Məhkəmə qərarları › İş №1(101)-221/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə İmişli rayonundan doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,538 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 31 oktyabr 2023-cii il tarixdə saat 22:10 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB- nin əməkdaşları tərəfindən tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən 1 nömrəli evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd-boz rəngli cins şalvarının sol yan cibində saxladığı sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,538 qram olan kustar üsulla hazırlanmış ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 2) görünür ki, xx.xx.2023-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında “Rövşən” adlı şəxsin üzərində qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələri daşıması və saxlaması göstərilmişdir. Eyni zamanda daxil olmuş məlumatda “Rövşən” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 1-in qarşısında olacağı üzərində narkotik vasitə daşıması və həmin şəxsin geyimi, xüsusi əlamətləri bildirilmişdir.

4. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 23) görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin polis əməkdaşları tərəfindən keçirilmiş ƏAT–i nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, E.Bəkirli küçəsi, ev 1-in qarşısında saxlanılaraq 22:20-də 32-ci PB-nə gətirilmişdir.

5. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 26-27) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd büküm aşkar edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 01 noyabr 2023-cü il tarixli, 6/5835 saylı rəyindən (cild 01, iş vərəqə 37-40) görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,538 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.

7. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan (cild 01, iş vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır.

8. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 53-54) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü madddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.

9. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-419/2023 saylı qərarından (cild 01, iş vərəqə 75-79) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 oktyabr 2023cü il tarixdən, saat 23:15-dən hesablanması qərara alınmışdır.

10. xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan (cild 01, iş vərəqə 85) görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,538 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutları saxlanılması üçün nəzərdə tutulan otaqda saxlanılmışdır.

11. Azərbaycan Respublikası DİN-nin baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 103-105) görünür ki, Əmişov X7 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay sınaq müddəti ilə şərti cəzaya məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində çıxarılmış şərti məhkum etmə cəzası ləğv edilərək 01 il 11 ay azadlıqdan mərum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya Qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.

12. Diskə baxış keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 111) görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd disk cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 Komissiyasının verdiyi xx.xx.2023-cü il tarixli, 7728 saylı rəyindən (cild 01, iş vərəqə 117-118) görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Əmişov X3 xəstəliyindən əziyyət çəkmir. Narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur.

14. Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 hüquqi şəxsin verdiyi 3420 saylı 09 dekabr 2023-cü il tarixli rəyindən (cild 01, iş vərəqə 119-121) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstləik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun istintaq hərəkətlərində iştirak etməsi mümkündür. Təqsirləndirilən şəxs əməli törətdiyi Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

15. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən (cild 01, iş vərəqə 122-123) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X5 adlı və xx.xx.2009cu il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır.

16. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-75/2024 saylı qərarından (cild 01, iş vərəqə 166-174) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, dərhal məhkəmə iclas zalından azad olunmuş, onun barəsində 20 mart 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

17. 19.03.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1514/2024 saylı qərrıdnan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən daxil olmuş məktubdan (cild 01, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına daxil olmuş, sorğu zamanı həbs edilmiş şəxs xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı qarın nahiyyəsində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir.

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-221/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir.

20. Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Surxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.

21. Suraxanı rayon prokurorluğunun müstəntiqi Elçin Salmanov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi xüsusatı öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

22. Məhkəmədə şahid qismində dindirilmiş Surxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 31 10.2023-cü il tarixdə əməliyyat məlumatı əsasında Rövşən adlı şəxsi digər polis əməkdaşı Şahid1lə birlikdə Qaraçuxuru qəsəbəsi E. Bəkirli küçəsi ərazisində saxlamışlar. Şəxsi saxladıqdan sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi əsası ilə bölməyə dəvət etmişlər. Bölmədə videoçəkiliş zamanı şəxsin üzərində qeyri-qanuni əşya olduğu halda təhvil verməsi təklif olunmuşdur. Şəxs könüllü surətdə əynindəki göy cins şalvarın sol yan cibindən 1 büküm narkotikə bənzər maddəni təhvil vermişdir. Haradan əldə etdiyini soruşanda bildirmişdir ki, narkotik vasitəni tapmışdır və polisə təhvil verəcəkdir. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq bildrimişdir ki, şəxsin mobil telefonunu götürməmişlər, hadisə günü təqsirləndirilən şəxsin 102 xidmətinə zəng edib etməməyi barədə bilmir, onlar təqsirləndirilən şəxsdən telefon götürməmişlər. Onlar təqsirləndirilən şəxsi evində saxlamışlar.Tərəflərindən təqsirləndirilən şəxsə heç bir təzyiq olmamışdır.

23. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbəsi ərazisində yaşayan Rövşən adlı şəxsi baş əməliyyat müvəkkili Əmirxan adlı polis əməkdaşı ilə birgə saxlamışlar. Şəxsi bölməyə dəvət etmişlər və bölmədə təhqiqatçının otağında videçəkiliş vasitəsilə şəxsin üzərinə axtarış keçirilmişdir. Çəkiliş zamanı şəxsdən üzərində olan qanunsuz əşyaları onlara təhvil verməsini təklif etmişlər. Şəxs könüllü surətdə üzərində daşıdığı 1 büküm narkotik vasitəni onlara təqdim etmişdir. Bükümün içərisindən metamfetamin aşkar edilmişdir. Şəxs narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi axşam saat 10-da saxlamışlar. Şəxsi hadisə ilə əlaqədar tanımışlar. Şəxsin xarici əlamətləri onlara bildirilmişdir və ona uyğun şəxsi saxlamışlar. Şəxsin üzərində mobil telefonun olması xatırlamır. Şəxsin 102-ə zəng etdiyindən məlumatı toxdur. Onlar tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o Qaraçuxur qəsəbəsi E.Bəşirli 40 ünvanında yaşamışdır. Ancaq onu Yusif Eyvazov küçəsində qaldığı evdə saxlamışlar. Saxladıqları yerdə kameralar da olmuşdur.31 oktyabr tarixində evdə uzanan zaman polislər gəlmişdir. Polis əməkdaşları onu yatdığı yerdən qaldırmış və 32-ci PB-ə aparmışlar. Onun narkotik vasitə ilə əlaqəsi yoxdur. Əvvəllər olan məhkumluğu isə CM-nin 221-ci maddəsinə əsasən olmuşdur. O, 32-ci PB-ə gətirilən zaman üzərində bədən xəsarətləri olmuşdur. Polis əməkdaşlar ona verdikləri narkotiki boynuna almalı olduğunu demişlər. O, bunu nə səbəbə etməli olması barədə soruşsa da, onun sualı cavabsız qalmışdır. Sonra polis əməkdaşları ilə Suraxanıya getmişdir. Onu külli miqdarda narkotiklə yükləmişlər. 4 ay sonra 29 fevralda müstəntiqi görmüşdür. Həmin vaxt o narkotik vasitədən imtina etmişdir. Daha sonra Suraxanı rayonunda prokurorla görüşmüşdür. Onu məhkəmə iclasından sonra çölə buraxmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı videoçəkilişdə təzyiqə məruz qaldığı üçün ittihamı qəbul etmişdir. Narkotik maddə istifadə etməmişdir. Onun orada Ağamalıyev Rövşən olub-olmadığımı soruşdular. O, da Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O vəkilini müvəqqəti saxlama yerinə gedəndə görmüşdür. Videoçəikilşdən əvvəl ona vəkil təyin edilməmişdir. Vəkil ona axşam saat 1-də Əmirxan adlı təhqiqatçı tərəfindən təqdim edilmişdir. O vəkillə təmin olunmağı istintaq zamanı da xahiş etmişdir. O heç bir sənədə qol çəkməmişdir. Narkoloji yoxlanışdan qan analizi verib keçmişdir. O, 3 saylı istintaq təcridxanasına daxil olarkən xəsarətləri olmuşdur. Həmin xəsarətlərlə bağlı sorğu göndərilmişdir. Daha sonra həmin sorğuya cavab daxil olmuşdur. İbtidai istintaq zamanı aparılan bütün prosessual hərəkətlər ona təzyiq olunaraq həyata keçirilmişdir. İbtidai istintaq zmanaı onun izahatda qeyd olunan 1 nömrəli ev anlayışı tamamilə səhvdir, çünki həmin ərazidə evlərin sıralaması 12-dən başlamışdır. Bu məsələni, yəni onun Suraxanı rayonu ərazisində, harada saxlanıldığı müstəntiq araşdırmışdır. Kamera görüntülərinə baxılmış və müstəntiq onun həqiqətən də evdən aparıldığını görmüşdür. Daha sonra onu ev dustaqlığına buraxmışlar. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

25. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

30. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

31. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

32. Maddə 59.2 cəza təyin edilərkən Bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

37. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

38. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

40. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

42. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

44. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

48. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

49. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.

50. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.

51. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin polis əməkdaşlarının ona verdiklərini, fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.

52. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən halı yoxlamaq üçün əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, bədən səthinin müayinəsi zamanı qarın nahiyyəsində sıyrılmış qərtməkli yaralar aşkar edilmiş və o sorğu zamanı xəsarət aldığını bildirmişdir.

53. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

54. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.

55. İbtidai istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını, hər hansı şəxs ilə narkotikin alışı və satışı ilə bağlı razılaşmanı əks etdirən yazışma, danışıq və ya digər hər hansı bir formada sonuncu ilə əlaqə yaratmasını, digər şəxslərin ondan narkotik və psixotrop maddələr almasını təsdiq edən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir.

56. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət işinin materiallarında olan raportdan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında “Rövşən” adlı şəxsin üzərində qanunsuz olaraq dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələri daşıması və saxlaması göstərilmişdir. İbtidai istintaq orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə deyil, daşıması və saxlaması ilə bağlı əməliyuyat məlumatı daxil olmuşdur.

57. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.

58. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 34 və 37-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

59. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

60. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.

61. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 33-cü bəndi).

62. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 25-ci bəndi)

63. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 26,27,28-ci bəndləri).

64. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaradır. (qərarın 27-ci bəndi).

65. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir.

66. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

67. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 30-cu bəndi).

68. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2023-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində yenidən həbs qətimkan tədbiri seçilmiş və o xx.xx.2025-ci il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı və ev dustaqlığında olduğu üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 38 və 39-cu bəndləri).

69. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

70. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

71. İş üzrə maddi sübut olan, Bakı Şəhər Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 4,38 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 36-cı bəndi).

72. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir.

73. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 40-cu bəndi).

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 4,38 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar