Məhkəmə qərarları › İş №1(101)-2203/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2203/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2203/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X3, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri X2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 7,765 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 15 aprel 2023-cü il tarixdə, saat 11.20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılıb orada xidməti otaqların birində saat 12.55-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qısa qollu gödəkcənin sol iç cibindən onun satış məqsədi olmadan əldə etməklə saxladığı 01 ədəd bükümdə olan, ümumi təmiz çəkisi 7,765 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ona verilən ittihamda yazılan işlərdən uzaq olan bir şəxs olmuşdur. 15 aprel 2023-cü il tarixdə işə gedən zaman, saat təqribən 11:30-11:50 radələrində Əliyar Əliyev küçəsində, Montində «Akkord» yaşayış komleksinin binasının yanında 5 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, «mütəşəkkil»dən gəldiklərini bildirmişlər. Ona hər hansı qərar göstərilməmiş, üzərinə baxış keçirilməmiş, lakin idarəyə getməli olduğunu ona demişlər. Öz xoşu ilə onu maşına mindirib, BMCMİ-yə aparmışlar. İdarədə onu tutulan adamlar üçün olan otağa aparmış, orada 4-5 adam olmuşdur. Həmin vaxt əlləri açıq vəziyyətdə olmuşdur. Real olaraq aparılan axtarış zamanı üzərindən heç nə aşkarlanmamışdır. Onun narkotik vasitələrlə yaxından, uzaqdan əlaqəsi olmadığından polislərə onu analiz üçün göndərə biləcəklərini, işlədiyi yerdən onun haqqında maraqlana biləcəklərini demişdir. Tutanlardan biri ona “3 qram metamfetamin sənindir” demiş, o, belə şeylərdən uzaq olduğunu bildirdikdə həmin şəxs ona “nə bizə problem yarat, nə özünə” demişdir. Ona qarşı idarədə təzyiq olmamış, polis əməkdaşları ona sənədlər təqdim etmiş və qol çəkməli olduğunu demişlər, o da qol çəkmişdir. Ona BMCMİ-də 3 qram metamfetamin desələr də sonradan ittihamda çəkinin 7 qramdan çox olduğunu görmüşdür. Əslində isə ondan heç nə çıxmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 6 ay istintaq müddətində ona necə deyilibsə istintaqda o cür də demişdir. O cümlədən sənədlərə qol çəkmiş, həbs seçilərkən də metamfetaminin ona aid olduğunu demişdir. Ona fiziki təzyiq olmamış, müstəntiq ona heç bir təzyiq göstərməmiş, sadəcə sənədləşmə aparmışdır. Videoçəkiliş zamanı da maddəni cibindən çıxarıb ona deyildiyi kimi təqdim etmiş, o cümlədən təqdim edilən sənədləri imzalamışdır. İstintaq zamanı vermiş olduğu ifadəni də unutmamış, həmin ifadəni özü imzalamışdır. O, 15 aprel 2023-cü il tarixdə Xırdalan-Balaxanı yolunda olmamış, ona necə deyilmişdirsə, elə də etmişdir. Sadəcə dərdini məhkəmədə hakimə deməyi planlaşdırmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir “patı” deyilən psixotrop maddədən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, lakin narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 15 aprel 2023-cü il tarixdə, saat 11:20-də ünvan 3 ünvanının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə BMCMİ-nin inzibati binasına getmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qısaqol gödəkcənin sol iç cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 311 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisindən metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş metamfetamin bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı üzərindən hər-hansı əşya aşkar edilməmişdir. Ona məxss 01 ədəd “İphone” markalı mobil telefon götürülmüş, 311 manat pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı aşkar edilmiş psixotrop maddə metamfeamini Balaxanı-Xırdalan yolu kənarında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O, üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Bir müddətdir psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə edirmiş. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (iş vərəqə: 75-77). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 15 aprel 2023-cü il tarixdə DİN-in BMCMİ-nə Gəncə şəhərində anadan olmuş, faktiki Bakı şəhərində yaşayan, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 15 aprel 2023-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları – baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu ünvan 3 ünvanına yola düşmüşdür. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin gün, saat 11:20 radələrində ünvan 3 ünvanının yaxınlığında xarici görünürşü Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmış, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsə öz anket məlumatını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün BMCMİnin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 22 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X8 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 15 aprel 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qısaqollu gödəkcəsinin sol iç cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 311 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən 01 ədəd sellofan büküm açıldıqda içərisindən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş metamfetaminə bənzər maddə bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra şəxsi axtarış zamanı hər-hansı əşya aşkar edilməmişdir. 01 ədəd “İphone” markalı mobil telefon götürülmüş, 311 manat pul Özala geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfeaminə bənzər maddəni Balaxanı-Xırdalan yolu kənarında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər-hansı bir fakt aşkar edilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in BMCMİ-nin digər əməliyyat müvəkkili - Şahid3 ifadəsində həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 şahid ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə:112-115). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə, saat 11.20-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış, orada xidməti otaqların birində saat 12.55-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qısa qollu gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür (iş vərəqə: 33-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 6/2238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 7,765 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: 42-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2023-cü il tarixli 2295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 143-144). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-ın məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2023-cü il tarixli 1430/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir (iş vərəqə: 145-148). İbtidai istintaq orqanının müvafiq əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ilkin olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış faktı öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyini, onun həmin psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (iş vərəqə: 107). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 4(005)-544/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman çıxış edərək əməlini səmimi etiraf etmişdir (iş vərəqə: səh. 84-88). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 5(005)-725/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (iş vərəqə: səh. 103-104). Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının “maddi sübut hesab edilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərarına əsasən ümumi təmiz çəkisi 7,765 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, eksprertiza tədqiqatlarından sonra qalıq qalmış 7,665 qram metamfetamin psixotrop maddəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 96-98). Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 sentyabr 2023cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 152-160). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 14 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır (iş vərəqə: 157-158). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 7,765 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun üzərində heç bir növdən olan narkotik vasitəsi və ya psixotrop maddə olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verdiyi 15 aprel 2023-cu il tarixə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 137-138). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2021 və 2022-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2023-cü il tarixli 2295 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin Təqsirləndirilən şəxs rəyin nəticələrinə uyğun olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 15 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 15 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,665 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110,00 (bir yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 aprel 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,665 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110,00 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar