Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2239/2024 03.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 avqust 1983-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi yaşayış evində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 1 aprel 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində avtomobil idarə edən zaman, həmin vaxt onunla eyni küçədə hərəkətdə olan Opel Astra markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə yol verməməyə görə sonuncunun avtomobili saxlayıb aşağı düşüb onun avtomobilinə yaxınlaşıb nalayiq sözlərlə onu təhqir edib, yaxasından tutub yumruqla vurduqdan sonra o, şəxsi münasibtlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı avtomobildə gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs əvvəl sol və sağ əllərinə bir neçə zərbə vurub ona sol bazu oynağında ağrı və hərəkət məhdudluğu, eləcə də, sol bazunun orta və aşağı 1/3-nin arxa səthinin hematoması ilə müşayiət olunan sol kürək nahiyəsində daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ əlin ovuc səthində İ əl-daraq sümüyü proyeksiyası səviyyəsində 1 ədəd deşilmiş-kəsilmiş yara sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdiridiyi üçün əlinədə olan bıçaqla sonuncunu bədən nahiyəsinə bir zərbə vurub ona çoxlu qanitirmə (500 ml) və sağ tərəfi travmatik hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İV qabırğaarası sahədə daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetiməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, yolun 4-cü zolağında maşınla hərəkətdə olmuşdur. Maşınında iki nəfər sərnişin əyləşmişdir. Bir müddətdən sonra yolun üçüncü zolağıdan bir maşın dönmə siqnalını yandırmadan ötmə əməliyyatını həyata keçirərək onun zolağına keçmək istəmiş, ancaq maşınların arasında zolaq dəyişmək üçün yetəri qədər məsafə olmadığından və nəticədə qəza şəraiti yarandığından o, digər maşına siqnal verərək onu qəza şəraiti yaranmaması məqsədi ilə xəbərdarlıq etmişdir. Digər maşın öz zolağına geri qayıtmışdır. Sonra həmin maşın ona arxadan öz maşınının faralarını yandıraraq maşını saxlamağını bildirmişdir. O, maşını saxlamamış və hərəkətə davam etmişdir. Bir müddət sonra həmin maşın yolun sağ tərəfindən onun maşınına tərəf yaxınlaşmışdır. Həmin şəxsin maşının sürücü tərəfində yerləşən yan şüşəsi bir qədər açıq olmuş və o, həmin şəxsin əl hərəkətləri və mimikasından ona qarşı nalayiq ifadələr işlətdiyini və dəfələrlə ondan öz maşınını saxlamağını tələb etdiyini görmüşdür. O, maşınında sərnişin olduğunu, sərnişinin göstəridiyi yerin həmin ərazinin yaxınlığında olduğunu və sərnişini düşürdükdən sonra maşından düşüb onunla söhbət edəcəyini deyərək, ona arxasınca gəlməsini bildirmişdir. Digər sürücü ona qulaq asmayıb, bir neçə dəfə onun maşınını öz maşını ilə sıxmış və nəticədə yolda bir boşluq taparaq maşınını onun maşınının qabağına verib saxlamışdır. Həmin şəxs maşını saxlayandan sonra şəxs maşından düşərək onun üstünə gəlmişdir. Onun maşınının sükan tərəfdə yerləşən yan şüşəsi açıq vəziyyətdə olmuşdur. Üstünə gələn şəxs onun maşınına yaxınlaşandan sonra maşının tutacağına əl atmış, ancaq maşın bağlı vəziyyətdə olmuşdur. O, maşınında olan balaca bir bıçağı çıxartmış və ona qarşı fiziki güc tətbiq etdiyi halda ona bıçaq vasitəsi ilə zərbə endirəcəyini deyərək xəbərdarlıq etmişdir. Həmin şəxs onun sözlərindən sonra bir qədər fikirləşmiş, ancaq nəticədə onun üstünə gəlib, ona qarşı fiziki güc tətbiq etmişdir. Onu sükan arxasında sıxdığına görə həmin şəxsi görməmişdir. Sonra o, müdafiə məqsədi ilə zərərçəkmiş şəxsin qol nahiyyəsinə bıçaq zərbəsi vurmuş və şəxs bir qədər geri çəkilmişdir. Zərərçəkmiş şəxsə onunla mübahisə etməməsini, çıxıb getməsini bildirsə də, sonuncu baş verənlərə baxmayaraq yenidən onun üstünə gəlmişdir. Həmin şəxs yenidən ona qarşı fiziki güc tətbiq etmiş, o da yenidən müdafiə məqsədi ilə ona bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxsin sinə nahiyyəsinə zərbə endirməyini sonradan atası ona demişdir. Çünki hadisə zamanı zərərçəkmiş şəxs onu maşında sıxdığından sonuncunun bədəninin hansı nahiyyəsinə zərbə endirdiyini bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə axşam radələrində, “Kontinental” hotelin qarşısında baş vermişdir. Həmin vaxt yolda tıxac olmuş, zərərçəkmiş şəxs onun yoluna keçərək qabağını kəsmiş və o, məcburiyyət qarşısında qalaraq öz maşınını saxlamışdır. Digər şəxs onun üstünə hücum çəkmişdir. O, öz zolağında hərəkətdə olmuşdur. Digər şəxs dönmə siqnalını yandırmadan onun olduğu zolağa keçmək istəmiş, bu səbəbdən o, siqnaldan istifadə edib, xəbərdarlıq etmişdir. Onu həyata keçirdiyi dönmə əməliyyatı qanunsuz olmuşdur. Birinci epizodla ikinci epizodun arasında təxminən 150-200 metrə məsafə olmuşdur. Hadisə baş verdikdən sonra onun maşınındakı sərnişinlər düşüb getmişlər. O, zərərçəkmiş şəxslə mübahisə etdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxsin aldığı xəsarətlər barədə sonradan atasından xəbər almışdır. Zərərçəkmiş şəxsin yanında olan şəxslərlə qohumluq əlaqələrinin olduğunu sonradan öyrənmişdir. O, hadisə zamanı ümumiyyətlə maşından düşməmişdir. Zərərçəkmiş şəxs onun üstünə hücum çəkmişdir. Bıçağı müdafiə olunmaq məqsədilə çıxartmışdır. Zərəçəkmişə ona qarşı fiziki güc tətbiq etsə, bıçaqdan istifadə edəcəyi barədə xəbərdarlıq etmişdir. O, zərərçəkmiş şəxsə müalicə ilə bağlı maddi köməklik göstərmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi əməli tam etiraf edərək Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 1 aprel 2024-cü il tarixdə, təxminən saat 18:30-da baş vermişdir. Yolda hərəkət zamanı sıx tıxac olduğundan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Hər biri öz maşınından bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Sonra ikisi də hadisə yerində, yolun kənarında maşınlarını saxlamışlar. O, Təqsirləndirilən şəxs maşınına yaxınlaşmış və yenidən bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Sonra əlbəyaxa olmuşlar və nəticədə məlum hadisə baş vermişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı yolda sıx tıxac olmuşdur. Orucluq ayı olduğundan ikisi də oruc tutmuş, bu səbəbdən əsəblərini cilovluya bilməmiş və hadisə baş vermişdir. Təqsirləndirilən şəxs maşınında kənar şəxslər olmuşdur. Təqsirləndirilən şəxs onun döş qəfəsinə, çiyninə və əlinə bıçaqla xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 7 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvan Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yolun solunda yerləşir. Hadisə avtomobil yolunun sol kənarında kəsişməyə 10 metr qalmış baş vermişdir. Kəsişmədə nizamlayıcı svetafor yerləşir. Yolun sol kənarında dayanma və durma qadağandır. Hadisə yeri ilə üzbəüz “İntercontinental” otel, solunda “Hicama” kosmetik obyekti yerləşir. Avtomobil yolu üç zolaqdır. Hadisə yerinə çatmamış yaşayış yerinə giriş mövcuddur (cild 1, iş vərəqi 15-17). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspretizasının 152 nömrəli 6 may 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri aşağıdakı qruplara bölmək olar: a) çoxlu qanitirmə (500 ml) və sağ tərəfli travmatik hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İV qağırğaarası sahədə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara; b) sol bazu oynağında ağrı və hərəkət məhdudluğu, eləcə də, sol bazunun orta və aşağı 1/3-nin arxa səthinin hematoması ilə müşayiət olunan sol kürək nahiyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara; c) sağ əlin ovuc səthində İ əl-daraq sümüyü proyeksiyası səviyyəsində 1 ədəd deşilmiş-kəsilmiş yara; Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 1 aprel 2024-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən “a” bəndində göstərilən çoxlu qanitirmə (500 ml) və sağ tərəfli travmatik hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İV qağırğaarası sahədə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, “b” bəndində göstərilən sol bazu oynağında ağrı və hərəkət məhdudluğu, eləcə də, sol bazunun orta və aşağı 1/3-nin arxa səthinin hematoması ilə müşayiət olunan sol kürək nahiyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara dərəcəsini görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, “c” bəndində qeyd olunan-sağ əlin ovuc səthində İ əl-daraq sümüyü proyeksiyası səviyyəsində 1 ədəd deşilmiş-kəsilmiş yara sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyər xəsarətlərə aiddirlər (cild 1, iş vərəqə 32-36). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 3871 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaq hesab edilmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsi altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək ruhi həyacan (affekt) vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 82- 85). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-dən daxil olmuş məktubdan görünür ki, aparılmış əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağın olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin 17 sentyabr 2009-cu il tarixli Amnistiya Qərarının 1.3-cü bəndinə əsasən 23 mart 2009-cu il tarixdə cəzasının çəkilməmiş 9 ay 9 gün hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 50-51). Azərbaycan Respublikasının CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 22). Cinayət işinin materiallarında olan 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 78-79). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadə verərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları zərərçəkmiş şəxslə barışıq əldə etməsini və etirafedici ifadə verərək səmimi peşman olmasını, ağırlaşdırıcı halların olmamasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanlaın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanlaın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2239/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2239/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver