Məhkəmə qərarları › İş №1(101)-2217/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2217/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2217/2023 13.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 aprel 1983-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,126 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, 03 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində həmin ünvanda özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 6,126 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, təxminən iki ildir ki, narkotik vasitədən istifadə edir. Onu bu ilin iyun ayının 1-də günorta vaxtı Razin qəsəbəsində küçədə olarkən tutub Polis Bölməsinə aparmışlar. Əvvəlcə İdarədə, sonra isə 3-cü Bölməyə aparıb orada da ona təzyiq, təsir etmişlər. Bölmədə sellofan paketin içərisində olan maddəni qabağına qoyub demişlər ki, “bunu götürməlisən”. Onu iki gün bölmədə saxlamışlar, iki gündən sonra isə vəkilin iştirakı olmadan üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona guya 234.1-ci maddə ilə rəsmiləşdirilmə aparılacağı bildirilmiş, amma sonradan bilmişdir ki, başqa cür rəsmiləşdirmə ediblər. Saxlanılarkən onun üzərində heç nə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onu axşam yox, günorta Bakıxanovda, parkın arxasında tutmuşlar. Həmin vaxt üstündə heç bir şey olmamışdır. Polislər yaxınlaşanda o, narkoman uşaqlarla durmuş, həmin vaxt qaçmamışdır. Polislər adını portala vurub onun narkotiklərə görə əvvəllər 234.1-lə bir dəfə həbs olunduğunu görmüşlər. O, döyüləndən sonra bütün bunları boynuna almışdır. Ondan soruşmuşlar ki, “narkomansan sən?” O da hə deyə cavab vermişdir. Bundan sonra onu döyüb demişlər ki, “ 234.1-lə səni göndəririk, gedirsən sroka”. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləməmişdir. O, iki ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. O, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində öz istifadəsi üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 70 manat pulun müqabilində bir ədəd sellofan bükümdə “şüşə” adlanan psixotrop maddəni almış və idman şalvarının cibinə qoymuşdur. O, həmin gün saat 21:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunusov küçəsi ilə evə gələn zaman iki nəfər polis əməkdaşlarını görüb özünü itirmiş, polislərdən yayınıb uzaqlaşmağa çalışmışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 13-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində ona müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərində axtarış və götürmə aparılmışdır. Axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya maddə olduğu halda özünü təqdim etməsini təklif etmişdir. O da şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə içərisindəki maddəni təqdim edərək həmin maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, öz istifadəsi üçün həmin gün Bülbülə qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi maddə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, heç bir narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis Bölməsinə gətirilən zaman ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər olmamışdır (cild 1, iş vərəqə 60-63). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 03 iyun 2023-cü il tarixdə o, Şahid2 ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmətdə olmuşdur. Həmin vaxt onlar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsdən kim olduğunu və harada yaşadığını soruşmuş, suala cavab verməkdən yayınmaq üçün qaçmağa çalışmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnmişlər və onu saxlayıb 13-cü Polis Bölməsinə aparıb baş təhqiqatçıya təhvil vermişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, vəkil ilə təmin olunmuşdur. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və əşya olduğu halda təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümü Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 70 manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edimiş və onlar da həmin protokolu imzalamışlar. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs barəsində məlumat olmamış, xidmətdə olarkən şübhəli bilib saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşanda harada yaşaması barədə sual vermişlər, o isə kirayədə yaşadığını bildirib qaçmağa cəhd etmiş, narkotik vasitənin təsiri altında olduğu aşkar hiss olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılanda fiziki baxımdan çox pis, həm də arıq vəziyyətdə olmuş, ayaqlarında da çoxsaylı çirk basmış yaralar olmuşdur. Belə ki, metamfetamin istifadəçilərinin bədənində sonradan yaralar açılır. Bütün bu əlamətlər onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasına işarə etmişdir. Hazırda məhkəmədə gördüyü durumuna əsasən Təqsirləndirilən şəxs yaxşılığa doğru tamamilə dəyişdiyini görür. Saxlanarkən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilməmiş, döyülməmiş, hər hansı formada təzyiq olunmamış, qanunazidd münasibət göstərilməmişdir. Əgər hər hansı qanunsuz hərəkət olmuşdursa Təqsirləndirilən şəxs onun üzünə qarşı bildirə bilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X1 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 90-93). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir büküm şəffaf sellofana bükülmüş içərisində kristal formada olan şəffaf rəngli maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu, 03 iyun 2023-cü il tarixdə Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 70 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 25-27, 78). Məhkəmə-kimyəvi ekspertizasının 04 iyun 2023-cü il tarixli 6/3151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,126 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 6,076 qram təşkil etmişdir (cild 1, iş vərəqə 32-36). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2023-cü il tarixli 3855 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 94-95). Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə verilmiş əməliyyat tapşırığına 25 iyul 2023-cü il tarixli 071-1781-2023 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların düzgün olduğu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,126 qram psixotrop maddə metamfetaminin ona məxsus olduğu, metamfetamini özünün istifadəsi üçün əldə etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 fevral 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 79-80). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona aidiyyatının olmamasına, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və qanunazidd hərəkətlər edilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidin ifadəsi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxsin bilavasitə iştirakı ilə keçrilən məhkəmə istintaqında polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanması anı, ona qarşı heç bir qanunazidd davranış göstərilməməsi, həmin vaxt üçün onun ümumi görünüşü, fiziki durumu, bədənini yara basması, şəxsi axtarışla bağlı detallar və digər xüsuatlar üzrə ətraflı ifadələr verərkən Təqsirləndirilən şəxs bu ifadələri təkzib etmədi, həmin şahidin üzünə qarşı onun ifadəsini təkzib edə biləcək hər hansı münasibət bildirmədi. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq zamanı bu və ya digər qanunzidd davranış sərgilənməsi barədə məhkəmədə hər hansı dəlil müəyyən olunmadı. İbtidai araşdırmanın bütün müddəti ərzində ona qarşı bu və ya digər qanunzidd hərəkətin edilməsi barədə Təqsirləndirilən şəxs heç bir şikayət verməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində məhkəmə iclasında da bu istiqamətdə heç bir fikir səsləndirməmiş, hətta həbs qətimkan tədbiri seçilməsinə münasibət bildirərkən özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 13, 69-71). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyun 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,076 qram qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 33,148). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,076 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar