Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-217/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1anov rayonu AK H.Əliyev küçəsi ev 94B mənzil ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 02:30 radələrində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxs halında birləşərək əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə ünvan 1anov rayonu, Maqsud Əlizadə küçəsi 126 ünvanında küçədə mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik göstərib onu qəsdən döyüb yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol əlin, sağ və sol diz oynağının sıyrıqları xəsarətləri yetirib qərəzli xuliqanlıq hərəkətləri edib, sonra isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq küçə söyüşləri söyüb, boğazından tutaraq boğaraq yerə yıxmaq istədiyi üçün Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bel nahiyəsinə bir dəfə qəsdən vuraraq ona onurğa ətrafı arteriya şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan kürək nahiyyəsinin döş boğluğuna nüfuz edən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir il olardı ki, eyni məhəllədə yaşayan Ziyadxanı tanımış, onunla dostluq münasibətləri olmuşdur. 2020-ci ilin dekabr ayında Ziyadxanla «28 May» metrosunun yanında yerləşən “Eqoist Otel”ə gedib orada yeyib-içmiş, lakin pulları az olduğu üçün otelə borcları qalmış, Ziyadxan mobil telefonunu oraya girov qoymuşdu. Oraya Ziyadxan onu qonaq dəvət etdiyi üçün düşünmüşdür ki, otelin borcunu da Ziyadxan ödəyəcəkdir. Ondan sonra Ziyadxan zəng vurub «sənin başın gedib, sən niyə otelin pulunu ödəmirsən» demiş, o da Ziyadxana dəvəti sən edibsən, səndə pulu ödəməlisən demişdir. 19 yanvar 2021-ci il tarixdə saat 21- 22 radələrində Ziyadxan ona zəng vurmuş, telefon danışığı zamanı aralarında mübahisə yaranmış və Ziyadxan onunla söhbət etmək üçün onu öz məhəllələrinə çağırmışdır. Həmin vaxtı Ziyadxan ona «sən tək gəlmə, biz bir neçə nəfərik, sonra demə ki, səni təklədik, ürəyin kimi istəyir götür gəl, səni başa salacam» demişdir.Tanışı Turalın mobil telefonu onda qaldığı üçün Ziyadxanla həmin telefonla danışmış, sonra isə Turalla Təbriz küçəsində görüşmüş, həmin vaxtı yanında Fariz və 4-5 nəfər onun tanışları olmuşdur. Ondan sonra Fariz və onun tanışları taksi ilə Ziyadxanın qaldığı küçəyə getmiş, Ziyadxana zəng vurmuş, Ziyadxan onu evin həyətinə çağırdığı üçün, Fariz və tanışları da evin həyətinə keçmişlər. Həyətdə Ziyadxanın yanında 6 nəfər şəxs olmuş, həmin şəxsləri əvvəllər görməmişdir. O, orada Ziyadxanla mübahisə edib ona niyə belə söhbət edirsən, bizim dostluğumuz olub demiş, Ziyadxan da ona «sənin mənə söz deməyə yaşın çatmır» demişdir. Onda o, Ziyadxana gəl həyətdən küçəyə çıxaq orada söhbət edək demiş, onla həyətdən küçəyə çıxıb sonradan yenə həyətə keçib söhbət edərkən Ziyadxanın yanında olan adını sonradan bildiyi Emin adlı şəxs onların söhbətinə müdaxilə etmiş, orada olan şəxslər Eminə sən niyə söhbətə müdaxilə edirsən demişlər. Bu söhbətdən sonra Emin «Ziyadxanın söhbəti mənim söhbətimdir, gəlin çıxaq sizinlə danışım» demişdir. Ziyadxan da ona «Emin sən çıx, mən də gəlirəm» demiş, bundan sonra Emin onlarla həyətdən küçəyə çıxıb, həyətdən təxminən 15-20 metr kənara getmişlər. Orada o, yenə də Eminlə söhbət etmiş, onda yanında olan Farizin tanışları ilə aralarında mübahisə yaranmış, o Eminlə aralarında mübahisə olmadığını qeyd edib onların dalaşmasını istəməmiş, lakin orada nalayiq küçə söyüşü söyüldüyü üçün onlar dalaşmağa başlamışlar. Həmin vaxt onları ayırmaq istəmiş, lakin Farizin adlarını bilmədiyi tanışları Emini vurmuş, onda onları ayırmaq istəmiş, ona “qardaş səninlə işim yoxdur sən niyə dava istəyirsən demiş”, bu zaman Emin onun ünvanına nalayiq sözlər işlədib boğazından tutaraq boğmağa başlamış, o, boğulduğunu hiss etmiş, lakin Emin onun boğazını buraxmadığından, ona “sən nə edirsən” demiş, lakin Emin yenə ünvanına nalayiq küçə söyüşü söymüşdür. Onda o, onun sərxoş olduğu üçün boğazını buraxmadığını görüb cibində olan qatlanan cib bıçağını çıxarıb sağ əli ilə onun belindən bir dəfə zərbə vurmuş, bundan sonra Emin onu buraxmış və o, oradan qaçmışdır. Emini bıçaqla bir neçə dəfə vurmaq imkanı olsa da onu cəmi bir dəfə boğazını buraxması üçün vurmuş, Emin arxasınca qaçmış, o isə qaçaraq oradan uzaqlaşıb taksiyə oturmuşdur. Həmin bıçaq kiçik, qatlanan bıçaq olmuş, həmin bıçağı hadisədən sonra yol üstü olan zibil qablarına atmışdır. Hadisə baş verən zaman yaxınlıqda mübahisədə iştirak edən şəxslərdən başqa adam olmamış, yüksək səslə söyüş söyülməmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ziyadxan cəbhə yoldaşıdır, onunla ikinci Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuşdur. 19 yanvar 2021-ci il tarixdə Ziyadxangilə qonaq gəlmiş, həmin gecə Ziyadxanın adını xatırlamadığı qohumu onları qonaq çağırmış, orada yeyib-spirtli içki içmişlər. Gecə saat 01 radələrində sonradan adını bildiyi Zaur adlı şəxs Ziyadxana zəng vurmuş, onların arasında nə söhbət olmasını mən bilməmişdir. Ziyadxana ona evin ünvanını demiş və bildirmişdir ki, «uşaqlar gəlir, söhbət edəcəyik» .Ziyadxan nə söhbət edəcəyi barədə heç nə deməmişdir. Təxminən 15-20 dəqiqədən sonra Zaur Ziyadxana zəng vurub gəlməsini bildirmiş, bundan sonra o, Ziyadxan və digər cəbhə yoldaşı Samirlə bir yerdə olan iki nəfər Ziyadxanın qohumları ilə həyətə çıxmışlar. Həyətə çıxanda onların 5-6 nəfər olmasını görmüş. onlardan ancaq sonradan adını bildiyi Zauru tanımış, onu əvvəllər görməmiş, yalnız söhbət zamanı bilmişdir ki, adı Zaurdu. Zaurla Ziyadxan əvvəlcə həyətdə söhbət eləmişlər, onlar isə həyətdə bir az aralıda dayanıb, onların söhbətinə qarışmamışlar. Onların nə barədə söhbət etmələrini bilməmişdir. Bir az söhbət etdikdən sonra Zaur, Ziyadxan və Zaurla gələn 5 nəfər evə girib öz aralarında sözlə mübahisə olmuş, onlar 5-10 dəqiqə söhbət etdikdən sonra yenə həyətə çıxmışlar. Həmin vaxt Zaurun yanında olan şəxslərdən birinə demişdir ki, burada səs-küy salmaq lazmı deyil, qonşular var. Onda həmin şəxs demişdir ki, «çölə çıxaq, söhbət edək». Onunla küçəyə çıxıb, evdən bir az aralandıqdan sonra birlikdə gedərkən həmin şəxslə aralarında mübahisə yaranmış, həmin tanımadığı şəxs onu təpik və yumruqla vurmağa başlamış və məni döydükdən sonra ayırmışlar. Sonra Zaurla aralarında mübahisə yaranmış və Zaur bıçaqla vuraraq qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, 02 oktyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış, 2020-ci ilin dekabr ayında hərbi xidmətdən tərxis olmamışdan öncə, yəni müharibə vaxtı Zərərçəkmiş şəxs və Şahid2la tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 27 dekabr 2020-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, 18 yanvar 2021-ci il tarixdə Novruzla Bakıda görüşmüş o, bir gecə onun qonağı olmuşdur. 19 yanvar 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində Nərimanov rayonu, Atatürk prospektində Samir və Eminlə görüşmüş, həmin vaxt kafe-restoranlar bağlı olduğu üçün birlikdə qohumu Şahingilə getmişlər. Orada olarkən uşaqlıqdan tanıdığı Zaur mütamadi olaraq zəng vurub onunla görüşmək istədiyini bildirmiş, onun zəng vurmasını səbəbi Zaura 46 manat borcunun olması olmuşdur. Ona görə də, Zaurla görüşməkdən yayınmış, lakin Zaur təkidlə görüşmək istəmişdir. Saat təxminən 01:00 radələrində qohumu Şahingildə olduqları zaman Zaurgil oraya gəlmişlər. Həmin vaxt münaqişə yaranmaması üçün o, evdən çıxmamış, Samir və Emin çölə çıxmışlar. Bundan təxminən 4-5 dəqiqə sonra Samir ona zəng edib qohumu Şahinin yaşadığı evdən təxminən 70-80 metr aralıda Eminin bıçaqlandığını və ona görə də olduqları yerə gəlməyini bildirmişdir. Odur ki, dərhal Samir və Eminin yanına gedib taksi sifariş edərək Emini yaxınlıqda olan 5 nömrəli xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman yaxınlıqda mübahisədə iştirak edən şəxslərdən başqa adam olmamış, yüksək səslə söyüş söyülməmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 19.01.2021-ci il tarixdə ünvan 1anov rayonu, 130 ünvannda yaşayan əmisi X5 gilə qonaq gəlmiş, Təxminən saat 23:30 radələrində televizora baxdıqları zaman evin həyətindən səs gəldiyini eşitdik bu zaman əmisi Maqsud Əlizadə evin həyətinə çıxmış, ondan təxminən 1- 2 dəqiqə sonra o, həyətə çıxmışdır. Həmin vaxt həyətdə əmisi gilin qonşuluğunda yaşayan Ziyadxan adlı şəxs və təxminən 23-24 yaşlarında olan tanımadığı 3 nəfər şəxsin söhbət etdiklərini görmışdür. Bundan sonra əmisi onlara yaşadığı evin həyətindən çıxmalarını bildirmiş, onlar həyətdən çıxıb getmişlər. Təxminən 2-3 dəqiqə sonra Ziyadxan qaçaraq həyətə daxil olub qapının kilidini bağlayıb, həyətə gəlmiş şəxslərin onu vuracağını bildirdiyi üçün əmisigil onun həyətdə 5-10 dəqiqə qalmasına icazə vermişlər. Bundan sonra həmin tanımadığı 3 nəfərdən biri gəlib Ziyadxanı çağırmış, Ziyadxan ona 5 dəqiqəyə gələcəyini bildirsə də o, həyətdən çıxmamış, təxminən saat 01:00 radələrində Ziyadxan həmin şəxslərin getdiyinə əmin olduqdan sonra əmisigilin yaşadığı evin həyətindən çıxıb getmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 Arif oğlu ifadəsində göstərmişdir ki, 21.09.2020 ci il tarixdə hərbi xidmətə çağırılmış, 2020-ci ilin dekabr ayında hərbi xidmətdən tərxis olmamışdan öncə Zərərçəkmiş şəxs və Şahid1lə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 13.01.2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, 18.01.2021-ci il tarixdə Ziyadxanla görüşüb bir gecə onun qonağı olmuşdur. 19.01.2020-ci il tarixdə saat təxminən 20:30 radələrində Nərimanov rayonu, Atatürk prospektində Ziyadxan və Eminlə görüşmüş, həmin vaxt kafe-restoranlar bağlı olduğu üçün birlikdə Ziyadxanın qohumu Şahingilə gedib yeyib-içmişlər. Orada olarkən Ziyadxana Zaur adlı şəxs mütamadi zəng vurmuş, Ziyadxandan eşitdiyinə görə onlar arasında 46 manat borc olmuş, bu səbəbdən aralarında mübahisəsi yaranmışdır. Zaur tez-tez zəng edib Ziyadxanla görüşmək istədiyini bildirmiş, Ziyadxan isə onunla görüşməkdən yayınmışdır. Təxminən saat 01:00 radələrində Ziyadxanın qohumu Şahingildə olduqları zaman Zaur adlı şəxs evin hasarından həyətə düşərək evin darvazasını açmış, tanımadığı 15-20 nəfər şəxs həyətə daxil olmuşlar. O və Ziyadxan onları yola verib münaqişə yaranmaması üçün onları birtəhər sakitləşdirib çölə çıxarıb bildirmişdir ki, sabah görüşüb söhbət edərik. Lakin onlar təkrarən həyətə daxil olmuş, həmin vaxt onlar Ziyadxanı evdə gizlətmişlər. O, və Emin münaqişə yaranmaması üçün onları həyətdən çölə çıxarmış, o evə qayıdıb Ziyadxana çölə çıxmamasını bildirmişdir. Bundan sonra Eminin həyətdə olmadığını görüb onu axtarmaq məqsədilə çölə çıxıb, onu səsləyə-səsləyə küçə ilə təxminən 70-80 metr getdikdə Eminin ağacların arasından ona tərəf gəldiyini, həmçinin Eminin üst dodaq nahiyyəsinin zədə aldığını, üst-başının pis gündə olduğunu görüb, ondan nə baş verdiyini soruşduqda Emin təngnəfəs danışaraq heç nə olmadığını bildirmişdir. Bundan sonra Eminin əynindəki kurtkanın ətəyindən qan axdığını görüb, kurtkanı çıxardıqda onun kürək nahiyyəsindən bıçaqla vurulduğunu görüb, dərhal həmin qan gələn hissəni öz əynindəki paltar ilə basdırmışdır ki, qan gəlməsin. Bundan sonra Ziyadxanın mobil nömrəsinə zəng edib olduqları yerə gəlməsini bildirmiş, təxminən 3-4 dəqiqə sonra Ziyadxan onların yanına gəlmiş və bundan sonra taksi sifariş edərək Emini yaxınlıqda olan 5 nömrəli xəstəxanaya gətirmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X7 06.02.2021-ci il tarixli, 029 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertiza müayinəsi zamanı bədəni üzərində onurğa ətrafı arteriya şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan sol kürək nahiyəsinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin, sağ və sol diz oynağının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən onurğa ətrafı arteriya şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan sol kürək nahiyəsinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsrindən, sol əlin, sağ və sol diz oynağının sıyrıqları isə bərk küt əşyanın (əşaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20.01.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə onurğa ətrafı arteriya şaxəsinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan sol kürək nahiyəsinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əlin, sağ və sol diz oynağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş vərəqə 32-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X7 05 aprel 2021-ci il tarixli, 119/2021 №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti uclu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. (iş vərəqə 98-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 19.04.2021-ci il tarixli, 1182 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixoloji cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin hazırda ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri alına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 100-102) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X7 19.04.2021-ci il tarixli, 153/2021 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ) 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 104-107) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməlində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi kimi cinayət əməlinin törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, yəni xuliqanlıq cinayət əməlinin törədilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əslində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı, verdiyi ifadəsində də qeyd etmişdir ki, gecə saat 01 radələrində Zaur Ziyadxana zəng vurub gəlməsini bildirmiş, bundan sonra o, Ziyadxan və digər cəbhə yoldaşı Samirlə bir yerdə olan iki nəfər Ziyadxanın qohumları ilə həyətə çıxmışlar. Həmin vaxt o, Zaurun yanında olan şəxslərdən birinə demişdir ki, burada səs-küy salmaq lazım deyil, qonşular vardır. Onda həmin şəxs ona demişdir ki, «çölə çıxaq, söhbət edək». Onunla küçəyə çıxıb, evdən bir az aralandıqdan sonra birlikdə gedərkən həmin şəxslə aralarında mübahisə yaranmış, həmin tanımadığı şəxs onu təpik və yumruqla vurmağa başlamış və onu döydükdən sonra onları ayırmışlar. Sonra Zaurla aralarında mübahisə yaranmış və Zaur bıçaqla onu vuraraq qaçmışdır. Eləcə də, məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs, Şahid1 oğlu onlara verilmiş suala cavab olaraq qeyd etmişlər ki, hadisə baş verən zaman yaxınlıqda onlardan başqa adam olmamış, yüksək səslə söyüş söyülməmiş, ictimai qayda pozulmamışdır. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı ifadəsində qeyd etmişdir ki, 19 yanvar 2021-ci il tarixdə saat 21-22 radələrində Ziyadxan ona zəng vurmuş, telefon danışığı zamanı aralarında mübahisə yaranmış və Ziyadxan onunla söhbət etmək üçün onu öz məhəllələrinə çağırmışdır. Ziyadxan onu evin həyətinə çağırdığı üçün, Fariz və tanışları da evin həyətinə keçmişlər. Həyətdə Ziyadxanın yanında 6 nəfər şəxs olmuş, həmin şəxsləri əvvəllər görməmişdir. Orada mübahisə yaranmış, orada nalayiq küçə söyüşü söyüldüyü üçün onlar dalaşmağa başlamışlar. Emin onun ünvanına nalayiq sözlər işlədib boğazından tutaraq boğmağa başlamış, o, boğulduğunu hiss etmiş, lakin Emin onun boğazını buraxmadığından, ona “sən nə edirsən” demiş, lakin Emin yenə ünvanına nalayiq küçə söyüşü söymüşdür. Onda o, onun sərxoş olduğu üçün boğazını buraxmadığını görüb cibində olan qatlanan cib bıçağını çıxarıb sağ əli ilə onun belindən bir dəfə zərbə vurmuş, bundan sonra Emin onu buraxmış və o, oradan qaçmışdır. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı ifadəsindən görünür ki, zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə deyil, Emin onun ünvanına nalayiq küçə söyüşü söydüyündən, onun boğazından tutaraq boğduğu üçün ehtiyat edərək vurmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmiş və zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurarkən onun xuliqanlıq niyyəti olmamışdır. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna və yuxarıda göstərilən xüsusatlara əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli sübuta yetmədiyindən ona həmin maddə ilə bəraət verilməli, Təqsirləndirilən şəxs yalnız AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.02.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 31) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs atası Həsənov Mİrəli Həsən oğlu tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, X4 tərəfindən onun oğlu Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs atası X4 tərəfindən tam olaraq ona ödənilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç biri iddiası, tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş arayış, fəxri fərman və diplomlardan görünür ki, Təqsirləndirilən şəxs idmanın müxtəlif növləri üzrə ölkədaxili və beynəlxalq yarışlarda nailiyyətlər qazanmış, mükafatçılar sırasında yer almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin könüllü olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir iddiasının, şikayət və tələbinin olmamasını, idman sahəsində qazandığı naliyyətlərini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi AR CM-in 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan 01 ədəd köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 mart 2021-ci il tarixli tutma haqqında protokoldan və 05 mart 2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-244/2021 saylı, 05.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan 01 ədəd köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-217/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-217/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver