Məhkəmə qərarları › İş №1(101)-218/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-218/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-218/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı; zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçilər: ‹Pro Bono› Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə; xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağdam rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay şərti sınaq müddəti təyin edilməklə 02 il 09 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə; xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşayan bibisi qızı Zərərçəkmiş şəxs oğurlayaraq Ağdam rayonu, Quzanlı qəsəbəsinə aparmaq məqsədi ilə əvvəlcədən razılaşdıqları kimi xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs1, Əsgər Mehtiyev və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz E220” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu, Quzanlı qəsəbəsindən Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3 saylı binanın qarşısına gəlib avtomobili bir qədər kənarda saxlamaqla Təqsirləndirilən şəxs2 avtomobilin sükanı arxasında, Əsgər Mehtiyev avtomobilin qabaq sağ oturacağında, Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa oturacağında oturaraq Zərərçəkmiş şəxs binadan çıxmağını gözləmiş, həmin gün saat 12:30 radələrində sonuncu yaşadığı binadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğurlamaq üçün əlverişli şərait yaranan kimi avtomobillə sonuncunun qarşısını kəsməyi tapşırmış, Təqsirləndirilən şəxs2 də öz növbəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən 90 saylı uşaq bağçasının arxasında cinayət əməllərini həyat keçirmək üçün əlverişli şəraitin yarandığını görüb, avtomobillə Zərərçəkmiş şəxs qarşısını kəsmiş, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə qollarından tutub sonuncunun ondan sərbəst buraxılmasını istəməsinə dair yalvarışlarına məhəl qoymayaraq ona sol almacıq, sol diz oynağı, sol baldır, sol bazu və döş qəfəsi nahiyələrinin qançırları, sol baldır nahiyyəsinin sıyrığı ilə müşaiyət edilən dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, “Mersedes Benz E220” markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına otuzdurub əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 avtomobili Ağdam rayonu, Quzanlı qəsəbəsi istiqamətində idarə etməyə başlamış, hərəkətdə olarkən cinayət haqqında məlumat almış polis əməkdaşları Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mersedes Benz E220” markalı **-NV-*** dövlət nömrə nişanlı avtomobili təqib edərək avtomobili saxlayıb cinayət əməllərini sonlandırılması barədə tələblərinə həmçinin, Zərərçəkmiş şəxs iradəsinə zidd qaçırılmasından imtina olunması barədə avtomobildə hər birinə ayrı-ayrılıqda etdiyi yalvarışlarına məhəl qoymayaraq cinayət əməllərini davam etdirmişlər, yalnız Bakı–Qazax–Gürcüstan sərhədi yolunun 93,4 km-də yerləşən “Nəvai” stasionar postunda Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 tərəfindən saxlanılmaqla adam oğurluğu cinayətini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bibisi qızı Zərərçəkmiş şəxs subay olduğundan onunla evlənmək qərarına gəlmişdir. Bu barədə ailə üzvlərinə məlumat vermiş və onlarda Gülnarəni bəyəndiklərini və qısa müddətdə evlərinə elçi gedəcəkləri barədə razılaşmışlar. xx.xx.2020-ci il tarixdə anası Şahid6, bacısı Dinarə, bacısının əri Elnur, iki az yaşlı uşaqları ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığları ünvan 4 ünvanına qonaq gəlmişlər. Orada olan zaman Zərərçəkmiş şəxs mətbəxə çay hazırlamağa getdiyini görmüş və onun onunla ailə həyatı qurmaq fikrini öyrənmək üçün onun arxasınca mətbəxə daxil olmuşdur. Bir qədər Gülnarə ilə söhbət etdikdən sonra, onların evinə ailə üzvlərilə birlikdə gəlməklərinin səbəbini, onu çox bəyəndiyini və rəsmi nigahla onunla evləmək fikrinin olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs bu sözləri eşitdikdən sonra cavab olaraq, heç vaxt qohumla ailə həyatı qurmayaçağını bildirmişdir. Gülnarənin sözlərini eşitdikdən sonra onunla danışığını yekunlaşdırmışdır. Bir neçə dəqiqədən sonra Gülnarə işə getmək üçün evdən çıxıb getmişdir. Onların evində olan zaman bibisi Əntiqə söhbət əsnasında onun xətrini çox istədiyini, lakin Gülnarənin razılığı olmadan bu məsələnin alınmayacağını və əlavə olaraq bir neçə gün gözləməyini söyləmişdir. Həmin gün rayona ailə üzvləri ilə birlikdə qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Gülnarəni izləmək üçün, yəni onun sevgilisi olub olmadığını müəyyən etmək və qaçırmaq qərarına gəlmişdir. Buna görədə Təqsirləndirilən şəxs3 və onunla rayonda bir qəsəbədə yaşayan tanışı Təqsirləndirilən şəxs2 görüşmüş və onlara yalandan Gülnarənin onunla ailə həyatı qurmağa özünün razılığ verdiyi, lakin ailə üzüvlərinin onun əvvələr məhkum olunduğuna görə narazı olduğlarını, bu səbəbdən onu qaçırmaq qərarına gəldiyini söyləmişdir. Əlavə olaraq onlara Zərərçəkmiş şəxs qaçıran zaman yalandan qışqırıb artistlik edəcəyini söyləmişdir. Bu səbəbdən onlar ona köməklik etməyə razılaşmışlar. xx.xx.2020-ci il tarixdə saat 06:00 radələrində Elçinə məxsus “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gəlmişlər. Gülnarə yaşadığı evin qarşısında bir qədər kənarda avtomobili saxlamışlar. Saat təxminən 12:15 radələrində Gülnarə və bibisi qızı Şahid1 ilə birlikdə evdən çıxmışlar. Həmin vaxtı Elçin avtomobilin sükanı arxasında əyləşmiş, Əsgər isə onun yanında ön oturaçağda oturmuşdur. Onları görən kimi Elçinə avtomobili onların arxasınca sürməsini xahiş etmişdir. Bir neçə dəqiqə onları izlədikdən sonra, boşluq ərazidə Elçinə, Gülnarənin qarşısını kəsməsini bildirmişdir. O da onun dediyi kimi avtomobili sürətlə sürərək Gülnarə və Müjganın qarşısında saxlamışdır. O, dərhal avtomobildən düşmüş, Gülnarə onu görəndə qaçmaq istəmiş, o, Gülnarənin qolundan tutub ona «gedək, səni qaçırıram» ifadəsini işlədəndə, o ona «məni qaçırma» sözlərini demişdir. Buna baxmayaraq, o, Gülnarənin qolundan zorla tutub onu maşına tərəf gətirməyə başlamış və Gülnarəni maşına otuzdurmuşdur. Həmin vaxt Gülnarə qışqırmağa başlamışdır. Elçinə avtomobili sürməyini bildirmişdir. Gülnarə avtomobildə ağlayaraq özünün başqa sevdiyi şəxs olduğunu, onu buraxmağını xahiş etmişdir. Həmin vaxtı onun sözlərinə inanmamış və ona sakit olmasını tələb etmişdir. Avtomobil ilə bir qədər hərəkət etdikdən sonra ünvanını dəqiq bilmədiyi yolda tıxaca düşmüşlər. Bu zaman Gülnarə avtomobilin sağ yan qapısını açaraq avtomobildən düşməyə cəhd eləmiş, onun qolarından tutaraq zorla avtomobilin salonuna salmış və avtomobilin qapısını bağlamışdır. Binəqədi rayonu Avtovağzal dairəsində polis əməkdaşları onlara saxlamaqlarını tələb etmişlər. O, Elçinə qız qaçırdıqlarını avtomobili saxlamamasını söyləmiş, o da onunla razılaşmışdır. Bir neçə dəqiqə avtomobil ilə hərəkət etdikdən sonra Nəvai postunda yol bağlanmış, Elçin məcbur olub avtomobili saxlamış, polis əməkdaşları onlara yaxınlaşmışlar və avtomobildən düşməklərini tələb etmişlər. Onlarda polis əməkdaşlarının əmrinə tabe olmuşlar. Bu zaman Gülnarə avtomobildən düşərək polislərin yanına qaçmışdır. Daha sonra onları polis bölməsinə gətirmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2015-ci il tarixdə tanımışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında Zaur onunla əlaqə saxlamış və onunla görüşmüşlər. Görüş zamanı Zaurun bacısının əri Əsgərdə orada olmuşdur. Söhbət əsnasında Zaur bibisi qızı Gülnarə ailə həyatı qurmaq fikrinin olduğunu, qızın və ailə üzüvlərinin razı olduğunu, lakin maddi vəziyyəti ilə əlaqədar toy mərasimi rəşkil edə bilməyəcəyini, buna görə də Gülnarənin Bakı şəhərində olduğunu və onu gətirmək üçün oraya getmək lazım olduğunu, onun avtomobili ilə onları Bakı şəhərinə aparmağını xahiş etmişdir. Zaurun xətrini çox istədiyindən onunla razılaşmışdır. xx.xx.2020-ci il saat 06:00 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gəlmişlər. Zaur ona avtomobilini Gülnarənin yaşadığı evin qarşısında bir qədər kənarda saxlamağını xahiş etmişdir. Saat təxminən 12:15 radələrində həmin binadan əvvəllər tanımadığı iki qız çıxmış, Zaur həmin qızları arxansınca avtomobili sürməyini bildirmiş və həmin qızlardan birinin onun bibisi qızı Gülnarə olduğunu söyləmişdir. Həmin vaxtı Əsgər avtomobilin ön sağ oturaçağında, Zaur isə arxa oturaçağda oturmuşdur. Bir neçə dəqiqə onları izlədikdən sonra boşluq ərazidə Zaur Gülnarənin qarşısını avtomobilə kəsməyini bildirmişdir. Zaurun dediyi kimi, avtomobili həmin qızların qarşısında saxlamışdır. Zaur dərhal avtomobildən düşmüş və Gülnarənin qolundan tutaraq zorla avtomobilin salonuna əyləşdirmişdir. Gülnarə avtomobildə ağlayaraq özünün başqa sevdiyi şəxs olduğunu Zaurun onu buraxmasını xahiş etmişdir. Zaur lakin onun sözlərinə məhəl qoymayaraq ona sakitləşməsini tələb edirmiş. Avtomobil ilə bir qədər hərəkət etdikdən sonra ünvanını dəqiq bilmədiyi yolda tıxaca düşmüşlər. Bu zaman Gülnarə avtomobilin sağ yan qapısını açaraq avtomobildən düşməyə cəhd eləmiş, Zaur onun qolarından tutaraq avtomobilin salonuna salmış və avtomobilin qapısını bağlamışdır. İdarə etdiyi avtomobilin qapısının digər avtomobilə dəydiyi üçün qorxmuş və avtomobili sürərək qarşı yola çıxaraq oradan uzaqlaşmağa çalışmışdır. Binəqədi rayonu Avtovağzal dairəsində polis əməkdaşları idarə etdiyi avtomobilə saxlamağını tələb etmişlər. Zaur qız qaçırdıqlarını, avtomobili qətiyən saxlamamağını söyləmiş, həmin vaxtı qorxudan avtomobili saxlamayaraq yoluna davam etmişdir. Bir neçə dəqiqə avtomobil ilə hərəkət etdikdən sonra Nəvai postunda yol bağlanmış, məcbur olub avtomobili saxlamış, polis əməkdaşları onlara yaxınlaşmışlar və avtomobildən düşməklərini tələb etmişlər. Onlar da polis əməkdaşlarının əmrinə qarşı çıxmayaraq avtomobilin qapılarını açmışlar. Bu zaman Gülnarə avtomobildən düşərək polislərin yanına qaçmışdır. Daha sonra onları polis bölməsinə gətirmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə bacısının qardaşı Təqsirləndirilən şəxs1 onlara qonaq gəlmişdir. Söhbət əsnasında o, bibisi qızı Zərərçəkmiş şəxs sevdiyini və onunla bu barədə danışdığını, lakin özünün əvvələr məhkum olunduğuna görə Gülnarənin ailə üzvlərinin evlənmələrinə icazə vermədiklərini, buna görədə Gülnarənin də razılığı ilə onu qaçırmaq fikrinin olduğunu demişdir. Əlavə olaraq Gülnarəni qaçıran zaman yalandan qışqırıb artistlik edəcəyini bildirmişdir. Zaur onunla birlikdə Gülnarəni qaçırmaq üçün Bakı şəhərinə getməyini təklif etmişdir. Zaurun xətrini çox istədiyindən onun təklifi ilə razılaşmışdır. Zaurla birlikdə evdən çıxaraq onların yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər. Orada Zaurun tanışı Təqsirləndirilən şəxs2lə görüşmüşlər. Zaur bir daha Elçinə Gülnarəni öz razılığı ilə qaçırmaq fikrinin olduğunu, lakin Gülnarənin Bakı şəhərində olduğundan və qız qaçırmaq üçün avtomobil lazım olduğundan ona kömək etməsini və onları öz avtomobili ilə aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs2 də onu təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il saat 06:00 radələrində Elçinə məxsus “Mercedes” markalı **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gəlmişlər. Zaur avtomobili Gülnarə yaşadığı evin qarşısında bir qədər kənarda Elçinə saxlamağı xahiş etmişdir. Saat təxminən 12:15 radələrində həmin binadan əvvəllər tanımadığı iki qız çıxmışdır. Zaur həmin qızların arxansınça avtomobili sürməyi bildirmiş və həmin qızlardan birinin onun bibisi qızı Gülnarə olduğunu söyləmişdir. Həmin vaxtı o, avtomobilin ön sağ oturaçağında oturmuşdur. Zaur isə arxa oturaçağda oturmuşdur. Bir neçə dəqiqə onları izlədikdən sonra boşluq ərazidə Zaur avtomobili Gülnarənin qarşısında saxlamağı bildirmişdir. Elçin onun dediyi kimi avtomobili həmin qızların qarşısında saxlamışdır. Zaur dərhal avtomobildən düşmüş və Gülnarənin qolundan tutub ona «gedək, səni qaçırıram» ifadəsini işlətmiş, Gülnarə isə «məni qaçırma» sözlərini demişdir. Buna baxmayaraq, Zaur zorla Gülnarənin qolundan tutub ona maşına tərəf gətirməyə başlamış və Gülnarəni maşına otuzdurmuşdur. Gülnarə avtomobildə ağlayaraq özünün başqa sevdiyi şəxs olduğunu Zaurun onu buraxmasını xahiş etmişdir. Zaur onun sözlərinə məhəl qoymayaraq ona sakitləşməsini tələb edirmiş. Avtomobil ilə bir qədər hərəkət etdikdən sonra ünvanını dəqiq bilmədiyi yolda tıxaca düşmüşlər. Bu zaman Gülnarə avtomobilin sağ yan qapısını açaraq avtomobildən düşməyə cəhd eləmiş, Zaur onun qolarından tutaraq avtomobilin salonuna salmış və avtomobilin qapısını bağlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili ilə qarşı yola çıxaraq orada uzaqlaşmışlar. Binəqədi rayonu Avtovağzal dairəsində polis əməkdaşları avtomobili saxlamağını tələb etmişlər. Zaur qız qaçırdıqlarını, avtomobili qətiyyən saxlamamaqlarını söyləmişdir. Bir neçə dəqiqə avtomobil ilə hərəkət etdikdən sonra Nəvai postunda yol bağlanmış, məcbur olub Elçin avtomobili saxlamış, polis əməkdaşları onlara yaxınlaşmışlar və avtomobildən düşməklərini tələb etmişlər. Bu zaman Gülnarə avtomobildən düşərək polislərin yanına qaçmışdır. Sonra isə onları polis bölməsinə aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində dayısı arvadı Şahid6, onun qızı Dinarə, onun adını bilmədiyi əri, iki az yaşlı uşaqları, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə onlara qonaq gəlmişlər. Onlar üçün çay hazırlamaq məqsədi ilə mətbəxdə olan zaman dayısı oğlu Təqsirləndirilən şəxs1 mətbəxə gələrək, orada olan divana əyləşmiş və onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında Zaur ona qonaq gəlməklərinin səbəbinin, onunla evlənmək olduğunu bildirmişdir. O, çox təəcüblənmiş və ona qohumla ailə həyatı qurmaq fikrinin olmadığını söyləmişdir. Bunun qarşılığında Zaur ona fikirləşib cavab verməyini bildirmişdir. Zaura əvvəllər ona iki xalası oğlunun elçi gəldiyini, razılaşmadığını və bundan sonradan heç vaxt qohumla ailə həyatı qurmayacağını qətiyyətlə bildirmiş və Zaurla aralarında olan söhbət yekunlaşmışdır. Bir müddətdən sonra işə getmək üçün evdən çıxan zaman dayısı arvadı Əntiqə ilə sağollaşan əsnada o, onu acılamış, ondan səbəbini soruşanda, Zaurla ailə həyatı qurmağa razılıq vermədiyinə görə ondan incidiyini bildirmişdir. Dayısı arvadı Əntiqəyə qohumla ailə həyatı qurmayacağını söyləmiş və evdən çıxaraq işə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində işə getmək üçün xalası qızı Şahid1 ilə evdən çıxmışlar. Yaşadığı evdən təxminən 400-500 metr xalası qızı ilə piyada getdikdən sonra orada olan 90-saylı uşaq bağçasının arxa tərəfində olan zaman, bir anda arxadan boz rəngli “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarında dayanmış, avtomobildən dayısı oğlu Zaur düşərək üzərinə hücum çəkib qollarından tutaraq zorla onu avtomobilə əyləşdirmişdir. Zaur onu avtomobilin salonuna əyləşdirən zaman ucadan qışqıraraq onu sevmədiyini deyərək müqavimət göstərməyə başlamış, lakin həmin vaxtı xalası qızından başqa orada heç kim olmadığına görə ona kömək edən olmamışdır. Avtomobilin salonunda olan zaman Zaurun onu evlənmək məqsədi ilə qaçırdığını başa düşmüş və ona başqa sevdiyi şəxs olduğunu bildirmişdir. Həmin vaxtı avtomobilin salonunda ön oturacağında əvvəllər tanımadığı Zaurun bacısı Samirənin əri Əsgər və əvvəllər tanımadığı Zaurun qohumu Elçin adlı şəxs oturmuşdur. Avtomobilin salonunda olan zaman ağlayaraq onlardan ona kömək etmələrini Zaur adlı şəxsi sevmədiyini, başqa bir şəxslə ailə həyatı qurmaq fikrinin olduğunu deyərək, avtomobili yolun kənarında saxlayıb onu düşürtmələrini və gələcəkdə, onlar barəsində heç bir şikayəti olmayacağını deyərək yalvarırmış. Lakin onlar onun heç sözünə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam edirmişlər. Avtomobilin salonunda olan zaman avtomobildən düşmək üçün bir neçə cəhd etmiş, Zaur onun qollarından tutduğuna görə bacara bilməmişdir. Elçin həmin vaxtı Zaura avtomobildə yerini dəyişməsini bildirmişdir. Lakin Zaur onun sözlərinə məhəl qoymamış, Elçin ikinci dəfə təkidlə Zaura avtomobildə yerini dəyişməsini bildirmişdir. O, avtomobilin salonunda arxa sağ oturacağda əyləşmişdir. Elçinin sözlərindən sonra avtomobilin qapısının açıq olduğunu başa düşmüşdür. Avtomobil hərəkətdə olan zaman yolun tıxac olmasından Elçin avtomobili məcbur olub saxlamışdır. Canını Zaurdan qurtarmaq üçün avtomobilin qapısnı açaraq bayıra çıxmaq istəyən zaman Zaur onun yenidən qollarından tutaraq avtomobilin salonuna salmışdır. Avtomobilin qapısını açan zaman sağ tərəfdə olan markasını xatırlamadığı avtomobilin qapısına bərk dəymişdir. Bundan sonra Elçin yolun tıxac olduğuna görə qarşı yola çıxaraq avtomobili sürətlə sürməyə başlamışdır. Yenidən ağlayaraq onu buraxmaqlarını xahiş etmiş, yenə də onlar onun sözlərinə məhəl qoymamışlar. Avtomobil hərəkətdə olan zaman polis maşını bir neçə dəfə avtomobili saxlamaq üçün işarə vermişdir. Lakin Elçin sürətlə müxtəlif manevir hərəkətləri edərək avtomobili saxlamamışdır. Bundan sonra həmin polis maşını arxaları ilə gəlməyə başlamışdır. Bir qədər irələdikdən sonra Nəvai postunda polis əməkdaşları yolu bağlamışlar. Polis əməkdaşları avtomobilə yaxınlaşmışlar və onlara avtomobildən düşmələrini bildirmişlər. Zaur və qohumları polis tələbinə məhəl qoymayaraq avtomobilin qapılarını açmamışlar. Daha sonra polis əməkdaşları qapıları açmadıqları təqdirdə avtomobilin şüşələrini sındıracaqlarını bildirmişlər. Bundan sonra avtomobilin qapılarını açmışlar və o, dərhal avtomaşından düşərək polis əməkdaşlarının yanına qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində xalası qızını görmək üçün onların yaşdığı ünvan 5 ünvanına qonaq gəlmişdir. Təxminən onlarda bir saat oturduqdan sonra Gülnarənin işə getdiyinə görə onunla birlikdə evdən çıxmışlar. Onların evindən təxminən 400-500 metr Gülnarə ilə piyada getdikdən sonra orada olan 90-saylı uşaq bağçasının arxa tərəfində olan zaman, bir anda arxadan boz rəngli “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarında dayanmış, avtomobildən dayısı oğlu Zaur düşərək Gülnarənin üzərinə hücum çəkib qollarından tutaraq zorla onu avtomobilə əyləşdirmişdir. Həmin vaxtı Gülnarənin dayısı oğlu Zaura müqavimət göstərdiyini görərək, Zaurdan ondan əl çəkməsini tələb etmiş, lakin o, onun sözlərinə və Gülnarənin yalvarmasını məhəl qoymayaraq Gülnarəni zorla avtomobilə əyləşdirmişdir. Daha sonra avtomobili sürətlə sürərək oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində dayısı arvadı Şahid6, onun qızı Dinarə, onun adını bilmədiyi əri, iki az yaşlı uşaqları, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə onlara qonaq gəlmişlər. İlkin olaraq anası Nargilə Aslanovanın səhətində yaranmış problemlərə görə onların qonaq gəldiklərini fikirləşmişlər. Bir qədər söhbət etdikdən sonra məlum olmuş ki, onlar evə bacısı Zərərçəkmiş şəxs dayısı oğlu Təqsirləndirilən şəxs1 istəmək üçün gəliblər. İlkin olaraq Şahid6 anasına fikrini bildirmiş, bunun qarşılığında anası ailə həyatı qurmaq barədə Zərərçəkmiş şəxs hər hansı bir təziq edə bilməyəciyini, onun razılığı olacağı təqdirdə etiraz etməyəcəyini söyləmişdir. Bu səbəbdən bacısına yaxışlaşaraq fikrini soruşmuş, o, isə qarşılığında heç vaxt qohumla ailə həyatı qurmaq fikrinin olmadığını və Zauruda xarici görünüşünü bəyənmədiyini bildirmişdir. Gülnarənin fikrini öyrəndikdən sonra dayısı arvadı Əntiqəyə və Zaura Gülnarənin fikrini söyləmiş və bir daha Gülnarənin razılğı olmadığı təqdirdə bu məsələnin həll olmayacağını demişdir. Dayısı arvadı Əntiqə və Zaur bir qədər narazı şəkildə çıxıb evdən getmişlər. xx.xx.2020-ci il tarixdə saat 11:42-də Gülnarə işə getmək üçün xalası qızı Şahid1 ilə birlikdən evdən çıxmışlar. Təxminən 20 dəqiqə sonra evlərin giriş qapısının möhkəm döyüldüyünü eşidərək dərhal qapını açmış və Müjqanın həyacanla Zaurun onların qarşısını kəsərək Gülnarəni “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna əyləşdirərək qaçırdığını bildirmişdir. Bundan sonra dərhal 4-cü Polis bölməsinə yaxınlaşaraq baş vermiş hadisə ilə əlaqədar yazılı ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİnin Post-patrul bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 13:00 radəələrində Binəqədi RPİ-nin Post-patrul bölüyündə polis nəfəri Şahid2 ilə birlikdə Binəqədi RPİnin 40-cı PB-nin 13 nömrəli avtopatrul maşrutunda xidmətdə olarkən, Zirvə çağırış mərkəzindən “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə qadının zorla mindirilərək qaçırıldığı və həmin avtomobilin görüldüyü yerdə saxlanılması üçün məlumat daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə 13:10 radələrində xidmətdə olduqları Binəqədi rayonu avtovağzal dairəsində olarkən “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını görərək ona saxlaması üçün işarə etmişdir. Lakin, “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü onların qanuni tələblərinə məhəl qoymayaraq sürətlə yeni yolla üzü Qaradağ rayonu “İpək yolu” istiqamətində hərəkətinə davam etmişdir. Həmin avtomobili saxlamaq məqsədi ilə idarə etdikləri “Fiat Doblo” **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə sözü gedən avtomobili təqib etməyə başlamışlar. “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlamaq üçün dəfələrlə idarə etdikləri avtomobilə yaxınlaşaraq sayrışan işıqlardan və səs gücləndiricidən istifadə edərək avtomobili saxlamasını tələb etmişlər, buna baxmayaraq avtomobilin sürüçüsü onların tələblərinə məhəl qoymaraq avtomobilin sürətini daha da artırıb hərəkətinə davam edirmiş. Həmin avtomobilin sürətlə hərəkət etdiyinə görə baş verəcək qəzanın qarşısını almaq üçün çağırış mərkəzindən avtomobilin saxlanması üçün irəlidə olan “Nəvai” postunun bağlanmasının xahiş etmişlər. Nəvai postuna çatdıqda yol patrul xidmətinin əməkdaşları tərəfindən post bağlanılmış və “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü məcbur olub avtomobili saxlamışdır. Dərhal idarə etdiyi avtomobildən düşərək “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar və sürücüyə avtomobilin qapısının kilidlərini açmasını tələb etmişlər. İlkin olaraq o, onların tələblərinə məhəl qoymamış, lakin daha sonra avtomobilin qapısının kilidini açmadığı təqdirdə, xüsusi vasitələrdən istifadə edərək, avtomobilin şüşələrini sındıracaqlarını bildirmişlər. Bundan sonra “Mercedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin qapısının kilidini açmış və dərhal əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Zərərçəkmiş şəxs avtomobildən düşərək onlara yaxınlaşmış və avtomobilin salonunda olan şəxslərin onu zorla qaçırdıqlarını bildirmişdir. Bundan sonra avtomobilin salonunda olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 6-cı Polis Bölməsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 onun kiçik oğludur. O, Zaura bibisi qızı Zərərçəkmiş şəxs subay olduğunu və onunla ailə həyatı qurmağı təklif etmişdir. Təqsirləndirilən şəxs1 bir qədər fikirləşdikdən sonra Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaqa razılığ vermişdir. xx.xx.2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs ailə üzvlərindən istəmək üçün Bakı şəhərinə gəlmişlər. xx.xx.2020-ci il tarixdə qızı Dinarə, onun əri Elnur Hüseynov və iki az yaşlı uşaqları ilə birlikdə, Gülnarənin evinə qonaq getmişlər. Söhbət əsnasında Gülnarə və anası Nargiləyə Ağdam rayonundan gəlməklərinin əsl səbəbi Zaurun Gülnarəni çox bəyəndiyindən elçi gəldiklərini bildirmişdir. Bunun qarşılığında Zərərçəkmiş şəxs heç vaxt qohumla ailə həyatı qurmayaçağını bildirmiş və bir daha ona belə bir təklif etməməyi xahiş etmişdir. Bunun qarşılığında Nargilə Məmmədova qızının böyük qız olduğunu onun iradəsinə zidd qızı evləndirə bilməyəcəyini söyləmiş və bir qədər gözləmələrini bildirmişdir. Həmin günü Zaurla birlikdə Ağdam rayonuna qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Gülnarənin bacısı Tünzalə qohumlarla əlaqə saxlayaraq oğlu Zaurun Zərərçəkmiş şəxs qaçırdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid5 ifadəsi Şahid6 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 386 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol almacıq, sol diz oynağı, sol baldır, sol bazu və döş qəfəsi nahiyələrinin qançırları, sol baldır nahiyəsinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə zorla avtomaşına mindirərkən əmələ gələ bilərdilər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 714 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 723 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 721 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qaçırılmağa razı olduğunu və onunla qaçmağı istəməsini bildirdiyini göstərmələri barədə xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onların ifadəsi həmin hissədə Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin göstərmiş olduqları həmin xüsusata tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələri inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmələri tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CMnin 144.2.3-cü maddəsi ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in Əməliyyat və X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-in Əməliyyat və X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 X5 vilayəti Kimovo rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 barəsində olan X5 vilayəti Kimovo rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə məlumat olmadığından Təqsirləndirilən şəxs1 həmin məhkumluğu hazırki cinayət işi üzrə nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-in Əməliyyat və X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Ağdam rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Ağdam rayon İcra və Probasiya Şöbəsinin 139395/2018- 6-1№-li, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon Məhkəməsinin 1(13)-17/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasını çəkməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1, 68.1.3-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər tutulur. Təqsirləndirilən şəxs2 Ağdam rayon Məhkəməsinin 1(13)-17/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə islah işləri cəzasını çəkmədiyindən, ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmuyu üzrə cəza təyin edilməklə, 2 il müddətə islah işləri cəzasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən dörd günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuqla 6 ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam və ya qismən birləşdirilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı onun hazırki iş üzrə tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E220” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 480 (dörd yüz səksən) manat miqdarında pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 300 (üç yüz ) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdam rayon Məhkəməsinin 1(13)-17/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə islah işləri cəzasının Cinayət Məcəlləsinin 68.1, 68.1.3-cü maddələrinə əsasən dörd günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 6 ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E220” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 480 (dörd yüz səksən) manat miqdarında pul ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 300 (üç yüz )manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar