Məhkəmə qərarları › İş №1(101)-2217/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2217/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2217/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs və ya şəxslər ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qrup üzvləri ilə əvvəlcədən razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında gizlədilmiş külli miqdarda təmiz çəkisi 4,375 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd qara rəngli sellofan bağlamada əldə edib saxlamaqla üzərində daşımış, xx.xx.2024cü il tarixdə, saat 01:30-da həmin ünvanın yaxınlığında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis idarəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 02:20-də üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 4,375 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və o, xx.xx.2024-cü il tarixdə İİR-nın vətəndaşının ona göndərdiyi konum üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində dəmir yolu xəttinin yaxınlığında yerləşən əraziyə şəxsi istifadəsi üçün 25 qram narkotik vasitə götürməyə getmiş, həmin ünvana gəldiyi zaman orada qoyulan narkotik vasitənin 25 qramdan çox olduğunu gördükdə götürməmiş və geri qayıtmaq istəyəndə bu vaxt polis əməkdaşları onu tutmuşlar. O, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nə gəlmiş burada ona dövlət hesabına müdafiəçi təyin olunaraq, hüquq və vəzifələri izah olunmuş, inzibati otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2 ildən artıq müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən bir il bundan əvvəl isə özünü İİR-nın vətəndaşı kimi təqdim edən «Rza» adlı şəxslə mobil telefon vasitəsi ilə tanış olmuşdur. Həmin şəxs onunla əvvəllər mütəmadi olaraq əlaqə saxlayırmış və onun mobil telefonu bir neçə ay olmadığına görə «Rza» adlı şəxslə əlaqəsi kəsilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3-4 gün öncə, «Rza» adlı şəxs ona +**********1 mobil nömrəsi ilə zəng etmiş, lakin o, həmin şəxsin zənginə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə isə saat 21 radələrində yaşadığı ünvanda olduğu zaman, «Rza» adlı şəxs ona yenidən “Whatsapp” vasitəsilə zəng etmiş və o, telefonu açaraq, həmin şəxslə əlaqə saxlamışdır. Söhbət zamanı «Rza» adlı şəxs ondan iri həcmli içərisində marixuana olan bükümü götürüb özündə saxlamasını, daha sonra isə dediyi yerə qoymasını xahiş etmişdir. Bunun qarşılığında «Rza» adlı şəxs ona bir miqdar öz istifadəsi üçün həmin marixuanadan verəcəyini bildirmişdir. O, Rza adlı şəxsin dediyi ünvana, yəni Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığına getmək üçün məhəllədən çıxdığı zaman, bir məhəllədə yaşadığı Fuad Əkbərovla görüşmüşdür. Fuada işi olduğunu və birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsinə getməyi təklif etmişdir. Fuad da onun təklifi ilə razılaşmış və onlar birlikdə taksi vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində dəmir yolu xətlərinin yaxınlığına getmişlər. Fuad adlı tanışının onun niyyəti barədə məlumatı olmamış, Fuad Əkbərovun «Rza» adlı şəxsin Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında narkotik vasitə gizlətməsi barədə məlumatı həmin yerə çatdıqdan sonra olmuş və sonuncu, bu işdən imtina edərək kənara çəkilmişdir. Həmin yerə xx.xx.2024-cü il tarixdə gecə vaxtı saat 01:30 radələrində çatdıqda, sonuncunun izah etdiyi yerdən, həmin iri həcmli bükümü götürmüşdür. Həmin yerdən təxminən 10 metr uzaqlaşdıqdan sonra, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nə gəlmiş burada ona dövlət hesabına müdafiəçi təyin olunaraq, hüquq və vəzifələrim izah olunmuş, inzibati otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Daha sonra üzərimə keçirilən şəxsi axtarış zamanı, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyü və əllərində saxladığı bir ədəd qara sellofana bükülmüş bükümü masanın üzərində qoymuş və əynində olan boz rəngli şalvarının sağ yan cibindən özünə məxsus olan bir ədəd «Samsung» markalı mobil telefonu da çıxararaq, masanın üzərinə qoymuşdur. Masanın üzərinə qoyduğu bir ədəd qara rəngli sellofana bükülmüş bükümün içərisində nə olması barədə ondan soruşulduqda, həmin bükümün içərsində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən «Rza» adlı şəxsin təklifi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyünü, daha sonra həmin bükümü sonuncunun göstərəcəyi yerə qoyacağını və qarşılığında istifadəsi üçün qurudulmuş marixuana alacağını bildirmişdir. Həmin büküm tərəzidə çəkildikdən sonra sellofana qoyularaq, qablaşdırıldı və ekspertiza təyin edilməsi üçün möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəməyədək istintaq dövründə verdiyi etiraf edici ifadələrinin səbəbi polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi olmuşdur. Daha sonra gənc olmasını və Vətən Müharibəsi iştirakçısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması olması özünün qismən etiraf edici və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər, “Samsung J3” markalı mobil telefonda olan qarşılıqlı zənglər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman, ona Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə edib üzərində saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri özü, qrupun üzvü isə Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. Onlar xx.xx.2024-cü il tarixdə saat 01:30-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığına getmişlər. Orada əvvəlcədən xarici görünüşü və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Binəqədi RPİ-nə getməsini təklif etmişlər və Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Binəqədi RPİ-nin inzibati binasına getmişdir. İdarədə bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elvin Bəşirova həvalə olunmuş və video çəkiliş vasitəsi ilə özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən ona hüquq vəzifələri izah olunmuş, daha sonra üzərində qanunsuz saxladığı, gəzdirdiyi əşya və ya maddənin olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əllərində saxladığı bir ədəd iri həcmli qara rəngli sellofon bükümü və əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş büküm açıldıqdan və içərisində olan maddələr tərəzidə çəkildikdən sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunduqdan sonra, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni özünü İİR vətəndaşı kimi təqdim edən «Rza» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyünü, daha sonra «Rza» adlı şəxsin göstərəcəyi yerə qoyacağını və qarşılığında istifadəsi üçün marixuana alacağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili H.M.Quluzadə ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əllərində saxladığı bir ədəd iri həcmli qara rəngli sellofon bükümü və əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana, həmin maddəni özünü İİR vətəndaşı kimi təqdim edən «Rza» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyünü, daha sonra «Rza» adlı şəxsin göstərəcəyi yerə qoyacağını və qarşılığında istifadəsi üçün marixuana alacağını bildirmişdir. Məhkəmə iclasında H.M.Quluzadə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 164-168-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 183-184-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 46-50-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/665 №li ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözləri yazılmış 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 4375,0 qram bitki mənşəli kiitlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1) Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2) Marixuananın təmiz çəkisi – 4375,0 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq – 4374,8 qramdır. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X11 X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5018 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 2145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Sonuncuda müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 133-140-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung J3” markalı mobil telefon və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan 4374,8 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 40-cı vərəqəsində olan şəxsi axtarışın keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 02:20-dən 02:50-dək Binəqədi RPİ-nin inzibati binasında qeydə alınmışdır. Həmin idarənin təhqiqatçısı Elvin Bəşirov özünü və digər iştirakçıları təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonra sonuncu əllərində saxladığı 1 ədəd iri həcmli qara rəngli sellofan bükümü və əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd «Samsung» markalı telefonu təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirir. Təhqiqatçı tərəfindən təqdim olunmuş büküm açılaraq içərisində olan maddə tərəzidə çəkildikdən sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülür. Təqsirləndirilən şəxs həmin maddəni İİR vətəndaşı kimi özünü təqdim edən «Rza» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyünü, daha sonra Rza adlı şəxsin göstərəcəyi yerə qoyacağını və qarşılığında öz istifadəsi üçün marixuana alacağını bildirir. Daha sonra aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 83-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş “Samsung J3” markalı mobil telefonun «WhatsApp» tətbiqinə baxış keçirilərkən «X13 Torpaq Alqı-satqısı» kimi qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 15:56-dan 18:01-dək telefon zəngləri olmuş və Təqsirləndirilən şəxs «X13 Torpaq Alqı-satqısı» kimi qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrənin istifadəçisinin İİR vətəndaşı Rza adlı şəxsin olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş İ-33185 №li vəsiqənin surətindən görünür ki, M.O.X4 iştirakçısı olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə olan qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdar, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər, sonuncunun istifadəsində olan mobil telefonunda olan qarşılıqlı zənglər və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, narkotik vasitə olan qurudulmuş marixuanın satışı ilə məşğul olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 38-39), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə protokollarından (i/v 55-57 və 71-73) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli dəfələrlə etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əllərində saxladığı 1 ədəd iri həcmli qara rəngli sellofan bükümü və əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd «Samsung» markalı telefonu təqdim edərək, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin maddəni İİR vətəndaşı kimi özünü təqdim edən «Rza» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığından götürdüyünü, daha sonra Rza adlı şəxsin göstərəcəyi yerə qoyacağını və qarşılığında öz istifadəsi üçün marixuana alacağını bildirir (i/v 40). Bundan əlavə xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung J3” markalı mobil telefonun «WhatsApp» tətbiqinə baxış keçirilərkən «X13 Torpaq Alqı-satqısı» kimi qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 15:56-dan 18:01-dək telefon zəngləri olmuş və Təqsirləndirilən şəxs «X13 Torpaq Alqı-satqısı» kimi qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrənin istifadəçisinin İİR vətəndaşı Rza adlı şəxsin olduğunu bildirmişdir (i/v 83). Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuananın xeyli miqdarından təxminən 875 dəfə, külli miqdarından isə təxminən 8.7 dəfə artıq olmasının müəyyən edilməsi bir daha təsdiq edir ki, o, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, yəni gənc olmasını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5018 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan “Samsung J3” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 4374,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd “Samsung J3” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4374,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar