Məhkəmə qərarları › İş №1(101)-221/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı mülki iddiaçı olan zərər çəkmiş şəxs Mixail Bronşteynin və onun nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərcüməçi X6 iştirakı ilə 1987-ci il fevralın 05-də Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin yerləşdiyi ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Rusiya Federasiyasında yaşayan tanışı Mixail Bronşteynin Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə müflis elan edilmiş "xxxx" açıq səhmdar cəmiyyətində fiziki şəxs kimi hesabında 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu və elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasına gəlib həmin vəsaiti bankın ləğvedicisi təyin edilmiş Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondundan götürə bilmədiyini bildikdə onun adına bank və digər maliyyə əməliyyatları həyata keçirmək üçün etibarnamə veriləcəyi təqdirdə pulu Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondundan götürərək Mixail Bronşteynə göndərəcəyi barədə yalan vəd verməklə aldatmış, sonuncudan 2020-ci il avqustun 04-də etibarnamə alıb "xxxx" ASC-də Mixail Bronşteynin fiziki şəxs hesabında olan 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən "xxxx" açıq səhmdar cəmiyyətinin Xətai filialında olan hesaba köçürülməsini təşkil edərək adı çəkilən filialdan 2020-ci il noyabrın 05-də həmin dövrün məzənnəsi ilə 61.919,1 manat təşkil edən 36.423 ABŞ dolları, 2020-ci il noyabrın 06-da göstərilən dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları və 2020-ci il noyabrın 11-də qeyd edilən dövrün məzənnəsi ilə 459.000 manat təşkil edən 270.000 ABŞ dolları məbləğində pulu götürməklə Mixail Bronşteynə göndərməmiş, bununla da vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərər çəkmiş şəxsə xüsusilə külli miqdarda 605.919,1 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, 2011-2017-ci illərdə «Lider pul köçürmələri» beynəlxalq şirkətində nümayəndə kimi işləmişdir. Azərbaycanda rəsmi nümayəndəliyi olmasa da həmin şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankına verdiyi məktub əsasında nümayəndə kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə «Lider» şirkətinin Rusiya Federasiyasında rəhbəri olan rus əsilli X15 adlı xanımla tanış olmuşdur. Olqa 2020-ci ilin may ayında onun istifadə etdiyi ********** saylı mobil nömrəyə «WhatsApp» ani mesajlaşma xidmətindən +**********4 saylı nömrədən zəng edib hazırda onunla birlikdə işləyən, yəhudi əsilli Rusiya Federasiyasında şirkətləri olduğu Mixail Bronşteyn adlı şəxsin Azərbaycan Respublikasında hazırda lisenziyası ləğv edilmiş «Azərqaz» bankında 356.423 ABŞ dolları məbləğində şəxsi vəsaiti olduğunu, bundan başqa sonuncuya məxsus şirkətinin də bankda 3.100.000 ABŞ dolları məbləğində vəsaiti qaldığını söyləyərək göstərilən vəsaitlərin tezliklə köçürülməsində köməklik edib qaytarılan məbləğin 10 faizi hissəsini ona qonarar qismində verəcəyini bildirmişdir. Mixailin 2020-ci il avqustun 04-də ona verdiyi etibarnaməyə əsasən o, 2020-ci ilin noyabr ayında bankdan 356.423 ABŞ dolları almaqla bu barədə Olqaya demiş, lakin sonuncu pulu ondan istəməmiş, ona qeyd olunan məbləğdə pulu hüquqi şəxslərin də hesabında olan məbləğləri qaytarılması üçün xərcləməsini bildirmişdir. O da buna görə qeyd olunan 356.423 ABŞ dolları məbləğində pulu Olqaya, yaxud Mixailə qaytarmamışdır. Bundan sonra hüquqi şəxsin hesabında olan pulun qaytarılması ilə bağlı işləri davam etdirsə də bilinməyən səbəblərdən köçürülmə gecikmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Mixail Bronşteyn ifadəsində göstərdi ki, İsraillz sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" açıq səhmdar cəmiyyətində 2016-cı il tarixdə hesablaşmalar aparmaq üçün açdığı şəxsi hesaba müxtəlif vaxtlarda depozitə pul, cəmi 356.423 ABŞ dolları qoymuşdur. Həmçinin faktiki sahibi olduğu üç ədəd şirkətin də bankın depozit hesabında təxminən 3.100.000 ABŞ dolları məbləğində pul olmuşdur. Bank məhkəmənin qərarı ilə müflis elan edildiyindən pulu Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondundan geri qaytara biləcəyini öyrənmişdir. Həmin zaman dünyada baş vermiş pandemiya ilə əlaqədar olaraq Azərbaycana gələ bilməmişdir. Rusiya Federasiyasındakı bankların birinin vitse-prezidenti olan tanışı X14 müraciət etdikdə sonuncu Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs adlı nümayəndəsi olduğunu və adı çəkilən şəxsin vasitəsi ilə pulun qaytarılmasına köməklik göstərəcəyini bildirəndə o, 2020-ci il avqustun 04-də sonuncunun adına etibarnamə vermiş, hüquqi şəxslərin də hesabında olan pulları qaytarmasını təmin etsə, 3.100.000 ABŞ dollarının 10-15 faizi məbləğində qonarar verə bildiyini demişdir. Ona heç bir məbləğdə pul köçürülmədiyindən araşdırma aparmış və Muradın onu aldatmaqla 2020-ci ilin noyabr ayında şəxsi hesabında olan 356.423 ABŞ dolları məbləğində pulu üç dəfəyə çıxarıb ələ keçirdiyini bilmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, "xxxx" açıq səhmdar cəmiyyətinin Xətai filialının müdir müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 2020-ci il 04 avqust tarixli 78 AB seriyalı ******* №-li etibarnamənin tərcümə olunmuş surəti ilə müraciət etmiş, etibarnamədə Mixail Bronşteynin kompensasiya məbləğinin köçürülməsi üçün bank hesabı açmaq, "xxxx" açıq səhmdar cəmiyyətində bütün hesablarındakı (cari və kart hesabları) qalıqları almaq və köçürmək hüququ ilə ləğvetmə prosesində "xxxx" ASC-də depozit hesabına kompensasiya məbləğinin alınması üçün ərizələr və digər sənədlər vermək, onun adından zəruri sənədləri imzalamaq, kompensasiya pul məbləğlərinin onun hesablaşma hesablarına köçürülməsini rəsmiləşdirmək, Əmanətlərin Sığortalanması Fondunda, "xxxx" ASC-də onun maraqlarını təmsil etmək və Azərbaycan Respublikasının «Əmanətlərin Sığortalanması haqqında» Qanununa uyğun olaraq bu tapşırığın yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş bütün hərəkətləri etmək səlahiyyətlərini Təqsirləndirilən şəxs bir il müddətinə verməsi əks olunmuşdur. O, həmin etibarnamə əsasında "xxxx" açıq səhmdar cəmiyyətindəki Mixail Bronşteynin fiziki şəxs hesabında olan 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Xətai filialındakı hesaba köçürülməsini təşkil etmiş, Təqsirləndirilən şəxs göstərilən filialdan 2020-ci il noyabrın 05-də qeyd olunan dövrün məzənnəsi ilə 61.919,1 manat təşkil edən 36.423 ABŞ dolları, 2020-ci il noyabr 06da 85.000 manat təşkil edən 50.000 ABŞ dolları və 2020-ci il noyabrın 11-də 459.000 manat təşkil edən 270.000 ABŞ dolları məbləğində pulu götürmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2022-ci il 25 yanvar tarixli izahatında Azərbaycan Respublikasının CM-nin 178.4.cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etməklə 2020-ci ilin may ayında X9 zəng edib "xxxx" açıq səhmdar cəmiyyətində olan Mixail Bronşteynin şəxsi hesabındakı 356.423 ABŞ dollarından savayı sonuncunun şirkətinin də bankda 3.100.000 ABŞ dolları məbləğində pulu qaldığını, ondan həmin vəsaitləri tezliklə qaytarılmasını köməklik etməsini, qaytarılan məbləğindan ona 10 faiz qonorar veriləyəcəyini bildirməsini, 2020-ci ilin noyabr ayında onun 356.423 ABŞ dollarını üç dəfəyə köcürülməsinə nail olmasına baxmayaraq pulu öz ehtiyaclarına sərf etdiyini, xərclədiyini 3.100.000 ABŞ dollarını geri ala bildiyi təqdirdə hər iki məbləğə görə ona veriləcək qonorarla əvəzləşdirəciyini fikirləşdiyini, lakin şirkətin pulunu qaytara bilmədiyini, hər dəfə Olqa ilə əlaqə saxlayarkən respublikada yaranan şəraiti bəhanə etməklə yalandan məsələlərin uzandığını danışdığını, adı çəkilən şəxslərin həqiqəti biləndən sonra gizlənməyə başladığını, hərəkətindən peşman olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 25-28); şahid qismindəki 2022-ci il 03 fevral tarixli ifadəsində uyğun ifadə verib bundan əlavə X15 tərəfindən qonorarının qaytarılan pul məbləğinin 20 faiz təşkil edəcəyini vəd edildiyini, 2020-ci ilin may ayına qədər Olqa ilə əlaqə saxlayaraq sonradan gizləndiyini bildirmişdir (1-ci cild, iş vərəqi 105-108); 2022-ci il fevralın 03-də şübhəli şəxs qismində dindirilərkən şahid qismindəki ifadəsi ilə eyni ifadə vermişdir (1-ci cild, iş vərəqi 118-121); təqsirləndirilən şəxs qismindəki 2022-ci il 05 fevral tarixli ifadəsində Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməməklə 356.423 ABŞ dollarını alması barədə X14 məlumat verməsini, qonorarının göstərilən məbləğdən ibarət olmalı olduğunu, qalan 10 faizin isə hüquqi şəxsin hesabına daxil olmasını göstərmişdir (1-ci cild, iş vərəqi 134-137). İş materiallarında olan 2020-ci il 04 avqust tarixli 78 AB seriyalı ******* №-li etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Mixail Bronşteyn kompensasiya məbləğinin köçürülməsi üçün bank hesabı açmaq, "xxxx" açıq səhmdar cəmiyyətində onun bütün hesablarındakı (cari və kart hesabları) qalıqları almaq və köçürmək hüququ ilə ləğvetmə prosesində onun "xxxx" ASC-dəki depozitinə (hesabına) kompensasiya məbləğinin alınması üçün ərizələr və digər sənədlər vermək, onun adından zəruri sənədləri imzalamaq, kompensasiya pul məbləğlərinin onun hesablaşma hesablarına köçürülməsini rəsmiləşdirmək, Əmanətlərin Sığortalanması Fondunda, «X8» ASC-də onun maraqlarını təmsil etmək və Azərbaycan Respublikasının «Əmanətlərin Sığortalanması haqqında» Qanununa uyğun olaraq bu tapşırığın yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş bütün hərəkətləri etmək səlahiyyətlərini Təqsirləndirilən şəxs bir il müddətinə vermişdir (1-ci cild, iş vərəqi 14-16). İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyətinin 2021-ci il 10 sentyabr tarixli hesabdan çıxarışının, "xxxx" açıq səhmdar cəmiyyətinin 2020-ci il 05 noyabr, 2020-ci il 06 noyabr və 2020-ci il 11 noyabr tarixli məxaric orderlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Mixail Bronşteynin fiziki şəxs hesabından 2020-ci il noyabrın 06-da 36.423 ABŞ dolları və 50.000 ABŞ dolları, 2020-ci il noyabrın 11-də 270.000 ABŞ dolları məbləğində pul çıxarılmışdır (1-ci cild, iş vərəqi 17-18 və 31-33). İş materiallarında olan tarixsiz qəbzdən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 25 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi üç vərəqdə sənədlərin surətləri və istifadəsindəki «İphone 11» markalı mobil telefon götürülmüşdür (1-ci cild, iş vərəqi 29-30). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 01 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd «İphone 11» markalı mobil telefona və həmin telefonda sonuncu ilə X15 arasında «WhatsApp» proqramında 2020-ci il dekabrın 16-dək olan yazışmalarda Təqsirləndirilən şəxs X14 «İndi vergilərdəyəm, çıxıb zəng edərəm» mesajına sonuncunun «Etibarnamədə qeyd olunan pasportunun şəklini göndər, və etibarnaməni göndərə biləcəyim poçt adresini göndər, 2 şirkətə direktor tapmışıq, 3-nü axtarırıq» məzmunlu cavab yazması, Təqsirləndirilən şəxs X14 pasportun fotosunu göndərib «Allaha şükür» yazması, sonuncunun «Kuryer poçtu üçün hansı telefonu yazım?» mesajına Təqsirləndirilən şəxs «Mənim nömrəmi yazın, +**********05, +**********00» cavab verməsi, daha sonra sonuncunun X14 yazdığı «Mənim burada tərcümə və təsdiq etdirməyim üçün notarial surətdə təsdiq olunmalıdır» mesajına sonuncunun «2 etibarnamə Rusiyadan olmayacaq, onlar birbaşa ingilis dilində olacaq, biri isə Rusiyada hazırlanacaq. İlkin olaraq rus dilində hazırlanır. Yəqin ki, notarial tərcümə etmək lazım olacaq, zəng edirəm, sən ale deyilsən» cavabını yazması, 2020-ci il iyunun 04-də Olqa X2 Cəfərova «Salam Muradik! Fiziki şəxsə pulun qaytarılması sxemi haqqında hələ məlumat yoxdur?» mesajına sonuncunun «Narahat olmayın, Digəri üzrə keçirərik, ABB-də artıq bron etmişik» cavabını verməsi, X13 «O, kodu özü bank sistemindən çıxara bilər?» mesajına Təqsirləndirilən şəxs «Hə, o, bununla məşğul olur.» cavab yazması, X14 «Nəyi bron etmisiz?» mesajına Təqsirləndirilən şəxs «Mən də burdayam növbə üçün» deyə cavablandırması, X13 «Fizik (fiziki şəxslər) üzrə dəqiq məbləği bilmək də yaxşı olardı.» mesajına Təqsirləndirilən şəxs «Onu da edirik, Siz narahat olmayın, hər şeyi edəcəyik» məzmunlu cavab yazması, 2020ci il iyulun 23-də sonuncunun X14 «Salam, Olqa Yuryevna, necəsiz? Hüquqi şəxslər üzrə ACB-dən məktub gözləyirik, fiziki şəxs üçün isə sizdən etibarnamə gözləyirəm.» mesajına «Salam, o, etibarnamə yazmazdan əvvəl fiziki şəxs üzrə sxemi anlamaq istəyir. Onlar köçürmə sxemi üzrə nə vaxt qərar verəcəklər? ACB məktub haqqında nə deyir?» yazması, Təqsirləndirilən şəxs «Mən bu gün çalışaram ABB-yə gedim və dəqiq öyrənim» mesajına X13 «Depozit və ACB haqqında orda təyinatda da yazılacaq? Səndə ödənişin təyinatının mətninə dair nümunə var? Bunu sadəcə qəbul edən bank hamısını soruşacaq, buna görə onlara nə demək lazım olduğunu bilmək lazımdır. Fizikidən köçürmə uyğundur. Sadəcə ödənişin təyinatı daha dəqiq lazımdır» yazması və Təqsirləndirilən şəxs cavabında «Yaxşı, təyinatı da dəqiqləşdirərik. ... işçilər, məmnuniyyətlə gedərdim.» bildirməsi, 2020-ci il iyulun 28-də X13 «Salam! Etibarnamənin mətni üzrə cavab var? Onları bir az silkələ. Mətni razılaşdırsalar, sabah o, etibarnaməni düzəldə bilər. Başqa işlər üçün notariusa getməlidir», 2020-ci il iyulun 29-da «Muradik, bankdan etibarnamə üzrə xəbər yoxdur? Zəhmət olmasa, zəng et. Muradik, təzə faylı çox gözləyirəm» yazması, sonuncunun «Anladım, göndərərəm» cavabına X13 «Bu gün gözləyim?» yazması, Təqsirləndirilən şəxs «Axşamınız xeyir. Olar, sabah tezdən göndərim? Bu gün çatdırmadım.» mesajına X13 «Yaxşı. Zəhmət olmasa hər şeyi ətraflı yaz, nə vaxt, harada, nəyi imzalamısan tarixləri qeyd et, hansı sənədləri götürmüsən və s., şirkətlər üzrə rəqəmlər qeyd olunmaqla. Hansı məhkəmələr, nə vaxt, nə barədə olub və s. Müflislik prosedurası haqqında, indi hansı mərhələdədir və s. o, dərhal hər şeyi başa düşsün deyə. ACB-nin bizimlilər üzrə mövqeyi nədən ibarətdir? Sən etibarnamənin əslini aldın?» cavabını verməsi və Təqsirləndirilən şəxs etibarnamənin fotoşəklini gördərib «Hə» yazması, X13 «ABB-də nə vaxt işə salacaqsan?» sualına Təqsirləndirilən şəxs «Cavab gözləyirəm. Onlara bildirdim ki, etibarnamə məndədir.» cavabını yazması, X13 «AGBankdan lisenziya geri götürüldüyü anda aşağıda qeyd olunan şirkətlər AGBankla ekvayrinq müqaviləsi əsasında işləyirdi. Lisenziya geri götürüldükdən sonra bütün hesablaşmalar dayandırıldı. Nəticədə AGBankda daxili hesablarda tamamlanmamamış hesablaşmalarda qeyd olunan şirktlərin nəfinə ödənilməmiş məbləğlər qaldı: Masterpay LTD - 2 964 876 USD, Future Payment LTD - 40 854 USD, Payment Gate LTD - 61 375 USD, Həmin məbləğlər həmin şirkətlərin hüquqi şəxs olan müştərilərinin pullarıdır, yəni fiziki şəxslərə mallar və xidmətlər təqdim edən internet-mağazalar. Bank fiziki şəxslərdən ödənişlərin qəbulunu bank kartları vasitəsilə həyata keçirirdi. Həmin borc nəticəsində qeyd olunan şirkətlər öz müştəriləri ilə hesabalşamaları başa çatdıra bilmir, bunun nəticəsində isə müştərilər - fiziki şəxslər ödədikləri maları və... indiyə qədər ala bilmir. Yəqin ki, o, ACB-də kömək edəcək ki, fiziki şəxslərə borc kimi göstərilsin.» mesajına Təqsirləndirilən şəxs səsli mesajla cavab verməsi, X13 «Yox, notarial surətini sən istəməmisən» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Mən Nicata zəng edim, yoxsa onları özləri?» cavabı verməklə X13 «Özləri baxacaq, nə var nə yox, sonra başa düşəcəyik» mesajına Təqsirləndirilən şəxs «Əla. Ok» yazıb səsli mesaj göndərməsi, X13 «Onlar Nicatda çətin ola. Nə edək? Yalnız rekvizitlər var. Rekvizitləri poçta göndərdim. Pasport beşinci gün DHL-lə getdi. Bəs AGBankdakı qız vasitəsilə müqavilənin surətini çıxarmaq olmaz?» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Baxırıq. Mən qızlara tapşırdım. Deyəsən DHL yo, fedexdir» yazması və X13 «Hə, FedEX» bildirməsi, 2020-ci il avqustun 26-da Təqsirləndirilən şəxs «Salam. Biz indi fiziki şəxsə hesab açırıq, mənə email lazımdır, onun ünvanı, indeks, həm də VÖEN kod, mailto:mb@wirecapital.comElektron ünvan bunu tapdım, ünvan da var, etibarnamədə» məzmunlu mesajına X13 «İndeks 6936024» cavabını verməsi, 2020-ci il avqustun 31-də sonuncunun «Salam. Ok. Bu, həm fizik üzrə, həm şirkətlər üzrədir?» sualına Təqsirləndirilən şəxs «Həm o, həm o birisi. Hamısı birlikdə» cavabını verməsi və X13 «Yaxşı. Çox sağ ol.» bildirməsi, 2020-ci il noyabrın 04-də Təqsirləndirilən şəxs sonuncuya «Salam, Olqa Yuryevna. VPN-lə qoşulurdum, buna görə də həmişə tutmur. İndi hər şey müharibəyə və koronavirusa görə dayanıb, bir az gözləmək lazımdır. Çox az qalıb. Mən sakitcə həll edirəm. Çoxlu səs-küy qaldırmaq da olmaz.» yazması, 2020-ci il noyabrın 10-da Olqa X2 Cəfərova «Salam Muradik. Qələbə münasibətilə təbrik edirəm.» mesajına sonuncunun «Axşamınız xeyir, Olqa Yuryevna. Çox sağ olun!!! Bu gün heç cür dostlarımızın yanına gedə bilmədim, sabah gedəcəyəm və görək, nə vaxt, necə olacaq» yazması, X13 «O! Məlumatı çox gözləyirəm.» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Hər şeyi həll edəcəyik. Narahat olmayın.» bildirməsi, 2020-ci il noyabrın 12-də X13 «Salam. Danışdın? Xəbər var?» sualına Təqsirləndirilən şəxs səsli mesajlar göndərməsi, X13 pdf formatında sənəd göndərməklə «Bankdan bu var, lakin avro hesab da qeyd olunub. Başqası yoxdur, təəssüf. Səndə var. Bu variant tamamilə uyğun deyil?» yazması, cavabında Təqsirləndirilən şəxs «Uyğundur, lakin əvvəlcə dollardan manata mevirəcəklər, sonra manatdan avroya Dayan, nəyə görə avro?» bildirməsi, X13 «Gözləyin niyə avro?» sualına Təqsirləndirilən şəxs «Aaaaa, elə bildim ancaq avro. İndi gördüm, dollar var, uyğundur» yazması, X13 «Bu məktubun əslini sənə göndərmişdik. Yoxla» mesajına Təqsirləndirilən şəxs «Hə, belə sənəd var.» bildirməsi, X13 «Ok. ABB-də hesabın açılması prosedurasını nə zaman başlayacaqsan?» məzmunlu mesajına Təqsirləndirilən şəxs «ABB ilə danışdım. Bu gün ya...» yazması, X13 «Sən ABB-də hesabın açılması prosedurasını başladın? Şirkətlərin sənədləri iə - onları göstərdin? Zəhmət olmaza, zəng et, suallar var. Hesabın açılmasını imzalayanda sənədlərin fotoşəklini çək» mesajına Təqsirləndirilən şəxs «Yaxşı, Edərəm» cavabını göndərməsi, 2020-ci il noyabrın 18-də X13 «Salam, Banka getdin?» sualına Təqsirləndirilən şəxs «Salam. Filial dedi ki, sənədlə bu gün saat 15:00-a...» yazması, fotoşəkillər göndərib «Sabahınız xeyir. İndi gedirəm üçhərfli təşkilata və rekvizitləri onlara vercəyəm. Sizdə olan sənədi hələlik saxlayın. Deyəcəyəm. Dərhal hamısını necə istəsələr göndərərsiniz.» bildirməsi, X13 «Salam. Yaxşı xəbərlər. Hesabın açılması haqqında müqavilənin ikinci nüsxəsi səndə qalıb?» sualına Təqsirləndirilən şəxs «Məndədir. Rus dilinə tərcüməsini istəyirsiniz?» cavabını verməsi, X13 «Lazım deyil. Əsas səndə olsun. Muğan barədə öyrənə bildin?» mesajına Təqsirləndirilən şəxs «Məşğul oluram. Yaxınlarda əldə edəcəyəm. Əsas sahibini» bildirməsi, 2020-ci il noyabrın 20-də X13 «Bu təzə nömrədir? Mənə məlumat gəlib» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Salam. Bu mənim digər nömrəmdir. O sizdə də var. VPN-də sonra köhnəsi pis işləyir. Amma o da açıqdır. Siz bura yazın.» cavabını verməsi, X13 «Ok. Səndə xəbər var?» sualına Təqsirləndirilən şəxs «Salam. Hə, yaxın günlərdə olacaq. Onlardan cavab gözləyirəm. Hər şeyi onlara vermişəm.» yazması, 2020ci il dekabrın 07-də sonuncunun «Salam, Olqa Yuryevna. Sənədi göndərə bilərsiniz. Təsdiq etdilər.» məzmunlu mesajına X13 «Sabahınız xeyir! Şəxsi pullar?» yazması, cavabında Təqsirləndirilən şəxs «Bağışlayın, telefonla danışırdım, Hə, əvvəlcə şəxsi, Heydər Əliyev prospekti 203, 203 X16 Baku, Azerbaijan, AZ 1029, +994 50 224 00 05, +**********00» bildirməsi, 2020-ci il dekabrın 08-də X13 «Salam, Mixailin şəxsi pulundan xəbər var? Bu həftə həll olacaq?» sualına Təqsirləndirilən şəxs «Axşamınız xeyir. Hə, olacaq. Çox ehtimal, cümə axşamı.» məzmunlu cavab göndərməsi, X13 «Bəs qələbə münasibətilə nümayiş?» mesajına Təqsirləndirilən şəxs «Hə, sabah keçiriləcək. Dünən və bu gün bütün yollar bağlıdır.» bildirməsi, 2020-ci il dekabrın 10-da X13 «Salam. Bankdan xəbər var?» mesajına Təqsirləndirilən şəxs «Sabahınız xeyir, Olqa Yuryevna. Saat 09:00da banka dedim, mütəmadi olaraq yoxlayırlar. Görən kimi mənə deyəcəklər.» yazması, 2020-ci il dekabrın 16-da X13 «Salam, Xəbər yoxdur?» məzmunlu mesajına Təqsirləndirilən şəxs səs yazıları ilə cavab verməsi müəyyənləşdirilmiş, digər yazışmalarda iş üçün əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 57-101). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 03 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə onun arvadı X3 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdir (1-ci cild, iş vərəqi 112). İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatından görünür ki, 2020-ci il oktyabrın 05-dən 2020-ci il oktyabrın 12-nə kimi 1 ABŞ dollarının məzənnəsi Azərbaycan manatı (AZN) ilə 1,70 təşkil etmişdir (1-ci cild, iş vərəqi 122). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 05 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 126-127). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 05 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.4.cü maddəsi ilə axtarışda olan təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022ci il fevralın 03-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 149-153). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il fevralın 24-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 162). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2022-ci il 12 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında «WhatsApp» proqramında 2021-ci il yanvarın 28-dən 2021-ci il iyunun 23-dək olan yazışmalarda sonuncunun «Salam, yaxın zaman dedikdə, təxminən nə vaxtdır?» mesajına Təqsirləndirilən şəxs «Bu gün gözləyəcəyəm, zəng etməsələr, özüm zəng edib dəqiqləşdirəcəyəm» yazması, 2021-ci il yanvarın 28-də X13 «Muradik salam. Xəbər var?» mesajına Təqsirləndirilən şəxs səs yazısı ilə cavab verməsi, 2021-ci il martın 01-də X13 «Salam. Görüşdünüz?» sualına Təqsirləndirilən şəxs «Salam, Olqa Yuryevna! Sabah üçümüz birlikdə yemək yeyəcəyik və düşünürəm ki, bundan sonra həll olunacaq. O dayısından zəmanət istəyir və o zəmanət verəcək. Sabah çıxan kimi sizə zəng edəcəyəm» bildirməsi, 2021-ci il aprelin 29-da sonuncunun «Axşamınız xeyir. Mən onunla elə həmin gün danışdım, dedim ki, dəqiq deyin. Onlar bütün bu vaxtı susurdu, lakin indi zəng etdilər və dedilər ki, sabah günorta gəl, rəis səni gözləyəcək. Soruşdum ki, rədd cavabdır yoxsa? Dedi ki, dəqiq vaxtı deyəcəyik.» mesajına X13 «Sabah xəbər verərəm. Allah eləsin, yaxın günlərdə olsun, sabah məlumat alan kimi dərhal zəng et» məzmunlu cavab yazması, 2021-ci il aprelin 30-da sonuncunun «Salam. Zəng et. O, bunu Bankdan göndərib ki, pullar çıxarılıb?» mesajına Təqsirləndirilən şəxs səsli mesajlarla cavab verməsi, 2021-ci il mayın 07-də X13 «Salam, xəbər var?» sualına Təqsirləndirilən şəxs «Salam, hələki, gözləyirəm. Dünən təsdiq olunacağını söz vermişdilər, bu gün dedim ki, dəqiqləşdirin. Deyirlər ki, təsdiq olan kimi, göndərəcəyik. Siz zəng etmişdiniz?» bildirməsi, X13 «Salam. Yox, bu gün zəng etməmişəm. Sən bu gün görüşəcəksən?» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Hə, bu gün görüşdür.» cavabına «Necə görüşdünüz?» yazması, Təqsirləndirilən şəxs «Bir daha salam. Elə indicə çıxdım, bu həftə həm təsdiqi, həm də ödənişi söz verdilər. Sabah səhər saat 10-da yenə gedəcəyəm. Bəlkə sabah hamısını ala bildim.» mesajına X13 «Zəhmət olmasa, zəng et» yazması, 2021-ci il mayın 27-də sonuncunun «Bu gün 27-dir. Xəbər var?» sualına Təqsirləndirilən şəxs « Salam. Dedilər, gözlə, axşam zəng et. Mən axşam bir də əlaqə saxlayacağam və sizə deyəcəyəm. Məncə alınmalıdır.» cavabını verməsi, 2021-ci il mayın 28-də X13 «Salam, nə oldu, nə xəbər var?» sualına Təqsirləndirilən şəxs «Salam. Bu gün bayram günüdür 28 May, 31-i iş günüdür. Gəlin gözləyək və sonra necə hərəkət edəcəyimizi həll edərik. Amma 31-i dəqiq biləcəyik, edəcəklər ya yox.» bildirməsi, 2021-ci il mayın 31-də X13 «Zəhmət olmasa, zəng et.» mesajına 2021-ci il iyunun 01-də Təqsirləndirilən şəxs «Salam, mən gecə gördüm. Saat 14:00-da onlarda olacağam və oradan zəng edəcəyəm. Sonra necə desəz elə edərik.» yazması, 2021-ci il iyunun 02-də X13 «Salam, səsin gəlmir, xəbər yoxdur?» mesajına Təqsirləndirilən şəxs səsli mesajla cavab verməsi və X13 «Ok. Sabah zəng et.» yazması, 2021-ci il iyunun 04-də sonuncunun «Salam. Zəng et, müzakirə etməliyik» və 2021-ci il iyunun 15-də «Salam. Zəng et» mesajlarına Təqsirləndirilən şəxs səsli mesajlarla cavab verməsi, 2021-ci il iyunun 16-da X13 «Salam! Görüş necə keçdi?» mesajına Təqsirləndirilən şəxs «Salam. İndi çatıram və Sizə yazacağam. Yaxşı görüşdük.» yazıb səs yazısı göndərməsi və X13 «Zəng et.» yazması, 2021-ci il iyunun 18-də sonuncunun «Salam, Görüş necə keçdi? Mixail narahat edir, məlumat soruşur.» məzmunlu mesajına Təqsirləndirilən şəxs «Salam, Mən elə indi çıxdım, hələlik heç nə alınmadı, lakin dedilər ki, fiziki şəxslərin hesablarının təsdiqini verəcəklər, hüquqi şəxsləri isə yox» yazması, X13 2021-ci il iyunun 21-də «Salam, nə xəbər var?» və 2021-ci il iyunun 22-də «Salam, nə xəbər var? Zəhmət olmasa, zəng et. Sən Ale? Sənə zəng edə bilmirəm.» məzmunlu mesajlar yazması, 2021-ci il iyunun 23-də Təqsirləndirilən şəxs cavab olaraq «Salam. Təəssüf ki, təsdiq almaq olmur, çünki fiziki şəxslərin pulları əvvəlcədən hüquqi şəxslərlə bağlı idi. Dedilər ki, qoy gözləsin, indi gəlməyin mənası yoxdur. Görsələr ki, hüquqi şəxslərlə alınmır, o zaman o, fiziki şəxsin pullarını alacaq. Bax belə pis vəziyyət yaranıb. Mən istənilən halda həll edəcəyəm, ona görə də xahiş edirəm ki, gözləyin, məni tələsdirməyin. Nəticədə mən ortada qalıram. Mən yaxın zamanda hər şeyi həll edib sizə geri dönəcəyəm.» bildirməsi, X13 sonuncuya «Gəl növbəti hərəkətlərimizi müzakirə edək. Mənə zəng et, zəhmət olmasa. Murad, mənə zəng et. İzahat ver, sonra necə hərəkət edək. Xəbər var. Zəngini gözləyirəm.» yazması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 173-180). İş materiallarında olan X13 2022-ci il 16 fevral tarixli ərizəsinin tərcüməsindən görünür ki, 2020-ci ilin iyul ayından 2021-ci ilin iyun ayınadək Təqsirləndirilən şəxs verilən etibarlı tapşırıqla əlaqədar danışıqlar aparılarkən sonuncunun Mixail Bronşteynin AGBankdakı şəxsi hesabından pulun qaytarılması istiqamətində iş getdiyini yalandan deməsini, sonuncunun şirkətinin hesabından 10 faiz qonorarın Təqsirləndirilən şəxs ödəməsi məsələsi müzakirə olunsa da Mixail Bronşteynə pul köçürülmədiyindən bu əməliyyatın baş tutmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 171-172 və 181-182). İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun 2022-ci il 06 iyul tarixli **********118 №-li məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətində «Masterpay» LTD, «Futurepayments» LTD və «Paymentgate» LTD-yə məxsus depozit hesabında pul vəsaitlərinin olub-olmaması, müsbət halda həmin vəsaitlərin kim tərəfindən, hansı tarixlərdə, hansı sənədlər əsasında əldə edilməsi və ya pul vəsaitinin götürülməsi ilə bağlı hər hansı bir müraciətin edilib-edilməməsi barədə məlumat aşkarlanmamış, bir ədəd fləşkart məktuba əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 209-210). İş materiallarında olan Bakı şəhəri «Günəş» mənzil-tikinti kooperativinin tərtib etdiyi xasiyyətnamədən, 2022-ci il 29 iyun tarixli AR-20 №-li arayışdan, 2019-cu il 01 iyun tarixli AZ-İİ seriyalı 331584 №-li nikah haqqında, 2021-ci il 01 aprel tarixli AZ-İV seriyalı 578423 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailəsi 1991-ci il 31 avqust təvəllüdlü arvadı X4 və 2021-ci il 01 yanvar təvəllüdlü övladı X5 ibarətdir, Təqsirləndirilən şəxs qonşular arasında hörmət və nüfuza malikdir (1-ci cild, iş vərəqi 212-214). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 15 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2022-ci il 16 iyul tarixli təqsirləndirilən şəxsə yenidən ittham elan etmə haqqında qərarlarından görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 178.4.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut hesab olunmaqla Təqsirləndirilən şəxs ilə X15 arasında aparılan «WhatsApp» proqramındakı yazışmaların cinayət işinə əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 11» markalı mobil telefon saxlanılması üçün idarənin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 215-229 və 235-236). Məhkəməyə təqdim olunan 2022-ci il 10 oktyabr tarixli mülki iddia ərizəsindən və eyni tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Mixail Bronşteyn maddi ziyana görə 356.423 ABŞ dolları, həmin puldan istifadəsinə görə faiz məbləği hesablanan 47.165 ABŞ dolları, mənəvi ziyana görə 37.000 ABŞ dolları, əldən çıxmış faydaya görə 7.126 manat və 1.053 manat dövlət rüsumu nəzərə alınmaqla 763.286 manat məbləğində pulun onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan Rusiya Federasiyasının vətəndaşı X13 2022-ci il 23 noyabr tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə bağlı cinayət işi üzrə ilkin istintaq zamanı bütün məlumatları təqdim etmiş, heç bir əlavəsi yoxdur, ibtidai araşdırmadakı ərizəsini təsdiq edir. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Mixail Bronşteynin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə 2023-cü il 28 fevral tarixli ərizəsindən görünür ki, həmin tarixdə zərər çəkmiş şəxsə dəymiş ziyanın 356.423 ABŞ dolları məbləğindən 100.000 ABŞ dolları Təqsirləndirilən şəxs atası X11 tərəfindən ödənildiyindən o, mülki iddianın qalan hissəsinin – ziyanın ödənilməmiş hissəsində təmin edilməsi və Təqsirləndirilən şəxs azadlıqdan mərhum etməyən cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatından görünür ki, 2023-cü il fevralın 28-nə 1 ABŞ dollarının məzənnəsi Azərbaycan manatı (AZN) ilə 1,70 təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərər çəkmiş şəxsin və əlavə şahidin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai istintaqda verdiyi izahat, şahid və şübhəli şəxs qismindəki ifadələr, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 №-li qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının, işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qeyd olunanlara əsaslanmaqla məhkəmə himayəsində bir azyaşlı uşağı olan, ilk dəfə məhkum edilən, zərər çəkmiş şəxsə dəymiş ziyandan 100.000 ABŞ dollarını ödəyən, zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən barəsində azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin olunması xahiş edilən, yaşadığı yerdə müsbət xarakterizə olunan Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4.-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrumetmə cəzasının həddinin müəyyən edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Mixail Bronşteynin mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Mixail Bronşteynin xeyrinə maddi ziyana görə 435.919,1 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 725,92 manat, ümumilikdə 436.645,02 manat tutulmalı, mülki iddiası qalan hissədə baxılmamış saxlanılmalı, ona mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Mixail Bronşteynin iddia ərizəsinə görə ödədiyi qalan 327,08 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 11» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs ilə X15 arasında aparılan «WhatsApp» proqramındakı yazışmaların cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il fevralın 03-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.4.-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il fevralın 03-dən hesablansın. Zərər çəkmiş şəxs Mixail Bronşteynin mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Mixail Bronşteynin xeyrinə maddi ziyana görə 435.919,1 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 725,92 manat, ümumilikdə 436.645,02 manat tutulsun, mülki iddiası qalan hissədə baxılmamış saxlanılsın, ona mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxs Mixail Bronşteynin iddia ərizəsinə görə ödədiyi qalan 327,08 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs məxsus bir ədəd «İphone 11» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs ilə Olqa Vilkul arasında aparılan «WhatsApp» proqramındakı yazışmaların cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar