Məhkəmə qərarları › İş №1(101)-222/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-222/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-222/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxx 1998-ci ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olmuş, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 noyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədikləri ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində müştəri kimi gələn Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nişanlı “X11” minik markalı avtomobilin salonundakı saxlanc yerindən sonuncuya məxsus həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 93500 manata bərabər 55000 ABŞ dolları dəyərində “Rolex GMT-Master İİ Rot Beer” markalı qol saatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs külli miqdarda, yəni 93500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 noyabr 2022-ci il tarixdə saat 16 radələrində işlədikləri ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində müştəri kimi gələn Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nişanlı “X11” minik markalı avtomobilin salonundakı saxlanc yerindən sonuncuya məxsus həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 93500 manata bərabər 55000 ABŞ dolları dəyərində “Rolex GMT-Master İİ Rot Beer” markalı qol saatını gizli yolla talayıb, Zərərçəkmiş şəxs külli miqdarda, yəni 93500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Etibar Qocayev adına küçədə yaşayan avtoyuma məntəqəsində Elzaminlə birlikdə yuyucu işləyərkən Zərərçəkmiş şəxs oraya gətirib “Porsche Cayenne” markalı maşın qoymuşdur. O, maşını təmizləyən zaman avtomobilin salonunda yerləşən saxlanc yerini açarkən orada 2 ədəd “Rolex” markalı saat görmüşdür. O, qızılı rəngdə olan saatı götürmüş, digər saatı isə götürməmişdir. Sabahısı gün saatı Elzaminə vermiş və onun saatı olduğunu söyləmiş və satmasını istəmişdir. Elzaminə özünün şəxsiyyət vəsiqəsı olmadığı üçün sata bilmədiyini söyləmişdir. Saatı götürdükləri günün sabahı Elzamin, o və taksi şoferi Gəncəyə getmişlər, lakin orada saatı sata bilməmişlər. Elzamin saatı Bakıda “Xalqlar dostluğu” adlanan ərazidə yerləşən qızıl dükanında satmışdır. Saat 163 qram olmuş, Elzamin qızılın qramını 70 manatdan, cəmi 11500 manata satmışdır. Taksi şoferi Elzamindən 3 min manat borc pul istəmiş, Elzamin şoferə 100 manat yol haqqından başqa 3 min manat borc vermişdir. Daha sonra o, həmin pulu taksi sürücüsündən almışdır. Pulun 4000 manatını Elzamin, 4500 manatını o, götürmüşdür. Pulların hamısını xərcləmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, Elzamin onun həmkəndlisidir. Onlar saatın ortasını söküb atmışlar. Saatın ortasında “GPS” olmuş, Elzamin onu qırmışdır. Əməliyyatçılar qırdıqları yerin saatın ən bahalı yeri olduğunu demişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Ayna Sultanova” adlanan ərazidə, E.Sultanov küçəsində yerləşən avtoyumada Röyalla birlikdə işləyərkən Səməd adlı şəxs “Porsche Cayenne” markalı maşını yumağa gətirib obyektin sahibinə təhvil vermişdir. O, maşını yumuş, Röyal da maşının içini təmizləmişdir. Saat 4-də Səməd gəlib maşını təhvil alıb getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs X7 bildirdi ki, Röyalı uşaqlıqdan tanımış, onların birlikdə oğurluqla bağlı məhkumluqları olmuşdur. Sabahısı gün Röyal gətirib ona saatı vermişdir. Saat “Rolex” markalı olmuşdur. Sabahı günü saatı satmaq üçün Röyalla birlikdə Gəncəyə getmişdir. Röyal ona saatın oğurluq olduğunu deməmişdir. Röyal yolda gedəndə demişdir ki, saat oğurluqdur. Saatın içini qırıb atmışlar. “GPS”ə görə, saat tapılmasın deyə onu qırmışlar. Saatı adi qızıl mağazasında 11 min 500 manata satmışlar. 4400 manat ona, qalanı da Röyala çatmışdır. Röyalın ehtiyacı olduğu üçün sonuncuya çox pul qalmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus olan “Porshce Cayenne” markalı maşını “Gənclik”də yuma məntəqəsinə qoymuş və bildirmişdir ki, 2-3 saata gəlib götürəcək. Açar maşının üzərində olmuşdur. 3-4 saatdan sonra maşını gəlib maşını götürmüşdür. Özünə məxsus olan “Rolex” markalı saatı maşını yuyulmağa verməzdən bir gün əvvəl maşının saxlanc yerinə qoymuşdur. Səhəri günü o, maşının saxlanc yerini açanda görmüşdür ki, saat orada yoxdur. Maşın da ancaq onda olmuş, başqa heç kim minməmişdir. Yuma məntəqəsinə gəlmiş, Röyal orada olmuş, amma Elzamin olmamışdır. O, Elzamini soruşanda, Röyal uşağı xəstələndiyinə görə Elzaminin olmadığını bildirmişdir. 3-4 gün keçmiş, yenidən yuma məntəqəsinə gəlmiş və Röyaldan Elzamini soruşanda Royal Elzaminin artıq öz atası ilə işləyəcəyini, burada olmayacağını bildirmişdir. Elzaminin getməyi artıq onu şübhələndirmişdir. O da Röyala saatının oğurlandığını demiş, Röyal isə xəbərinin olmadığını bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, yenidən yuma məntəqəsinə gəlmiş, ona Elzaminin Bakıya gəldiyi deyilmiş, söhbət zamanı bu işin onlarlıq olmadığını bildirmişlər. O da gedib Nərimanov polisinə şikayət etmişdir. Axşam tərəfi ona saatın həmin şəxslər tərəfindən oğurlandığı bildirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, saat ona yaxın tanışı Abbas tərəfindən hədiyyə verilmiş, brend saat və qiyməti 55 min dollar olmuşdur. Saatın qiymətini internetdən öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, maşın icarəyə götürüb Bakıda günü 20 manata taksi fəaliyyəti ilə məşğul olmuşdur. Elzamin ona axşamtərəfi zəng etdib maşın lazım olduğunu, Gəncəyə getmək lazım olduğunu demiş, Elzamin, o və Röyal Gəncəyə getmişlər. Ona nəsə satmaq lazım olduğunu demişlər. Onlar Gəncədə univermağın yanına getmiş, amma dedikləri əşyaları sata bilməmişlər və qayıtmışlar. Ona səhər “Laçın” Ticarət Mərkəzində satıb onun pulunu verəcəklərini demişlər. Onlar da Bakıya qayıtmış, sonra həmin dedikləri əşyanı satıb gətirib ona 100 manat pul vermişlər. O, əllərində çoxlu pul olduğunu görmüş, 3 min manat borc istəmiş, onlar da ona borc vermişlər. 2-3 gün sonra ona Röyalın anası zəng edərək satdıqları əşyanın oğurluq olduğunu demiş və pulu qaytarmağı tələb etmişdir. O da həmin pulu Röyalın anasına çatdırmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Elzamin və Röyal ona narahat olmamağı, qızıl saat satacaqlarını bildirmişlər. O, həmin saatı Elzaminin əlində görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, “Laçın” Ticarət Mərkəzində qızıl mağazası işlətmiş, səhər tezdən saat 9 radələrində malı düzərkən Elzamin yaxınlaşmış və ona qızıl saat təqdim etmişdir. O da saatın söklümüş vəziyyətdə olduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Elzamin çəkisini dəqiq bilmək üçün saatı özlərinin sökdüklərini bildirmişdir. O, saatı çəkmiş, günün məzənnəsi ilə hesablamış, Elzaminin vəsiqəsini istəmiş və 11 min 500 manat pul vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev küçəsində yerləşən avtoyuma məntəqəsinə **-ES-*** nömrəli “Porche” markalı avtomobili yuduzdurmağa vermiş, xx.xx.2022-ci il tarixdə aşkar etmişdir ki, avtomobilin bardaçokundakı “Rolex” markalı saat oğurlanmışdır. Həmin avtoyumada işləyən şəxslər saatı oğurlamışlar. Saatın təqribi qiyməti 55000 dollardır (cild 1, iş vərəqi 4). - baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən xx.xx.2022-ci il tarixdə 1 Azərbaycan manatının 1 ABŞ dollarına münasibətdə məzənnəsinin 1,7 manat olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 9). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 70-71). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, istintaqın gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs1 ifadəsində dediklərini yerində göstərmiş və müəyyən edilmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işlədikləri ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə müştəri kimi gələn Zərərçəkmiş şəxs məxsus, etibarnamə ilə idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nişanlı "X11" minik markalı avtomobilin salonundakı saxlanc yerindən 93500 manat ekvivalentli, 55000 ABŞ dolları dəyərində "Rolex GMT-Master İİ Rot Beer" markalı qol saatını oğurlamış və daha sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə saatı ilk əvvəl Gəncə şəhərinə apararaq satmaq istədiklərini, tanışları olan taksi sürücüsü Şahid1 ilə birlikdə Gəncəyə gedən zaman Qaradağ rayonu ərazisində Qaradağ postunu keçdikdən sonra yerini dəqiq xatırlamadığı əraziyə atdığını, daha sonra saatı sata bilmədikləri üçün Bakıya qayıtdıqlarını qeyd edərək, Bakıya qayıdandan sonra Elzaminin saatı apararaq Nizami rayonu, Q.Qarayev prospekti, Xalqlar dostluğu metrosunun yaxınlığında yerləşən "Murad gold" mağazasında 11500 manata satdığını bildirmişdir (cild 1, iş vərəqi 156- 158). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, istintaqın gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini yerində göstərmiş və müəyyən edilmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işlədikləri ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə müştəri kimi gələn Zərərçəkmiş şəxs məxsus, etibarnamə ilə idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nişanlı "X11" minik markalı avtomobilin salonundakı saxlanc yerindən 93500 manat ekvivalentli, 55000 ABŞ dolları dəyərində "Rolex GMT-Master İİ Rot Beer" markalı qol saatını Təqsirləndirilən şəxs1 götürmüş və daha sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə saatı ilk əvvəl Gəncə şəhərinə apararaq satmaq istədiklərini, tanışları olan taksi sürücüsü Şahid1 ilə birlikdə Gəncəyə gedən zaman Qaradağ rayonu ərazisində Qaradağ postunu keçdikdən sonra yerini dəqiq xatırlamadığı əraziyə atdıqlarını, daha sonra saatı sata bilmədikləri üçün Bakıya qayıtdıqlarını qeyd edərək, Bakıya qayıdandan sonra saatı apararaq Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar dostluğu” yaxınlığında yerləşən "Murad gold" mağazasında 11500 manata satdığını bildirmişdir (cild 1, iş vərəqi 161-163). - Bakı Şəhər Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 BŞNM-də qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 182). - Bakı Şəhər Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 BŞNM-də qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 183). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xx.xx.2017-xx.xx.2017-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olmuş, onda psixi xəstəlik aşkar edilməmişdir (cild 1, iş vərəqi 204). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 205). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Məkəzi" Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 206). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Məkəzi" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 207). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3043 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 214-215). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 216-217). - şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Hamletzadə Ayan və xx.xx.2021-ci il təvəllüdlü Hamletzadə Uğur adlı uşaqları vardır (cild 1, iş vərəqi 232-237). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 oğurluğu birlikdə törətmələrini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 238-240). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 2-ci və 7-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin oğurlanan saatın dəyərinin külli miqdar deyil, xeyli miqdar təşkil etməsi, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 saatın oğurlanmasından növbəti gün xəbər tutması, yəni onun oğurluqda iştirak etməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərin bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzanı yüngülləşdirmək məqsədi daşıyır və onların ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs ona məxsus olan saatın qiymətinin Azərbaycan manatına nisbətdə 93500 manat olduğunu göstərmiş və məhkəmə dəymiş ziyanı qiymətləndirərkən zərərçəkmiş şəxsin ifadələrini əsas götürür. Təqsirləndirilən şəxs2 oğurluqda iştirak etməməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 həmin oğurluq cinayətini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirmiş və ifadəsinin yerində yoxlanılası zamanı bu ifadəsini bir daha təkrar etməklə Təqsirləndirilən şəxs2 ifşa etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 oğurluqda iştirak etməsi qənaətinə gələrkən Təqsirləndirilən şəxs1 qeyd edilən ifadələrini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bir gün sonra törədilmiş cinayətdən xəbər tutması barədə məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, o, belə ifadələr verməklə həmkəndlisi və dostunun cinayət məsuliyyətindən azad edilməsi məqsədini güdmüşdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmələri kifayət qədər sübuta yetirilir, onlar həmin cinayəti törətməkdə təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqi 136-137, 185-203). Məhkəmənin müvafiq sorğusuna Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmüün icrası barədə göstəriş həmin şöbənin icraatına daxil olduqdan sonra məhkum Təqsirləndirilən şəxs2 qeydiyyata alınmış, probasiya nəzarətində olduğu müddət ərzində məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi üçün barəsində məhkəməyə təqdimat verilmiş və Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə 17 saylı Cəzaçəkmə müəssisəsinə gətirilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonunun çatması ilə əlaqədar azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Ocaqlı X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ilə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, xx.xx.2021-ci ildə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqi 138-139, 185-203). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətə görə cəzanı çəkib qurtardığı gündən hazırkı iş üzrə ittiham edildiyi cinayəti törətdiyi tarixə qədər bir ildən çox müddət keçdiyinə görə, məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Təqsirləndirilən şəxs2 cinayət törətdiyinə görə cəzanı çəkib qurtardığı gündən qanunun müəyyən etdiyi müddət keçmədiyinə görə məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 Nli Qərarının 5-ci bəndinin a) yarımbəndində deyilir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Qeyd edilən əsaslara görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 11 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 59-60, 122-125). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 35-36, 126-130). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci toxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar