Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2177/2024 15.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhmən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Bəhmən” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq 150,144 qram çəkidə, külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2024-cü il tarixdə saat 10:45-də ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4şən 21-ci Polis bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının cibindən bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 150,144 qram təşkil edən, kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, may ayının 1-i 21-ci Polis Bölməsinin işçiləri ona gözətçi işlədiyi dayanacaqdan getməsini təklif etmişlər və getmədiyi halda onu həbs edəcəklərini demişlər. O, narkotik vasitə istifadəçisi olmuşdur. Mayın 7-i səhər tezdən gəlib onu evdən götürmüşlər. Onda narkotik vasitə olmamışdır. Ona fiziki təzyiq olunumuş, onu döymüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs 30 ildir ki, narkotikdən istifadə etdiyini, iranlı ilə əlaqəsinin olmadığını, narkotiki tanımadığı şəxsdən aldığını, polislərin onu yatdığı yerdən gəlib apardıqlarını, həmin gün narkotikdən istifadə etmədiyini bildirdi. İfadələri arasında ziddiyyət olduğuna görə, Təqsirləndirilən şəxs ibdidai istintaqa verdiyi ifadəsi məhkəmədə tərəflərin razılığı ilə elan edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, 30 il olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən isitadə edir. Əvvəllər dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə 2013-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, cəzadan 2015-ci idə azad olunmuşdur. 2-3 il olar ki, avtodayanacaqda gözətçi işləyir. Həbsdən çıxandan sonra bir müddət narkotik vasitələrdən uzaq olmuş, lakin sonradan istifadə etməyə başlamışdır. 04 may 2024-cü il tarixdə tanıdığı “Bəhmən” adlı İran vətəndaşı ilə əvvəldən 110 manata danışaraq onun yerini nişan verdiyi və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yerdən bir ədəd sellofan torbacıqda olan psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş və bu məqsədlə üzərində şaxlamışdır. 07 may 2024-cü il tarixdə saat 10:45 radələrində yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 98 ünvanının qarşısında olan zaman sonradan polis əməkdaşları olduğunu bildiyi 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özü barədə məlumat verdikdən sonra, onun psixotrop maddə metamfetamin saxlaması barədə daxil olmuş məlumatla bağlı üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə polis bölməsinə gəlmişdir. Onu vəkillə təmin edərək şübhəli şəxs qismində tutmuşlar və hüquqlarını izah etmişlər. Sonra otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərindəki əşyaları təqdim etmək təklif edildikdə o, əynindəki idman şalvarının cibində olan, ***-***-**-** nömrə ilə işləyən mobil telefonunu, 10 manat pulunu və iranlı şəxsdən əldə etdiyi bir ədəd sellofan torbacıqda olan metamfetamini çıxarıb təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən başqa əşya aşkar edilməmişdir. Ondan soruşulduqda metamfetamini necə əldə etdiyini izah etmişdir. Təqdim etdiyi bir ədəd sellofan torbacıqda olan metamfetamin zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanaraq götürülmüşdür. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olaraq imza etmişdir. Həmin metamfetamini öz istifadəsi üçün əldə etdiyinə görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir (cild 1, iş vərəqi 89-93). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 7 may 2024-cü ildə Elşən adlı şəxsin narkotik vasitələrin istifadəsində, gəzdirilməsində, saxlanılmasında şübhəli şəxs olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Şahid2 və onun iştirakı olmaqla əməliyyat qrupu yaradılmış və Cəlil Məmmədquluzadə 98 ünvanına getmişlər. Orada Elşən adlı şəxsi görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra isə şəxsdən onlara özünü tanıtmasını istəmişlər. Həmin şəxs adının Elşən olduğunu bildirmiş və Elşəni polis bölməsinə gətirmişlər. İnzibati otaqda vəkilin iştirakı ilə çəkiliş altında şəxsin üzərinə axtarış həyata keçirilmişdir. Axtarış zamanı şəxsin üzərindən narkotik vasitə çıxmışdır. Elşən onlara bu narkotik vasitəni Masazırdan aldığını demişdir. Dindirilmə və şəxsin üzərində axtarış zamanı Elşənə qarşı heç bir güc tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 oxşar məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 Elşənə qarşı fiziki təzyiq olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, daşıması, göndərməsi və satması barədə əməliyyat yolu ilə məlumat əldə edilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Elşən adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, daşıması, göndərməsi və satmasında şübhəli bilinən Elşən adlı şəxs ünvan 3 ünvanının qarşısında olacağı barədə bölməyə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış əməliyyat qrupu xx.xx.2024-cü il tarixdə saat 10:30-da həmin ünvana gəlmiş və saat 10:45-də Elşən həmin ünvana gəldiyi zaman ona yaxınlaşılıb təqdim edilmiş və Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinin növbətçi hissəsində Elşən adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, istintaq hərəkəti keçirilməmişdən əvvəl şübhəli şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın cibindən 01 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf sellofanı, 01 ədəd “Samsung” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərindən aşkar edilmiş əşyanın "patı" adı ilə tanınan narkotik maddə metamfetamin olmasını bildirmiş, özünün uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini və onu xx.xx.2024-cü il tarixdə səhər saatlarında İran vətəndaşı Bəhmən adlı şəxslə 110 manata razılaşaraq Bəhmənin əvvəlcədən qeyd etdiyi ünvanda Abşeron rayonu Masazır qəsəbəsində qoyduğu yerdən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bükülü 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 189 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda 01 ədəd “Samsung” markalı telefon da götürülmüşdür (cild 1, iş vərəqi 46-49). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-6/2543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N189...” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd sellofan polietilen torbacıqda təmiz çəkisi 150,144 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 56-60). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 77-78). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatı yazılmış 1 ədəd DVD-R diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: şəxsi axtarış və götürmə haqqında 07 may 2024-cü il tarixli protokola əlavə edilmiş və üzərində “Verbatim” yazılmış, gümüşü rəngli DVD-R disk “HP” markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda onun içərisində “0059.MTS” və “0060.MTS” adlı 2 ədəd video fayl olması müəyyən edildi. “0059.MTS” adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan torbacığı və 10 manat pul əskinasını çıxararaq masanın üzərinə qoymuş və şəffaf rəngli sellofan torbacıqda olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini 04 may 2024-cü il tarixdə “Bəhmən” adlı İran İslam Respublikası vətəndaşı ilə 110 manata razılaşaraq həmin şəxsin əvvəlcədən yerini qeyd etdiyi Abşeron rayonu Masazır qəsəbəsində “zakladka” kimi qoyulmuş yerdən götürərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs Qalıb oğlunun üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. “0060.MTS” adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı təqdim etdiyi mobil telefon zərfdə qablaşdırılmış, 10 manat pul özünə qaytrılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur (cild 1, iş vərəqi 114). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı telefona baxış keçirilmiş, telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 115). - Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamış, lakin onun İran vətəndaşından əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhərində satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir (cild 1, iş vərəqi 124). - telefon danışıqlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234 4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs Qalıb oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsindən götürülmüş 01 mart 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısının, hansı anten əhatə dairəsində işlənməsi, abonentlər barədə məlumatların, həmçınin daxil olan və çıxan ismarıcların (sms) mətnlərini əks etdirən 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, qeyd edilən disk “HP” markalı komputerin disk oxuyan qurğusuna daxil edildikdə müəyyən olmuşdur ki, diskdə 05 ədəd fayl vardır. Diskdə olan fayllar açıldıqda ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış zənglərə uyğun coğrafi koordinatlar üzrə yerdəyişmələr, göndərilmiş və qəbul edilmiş mesajlar və zənglərlə bağlı məlumatların olması müəyyən edilmişdir. Baxış keçirilərkən bilavasitə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan və iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 136). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 139). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 140). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4369 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 150,144 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 149,944 qram çəkidə psixotrop maddə metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 146-150). - cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 150,144 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdiyi Bəhmən adlı İran vətəndaşı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 152-154). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 150,144 qram təmiz çəkidə psixotrop maddə metamfetamini bir büküm sellofan torbacıqda üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olubolmaması, konkret kimlərə narkotik vasitə və ya psixotrop maddə satması, psixotrop maddəni nə vaxt, harada və hansı mənbədən əldə etməsinin müəyyən ediilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəsini müəyyən etmək mümkün olmamış, lakin onun İran vətəndaşından əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhərində satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa şəxsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilmir. Cavabdan eyni zamanda aşkar görünür ki, tapşırıqda qoyulan suallara yarımçıq cavab verilmiş, ümumilikdə isə cavab formal xarakter daşıyır. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvləri də ifadələrində təqsirləndirilən şəxsin kiməsə psixotrop maddə satması barədə konkret fakt haqqında hər hansı məlumat verməmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin psixotrop maddələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 150,144 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” psixotrop maddələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 07 may 2024-cü il tarixdə onun üzərindən külli miqdarda 150,144 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini o, öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, təqsirləndirilən şəxs həm ibtidai istintaqın ilkin mərhələsindən sonuna kimi, həmçinin məhkəmə istintaqında uzun müddət ərzində narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyilə də təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa iş materiallarından görünür ki, o, əvvəllər də dəfələrlə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmşdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini məhz şəxsi istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsi və onun həmin təzyiq altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan idman şalvarın cibindən içərisində metamfetamin olan şəffaf sellofanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş əşyanın "patı" adı ilə tanınan narkotik maddə metamfetamin olmasını bildirmiş, özünün uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini və onu xx.xx.2024-cü il tarixdə səhər saatlarında İran vətəndaşı Bəhmən adlı şəxslə 110 manata razılaşaraq Bəhmənin əvvəlcədən qeyd etdiyi ünvanda Abşeron rayonu Masazır qəsəbəsində qoyduğu yerdən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Lakin məhkəmədə ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını qeyd etmişdir. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin iddialarını araşdırmaq məqsədilə məhkəmə sorğu verərək onun saxlandığı İstintaq təcridxanasından tibbi kitabçasının surətini əldə edərək məhkəmə baxışında kitabçanın tədqiqini aparmışdır. Kitabçada olan qeydlərdən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilib ilkin tibbi müayinəsi keçirilən zaman onun bədənində yeni xəsarət izləri aşkar edilməmiş, sağ bazunun bayır səthində postinyeksion abses, hər iki saidin ön səthində köhnə çapıq izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi iddiaları məhkəmədə dindirilən şahidlər vasitəsilə də yoxlanılmışdır. Belə ki, məhkəmədə şahid qismində ifadə verən, təqsirləndirilən şəxsi saxlayan polis əməkdaşları ona qarşı hər hansı fiziki təsir olmadığını bildirmişlər. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə toplanmış digər sübutlarla uzlaşdığını əsas götürərək sübut kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 121-123). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı vaxtdan iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22-23, 101- 105). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 149,944 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 149,944 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-2177/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2177/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver