Məhkəmə qərarları › İş №1(101)-220/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-220/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-220/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi1 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə 1998-ci il martın 11-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 2000-ci il iyulun 27-də Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq cinayəti törətmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və rəfiqəsi Təqsirləndirilən şəxs2 2021-ci il mayın 25-də saat 04 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə üzdən tanınmamaları üçün tibbi maska və papaqdan istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə hasardan aşıb həyətyanı sahəsinə daxil olmuşlar, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, 617 saylı bağ evinin mətbəxinin pəncərəsindəki nəfəsliyini kəsmişlər və yaşayış sahəsinə qanunsuz olaraq girməklə Təqsirləndirilən şəxs1 qonaq otağında yatan Zərərçəkmiş şəxs nəzarətdə saxlamağı, oyandığı təqdirdə ona xəbər verməyi Təqsirləndirilən şəxs2 tapşırıb evin digər otaqlarında pul və qiymətli əşyaları axtarmağa başlamış, evin dəhlizində olan dolabdan bir ədəd 100 manat dəyərində «Poverbank» və iki manat dəyərində bir cüt uşaq sırğasını ələ keçirərək Təqsirləndirilən şəxs2 yanına qayıdarkən yaranan səsə oyanmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşyaları tətbiq edərək sonuncunun baş nahiyəsinə əlində olan dəmir linglə iki dəfə qəsdən zərbə vurmuş, Zərərçəkmiş şəxs həmin əşyanı əlindən aldıqda cibindən çıxardığı bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı turist bıçaqla zərbə endirmək istəyərkən göstərilən aləti əlindən almış Zərərçəkmiş şəxs qrupun digər üzvü Təqsirləndirilən şəxs2 silah qismində istifadə edilən əşyaları tətbiq etməklə evin mətbəxindən götürdüyü, zavod üsulu ilə istehsal edilib soyuq silah hesab olunmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə kürəyinə qəsdən zərbə vurmuşdur, bununla da onlar Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sol təpə nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ əlin İİİ barmağının kəsilmiş, döş qəfəsinin arxa səthinin səthi kəsilmiş yaraları, sağ dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərər çəkmiş şəxsin real qəbul etdiyi 6 mm diametrli plastmas kürəciklər atan yaylı mexanizmli oyuncaq tapança ilə zorakılıq tətbiq ediləcəyi ilə hədələməklə Zərərçəkmiş şəxs məxsus 102 manat dəyərində əmlakını ələ keçirib quldurluq etmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təqribən bir ildən artıqdır narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə həmin maddələri müxtəlif şəxslərdən almışdır. Bakı şəhərinin Yasamal rayonunda yerləşən «Bakı Bərpa Mərkəzi»nin yanında tanış olduğu Təqsirləndirilən şəxs2 adlı qız ilə münasibətləri yaxşı olmuşdur, sonuncunun yaşadığı ünvan 3 ünvanında özü metamfetamin, Səma isə narkotik tərkibli «alisa» adlı dərmanı istifadə etmiş, pula ehtiyacları olduğunundan Bakı şəhərinin Sabunçu rayonundakı imkanlı şəxslərə məxsus bağ evlərinə qirib qızıl-zinət əşyaları oğurlamağı razılaşmışlar. O, tanışı Şahid məxsus «Opel Vita» markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili götürərək 2021-ci il mayın 25-də saat saat 04 radələrində idarə etdiyi avtomaşını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «çıldaq» kimi tanınan fərdi evin qarşısında saxlamış, avtomobilin yük yerindən iki ədəd qara rəngli maska, bir ədəd dəmir ling, bir ədəd bıçaq və bir ədəd oyuncaq tapanca çıxarmaqla axırıncı əşyanı Səmaya vermişdir, daxil olmaq istədikləri evin yanında yerləşən həyətyanı sahəsinə hasardan aşıb qonşuluqdan götürdüyü nərdivanla onlar hasarın üstünə dırmaşaraq evin həyətyanı sahəsinə tullanmış, maskaları taxmaqla evə girmək üçün yer axtararkən videomüşahidə kamerasını görmüşlər, o, yaxınlaşıb kameranı digər tərəfə döndərdikdən sonra bundan əvvəl Səma ilə keçdikləri evin yan tərəfinə qayıdaraq yerdə olan başqa nərdivanı divara söykəmiş, sonuncuya aşağıda dayanmaqla ətrafa nəzarət etməyi tapşırmış, üzərindəki bıçaqla evin plastik pəncərəsini açıb içəri daxil olmuş, zalda bir nəfərin yatdığını müşahidə edərək pəncərədən Səmanı öz yanına çağırmış, sonuncu mətbəxdən iri bıçaq tapmaqla yatan şəxsə nəzarət etmiş, o isə dəhlizdəki dolabdan «Poverbank», çəhrayı rəngli qutuda olan qızıl uşaq sırğası və həyətdə dayanan avtomaşına aid açarları aşkarlayıb saxlamaq üçün Səmaya vermiş, zalda yatan şəxsin mobil telefonunu götürmək istədiyi an sonuncu yuxudan ayıldığına görə dəmir linglə başından iki zərbə endirsə də göstərilən şəxs həmin əşyanı, onda və Səmada olan bıçaqları əllərindən almasına nail olmuşdur. Sonuncu oyuncaq tapancanı ev sahibinə tərəf tutaraq onları buraxmayacağı halda vuracağını bildirmişdir, oradan qaçdıqları vaxt yerə yıxılmaqla ayağa qalxıb Səma ilə gəldikləri avtomobilə əyləşmişlər, o, «Poverbank»a baxaraq yararsız olduğunu düşünməklə tullamış, içərisində uşaq sırğası olan bir ədəd çəhrayı rəngli qutunu isə cibinə qoymuşdur, avtomaşının açarını sahibinə qaytarmaqdan ötrü salondan düşüb evə tərəf gedəndə polis əməkdaşları onu saxlamış, narkoloji dispanserdə müayinədən keçirərək Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə gətirmişlər. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Hərəkətlərindən çox peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməklə Təqsirləndirilən şəxs1 ilə analoji ifadə verib əlavə olaraq göstərdi ki, o, 2019-cu ildə Bakı şəhərinə gəlməklə müxtəlif ünvanlarda yaşayan rəfiqələrinin evində qalmış, bir müddət keçmiş narkotik tərkibli «alisa» adlı dərman preparatından, psixotrop maddə metamfetamindən, ara-sıra isə narkotik vasitə heroindən istifadə etmiş, 2021-ci il mayın 25-də saat 04 radələrində törətdikləri hadisədən sonra Dilək ev sahibinin avtomobilində gördükləri çantanı götürmək üçün geri qayıtmış, birazdan rəfiqəsinə zəng vurduqda sonuncu onu polislərin saxladığını bildirdiyindən o, gəldikləri avtomaşından düşüb taksi ilə Türkan adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evinə getmiş, Diləyin tanışı Şahid zəng edərək sonuncunun hansı səbəbdən polis tərəfindən saxlandığını soruşanda her şeyi olduğu kimi danışmaqla avtomobilin yerini göstərmişdir, oradan çıxdıqları zaman mobil telefonuna zəng edən Leyla adlı şəxs Diləklə bağlı söbhət etmək istədiyini söylədikdə «Maştağa» ticarət mərkəzinin qarşısında görüşməyə qərar vermiş, təyin etdikləri yerdə Leyla adlı şəxsi gözlədiyi vaxt polis işçiləri onu saxlamış, narkoloji dispanserdə müayinədən keçirib Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə gətirmişlər. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Hərəkətlərindən artıq dərəcədə peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci il mayın 25-də saat 04 radələrində yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayaş massivində yerləşən 617 saylı fərdi evin zal otağında yatdığı zaman səs eşidərək gözünü açanda başının üstündə sifətində maska, gözündə eynək, başında papaq olan bir nəfər şəxs əlindəki dəmir lingə onun başına zərbə yetirmiş, o, dərhal yerindən qalxmaq istəsə də sonuncu dəmir linglə yenidən başına vurmuş, özündə güc tapmaqla göstərilən adamda olan dəmir lingdən və bıçaqdan tutub onu vurmasının qarşısını almışdır. Bu anda üzü maskalı, papaqlı daha bir nəfər şəxs otağa daxil olaraq iki dəfə onun kürəyindən bıçaqla vurmuş, lakin zərbədən yayındığı üçün bıçaq bədənini sadəcə kəsmişdir. O, geri dönməklə ikinci şəxsdəki bıçağı alsa da sonuncu əlində olan tapancanı ona tərəf tuşlamış, digər şəxs isə buraxmayacağı halda onu vuracaqlarını bildirdiyindən ehtiyat edib uzuqlaşmalarına mane olmamışdır, sonuncular tapancanı ataraq evin giriş qapısından çölə çıxmışlar. Bundan sonra o, hadisə barədə ailə üzvlərinə danışmış və DİN-in «102» xidmətinə zəng etməklə məlumat vermişdir. Hadisə nəticəsində yaşadığı evdən bir ədəd «Poverbank», bir cüt çəhrayı rəngli qutuda olan uşaq sırğası ələ keçirilmiş və ona 250 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, sonunculara qarşı heç bir iddiası və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə uyğun ifadə verməklə yanaşı həmçinin göstərdi ki, o, 2021-ci il mayın 25-də səhər saatlarında yuxudan oyandıqdan sonra mobil telefonuna zəng etdiyi Diləyin cavab vermədiyini görüb valideynləri ilə əlaqə saxlamış və qızın Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlandığını öyrənmişdir. O, təxirəsalınmadan Səmaya zənq vurduqda sonuncu Diləklələ birlikdə oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərdən birinə daxil olanda ev sahibinin yuxudan oyanaraq onları tutduğunu, sonuncuya xəsarət yetirməklə oradan qaçdıqlarını demişdir. Hadisədən bir neçə gün ötmüş Səmanı da polisin saxlandığını eşitmişdir. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağlar massivində yerləşən 617 saylı bağ evinə baxış zamanı evə basqın edən naməlum şəxslərin istifadə etdiyi bir ədəd dəmir ling, bir ədəd iri bıçaq, bir ədəd qatlanan bıçaq və bir ədəd tapancaya bənzər oyuncaq tapanca, əl-barmaq izləri götürülmüş, bir ədəd CD-R diski və fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 12-33). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 25 may tarixli 1566 №-li və eyni tarixli 1577 №-li narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sidiyində OPİ, MET və AMP aşkarlanmışdır (1-ci cild, iş vərəqi 47 və 76). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cibindən çıxardığı kiçik ölçülü sellofan torbanın içərisindəki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağlar massivində yerləşən 617 saylı bağ evinə qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus evə daxil olub bir cüt uşaq sırğası olan çəhrayı rəngli qutu götürülmüşdür (1-ci cild, iş vərəqi 53). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-ci il mayın 25-də müvafiq qaydada saat 11:45-də və saat 15:00-da Azərbaycan Respublikasının CM-nin 181.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 54 və 83). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə razılaşdığını bildirmişdir (1-ci cild, iş vərəqi 103- 113). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, 617 saylı bağ evində quraşdırılan müşahidə kameralarından videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsinə evin sol tərəfindən hasardan aşaraq daxil olmaqla evin arxa hissəsi ilə digər yan tərəfinə gəlmələri, oradakı evin həmin hissəsini görüntüləyən videomüşahidə kamerasının olduğunu gördükdə yenidən geri qayıdıb evin arxa hissəsinə keçmələri, bir neçə saniyə sonra kameranın görünüşünün kimsə tərəfindən tam əks tərəfə çevrilməsi, bir müddət sonra evin ümumi videomüşahidəsini aparan kameradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evin giriş qapısından çıxaraq qaçmaları, sonuncunun evin çöl pilləkənlərindən yerə yıxılması, yerdən qalxıb onların hər ikisinin evin həyətyanı sahəsinin giriş darvazasından çıxmaqla qaçmaları müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 114). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanılan iş üzrə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, bağlar yaşayış massivi, 617 saylı bağ evini göstərib ifadələrini təsdiqləmişlər, fotocədvəllər protokollara əlavə edilmişdir (1-ci cild, iş vərəqi 117-151). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 may tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 181.1.-ci maddəsindən həmin Məcəllənin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 152). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 may tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 157-158 və 172-173). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 27 may tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 2021-ci il mayın 25-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 200-203). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 08-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (1-ci cild, iş vərəqi 247-248). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 27 may tarixli 683 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ əlin İİİ barmağının kəsilmiş, döş qəfəsinin arxa səthinin səthi kəsilmiş yaraları, sağ dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı müəyyən edilməklə xəsarətlərin törənmə müddəti 2021-ci il mayın 25-nə uyğun gəlir; sağ əlin İİİ barmağının kəsilmiş, döş qəfəsi nahiyəsinin səthi kəsilmiş yaraları iti ucu və kəsici kənara malik əşyanın (alətin) təsirindən törənməklə bıçaqla yetirilə bilər; sol təpə nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ dirsək oynağı nahiyəsinin qançırı və sıyrığı isə bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 30-32). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası, məhkəmə-iqtisad ekspertizasına dair 2021-ci il 18 iyun tarixli 6/2293-9/3724 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 0,84 qram kütləli, üzərində ümumilikdə iki ədəd rəngsiz, şəffaf qaşlar olan, qırmızımtıl sarı rəngli bir cüt sırğa mis və sink əsaslı ərintidən hazırlanmaqla sırğa cütünün üzərindəki qaşlar qiymətli qaşlara aid deyildir, istifadədə olması nəzərə alınmaqla bir cüt sırğanın 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 2,00 manat müəyyən edilir, ekspertiza tədqiqatının dəyəri 90 manatdır (2-ci cild, iş vərəqi 34- 37). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2021-ci il 21 iyun tarixli 3/988 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd qatlanan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir; bir ədəd qatlanmayan, zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (2-ci cild, iş vərəqi 42-44). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2021-ci il 21 iyun tarixli 3/984 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd tapanca formalı predmet zavod üsulu ilə istehsal edilmiş, 6 mm diametrli plastmas kürəciklər atan yaylı mexanizmli oyuncaq tapanca olub odlu silah, qaz silahı və pnevmatik silah hesab edilmir, sazdır, kürəcik atmaq üçün təyinatı üzrə istifadəyə yararlıdır, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (2-ci cild, iş vərəqi 46-48). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 30 iyun tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 30 iyun tarixli BKC/LGL-11285/21 nömrəli məktubu ilə daxil olan Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərə, sms mətnlərinə baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik heç bir məlumat aşkarlanmamış, bir ədəd CD diski protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 61-108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 30 iyul tarixli 1649 saylı və eyni tarixli 1650 saylı ekspert rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri aşkarlanmışdır, sonuncular ittiham edildikləri əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidirlər, məcburi müalicəyə ehtiyacları yoxdur (2-ci cild, iş vərəqi 122-125). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2021-ci il 17 sentyabr tarixli, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, maddi sübut kimi tanınan sonuncuların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən götürdükləri bir cüt sırğa, cinayətin törədilməsində istifadə olunan iki ədəd bıçaq və bir ədəd oyuncaq tapanca saxlanılmaq üçün idarənin saxlanc anbarına təhvil verilmiş, bir ədəd CD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 228.1.-ci, 228.4.-cü, 181.2.4.-cü və 181.3.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 141-152, 157-158 və 172- 173). Məhkəməyə təqdim olunan 2021-ci il 01 oktyabr tarixli AZ-İİ seriyalı 221920 №-li ölüm haqqında şəhadətnamənin kserusurətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X3 2021-ci il sentyabrın 22-də dəqiqləşdirilməmiş ağciyər ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2021-ci il 27 oktyabr və 2021-ci il 20 dekabr tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, sonunculara qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.cü və 181.2.5.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.3.cü və 181.2.5.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikasının CM-nin CM-nin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özlərinin tam etirafedici, zərər çəkmiş şəxsin və şahidin ifadələri, baxış, üzləşdirmə, ifadələrin yerində yoxlanılması və sair istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışıq əldə etmələrinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla sonuncuların ilk məhkumluqlarını, əməllərindən səmimi peşmanlıqlarını, cavan olmaqla qadın cinsindən olmalarını, Təqsirləndirilən şəxs1 ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzalarını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ciil 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilmələrini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən götürdükləri bir cüt sırğa sonuncuya qaytarılmalı, cinayətin törədilməsində istifadə olunan iki ədəd bıçaq və bir ədəd oyuncaq tapanca məhv edilməli, bir ədəd CD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 218 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq qaydada Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 50 iş saatı, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 46 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müvafiq qaydada Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 276 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni 2021-ci il mayın 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 25-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1.-ci, 181.2.3.-cü və 181.2.5.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 25-dən hesablansın. 218 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 109 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından müvafiq qaydada Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 276 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən götürdükləri bir cüt sırğa sonuncuya qaytarılsın, cinayətin törədilməsində istifadə olunan iki ədəd bıçaq və bir ədəd oyuncaq tapanca məhv edilsin, bir ədəd CD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar