yoxdu məndə patı var, xx.xx.2024-cü il; “WhatsApp”da “***-***-**-**” adı ilə qeyd edilib saat 00:10 ***-***-**-**—***-***-**-** qardaşım danışa bildin? nə xəbər, saat 00:11 ***-***-**-**—***-***-**-** yox brat gözdüyürəm, saat 00:13 ***-***-**-**—***-***-**-** bu iş deyildə tezdəndə işə getmiyəm, neyniyək qardaşım saat 00:48 ***-***-**-**—***-***-**-** Qaqa Səbrli ol, Bir nəfər Var Ondan, saat 00:49 Xəbər göndəmişəm, saat 00:56 Məndə gedirəm evə qaqa sabah səhər özüynən damşdıracam onu. Qaldı sabaha. Birinci dəfədi belə eliyir bu!!! 5 dənə kola sənindi qaqa 15 kola 5 patıda mənə atmalıydı iki gündü zülüm çəkirəm, əsir qalmışam yollarda. saat 00:57 Halım yoxdu uje burda durmağa, zaryatkamda qurtarır!!! saat 01:00 ***-***-**-**—***-***-**-** yaxşısın sən bilirsən məndə narahat edilər biyaqdan mazqimi xarab ediblər oçün olmaqi yaxşıda isdəyir görəy qaldım camatın yanda pis vəziyyətdəyəm, saat 01:02 ***-***-**-**—***-***-**-** Ay qaqa bu temanı atmamazlıq eliyə bilməz onların 5 kolası amma mənim 15 kola 5 patı ondadı atacaq atmağına arxayınam. Prosta yubanır. İnşa Allah sabahdan o tərəfə qalmaz... xx.xx.2024-cü il; “WhatsApp”da “SEYMUR” adı ilə qeyd edilib saat 13:16 ***-***-**-**—***-***-**-** mans 1 qr p 40 manata uşaq var onda, lazım deyil? saat 13:18 ***-***-**-**—***-***-**-** kolada var mans? 1 cet fasn saat 13:18 ***-***-**-**—***-***-**-** yoxe ay mans kola almaq üçün eliyir bunu saat 13:19 kolaynanda dəyişir kola vare kəlbə yoxdu, saat 13:24 ***-***-**-**—***-***-**-** ay mans özündə yoxdu biraz p 5-6 tüstü saat 13:26 ***-***-**-**—***-***-**-** mans bu qaqaşnan bir yerdəyəm lomkadan ölürəm kola tapım vəziyyətdən çıxım sənin üçün götürərəm bundan, Təqsirləndirilən şəxs səsli mesajla İran İslam Respublikasının vətəndaşı Mamed adlı şəxslə danışıqları; “WhatsApp”da “Mamed” adlı şəxsin +98-***-***-**-** nömrəsi “M” adı ilə qeyd edilib, Mamed xx.xx.2024-cü il saat 15:55 -Təyyar sən məni niyə aldadırsan yaxşı şey deyil pulumu vur. xx.xx.2024-cü il saat 13:36 -Təyyar sənə mal vermişəm pulunun yarısı verib çekini atmısan, bəs qalan pulu niyə vurmursan. Niyə alçaqlıq edirsən, sən çox alçaq adamsan. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 14:02- Eşidirsən Mamed kişi ağzına gələni danışma, sənin 150- 200 manatında gözüm yoxdur, sənə pul verəsi olmasaydım və səninlə işləmək fikrim olmasaydı birincidən sənə pul atmazdım. Ortadan qalan 150-200 manatı istəyirsən, mən sənə demişəm axı verdiyim malları camahata prob kimi paylamışam, kolan heçnədi, xoşlarına gəlmədi, gələn dəfə yaxşı olacaq temasıyla idi. Mən bilirəm ki, sənə borclu qalsam mənə bir daha mal verməyəcəksən. Birincidən mənə 10 ədəd mal atmalı idin, gül atmalı idin, srazu alan var idi 100 qram və 100 qram. Mənə yamyaş suyun içində kola atmışdın, 9 qram gəldi hamısı su idi. 3 dənə 4 dənə mala görə işi korlama sən artıq əvvəlki adam deyilsən. Mən gecəynən malı götürdüm, gecəynəndə pulunu atdım. Heç kim belə işləmir. Malın Tehran malı idi, demişdin gələn dəfə Urmiya malı verəcəm, amma yaxşı mal deyildir. Bu məzmunda Təqsirləndirilən şəxslə Mamed adlı şəxs 19, 22, 23, 24 və 26 aprel 2024-cü il tarixlərdə eyni məzmunlu söhbətlər aparmışlar. Mesajlar bölməsi vasitəsi müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 20:50-da ***-***-**-**—***-***-**-** Neman mən ağrıyıram niyə belə eliyirsən ki sən?? at qaqaş and ola Allaha oğluvun canına and içdün mən verdim daşı sənə!!! onunda canına yalandan and içsən iyrənərəmdə. xx.xx.2024-cü il tarixdə saat 14:41-də ***-***-**-**—***-***-**-** Baba salam Təyyardı. qaqa mənə 0.5 lazımdı götürməy olar (cild 1, iş vərəqi 118-121). Cinayət işinin materiallarında olan 29 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 305 qram narkotik vasitə qurudulmuş marixuana, 16,441 qram narkotik vasitə heroin və 47,004 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalmış 304,9 qram narkotik vasitə qurudulmuş marixuana, 16,241 qram narkotik vasitə heroin və 46,804 qram psixotrop maddə metamfetamin Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışının qeydə alındığı videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 84-86). Cinayət işinin materiallarında olan 18 iyul 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərar və raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung J12” markalı mobil telefon, İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən “Mamed” adlı şəxslə narkotik tərkibli maddələrin satışı barədə səs yazılarının köçürüldüyü 1 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-7942/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış, mobil telefon saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 2 ədəd CD isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 124-125). Cinayət işinin materiallarında olan 6 may 2024-cü il tarixli tapşırığa cavab olaraq Sabunçu RPİ-nin 13-cü PŞ-dən daxil olmuş məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayından başlayaraq İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Mamed» adlı şəxslə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olmuşdur (cild 1, iş vərəqə 89). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8.12.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 6 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 175-177). Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayət hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8.12.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 5 ay 6 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunduğu vaxt ərzində cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, hazırkı hökmlə təyin edilmiş cəzaya ona təyin edilmiş və çəkilməmiş 5 (beş) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 304,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, 16,241 olan qram narkotik vasitə heroin və 46,804 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs şəxsi axtarışının qeydə alındığı videogörüntünün yerləşdiyi 1 ədəd “DVD” disk, onun istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-7942/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk, onun üzərindən aşkar edilmiş “Samsung J 12” markalı mobil telefonunun “WhatsApp” proqramında “M” adı ilə qeyd edilmiş İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Mamed” adlı şəxslə olan səs yazılarının köçürüldüyü 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung J 12” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 6 (altı) günü qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq çəkiləri 304,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, 16,241 olan qram narkotik vasitə heroin və 46,804 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs şəxsi axtarışının qeydə alındığı videogörüntünün yerləşdiyi 1 ədəd “DVD” disk, onun istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-7942/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk, onun üzərindən aşkar edilmiş “Samsung J 12” markalı mobil telefonunun “WhatsApp” proqramında “M” adı ilə qeyd edilmiş İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Mamed” adlı şəxslə olan səs yazılarının köçürüldüyü 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın, -xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, öz adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung J12” markalı mobil telefon onun qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2149/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2149/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver