Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2166/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –“Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2024-cü il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə saat 21:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 22:20dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda 10045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulanadək fərdi əməklə məşğul olmuşdur. Dəqiq xatırlamadığı tarixdə axşam vaxtı Yevlax rayonundan Bakı şəhərinə gələrkən mobil telefonuna İran İslam Respublikasının vətəndaşı olan bir şəxs ona zəng edib 400 qram narkotik vasitə marixuananın olduğunu, istədiyi təqdirdə 600 manat müqabilində həmin narkotik vasitəni sata biləcəyini dedikdə razılaşmış, axşam vaxtı 400 qram marixuananı həmin şəxsdən almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəmil küçəsinə getmişdir. O, qara rəngli sellofan bağlamanı görüb götürərkən polis əməkdaşları onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin Baş İdarədə videoçəkilişlə şəxsi axtarış və baxış aparılarkən narkotik tərkibli maddə aşkarlanmışdır. Özü götürərkən, həmin narkotik tərkibli maddəni tərəzidə çəkmədiyinə görə çəkisinin 400 qram olduğunu zənn etmiş, sonradan isə ona həmin marixuananın çəkisinin 10 kiloqram olmasını öyrənmişdir. O, buna etiraz etdikdə, polis əməkdaşları tərəfindən ona psixi və fiziki təsir göstərilməklə, söylənilənləri müvafiq istintaq hərəkəti zamanı deməsi ondan tələb edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin iranlı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıdığını, əvvəllər hər hansı tanışlığının olmadığını, narkotik tərkibli maddə əldə etməyə görə aralarında ünsiyyətin yarandığını, iranlı şəxs ona zəng edərkən Yevlax rayonunda olduğunu, narkotik vasitə marixuananı şəxsi istifadəsi məqsədilə 600 manat müqabilində əldə etdiyini, ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdikləri sellofan bağlamanın onda olan çantaya oxşasa da, eyni olmadığını, satış məqsədinin olmadığını, ittihamda qeyd edilən qara bağlamanın ona məxsus olmadığını, polis əməkdaşlarının gətirdiyi bağlamanın ölçüsünün böyük olduğunu, polis əməkdaşları onu saxlayanadək artıq narkotik vasitə marixuananı götürdüyünü, bağlamanın tərəzidə çəkilmədiyini, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini, mobil telefonuna zəng və mesajların gəldiyini, habelə “Whatsapp” tətbiqindən istifadə etdiyini, heç vaxt narkotik tərkibli maddə ilə bağlı mobil telefonuna mesaj göndərilmədiyini, həmin iranlı şəxsdən əvvəllər də şəxsi istifadəsi məqsədilə 1 və ya 2 qram çəkidə marixuana aldığını, polis əməkdaşları tərəfindən edilmiş fiziki və psixi təsir nəticəsində bədənində hər hansı xəsarət yaranmadığını, 400 qram marixuana əldə etmək üçün həmin ünvana getdiyini, polis əməkdaşlarının gətirdikləri bağlamanın da qara rəngdə və eyni formada olduğunu, lakin üzərində aşkar etdikləri qara bağlama ilə eyni ölçüdə olmadığını, videoçəkiliş zamanı polis əməkdaşlarının gətirdiyi bağlamanın daha böyük ölçülü olduğunu bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Yevlax rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında yaşayır. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Təxminən 3-4 ay əvvəl “İnstagram” sosial şəbəkəsində təsadüfən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxs özünü ona “Murtazam” kimi təqdim etmiş, bir neçə gün sonra “Murtazam” adlı şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, o, arabir narkotik vasitə qurudulmuş marixuana (nəşə) istifadə etdiyini söyləmişdir. “Murtazam” adlı şəxs ona İran İslam Respublikasında narkotik vasitələr olduğunu, Bakı şəhərində olan bəzi tanışlarına bir neçə dəfə narkotik vasitə göndərdiyini, istədiyi təqdirdə pul müqabilində “nəşə” göndərə biləcəyini dedikdə, razılaşıb özü üçün çəkmək məqsədilə “nəşə” sifariş vermişdir. O, “Murtazam” adlı şəxsin dediyi “M 10” tətbiqi vasitəsi ilə 100 manat məbləğində pul göndərmiş, “Murtazam” adlı şəxs 10 qramdan artıq narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini demiş və bir saat keçdikdən sonra narkotik vasitə qurudulmuş marixuananın olduğu yerin konumunu göndərmişdir. O, həmin əraziyə gedib narkotik vasitəni oradan götürüb istifadə etmiş, bu hal bir neçə dəfə təkrarlanmışdır. Bir qədər müddət keçdikdən sonra “Murtazam” adlı şəxs ona bir neçə müddətdən bəri tanıdığına görə etibar etdiyindən, narkotik vasitə göndərdiyi təqdirdə, götürüb söylədiyi yerlərə qoya bilib-bilməyəcəyini soruşub bunun müqabilində qazanc əldə edəcəyini, işinin yalnız narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoymaqdan ibarət olacağını dedikdə, o, həmin vaxt maddi durumu yaxşı olmadığına görə razılaşmışdır. 07 may 2024-cü il tarixdə “Murtazam” adlı şəxs “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayıb narkotik vasitənin olduğu yerin konumunu (məkanını) göndərmiş və orada 01 ədəd qara rəngli sellofan torbada 10 kiloqrama yaxın “nəşə” olduğunu, həmin torbanı deyəcəyi ünvana qoyacağı halda 600 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra o, göndərilən “konum” üzrə Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsinə getmiş, torbanı görüb ətrafa baxmış və kiminsə onu görmədiyinə əmin olub içərisində narkotik vasitə olan torbanı götürmüşdür. Həmin ərazidən uzaqlaşdıqdan sonra saat 21:10 radələrində ünvan 3 ünvanın yaxınlığında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra poİis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, əlində saxladığı qara rəngli torba ilə birlikdə həmin idarəyə gətirilmişdir. Müdafiəçi ilə təmin olunub şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarı, əşyaları, bədəni və ya əlində saxladığı qara rəngli sellofan torbanın içərisində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əlində saxladığı torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin qara rəngli sellofan paketi, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 manat pulu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefon cihazını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin 01 ədəd qara rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisində spesifik qoxuya malik, tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmiş, bundan sonra əlində saxlayaraq təqdim etdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonun özünə məxsus olduğunu və içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, 2 manat pul isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, əlində saxlayaraq təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni “Murtazam” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında başqa ünvana yerləşdirmək üçün sonuncunun onun mobil telefonuna göndərdiyi məkana gedərək əldə etdiyini və bu işin müqabilində “Murtazam” adlı şəxsin ona 600 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 07 may 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, 3 nəfər əməliyyat qrupunun üzvü ilə birgə həmin tarixdə saat 21 radələrində ünvan 5 ünvanında Təqsirləndirilən şəxs özlərini təqdim edib saxlayaraq həmin Baş İdarəyə gətirmişlər. Şəxsi axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən pul, mobil telefon və 01 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs sorğu zamanı həmin narkotik tərkibli maddəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini, həmin narkotik tərkibli maddələri deyilən ünvanlara çatdırması müqabilində iranlı şəxsin ona 600 manat məbləğində pul verəcəyini vədd etdiyini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid əməliyyat qrupunun rəhbəri olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitəni təqdim etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs əlində qara bağlama olduğunu, lakin ölçüsünü dəqiq izah edə bilməyəcəyini, Təqsirləndirilən şəxs könüllü şəkildə qara bağlamanın içərisində marixuana olduğunu etiraf etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs üzərinə baxış keçirməklə bağlı səlahiyyətinin olmadığını, qara bağlamanın içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşduğunu, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bağlamada narkotik tərkibli maddənin aşkar edildiyini, həmin bağlamaya polis əməkdaşları tərəfindən hər hansı müdafiə edilmədiyini və əlavə olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid məhkəmədə verdiyi ifadəsinin narkotik vasitə qurudulmuş marixuananın çəkisi istisna olmaqla, qalan hissədə doğru olduğunu söylədi. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X9 Şahid məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadələr verməklə müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkarlandığını bildirdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə həmin idarənin əməliyyat müvəkkilləri Şahid, X6 və X4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 18-19) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əlində saxladığı paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin qara rəngli sellofan paketi, habelə əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 manat pulu, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi 01 ədəd qara rəngli sellofan paketə baxış keçirilərkən paketin içərisində spesifik qoxuya malik, tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxlayaraq təqdim etdiyi 01 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmiş, o, üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonun özünə məxsus olmaqla üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmiş, həmin telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində saxlayaraq təqdim etdiyi 01 ədəd qara rəngli sellofan paketin içərisindəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni “Murtazam” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında başqa ünvana yerləşdirmək üçün sonuncunun Təqsirləndirilən şəxs mobil telefonuna göndərdiyi məkana gedərək əldə etdiyini və bu işin müqabilində “Murtazam” adlı şəxsin ona 600 manat pul göndərəcəyini bildirmişdir. (Cild 1, iş vərəqə 26- 30) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/712 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 10045 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 10045 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 10044,8 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 42-45) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 56-57) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-625/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 78-80) xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmaqla, qalıq çəkisi 10044,8 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 81-82) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 1255/2024 nömrəli qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 89) xx.xx.2024-cü il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 90) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, 1/2708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. (Cild 1, iş vərəqə 102) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 106) xx.xx.2024-cü il tarixli, 3-13-6/2-7139/24 nömrəli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, üzərində aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, harada və kimdən əldə etməsini, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidləri, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 107) xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif mobil operatorlarına məxsus nömrələrdən “Qaqa Residi telefonu ac sözüm var dunenkinen lazımdı var sende ??”, “1 dənə də 10 ğ ot getir yaxşı otun varsa” məzmununda, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Tural qurban olum mehlenizdeyem asagi dus pyl var e onu verim sene”, “Tural yaşamala kecmeliyem konum goturmeye terezin varsa nolar mene tecili 5deyqelik lazimdi oture bilersen?eger bayaq 05das tapmadizsa 35manata var ustumde” məzmununda mesajlar göndərilmişdir. (Cild 1, iş vərəqə 109) Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə xx.xx.2024-cü il tarixli, 4359 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 119-120) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 121-129) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 132-133) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6184/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra müayinə zamanı onda yeni xəsarət izi aşkarlanmamış, Təqsirləndirilən şəxs həbs edilərkən xəsarət almadığını bildirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə əlaqədar 2171-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdikdən sonra təqdim etdikləri narkotik vasitəni videoçəkilişdə nümayiş etdirməsini ondan tələb etdiklərini desə də, şahidlər Şahid, X6 və X9 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya, məhkəməyədək icraat zamanı ona edilmiş fiziki və psixi zorakılıqla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğuna müraciət edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3- 16-17/40/2-6184/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “Zədə almadığını bildirir” yazısının, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “Sağ bazunun üçdə birinin ikinci barmağının falanqasının səthində, sağ qalçasının sol diz nahiyəsində, döş qəfəsinin aşağı üçdə birinin sağ tərəfində köhnə çapıq toxumalar” yazısının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluğa yol verilməsi müəyyən edilmədiyindən, Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın tədqiqi hissəsində qeyd olunmuş Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyi” X11 1223 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xx.xx.2024-cü il tarixə uyğun hər hansı xəsarət aşkar olunmamışdır. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən üzərində 400 qram narkotik vasitə marixuananın olduğunu, polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkəti aparılmazdan əvvəl ittihamda qeyd edilən narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, şahid qismində dindirilmiş Şahid, X6 və X9 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün əlavə narkotik maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hər hansı dəlillə möhkəmləndirməmiş, məhkəmə araşdırması zamanı həmin xüsusatlarla bağlı hər hansı hal aşkarlanmamışdır. Cinayət işinin materiallarının 1-ci cildinin 27-29-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sellofan bağlamanı könüllü şəkildə təqdim edərək həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, aşkarlanan bağlama qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokoldan görünür ki, sellofan bağlama “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/712 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 10045 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli, şahidlər Şahid, X6 və X7 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Murtazam” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən “Murtazam” adlı şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə saat 21:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin tarixdə saat 22:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən külli miqdarda 10045 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Murtazam” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən “Murtazam” adlı şəxsin bildirdiyi yerdən əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Murtazam” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən “Murtazam” adlı şəxsin bildirdiyi yerdən əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir. Bununla bağlı, məhkəmə bir halı da qeyd edir ki, məhkəmədə elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-6/2-7139/24 nömrəli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsasən Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını, üzərində aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, harada və kimdən əldə etməsini, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmasını görə biləcək şahidləri, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, həmin qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Murtazam” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən “Murtazam” adlı şəxsin bildirdiyi yerdən əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə müxtəlif mobil operatorlarına məxsus nömrələrdən “Qaqa Residi telefonu ac sözüm var dunenkinen lazımdı var sende ??”, “1 dənə də 10 ğ ot getir yaxşı otun varsa” məzmununda mesajlar göndərilir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ‘Tural qurban olum mehlenizdeyem asagi dus pyl var e onu verim sene”, “Tural yaşamala kecmeliyem konum goturmeye terezin varsa nolar mene tecili 5deyqelik lazimdi oture bilersen?eger bayaq 05das tapmadizsa 35manata var ustumde” məzmununda mesajlar göndərilmişdir. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “ot”, “daş” adı altında müxtəlif növ narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün Təqsirləndirilən şəxs ilə danışıqlar aparmış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istənilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda külli miqdar, təmiz halda 5 qramdan artıq olduqda xeyli miqdar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə qurudulmuş marixuana 10045 qram, yəni xeyli miqdarından 2009 dəfə, külli miqdarından isə təxminən 20,09 dəfədən artıq olması, narkotik vasitənin satışına dair mesaj mətnlərinin mövcudluğu, ibtidai istintaqda öz əməlini səmimi etiraf etməsi, əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən hökmün təsviri hissəsində sadalanmış qanunvericilik aktlarının, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-625/2024 nömrəli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 4359 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10044,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 15588 nömrəli məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 may 2024-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10044,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 15588 nömrəli məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2166/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2166/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver