Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2201/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Rəsul oğlunun, müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 26 iyun 2022-ci il tarixdə saat 22 radələrində Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən ictimai yer hesab olunan toy mərasiminin keçirildiyi “Ərəbşalbaş” şadlıq sarayının qarşısında tanışı Zərərçəkmiş şəxs1 Rəsul oğlunun ona borc pul verməsindən imtina etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərərək orada olan şəxslərin gözü qarşısında səs-küy salıb, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlətməklə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 Rəsul oğlunun üzərində zor tətbiq edib sol qolunun said nahiyyəsinə bir dəfə zərbə vurub sol said nahiyyəsinin kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 25 fevral 2023-cü il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Təklə-məkan” kafesinin otağında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun onu stulla vurub xəsarət yetirməsi səbəbindən üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 qarın nahiyyəsinə bir dəfə vuraraq qarın nahiyəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağı, nazik bağırsaq müsariqəsini və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə qismən təqsirli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Əvvəllər Razil ilə aralarında heç bir narazılıq, ədavət və ya düşmənçilikləri olmamışdır. 26 iyun 2022-ci ildə həmkəndlisi Ramalın qızının toy şənliyinə getmiş, orada Razillə rastlaşmış, onunla görüşüb eyni masa arxasında əyləşmişdir. Bir qədər toyda oturduqdan və yeyib-içdikdən sonra toydan çıxıb yaşadığı evə getmişdir. Oğlu Arizi də götürdükdən sonra Qobustan rayonu istiqamətində “Merceds-Benz” markalı avtomobili ilə hərəkət etməyə başlamışdır. Yolda olanda Razilə zəng edərək ondan qardaşı Rəmzidən borc pul istəməsini xahiş etdikdə, Razil ona xoşagəlməz formada cavab verərək “get işinlə məşğul ol” deyə bildirmişdir. O isə Razilə bildirmişdir ki, “danışığına fikir, vaxtında sənə köməklik etmişəm, sən isə mənə düzgün cavab vermirsən”. Sonra Razil telefonu söndürmüşdür. O isə yoluna davam edərək gedəndə Razilin toydan çıxıb qardaşı Rəmzi ilə birlikdə öz avtomobili ilə onun sürdüyü avtomobilin istiqamətində gəldiyini görmüşdür. Həmin vaxt öz avtomobilini onların avtomobilinin yanına sürərək saxlamış və avtomobildən düşmüşdür. Razillə Rəmzi də öz avtomobillərindən düşmüşlər və onlar qarşılaşanda Razilə bildirmişdir ki, “mən səndən borc pul istəyirəm sən isə mənimlə xoşagəlməz sözlər danışırsan”. Razil ona cavab verməmiş, Rəmzi isə ona yaxınlaşaraq “sənə pul lazımdısa məndən istə, Razil sərxoşdu, sən ona heç nə demə” deyə bildirmişdir. O da Rəmziyə Razillə münasibəti yaxşı olduğuna görə ondan pul istədiyini, həm də ondan kiçik olduğu üçün pul istəməyə utandığını demişdir. Həmin vaxt Razil oğlu Arizlə öz avtomobilinin arxasında söhbət etmişlər. Səslərinin bərkdən gəldiyini görüb Rəmzi ilə birlikdə onlara yaxınlaşmışlar. Arizlə Razilin mübahisə etdiklərini görüb onları aralaşdırmış və Arizi öz avtomobilinə tərəf aparmışdır. Daha sonra o öz avtomobilini sürüb oradan getmişdir. Bundan üç gün sonra ona məlum olmuşdur ki, Razil polisə şikayət edərək onu toyda bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, Razili toyda bıçaqla vurmamış, Razillə toydan çıxanda yolun kənarında görüşmüş və həmin vaxt da Razil oğlu Arizlə mübahisə etmişdir. Razilin qoluna xəsarət yetirməmiş, onu bıçaqla vurmamışdır. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qohumudur, onunla yaxşı münasibətləri olub. Hüseyin 28 May qəsəbəsində yerləşən “Təklə-Məkan” kafesini işlətmişdir. 25 fevral 2023-cü ildə saat 15 radələrində Müşfiqabad qəsəbəsində olmuşdur. Hüseyin zəng vurub onu kafeyə çağırmış, səbəbini soruşduqda isə telefon söhbəti olmadığını deyib yanına getməyini bildirmişdir. Hüseyinə gələ bilmədiyini deyəndə sonuncu israrla onu kafeyə çağırmışdır. O, avtomobili ilə “Təklə-Məkan” kafesinə getmiş, Hüseyin də orda olmuşdur. Hüseyin ona demişdir ki, Qobustandakı kənddə söhbət yayılıb ki, guya Hüseyin onun türmədə olan oğlu üçün pul yığır və pul yığmasını kənddə o demişdir. O, Hüseyinə belə bir söhbətdən xəbəri olmadığını demişdir. Həmçinin Hüseyindən soruşmuşdur ki, “bizim aramızda belə söhbət olub?”, Hüseyin də “yox, olmayıb” demişdir. Hüseyinə iradını bildirib bu məsələyə görə onu çağırmağına etiraz etmişdir. Həmin vaxt Hüseyin sərxoş olmuş, onu təhqir edib stulu başından vuranda o, əlini stulun qarşısına qoymuşdur ki, stul başına dəyməsin. O, cibində gəzdirdiyi bıçağı çıxararaq Hüseyinin qarnından bir dəfə vurmuşdur. Buna baxmayaraq Hüseyin yenə də onu vurmaq istəmiş, amma həmin vaxt qarnını tutaraq dayanmış, o isə kafedən çıxıb getmişdir. Bir neçə gündən sonra polislər zəng vuraraq onu Binəqədi rayon Polis İdarəsinə çağırmışlar. Etdiyi hərəkətdən peşmandır, bu yaşında başına belə iş gəlməsinə görə çox təəssüflənir, iki övladı da həbsxanadadır. Bir ailədən üç nəfərin həbsdə olması dözülməz məsələdir. Zərərçəkmiş şəxslər elə özünün qohum-əqrabasıdır. Hamı da onunla barışıb və bağışlayıb, heç kim şikayətçi deyil. Ona görə də bütün bunların və yaşının nəzərə alınaraq məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 28 May qəsəbəsində yerləşən “Təklə-Məkan” kafesini şəriki ilə birlikdə işlədir. Təqsirləndirilən şəxs kəndçisidir, həm də qohumdurlar. Pənahın hər iki oğlu həbsdədir. Bu ilin fevral ayının ortalarında Qobustan rayonundakı kəndlərinə gedəndə ona demişlər ki, guya o, Pənahın həbsdə olan oğlunu həbsdən çıxarmaq üçün camaatdan pul yığır. Amma belə bir şey olmamış, buna görə də həmin söhbət ona pis təsir etmişdir. 25 fevral 2023-cü ildə saat 15 radələrində o, kafedə olmuş, ayrıca otaqda oturub çörək yemişdir. Sonra həmin məsələ ilə bağlı Pənaha zəng vurub ona kafeyə gəlməsini demişdir. Təxminən bir saatdan sonra Pənah kafeyə gələrək onunla bir masada əyləşmişdir. O, Pənahdan niyə görə kənddə guya onun həbsdə olan oğluna pul yığdığı barədə şayiə yaydığını soruşmuş, Pənah da ona belə bir şey olmadığını demişdir. Pənaha bir daha demişdir ki, əgər belə şey olmayıbsa niyə görə kənddə olanlar onun oğlu üçün pul yığdığını deyirlər. Pənah bundan sonra onu belə şey olmadığını deyib ayağa qalxmışdır. O məqamda aralarında mübahisə olmuş və sonra Pənah çıxıb getmişdir. O anda hiss etmişdir ki, qarın nahiyəsində ağrı var və qan gəlir. Kafedə stulda əyləşmiş, kafedə qabyuyan işləyən Yeganə gəlmiş və onun bıçaqla vurulduğunu görmüşdür. Sonra təcili yardım çağırılmış və onu xəstəxanaya aparmışlar, bir neçə gün xəstəxanada qalmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Pənah həm də onun qohumudur, kifayət qədər yaşı da var. Ona görə də Pənaha mümkün köməkliyin göstərilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rəsul oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, sonuncu ilə münasibətləri daima normal olmuşdur. Həmkəndlisi Ramil onu qızının Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən “Ərəbşalbaş” şadlıq sarayında keçiriləcək toyuna dəvət etmişdir. 26 iyun 2022-ci ildə saat 18 radələrində azyaşlı oğlu ilə birlikdə toya getmişdir. Toyda eyni masa arxasında onunla birlikdə Pənah, Vüqar, Kamal, qardaşı Rəmzi və digərləri əyləşmişlər. Həmin gün toya gedərkən mobil telefonunu yaşadığı evdə unutmuşdur. Toy mərasimi başladıqdan bir müddət sonra Pənah şadlıq sarayından çölə çıxmışdır. Pənah çölə çıxdıqdan təxminən yarım saat sonra qardaşı Rəmzi telefonu ona vermiş, o da telefonu götürdükdə Pənahın danışdığını görmüşdür. Pənah oğlunun həbsdən azad olunması üçün köməklik lazım olduğunu və bu məqsədlə ona 700 manat məbləğində borc pul lazım olduğunu demişdİr. O, Pənaha üzərində cəmi 35 manat pulunun olduğunu demiş və toya pul yazdırmaq üçün qardaşı Rəmzidən borc alacağını bildirərək telefonu söndürmüşdür. Bundan təxminən beş dəqiqə sonra Pənah yenə də telefona zəng vurmuş, ona bir az nalayiq sözlər demiş, şadlıq sarayının qarşısında onu gözlədiyini bildirmişdir. O, şadlıq sarayından çölə çıxdıqda restoranın qarşısında Pənahın öz avtomobilinin yanında dayandığını görüb ona yaxınlaşmışdır. Həmin vaxt restoranın qarşısında Pənah oğlu Ariz Hüseynovla birlikdə dayanmışlar. Pənahın yanına yaxınlaşıb onu çağırmasının səbəbini soruşanda Pənah bir söz demədən əlindəki bıçaqla qəflətən onu vurmaq istəmişdir. Amma o, özünü müdafiə etmək üçün sol qolunu bıçağın önünə aparmışdır ki, Pənahın əlini tutsun. Pənahın zərbəsindən bıçaq onun sol qolunun bilək hissəsinə girmişdir. Həmin vaxt arxasınca gələn qardaşı Rəmzi qaçaraq onları aralaşdırmışdır. O, özünü itirdiyi üçün və qolunda ağrı hiss etdiyi üçün arxaya, yəni şadlıq sarayının həyətinə qaçmışdır. Pənah da bir az səs-küylə onun ünvanına nələrsə deməyə başlamışdır. Həmin vaxt səs-küyü eşidib ətrafa toplaşan şəxslər ona yaxınlaşıb halını soruşaraq kömək etməyə çalışmışlar. O, avtomobilinin yanına sıxılıb qardaşı Rəmzini gözləmişdir. Ara sakitləşdikdən sonra Rəmzi yanına gələrək onu avtomobillə qarşıdan yola salmış, Rəmzi də öz avtomobili ilə onun arxasınca gələrək yaşadığı evə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Rəsul oğlu onun həmkəndliləridir və onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla və Zərərçəkmiş şəxs1la aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 26 iyun 2022-ci ildə saat 18:00 radələrində Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən “Ərəbşalbaş” şadlıq sarayında həmkəndlisi Ramil Şahverdiyevin övladının toyunda iştirak etmişdir. Həmin toyda Razilin qardaşı Rəmzi də iştirak etmişdir. Razil, Rəmzi, həmkəndliləri Kamal, Pənah və o eyni masa arxasında əyləşmişlər. Bir qədər şadlıq sarayında oturub toyda iştirak etdikdən sonra Pənahla birlikdə restorandan çölə çıxmışdır ki, evinə getsin. O, Pənahla birlikdə Pənahın avtomobilinin yanına getmiş və Pənaha onu yaşadığı kəndə aparmasını bildirmişdir. Pənah da ona kəndə getmədiyini və burada işi olduğu üçün qalacağını bildirmişdir. Bu səbəbdən də o xatırlamadığı həmkəndlisinin avtomobilinə əyləşərək yaşadığı kəndə getmişdir. Bir neçə gün sonra Pənahın şadlıq sarayının qarşısında Razillə dalaşdığını eşitmişdir. O hadisədən əvvəl yaşadığı kəndə getdiyi üçün hadisə zamanı orada olmamışdır. Bu səbəbdən də hadisənin necə baş verdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Rəsul oğlu onun həmkəndliləridir və onlarla münasibətləri hər zaman yaxşı olmuşdur. Ərəbşalbaş kəndində yerləşən “Ərəbşalbaş” şadlıq sarayında olan toyda o, həmkəndliləri Razil, onun qardaşı Rəmzi, Pənah və Vüqar da iştirak etmişlər. O, şadlıq sarayına daxil olan zaman Pənahla Vüqarın qonaqlar üçün ayrılmış masalardan birinin arxasında əyləşdiklərini görmüş və onların yanında əyləşmişdir. Bir qədər sonra Razil və Rəmzi şadlıq sarayına daxil olmuşlar və onlarla eyni masa arxasında əyləşmişlər. Sonra toya pulu yazdırıb çıxıb getmişdir. Bir həftə sonra dava olduğunu eşitmiş, amma davanın səbəbini bilməmişdir. Toyda bir masa arxasında oturan zaman Pənahla Razil arasında hər hansı bir bir mübahisə və ya münaqişənin şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 Əyar qızı göstərmişdir ki, arada Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Təklə-məkan” kafesinə getmişdir. Belə ki, kafeni işlədən Hüseyin arada kafedə xeyir iş olanda onu kafeyə çağırmış, o da kafeyə gedib yemək bişirmiş və təmizlik işləri aparmışdır. 24 fevral 2023-cü il tarixdə Hüseyn ona xəbər göndərmişdir ki, kafedə kiminsə ad günü olacağı üçün 25 fevral 2023-cü il tarixdə səhər tezdən kafeyə getsin, yır-yığış etsin və yemək bişirsin. 25 fevral 2023-cü ildə səhər kafeyə getmiş, yemək bişirərək stolları hazırlamışdır. Hüseyn də kafedə olmuş, günorta saat 15 radələrində kafedə ad günü məclisi qurtarmış və o, qab-qacaqları yumağa başlamışdır. Həmin vaxt Hüseyn mətbəxin yanında yerləşən ayrıca otaqda oturmuşdur. Hüseyn otaqda tək olmuş və masanın üstündə yemək-içmək olmuşdur. Təxminən saat 16:30 radələrində Hüseynin yanına bir nəfər tanışı gəlmiş və Hüseynin otağına girib onunla əyləşmişdir. O da mətbəxdə qab yumuşdur. Birdən Hüseynin otağından səs-küy gəldiyini eşitmiş, onlar bir-birilərini söymüşlər. Onlar əyləşən otağın qapısı açıq olmuş, mətbəxdən otaq görünmüşdür. Amma o, otağa girməmişdir. Həmin vaxt görmüşdür ki, Hüseyn stulu götürərək onunla bir masada əyləşən şəxsi vurmuşdur. Bu zaman həmin şəxs də Hüseyni divara dirəyib, əlindəki bıçaqla Hüseynin qarnına vurmuşdur. Bundan sonra Hüseynin yanına gələn həmin şəxs otaqdan çıxmışdır. Həmin şəxs otaqdan çıxanda o, otağa girərək Hüseyn qarnını tutub stulda oturduğunu, yerdə də bıçaq görmüşdür. Hüseynin həmin şəxsin arxasınca çıxmağa heyi olmamış, təcili yardıma zəng vurmuş və çox keçmədən təcili yardım maşını gələrək Hüseyni xəstəxanaya aparmışlar. Yerdəki bir ədəd bıçağı götürərək yumuş və yenidən stolun üstünə qoymuşdur. Belə ki, həmin bıçaq stolun üstündəki bıçaqlardan fərqlənmiş, polislər gələndə bıçağı onlara təhvil vermişdir. Münaqişə zamanı kafedə heç kim olmamışdır (cild 1, iş vərəqə 184-187). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Pənahla münasibətləri daima normal olmuşdur. Həmkəndlisi Ramil onu və qardaşı Razili qızının toy məclisinə dəvət etmiş və toy məclisinin Qobustan rayon Ərəbşalbaş kəndində yerləşən “Ərəbşalbaş” şadlıq sarayında keçiriləcəyini bildirmişdir. 26 iyun 2022-ci il tarixdə saat 18 radələrində o, Ramilin qızının toy məclisinə qardaşı Razildən bir qədər əvvəl getmiş, Razil isə toya bir qədər sonra azyaşlı, 2013-cü il təvəllüdlü övladı Əkbərlə birlikdə gəlmişdir. Onlar, yəni həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid2, Kamal, qardaşı Razil və digərləri eyni masa arxasında birlikdə əyləşmişlər. Həmin gün toya gedərkən Razilin mobil telefonu yadından çıxıb yaşadığı evdə qalmışdı. Toy mərasimi başladıqdan sonra məclis normal keçmiş və bundan bir müddət sonra Pənah və Kamal məclisdən, yəni şadlıq sarayından çölə çıxmışlar. Pənah çölə çıxdıqdan təxminən yarım saat sonra onun mobil telefonuna zəng etmiş və ona telefonu Razilə ötürməyini bildirmişdir. O, telefonu Razilə verərək Pənahın zəng etdiyini və onunla danışmaq istədiyini demişdir. Razil telefonu alaraq Pənahla danışmağa başlamışdır. Həmin vaxt o, Razilin bir qədər əsəbi danışdığını və sonra telefonu söndürərək ona qaytardığını görmüşdür. O, Razildən telefonu alandan sonra nə baş verməsini və niyə əsəbi olmasını soruşmuşdur. Razil də bildirmişdir ki, telefonla danışan zaman Pənah oğlu Fəyaz Hüseynovun tutulmasına köməklik etməsi üçün ondan 700 manat məbləğində borc pul istəmiş, Pənaha üzərində cəmi 35 manat pulunun olduğunu və toya pul yazdırmaq üçün özünün borc alacağını bildirməsinə baxmayaraq Pənah ona məcbur köməklik etməsini bildirdiyi üçün əsəbləşib telefonu söndürmüşdür. Bundan təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs yenə də onun mobil telefonuna zəng edərək telefonu Razilə verməyini istəmiş və o da Razilə telefonu vermişdir. Razil Pənahla telefonda danışan zaman o yenə də Razilin kefinin pozulmasını və telefonu söndürüb verdiyini görmüşdür. O, Razildən nə baş verdiyini soruşmuş və Razil də Pənahın onun ünvanına nalayiq sözlər söyərək onu təhqir etdiyini, şadlıq sarayının qarşısına gəldiyini, şadlıq sarayının qarşısına çıxıb onunla görüşməsini təkidlə tələb etdiyini bildirdi. Razil şadlıq sarayından çölə çıxdıqdan dərhal sonra o da Razilin arxasınca restoranın qarşısına çıxmışdır. Onlar Pənahın öz avtomobilinin yanında dayandığını və əlində bıçağı fırlatmağını görmüşlər. Razil Pənaha yaxınlaşmış, bu zaman Pənah söyüş söymüş və əlində olan bıçağı hərləmişdir. Razilin Pənaha onun üstünə niyə bıçaq çıxartmasını dediyini eşitmiş və bu zaman Razilin geri qayıtdığını və sol qolundan qan axmasını görmüşdür. Razil Pənahın onun qolundan bıçaqla vurduğunu bildirmiş və o da Razilə oradan getməsini bildirərək Pənaha yaxınlaşıb onu kənara çəkmişdir. Həmin vaxt restoranın qarşısında Pənahın oğlu Ariz Hüseynov da dayanmışdı. Həmin vaxt Ariz də ona Pənahı kənara çəkməyə kömək etmişdir. Pənah Razili bıçaqla vurmasına baxmayaraq, oradan getməmiş və hərəkətlərini davam etdirərək yüksək səslə Razilin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt səs-küyü eşidib ətrafa toplaşan şəxslər Razilə yaxınlaşıb halını soruşmuşlar və onu kənara apararaq kömək etməyə çalışmışlar. O, oradakı şəxslərə Razili kənara aparmalarını və onu gözləməyini bildirmişdir. O və Ariz Pənahı birtəhər sakitləşdirdikdən sonra onu öz avtomobilinə mindirib oradan yola saldmışdır. Daha sonra o, qardaşı Razilin yanına getmiş, Razili öz avtomobili ilə qarşıdan yola salaraq, özü isə öz avtomobili ilə Razilin arxasınca gedərək yaşadığı evə aparmışdır (cild 1, iş vərəqə 72-75). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Təklə-məkan” kafesidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 149-150, 153-155). Şəxsin tanınmaya təqdim edilməsi haqqında 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 ona təqdim olunmuş şəxslər arasında dördüncü sırada dayanmış Təqsirləndirilən şəxs göstərərək 25 fevral 2023-cü il tarixdə “Təklə-məkan” kafesində Zərərçəkmiş şəxs2 bıçaqla vurduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 188-190). Məhkəmə-tibbi ekspertizasının 29 mart 2023-cü il tarixli 360 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - qarın nahiyəsinin sol yarısının, ön səthinin daxilə nüfuz edərək nazik bağırsağı, nazik bağırsaq müsariqəsini və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X6” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 19:41-dən bir qədər əvvələ əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir (cild 1, iş vərəqə 257-261). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 Rəsul oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 92-94). İfadənin yerində yoxlanılması haqqında 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Rəsul oğlu Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyi yeri göstərərək ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 125-128). Məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli 108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Rəsul oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət - sol said nahiyəsinin kəsilmiş-deşilmiş yarası iti kənara və uca malik olan alətin( əşyanın) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, bıçaqla vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 21). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 aprel 2023cü il tarixli 852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altma düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, söz götürməmək, hövsələsizlik, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir (cild 2, iş vərəqə 01-03). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 19 may 2023-cü il tarixli 180- MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X1 məxsus jaketin ön səthində 01 ədəd, köynəyin ön səthində 01 ədəd, alt köynəyin ön səthində 01 ədəd , maykanın ön səthində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş X1 məxsus jaketin ön səthində 01 ədəd, köynəyin ön səthində 01 ədəd, alt köynəyin ön səthində 01 ədəd, maykanın deşilmişkəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (cild 2, iş vərəqə 61-64). Məhkəmə tibbi-bioloji ekspertizasının 10 may 2023-cü il tarixli 258/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qan qrupu, axtarış vərəqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş köynək, mayka, alt köynəyi, sviter üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər (cild 2, iş vərəqə 65-69). Qobustan rayon İcra Hakimiyyəti Başçısının Təklə Mirzəbala kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 131). Zərərçəkmiş şəxs1 Rəsul oğlu 28 avqust 2023-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir (cild 2, iş vərəqə 110). Zərərçəkmiş şəxs2 25 oktyabr 2023-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra peşiman olub ondan üzr istədiyini, buna görə də Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Hüseynov X3 Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (cild 1, iş vərəqə 37-38, 40-42). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Rəsul oğlunu bıçaqla vurmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 57-62, 232-237). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç ) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilsin; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-2201/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2201/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver