Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2220/2024 20.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və həmin idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarına əsasən 1 ay 8 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, ********* nömrəli cinayət işi üzrə 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 yanvar 2024-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidən məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan xeyli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata alaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, 58 ünvanına daşımış, 18 yanvar 2024-cü il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 58 ünvanında Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 27-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis şöbəsinə gətirilmiş və orada üzərində axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə xeyli miqdar təşkil edən təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında «İnstagram» internet sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə ona göndərəcəyi külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq ona deyiləcək şəxsə çatdıracağı müqabilində narkotik vasitə və 500 manat nağd pul əldə edəcəyi ilə bağlı razılıq əldə etdikdən sonra 16 may 2024-cü il tarixdə saat 02:30 radələrində İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq kağız torbanın içərisində 1 ədəd qara rəngli selofanda olan 2 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 665,0 qram və 525,0 qram olmaqla, ümumi çəkisi 1190 qram olan külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin yaxınlığındakı qarajın yanında gizlədilmiş yerdən əldə edib tanımadığı ünvana çatdırılması üçün üzərində saxlayaraq ünvan 4 ünvanının qarşısına daşımış və həmin ünvanda Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nərimanov RPİ, 18-ci Polis şöbəsinin inzibati binasına gətirilərək, inzibati binada xidməti otaqda saat 04:20-də üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı kağız torbanın içərisindən 1 ədəd qara rəngli selofanda olan 2 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 665,0 qram və 525,0 qram olmaqla, ümumi çəkisi 1190 qram olan külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12-13 may 2024-cü il tarixdə 5 qram «mal»ı, yəni narkotik vasitəni dalınca gedən zaman ona göndərilən konumda göstərilmiş ünvana getmişdir. «Mal»ı götürdüyü zaman polis əməkdaşları tərəfindən tutulmuş və sonra polis idarəsinə gətirilmişdir. Bundan əvvəl də o, narkotik maddələrdən istifadə etdiyinə görə tutulmuş, həmin vaxt narkotik vasitə onun üzərində olmuşdur. 18 may 2024-cü il tarixdə məhlədə olan zaman polis əməkdaşları gəlib onu tutmuş və həmin vaxt üzərində yarım qram narkotik vasitə olmuşdur. Birincini dəfə narkotik vasitə ilə tutulmağını o, etiraf edir. İkinci epizodda isə o, 5 qram narkotik vasitə dalınca getmişdir. Lakin o, 1 kq nəşə görməmişdir. Onun narkotik vasitələrin satışı ilə bağlı heç bir yazışması və tərəzisi olmamışdır. Odur ki, nəyə görə ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyini bilmir. İranlı ilə onun arasında bir dəfə yazışma olmuş, həmin vaxt da narkotik vasitəni götürməyə getmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs yanvar ayında yarım qram narkotiklə tutulduğunu, ikinci dəfə isə 5 qram narkotik vasitənin dalınca gedən zaman tutulduğunu, narkotik vasitəni götürməyə imkan tapmamış polis işçilərinin onu tutduqlarını, özünün 10 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, heroindən və metamfetamindən istifadə etdiyini, döyülməyindən qorxduğu üçün ifadəsində polis əməkdaşlarının dediklərini yazdığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamlarda özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitədən istifadə edir. Qəbul etdiyi narkotik vasitəni adətən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxslərdən şəhərin müxtəlif yerlərindən alır. Bədənində ağırlar olduğu üçün hər gün ən azı 3 dəfə narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə 02:00 radələrində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə +98 930 ***-**-** saylı nömrə ilə əlaqə qurduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə yazışmışdır. Həmin yazışma zamanı iranlı ona bildirmişdir ki, «Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin yaxınlığında qarajın yanında torbada olan marixuananı götürərsən və özündə saxlayarsan, daha sonra mən sənə dediyim adama çatdırarsan». Həmin şəxs bunun qarşılığında ona narkotik vasitə və 500 manat pul verəcəyini vəd etmiş, o, sonuncu ilə razılaşdığı üçün həmin şəxs ona mobil tətbiq vasitəsi ilə narkotik vasitənin olduğu yerin məkanını atmışdır. O, həmin yerə taksi ilə getmiş, taksidən düşdükdən sonra orada istiqamət verilmiş qarajın yanında kağız torbanın içərisində olan qara rəngli bağlamanı götürüb oradan uzaqlaşmışdır. Əlində torba ilə gedərkən ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduğunu bilidirib ona özlərini təqdim edərək, ondan nə etdiyi və əlindəki torbada nə olması ilə bağlı maraqlanmışlar. Onun əlindəki torbada narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarından yayınmağa çalışmış, belə olduqda polis əməkdaşları onun hərəkətlərindən şübhələnmiş və onu saxlayaraq 18-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində saxlanılması qadağan olunmuş hər hansı əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da, sağ əlindəki kağız torbanın içərisində olan qara rəngli selofan torbaya bükülmüş bağlamada narkotik vasitə marixuana olduğunu bildirmiş və torbanı polis əməkdaşlarına təqdim etmişdir. Onunla sorğu-sual zamanı etiraf edib bildirmişdir ki, həmin bağlamanın içərisində narkotik vasitə marixuanadır və həmin marixuana onun özünə məxsusdur. Bundan başqa əynində olan tünd mavi rəngli cins şalvarın sağ cibində saxladığı “Samsung J2” markalı mobil telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və üzərindən başqa hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılaraq möhürlənmiş, qablaşmanın üzərinə bütün iştirakçılar kimi o da, imza etmiş və sonra bu barədə protokol tərtib olunmuşdur. O, İran vətəndaşının anket məlumatlarını və adını bilmir, yalnız həmin şəxslə +**********97 saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitədən istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən hər biri 10 manat olmaqla 1 büküm «kakos», yəni heroini öz şəxsi istifadəsi üçün almışdır. Heroini alandan sonra saat 11 radələrində yaşadığı ünvan 9 ünvanda olarkən tanımadığı 2 nəfər şəxs ona yaxınlaşmış, özlərini Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşı kimi təqdim etmiş və ona Yasamal RPİ-nə getməyi xahiş etmişlər. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27-ci PŞ-ə gəlmiş, şəxsiyyəti müəyyənləşdirilmiş və həmin vaxt xidməti otaqların birində üzərinə hüquqlarının müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa, çıxarıb təqdim etməyini bildirmişlər. Əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd selofana bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin maddənin nə olduğu soruşulduqda, bükümün içərisindəki maddənin «kakos», yəni heroin olduğunu, narkotik vasitəni «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər. Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hanısa bir fiziki zor tətbiq edilməmişdir (cild 2, iş vərəqi 95- 97). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni döyülməsindən qorxaraq verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 2024-cü il may ayının 16-da gecə saat 2-3 radələrində sahə inspektoru ilə birlikdə ərazidə xidmətdə olarkən adını sonradan bildiyi Əhməd adlı şəxsin əlində selofan torba olduğunu və özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsdən kim olduğunu, harada yaşadığını və bu vaxt burada nə iş gördüyünü soruşduqda, həmin şəxs Yasamalda qaldığını, adının Əhməd olduğunu bildirmişdir. Bundan sonra onlar Əhməd adlı həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Şöbədə inzibati otaqların birində videoçəkilişlə Əhmədin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərindən 2 bükümdə narkotik vasitə marixuana aşkar edilmiş, Əhməd narkotik vasitəni İran vətəndaşından 500 manata "İnstagram" vasitəsi ilə aldığını bildirmişdir. Onun üzərindən narkotik vasitədən başqa mobil telefon da çıxmış və başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təsir və təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 təqsirləndirilən şəxs X2 16 may 2024-cü il tarixdə saxlanılaraq Nərimanov rayon Polis İdarəsi, 18-ci polis şöbəsinə gətirilməsində, həmçinin onun şəxsi axtarışında və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsində iştirak etdiyini bildirərək həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 27-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs Hüseyn Cavid prospektində saxlanıldığını, lakin həmin tarixi dəqiq xatırlamadığını, istintaq zamanı verdiyi ifadəsində şəxsin saxlanıldığı tarixi dəqiq dediyini, tutulduqdan sonra onu polis şöbəsinə gətirdiklərini və üzərinə şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar olunub götürüldüyünü, saxlanılan vaxt Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olunmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid - Bakı şəhəri, Yasamal RPİ 27-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid3 həmin ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 58 ünvanında kirayədə yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ NMB-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bu məqsədlə özü və Yasamal RPİ 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 18 yanvar 2024-cü il tarixdə saat 10:00-dan saat 11:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 11:00-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 58 ünvanında ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ- nin 27-ci PŞ-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində «kakos» adlandırdığı narkotik vasitə heroin olduğunu, həmin maddəni bu gün səhər saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (cild 2, iş vərəqi 6-7). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması haqqında 16 may 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs saat 02:30 radələrində İran İslam Respublikası vətəndaşı tərəfindən kağız torbanın içərisində 1 ədəd qara rəngli selofanda olan 2 ədəd qara rəngli poletilen bağlamada bitki mənşəli, tərkibində narkotik maddələr olan narkotik vasitə qurudulmuş marixuananı qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin yaxınlığındakı qarajın yanında gizlədilmiş yerdən götürüb tanımadığı ünvana çatdırılması üçün üzərində daşıyarkən, ünvan 4 ünvanın qarşısında Nərimanov RPİ, 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı kağız torbanın içərisində 1 ədəd qara rəngli selofanda olan 2 ədəd qara rəngli poletilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı "Panasonic HC-770" markalı videokamera ilə çəkiliş aparılmış və videogörüntülərin yükləndiyi 1 ədəd disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 29-30). Cinayət işində olan 20 iyul 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin «İnstaqram» səhifəsində tanış olduğu şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşının ona göndərəcəyi ünvana külli miqdarda narkotik vasitə qurudulmuş marixuanam ona deyiləcək şəxsə çatdıracağı müqabilində narkotik vasitə və 500 manat nağd pul əldə edəcəyi ilə bağlı razılığa gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində İran İslam Respublikası vətəndaşı tərəfindən kağız torbanın içərisində 01 ədəd qara rəngli sellofanda olan 2 ədəd qara rəngli poletilen bağlamada narkotik vasitə qurudulmuş marixuananı qoyulduğu Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin yaxınlığında olan qarajın yanında gizlədilmiş yerdən götürüb tanımadığı ünvana çatdırılması üçün üzərində daşıyarkən ünvan 15 ünvanın qarşısında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı kağız torbanın içərisində 01 ədəd qara rəngli sellofanda olan 2 ədəd qara rəngli poletilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 yanvar 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 17 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ, 27ci Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bikümün içərisində «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bu gün səhər saatlarında «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqi 127-129). Cinayət işinə əlavə olunmuş diskə baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə aparılmış şəxsi axtarışın videogörüntülərinin qeydə alındığı diskə baxış keçrilmiş, bu zaman videogörüntülərin şəxsi axtarış aparılması haqqında protokolda əks olunanlarla uyğunluq təşkil etməsi müəyyən olunmuşdur (cild 2, iş vərəqi 1). İşə əlavə edilmiş 30 iyul 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd «Samsunq» markalı mobil telefona baxış keçirilmiş, mobil telefon "Samsunq J2" modelli mobil telefon olmaqla işlək vəziyyətdə olmuşdur. Telefonda olan mobil nömrələrin yaddaş siyahısına baxış zamanı orada «İran» adı ilə qeydiyyatdan keçmiş +98 930 *** **** nömrəsi qeyd olunmuş İran İslam Respublikasına aid mobil nömrə müəyyən edilmişdir. Mobil telefonun içərisində iş üçün əhəmiyyət kəsb edən digər şəxslərə məxsus digər mobil nömrələr aşkar edilməmişdir. Mobil telefonun "Whatsapp" proqram təminatı hissəsində «İran» adı ilə qeydiyyatdan keçmiş şəxslə Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə “Whatsapp” hissəsinə mətnlərdən və fotolardan ibarət mesajların da gəldiyi müəyyən edilmişdir. “Whatsapp” proqramının mesajlarına baxış zamanı saat 01:55-də qeydə alınmış «Salam», «Burdayam», «Səni gözlüyürəm» sözləri, həmin radələrdə qarşı tərəfdən 3 ədəd fotolarla göndərilmiş konumlar, daha sonra saat 01:57-də qeydə alınmış «Mənəm» «Əhməd» sözləri, həmin radələrdə qarşı tərəfdən 4 ədəd fotolarla göndərilmiş konumlar, «üreyim götürdün xəbər elə», saat 02:00-da qeydə alınmış «yaxşı baba götürdüm xəbər edəcəm», ürək fotosu, 02:03-də qeydə alınmış «Uşaq deyiləm bu işin içindeyik» sözləri, qarşı tərəfdən göndərilmiş «nolubki» sözləri, «heç nə hər şey əladır götürdüm yazıram», saat 02:11-də «Götürdüm» sözləri öz əksini tapmışdır. Qeyd olunan yazışmaları əks etdirən müvafiq fotoçıxarışlar protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 30- 38). Məhkəmə-bioloji ekspertizasının 16 may 2024-cü il tarixli 7/760 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə» yazılar və imzalar qeyd edilmiş bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 665,0 qram, 525,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 1190,0 qramdır. Ekspertiza tədqiqatına təqdim edilmiş marixuananın təmiz çəkisi 1190,0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1189,9 qram (cild 1, iş vərəqi 37-41). Məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2024-cü il tarixli 6/328 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,459 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,409 qram). Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, iş vərəq 137-141). İbtidai istintaq orqanının 22 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1190,0 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,459 qram olan narkotik vasitə heroin, 2 ədəd DVD disk və 1 ədəd “Samsunq J 2” modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,189,9 qram çəkidə qurudulmuş marixuana və 0,409 qram çəkidə narkotik vasitə heroin, həmçinin mobil telefon məsul saxlanc üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş 2 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 64-78). Ambulator məcburi-narkoloji ekspertizasının 22 avqust 2024-cü il tarixli 5771 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 56-57). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2024-cü il tarixli 2447 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 58-59). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 1 ay 8 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 194-195, cild 2, iş vərəqi 40-44). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, 18 yanvar 2024-cü il tarixdə ondan aşkar olunmuş heroinii özünə məxsus olduğunu və həmin epizodu qəbul etdiyini, lakin ikinci dəfə tutulan zaman 5 qram narkotik vasitəni götürmək üçün getdiyini, bu zaman narkotik vasitəni götürməyə imkan tapmamış polis işçilərinin onu tutduqlarını, sonradan polis işçilərinin təklifi ilə döyülməyindən qorxduğu üçün 1 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuananı boynuna götürdüyünü və onların dediyi kimi ifadə verdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona verilmiş hər iki ittiham üzrə müdafiəçilərin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən, özü heç bir kənar təsir və təzyiqlər olmadan ittihamlarda qeyd olunmuş narkotik vasitələri təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində hər iki halda üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, onları müvafiq olaraq 18 yanvar və 16 may 2024-cü il tarixlərdə əldə etdiyini, 16 may 2024-cü il tarixdə ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı həmin gün saat 02 radələrində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə +98 930 ***-**-** saylı nömrədən istifadə edən İran vətəndaşından əldə etdiyini, bunun üçün Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən 57 saylı orta məktəbin yaxınlığındakı qarajın yanına gedib torbada olan marixuananı götürdüyünü, iranlının ona narkotiki özündə saxlamasını, daha sonra onun deyəcəyi adama çatdırmalı olduğunu, bunun qarşılığında ona narkotik vasitə və 500 manat pul verəcəyini vəd etdiyini, qarajın yanında kağız torbanın içərisində olan qara rəngli bağlamanı götürüb oradan uzaqlaşdığını və əlində torba ilə gedərkən 2 nəfər mülki geyimli polis işçilərinin ona yaxınlaşıb saxladıqlarını bildirmişdir. Eləcə də, məhkəmə tərəfindən onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsiri onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, üzərindən aşkar olunmuş mobil telefonda olan «sms» yazışmaları və fotoşəkillərlə, maddi sübutlarla tam təsdiq olunur. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməl az ağır, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 1 ay 8 gün vaxtından əvvəl şərti azad edilmişdir Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən az ağır və ağır cinayət törətmişdir. Bu isə, təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 yanvar 2024-cü il tarixdə həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin cinayət işi üzrə 01 mart 2024-cü il tarixdə barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. 04 may 2024-cü il tarixdə tutulmuş və 06 may 2024-cü il tarixdə həbsdən azad edilərək barəsində əvvəl seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə həbsdə saxlanıldığı 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək 1 (bir) gün və 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək 2 (iki) gün, ümumilikdə 3 (üç) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2024-cü il tarixli 5771 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə uyğun olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1189,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq qalmış 0,409 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "Samsunq J2" modelli mobil telefon onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmiş və bununla əlaqədar 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün və 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün, ümumilikdə 3 (üç) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1189,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və qalıq qalmış 0,409 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd "Samsunq J2" modelli mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2220/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2220/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver