Məhkəmə qərarları › İş №1(101)-2226/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2226/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2226/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 5 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Methadone 40” əmtəə göstəriciləri olan 05 ədəd konvalyutda “F/M40” yazısı həkk olunmuş tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda ümumilikdə 50 ədəd açıq-qəhvəyi rəngli həbləri əldə edib üzərində qanunsuz saxlayaraq Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 16 ünvanında yerləşən “Kontakt Home” mağazasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə saat 10:40-da yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada həmin gün saat 12:43-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ çiynindən asdığı çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 05 ədəd “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda ümumilikdə 50 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli həblər aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi Sumqayıt şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Sumqayıt şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarına əsasən narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin başa çatdığı yer - əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı Sumqayıt şəhəri olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə başa çatmadığından hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrmin ərazi yurisdiksiyası»na əsasən Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası CPM-in 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.

Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar