Məhkəmə qərarları › İş №1(101)-2223/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2223/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2223/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 17 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-215/2024 saylı, 01 may 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Adəm» adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «Adəm» adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən külli miqdarda 23,783 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 13,726 qram çəkidə psixotrop maddə metamfetamini və 0,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2024-cü il tarixdə saat 01:50-də Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərində olan çantadan satış məqsədilə əldə edib saxladığı 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,844 qram, 1,321 qram, 3,032 qram, 2,166 qram, 7,420 qram olmaqla ümumi təmiz çəkisi 23,783 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 07 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,022 qram, 1,028 qram, 3,667 qram, 1,019 qram, 1,964 qram, 1,014 qram, 1,012 qram olmaqla ümumi təmiz çəkisi 13,726 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 ədəd papirosda 0,22 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ildir ki, narkotik vasitələrin istifadəçisidir. İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşdur. Saxlanıldığı gün özünə aid narkotik vasitəni götürmək üçün İranlının verdiyi ünvana getmiş, orada özünə aid olan bükümdən başqa büküm də olmuşdur. İranlı həmin bükümü ona verərək göstərilən ünvana atmağını xahiş etmiş, o da buna etiraz etməmiş, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, üzərində ittiham aktında qeyd edilən miqdarda narkotik vasitə olmayıb. Üzərindən çıxan marixuana ona məxsus olmuşdur. İranlı ilə 1-2 dəfə alış-verişi olub. İran vətəndaşı olan şəxs ona “kuryerlik” etməyi əvvəl də təklif etmiş, lakin o, razılaşmamışdır. Sonuncu dəfə isə həm pulu olmadığı, həm də fiziki ağrıları olduğu üçün İranlı ilə razılaşmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməyib. Törətdiyi əməldən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla, daşıma və satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 22-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında 30 aprel 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsinə getmişlər. Həmin yerdə olarkən saat 01:50-də Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Nazim Müzəffərliyə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanı açıb 07 ədəd kağız büküm, 01 ədəd papirosu, 01 ədəd «Honor» markalı mobil telefonu və 01 ədəd bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 07 ədəd kağız bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 01 ədəd papirosda isə narkotik vasitə marixuana olduğunu, təxminən 2 ildir ki, narkotik vasitə istifadə etdiyini, təqdim etdiyi maddələri onlayn formada İran İslam Respublikası vətəndaşı ilə əlaq saxlayaraq müxtəlif ünvanlardan əldə etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs bildirmişdir ki, 7 ədəd bükümdə olan psixotrop maddələrin 5 bükümündə psixotrop maddə ilə yanbayan 5 büküm də narkotik vasitə olan heroin bükülmüşdü. Yəni 7 ədəd bükümün 2 bükümündə yalnız psixotrop maddə metamfetamin idi, qalan 5 bükümündə də 5 büküm psixotrop maddə metamfetamin ilə yanaşı 5 büküm də narkotik vasitə heroin bükülmüşdü. Bir ədəd papirosun içindəki isə narkotik vasitə olan marixuana idi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 07 ədəd büküm , 01 ədəd papiros və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülərək ayrı-ayrı zərflərdə qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamış, sonuncu saxlanılan zaman tək olmuş, müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyniməzmunlu ifadə vermiş, həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamış, sonuncu saxlanılan zaman tək olmuş, müqavimət göstərməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 30 eprel 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, təhqiqatçı X4 şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın cibindən 7 (yeddi) ədəd ağ kağızda bükülünü, l(bir) ədəd qəhvəyi rəngli bükülünü, həmçinin 1 (bir) ədəd mobil telefonu və 1 (bir) ədəd bank kartını çıxarıb masanın üzərinə qoyur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs üst-başı tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmır. Ondan təqdim etdiyi 08 ədəd bükümün içərisindəkilərinin nə olduğu soruşulduqda, həmin bükümün içərisindəkilərin narkotik vasitə olan “marixuana” və “heroin”, eləcə də psixotrop maddə olan “Metamfetamin olduğunu deyir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən onlayn qaydada əlaqə saxladıqdan sonra ona bildirdiyi müxtəlif ünvanlardan əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 07 ədəd büküm bir zərfə, 01 ədəd büküm bir zərfə, mobil telefon da bir zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon «Honor» markalı olmaqla, mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, telefonun əsası qara rəngdədir, telefonun arxa sol tərəfində kameraları vardır. Mobil telefon işlək vəziyyətdədir, işlənmişdir, üzərində işlənməsinə dair cızıqlar müşahidə olunur. Mobil telefonu işə salıb içərisində olan daxil olan və çıxan zənglərə, SMS-lərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. Lakin mobil telefonun «qalereya» adlı faylına daxil olunduqda, orada Təqsirləndirilən şəxs məxsus bir çox sayda fotoşəkillərin olması, fotoşəkillərin bəzilərində elektron tərəzi üzərində narkotik vasitələrin fotoşəkilləri əks olunmuşdur, həmçinin fotoşəkillərin bəzilərində üzərində ox işarələri olmaqla narkotik vasitələrin qoyulduğu yeri işarə edən fotoşəkillərin də olması müşahidə olunur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 aprel 2024cü il tarixli 6/2372 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 7 ədəd ağ rəngli yapışqan lentlə bükülmüş bükümlərin içərisində ümumilikdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,844 qr., 1,321 qr., 3,032 qr., 2,166 qr., 7,420 qr., ümumi təmiz çəkisi 23,783 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, ümumilikdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,022 qr., 1,028 qr., 3,667 qr., 1,019 qr., 1,964 qr., 1,014 qr., 1,012 qr., ümumi təmiz çəkisi 13,726 qr. olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli, 7/664 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,22 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2024cü il tarixli 2808 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 iyun 2024-cü il tarixli, 1615 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin cavab məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Moskva şəhər Ostankino Rayon Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 iyul 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, üzərində ittiham aktında qeyd edilmiş miqdarda narkotik vasitələrin və psixotrop olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından 30 aprel 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və baxış zamanı aşkar edilmiş, qablaşdırılıb üzəri imzalanaraq möhürlənmiş bir ədəd zərfdəki bükümlərin və bir ədəd papirosun narkotik vasitə tərkibli olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi və 02 noyabr 2022-ci il tarixli 7/4612 saylı məhkəmə-bioloji və məhkəməbioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli, 7/664 nömrəli ekspert rəyinə əsasən ekspertiza təhqiqatına göndərilmiş zərfdəki 7 ədəd ağ rəngli yapışqan lentlə bükülmüş bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, tədqiqata təqdim edilmiş bir ədəd papirosda tütün ilə qarışıqda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması, narkotik vasitə heroinin çəkisinin 9,844 qram, 1,321 qram, 3,032 qram, 2,166 qram, 7,420 qram, ümumi təmiz çəkisinin 23,783 qram, psixotrop maddə metamfetamin 4,022 qram, 1,028 qram, 3,667 qram, 1,019 qram, 1,964 qram, 1,014 qram, 1,012 qram, ümumi təmiz çəkisinin 13,726 qram, narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 0,22 qram təşkil etməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin və təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişdir, həmin əməllər başa çatmış, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti 16 saylı mənzil-kommunal istismarı sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olduğu müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 23,683 qram təşkil edən narkotik vasitə - heroin, 02 qram narkotik vasitə - qurudulmuş marixuana və 13,626 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 153 (yüz əlli üç) məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş qalıq çəkisi 23,683 qram təşkil edən narkotik vasitə - heroin, 0,2 qram narkotik vasitə - qurudulmuş marixuana və 13,626 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ümumilikdə 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar