Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-224/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs1 hüquqi varisi X9, Zərərçəkmiş şəxs2 hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər - Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, 27 sentyabr 1967-ci ildə Cəlilabad rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan 2 (iki) şəxsin ölümünə səbəb olmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KAMAZ 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə hərəkətdə olarkən, Gömrük Akademiyasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilib-dağılması, kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, sağ ll-lll- İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və hər iki bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi, Zərərçəkmiş şəxs1 isə baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq, çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, hər iki körpücük və döş sümüklərinin, sağ ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX- X, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və sol bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin, qaraciyərin və dalağın əzilmişcırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi dərəcələrinə görə hər ikisində ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, Zərərçəkmiş şəxs2 kəllə tağı sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli açıq və qapalı sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması, Zərərçəkmiş şəxs1 isə baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə və üz skeleti sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması onların, yəni hər iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayır. O, 30 (otuz) ildən çoxdur ki, yük maşını sürücüsü işləyir. Bu günə qədər o, heç bir zaman yol hərəkəti qaydalarını pozmamışdır. Hal-hazırda onun 56 (əlli altı) yaşı vardır. Bu yaşına qədər heç bir şəxs onun barəsində polisə şikayət etməmişdir. O, hər zaman qanunlara riayət etmişdir. Bildirmək istəyir ki, onun baş vermiş avtoqəzada heç bir günahı yoxdur. Hadisə baş verən gün o, Zabrat kəndindən Maştağa kəndinə yük maşını vasitəsilə qum daşımışdır. Həmin yol istiqamətində o, hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən avtobus sürücüsü onun yanında ötərək qarşısına keçmişdir. Bu zaman o, idarə etdiyi yük avtomobilini digər yola tərəf sürmüşdür. Hadisə yerindən onun avtobusun yanı ilə hərəkət etdiyi yol arasında təxminən 100 (yüz) metr məsafə olmuşdur. O, biraz irəliyə hərəkət etdikdən sonra avtobus dayanacaqda saxlamaq üçün kənara çəkilmişdir. Lakin həmin avtobus avtobus dayanacağında düzgün qaydada saxlamamışdır. Həmin sürücü avtobusu həm özünün olduğu yol xəttini, həm də onun hərəkət etdiyi yol xəttini kəsəcək qədər kənarda saxlamışdır. Bu zaman o, avtobusun kənarından keçməyə məcbur qalmışdır. Təxmini olaraq o, yük maşınını 40-45 km/saat sürətlə idarə etmişdir. O, artıq avtobusu keçən zaman qəflətən qarşısına adam çıxmışdır. Onun idarə etdiyi yük avtomobilini həm öz çəkisindən dolayı, həm də yükün çəkisi ilə əlaqədar olaraq qəfil saxlamaq mümkün olmamışdır. Həmçinin yük avtomobillərini digər avtomobillərdən fərqli olaraq 30 (otuz) km/saat sürətdən aşağı sürətlə sürmək mümkün deyil. O, yük avtomobilin qarşısında adamları görən zaman qəfil saxlamağa çalışsa da, artıq gec olduğunu başa düşmüşdür. O, 30 (otuz) ildən çoxdur ki, avtomobil idarə etdiyi zaman adi bir toyuq belə vurmamışdır. Əgər həmin şəxslərin avtobusdan düşərkən yola tərəf keçəcəklərini görsəydi və ya həmin şəxslər əvvəlcədən yolun yaxınlığında görünsələrdi o, həmin an yük avtomobilini saxlaya bilərdi. Həmin an baş verən qəzanın təsirindən dolayı o, şoka girmişdir. Həmin təsirə görə də o, mobil telefonunu götürərək əvvəlcə polisə zəng etmişdir. O, yük avtomobilindən düşdükdən sonra yolun üzərində iki nəfər şəxsin cəsədini gördüyü an onun ayaqları yerdən kəsilmişdir. O, düşünmüşdür ki, sanki yuxu görür. O, hadisə yerindən xəstəxanaya aparılan zaman orada həkimlərin müdaxiləsindən sonra özünə gəlmişdir. Xəstəxanadan sonra isə onu Polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı hadisənin təsirindən özündə olmadığı üçün müstəntiqə vermiş olduğu ifadəsini xatırlamır, hadisə baş verən gün müstəntiqə ifadə vermiş, həmin vaxt orada müdafiəçi olmamış, ibtidai istintaq orqanı tərəfindən onun barəsində axtarış elan edilməsindən onun məlumatı yoxdur, hadisə baş verən gün avtobus ilə eyni yol xəttində hərəkət etməmiş, yük avtomobilini idarə etdiyi üçün həmişə yolun sağ hissəsilə hərəkət etmiş, lakin hadisə baş verən gün avtobus onun qarşısına keçdiyi üçün yolun sol hissəsilə hərəkət etmək məcburiyyətində qalmış, qəza anında qarşısına çıxan şəxləri görməmiş, çünki artıq həmin şəxslərlə onun arasında 1 (bir) metr məsafə olmuş və məhz həmin vaxt piyadaları anidən görmüş, yük avtomobilini 40-45 km/saat sürətlə idarə etmiş, işıqforda qırmızı işıq yanarkən hərəkət etməmiş, işıqforda yaşıl işıq yandıqdan sonra hərəkət etmiş, ibtidai istintaq zamanı hadisə yeni baş verdiyi üçün baş vermiş qəzanın təsiri altında olmuş, ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır, Polis şöbəsində ona fiziki təzyiq göstərilmiş, daha dəqiq isə Polis şöbəsində olarkən mülki formalı bir şəxs ona yaxınlaşaraq hədə-qorxu gəlmiş, ibtidai istintaq zamanı ifadə verən zaman müstəntiqə 40-45 km/saat sürətlə hərəkət etdiyini bildirsə də, müstəntiq onun vermiş olduğu ifadəsindən fərqli şəkildə qeydlər aparmış, yük avtomobilləri yerdən hündür olduqları üçün avtomobilin sol hissəsini görmək çətindir, piyadaların avtobusun qarşısından keçərkən 1 metr məsafədə görən anda həm yük avtomobilini saxlamağa çalışmış, həm də avtomobili sağ tərəfə çəkmək istəmiş, həmin vaxt piyadaları avtomobilinin qabaq sol hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmədiyindən onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə elan edilmiş ittihamla razıdır, eləcə də ittiham üzrə özünü təqsirli bilir. O, xx.xx.1967-ci ildə Cəlilabad rayonu Təzəkənd kəndində anadan olmuş, orta təhsillidir, evlidir, fərdi qaydada sürücü işləyir, məhkum olunmamış, Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, mərhum Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 hadisə baş verənədək tanımamış, sonuncularla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 08:00 radələrində o, idarə etdiyi texniki cəhətdən saz olan “Kamaz 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə İmişli rayonundan qum yükləyərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində satması üçün Bakı şəhərinə yola düşmüşdür. Həmin tarixdə saat 13:00 radələrində o, Bakı şəhərinə çatmış, şəhərə girərək Maştağa qəsəbəsinə doğru istiqamətlənmişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində o, təkcə, idarə etdiyi texniki cəhətdən saz olan “Kamaz 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində qumla dolu yüklə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə saatda 30 kilometr sürətlə hərəkətdə olarkən, Maştağa qəsəbəsində, Gömrük Akademiyasının qarşısında svetaforun yaşıl işığının yandığını görüb dayanmadan yoluna davam etmişdir. Həmin vaxt sağında və solunda hərəkətdə olan, həmçinin arxada və ya qarşıda gedən heç bir avtomobil olmamış, lakin ondan 20 metr irəlidə avtobus dayanacağının qarşısında sağ səkidən sol səkiyə doğru asta yerişlə yolu keçən, sonradan adlarını bildiyi piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 görmüşdür. Piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yolu eyni templə, asta yerişlə keçirmişlər. Həmin andan onun üçün təhlükə yaranmış və o, düşünmüşdür ki, piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yük avtomobilini görüb dayanacaqlar. Lakin piyadalar hərəkətlərini davam etdirərək təxminən 8 metr düzünə məsafə qətt etdikdən sonra yolu başa vurmağa 1 metr qalmış yük avtomobilinin qabaq sol tərəfinə dəyərək avtomobilin altına yıxılmışlar. O, təxminən 10 metr qarşıda avtomobilini saxlayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşmış və görmüşdür ki, hər ikisi ölmüşlər. O, hadisə yerindən DİN-in “102” xidmətini yığaraq hadisə barədə məlumat vermişdir. O, əməlindən çox peşmandır, kaş piyadalar deyil özü ölərdi, ahıl yaşında cavan uşaqların ölümünə səbəbkar olduğuna görə özünü bağışlaya bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və cinayət əməli törətməməsi ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda, yəni inkaredici ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, avtoqəzanın baş verməsini eşitdikdən sonra şok keçirmişdir. O, bir müddət hadisənin təsirindən özünə gələ bilməmişdir. Daha sonra ona hadisənin baş verdiyi anın bir qismini özündə əks etdirən videonun qeydi göstərilmişdir. O, video qeydə baxan zaman görmüşdür ki, təqsirləndirilən şəxs işıqforda qırmızı işığın yanmasına baxmayaraq, idarə etdiyi yük avtomobilinin sürətini azaltmadan yoluna davam etmişdir. Onun vəfat edən qızı DGK-da işləmişdir. Onun qızı tez-tez ölkədə ələ keçirilən narkotik vasitələr ilə bağlı sosial şəbəkələrdə paylaşımlar etmişdir. Hal-hazırda baş vermiş hadisə ilə əlaqədar onun ağlına hər şey gəlir. Hətta qızının ələ keçirilmiş narkotik vasitələr ilə bağlı paylaşımlar etdiyi üçün xüsusi sifarişlə öldürülməsi belə onun ağlına gəlir. Onun hadisə ilə bağlı yalnız izlədiyi video qeydlərdən məlumatı var. Verilmiş suallara cavab olaraq X9 bildirmişdir ki, o, hadisə yerində olmasa da, DGK-nin Akademiyasında işləyən qızının yaxınları yük avtomobilinin onun qızını piyada keçidinin üzərində vurduğunu bildirmişlər. Hadisə baş verən anları qeyd edən video qeydlər ona qızının tələbə yoldaşı göstərmişdir. O, hadisənin baş vermə anını qeyd edən video qeydləri izləyən zaman vəfat edən şəxslərin ölüm anını görmüş, təqsirləndirilən şəxsin yaxın qohumları üzrxahlığa onun yanına gəlməsələr də, təqsirləndirilən şəxsin yaşadığı kənddən olan bir neçə şəxs yasa gələrək maddi yardım göstərmək istəmişlər, lakin həmin şəxslərin maddi yardımından imtina etmiş, habelə təqsirləndirilən şəxslə barışmamış, onun barışmaq fikri də yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdikləri halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, baş vermiş hadisə ilə əlaqədar məlumatları yaxın dost-tanışının söylədiklərinə əsasən bilmişdir. Hadisədən sonra o, vəfat etmiş övladının dəfn və yas mərasimini keçirtmişdir. Qısa müddət keçdikdən sonra o, ibtidai istintaqa dəvət olunmuşdur. O, ibtidai istintaq zamanı müstəntiqə ifadə verərkən dövlətə və dövlətin qanunlarına güvəndiyini, təqsirləndirilən şəxsin barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin o, yeganə övladını itirdiyi üçün ürək ağrısı olduğundan müstəntiqə mümkün olduğu qədər onu ibtidai istintaqa dəvət etməməsini xahiş etmişdir. Lakin xüsusilə vurğulamışdır ki, o, bu cinayət işini sona qədər izləyəcək. Əgər o, ibtidai istintaq zamanı hər hansı bir qanunsuzluq görsə, ölkə rəhbərliyinə qədər şikayət edəcək. O, ibtidai istintaq zamanı hazırlanmış ittiham aktını oxuyan zaman bir sıra çatışmazlıqlar görmüşdür. Məsələn, cinayət işi üzrə ittiham aktında hadisə yerində olan piyada keçidi, piyada keçidinin yaxınlığında olan işıqfor qeyd olunmamışdır. O, cinayət işinin başlanğıcında təqsirləndirilən şəxsin barəsində heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Lakin o, məhkəmə zalına gələrkən məhkəmədə verəcəyi ifadəni bildiyi və hiss etdiyi tərzdə danışacağına söz vermişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsə qarşı ən ağır cəza təyin edilməsini xahiş edir. O, baş vermiş hadisə ilə əlaqədar bir söz deyə bilmir. Çünki avtoqəza hadisəsi onun da başına gələ biləcək hadisədir. Lakin o, hadisəni qeydə alan video müşahidə kameralarını izləyən zaman əslində hadisənin baş verməmə ehtimalının çox olduğunu görmüşdür. Digər tərəfdən, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin heç bir yaxın qohumu və ya dost-tanışı bir dəfə belə olsun onların evinə baş sağlığına gəlməmişdir. Onun təqsirləndirilən şəxsin barəsində mənfi düşüncələri olmamışdır. Lakin sonra o, anlamışdır ki, təqsirləndirilən şəxs heç də etdiyi əməldən peşman olmuş kimi görünmür. O, təqsirləndirilən şəxsin barəsində müsbət heç bir söz belə eşitməmişdir. Bir daha qeyd etmək istəyir ki, dövlətin və qanunların aliliyinə, eləcə də məhkəmənin ədalətinə güvənir. Verilmiş suallara cavab olaraq X5 bildirmişdir ki, o, sonradan hadisə yerində olmuş, lakin hadisə baş verdikdən uzun müddət keçdikdən sonra hadisə yerinə getmiş, heç bir şəxs ona hadisə yerini göstərməmiş, sosial şəbəkə platformalarında kifayət qədər hadisə yerinin fotoşəkilləri və videoları var, onda hadisənin baş vermə anını qeydə alan videolar var. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdikləri halların nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varislərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 2) görünür ki, həmin gün saat 14:25 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək törətdiyi cinayət barədə, yəni Maştağa qəsəbəsində idarə etdiyi “Kamaz” markalı, **-XD-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə piyada hərəkət edən qadın və kişini vurub öldürməsi barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixli baxış aparılması haqqında protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən (cild 1, iş vərəqə 3-7) görünür ki, yol nəqliyyat hadisəsi - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Zabrat-Maştağa yolunda Gömrük Akademiyasının qarşısında, Zabrat qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində yolun sağ hərəkət hissəsində baş vermişdir. Zabrat-Maştağa yolu iki tərəfli hərəkət hissəli olmaqla, yolun ortası ilə uzanan 1 metr enində ehtiyyat hissə yolun hərəkət hissəsini 2 yerə ayırır. Yolun hər iki hərəkət hissəsinin eni 10 metrdir. Hadisə yeri asfalt olmaqla, düzdür, qurudur, hamardır, hadisə yerində qazıntı və ya maneə aşkar edilməmiş, hadisə yerində əyləc izi yoxdur. Hadisə yerində olan qan izlərindən həmin yerin piyadaların vurulma nöqtəsi olmasını müəyyən etmək olur. Avtomaşınların hərəkəti istiqamətində piyadaların vurulduğu yerdən sağ səkiyə olan məsafə 9 metrdir. Piyadaların vurulduğu yerdən Maştağa qəsəbəsi istiqamətində 1 metr irəlidə yolu iki yerə ayıran ehtiyat hissədən 0,5 metr məsafədə qadın meyiti var, həmin meyitdən 6 metr Maştağa qəsəbəsi istiqamətində ayaqları ehtiyat hissədə, bədəni isə hərəkət hissədə olmaqla kişi meyiti var. Piyadaların vurulduğu yerdən 19 metr əvvəldə svetofor, svetoforun qarşısında piyada zolağı vardır, qeyd olunan istiqamətdə, piyadaların vurulduğu yerin sağ səkisi avtobus dayanacağıdır. Piyadaların vurulduğu yerdən 17 metr Maştağa qəsəbəsi istiqamətində “Kamaz” markalı, **-XD-*** nömrəli qumla dolu yük maşını var. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet götürülməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X13 235 saylı meyitin ekspertizası rəyindən və rəyə əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 56-60) görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilib-dağılması. Kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları. Boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları. Sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-Х qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və hər iki bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları. Ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları. İkitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması). Peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Bədən səthinin çoxsaylı qançır və sıyrıqları. Xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yük avtomaşını vurması və üzərindən keçməsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb kəllə tağı sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli açıq və qapalı sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X7” X13 236 saylı meyitin ekspertizası rəyindən və fotoşəkillərdən (cild 1, iş vərəqə 61-65) görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası). Kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq, çoxqəlpəli sınıqları. Boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları. Hər iki körpücük və döş sümüklərinin, sağ İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-Х, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-Х qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və sol bud sümüklərinini yerini dəyişən qapalı qəlpəli sınıqları. Ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları. İkitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması). Peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Bədən səthinin çoxsaylı qançır və sıyrıqları. Xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yük avtomaşını vurması və üzərindən keçməsi nəticəsində törənə bilər. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb - baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə və üz skeleti sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 8-9) görünür ki, “Kamaz” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük maşını texniki cəhətdən saz vəziyyətdədir, avtomaşında əzik, batıq və ya cızıq aşkar edilməmişdir. Avtomaşının yük yeri qumla doludur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan (cild 1, iş vərəqə 12) görünür ki, “Kamaz” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük maşınının qabaq hissəsi əzik vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli 1/5260 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən (cild 1, iş vərəqə 21-24) görünür ki, sürücü Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Gömrük Akademiyasının qarşısına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Zabrat-Maştağa yolunu göstərib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində həmin yolla idarə etdiyi “Kamaz” markalı yük maşını ilə Zabrat dairəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində saatda 30 kilometr sürətlə hərəkət etmişdir. Təqsirləndirilən şəxs həmin istiqamətdə sağ səkidə yerləşən avtobus dayanacağının qarşısını göstərib bildirmişdir ki, piyadaları həmin yerdən hərəkətə başlayarkən görmüş, həmin andan onun üçün təhlükə yaranmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi piyadaların hərəkətə başladığı yerlə həmin istiqamətdə sol ehtiyat hissəyə olan məsafə 9 metrdir. Daha sonra Təqsirləndirilən şəxs piyadaları vurduğu yeri göstərib demişdir ki, piyadalar həmin yerədək asta yerişlə düzünə məsafə qət etdikdən sonra o, “Kamaz” markalı yük maşınının qabaq sol tərəfi ilə həmin şəxsləri vurmuşdur. Təqsirləndirilən şəxs piyadaları vurduğu yer kimi təqdim etdiyi nöqtədən sola ehtiyat hissəyə olan məsafə 1 metr, həmin nöqtədən piyadaların hərəkətə başladığı nöqtədə olan məsafə 8 metrdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 016- 126525-1222 saylı məktubundan (cild 1, iş vərəqə 26) görünür ki, DİN-in Baş X16i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 17.07 2018-ci il tarixdə (xx.xx.2028-сi il tarixədək etibarlı olan) AF seriyalı ******* nömrəli “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/3115 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən (cild 1, iş vərəqə 52-55) görünür ki, “Kamaz 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 97- 101) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2834-4/1561 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 11-17) görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış [CAM60] 20220923-141535(00) adlı videoyazıya görə “Kamaz - 65115” markalı yük avtomobilinin tədqiqi hissədə göstərilən məsafədə orta sürəti V=51 km/saat olmuşdur. Tədqiqata təqdim olunmuş videoyazının 1339-cu kadrında İ piyadanın (qara rəngli geyimdə olan) “Qazel-yük” markalı avtomobilin sol tərəfindən ("Qazel-yük” markalı avtomobilin arxa solunda qara rəngli avtomobil dayanmışdır) yolun hərəkət hissəsi üzrə sağa tərəf qaçışa başladığı (həmin ana qədər piyada daha aşağı templə, yəni yerişlə hərəkətdə olur) vaxt videoyazının 1376-cı kadrında (55,773 san) “Kamaz” markalı yük avtomobilinin ona (İ piyadaya) çatdığı görünür. Hadisələrin sonrakı inkişafını yol kənarında olan ağaclar bu obyektlərin görüntüsünü bağladığından müəyyən etmək mümkün olmamışdır. İ piyadanın hərəkətə başlayaraq yol kənarındakı ağacın onu görünməz etdiyi andan “Kamaz” markalı yük avtomobilinin ona (İ piyadaya) çatdığı ana qədər t = 6,931 san vaxt keçmişdir. Videoyazıların tədqiqatından belə məlum olur ki, videoyazının 1339-cu kadrında İ piyadanın (qara rəngli geyimdə olan) “Qazel-yük” markalı avtomobilin sol tərəfindən (“Qazel-yük” markalı avtomobilin arxa solunda qara rəngli avtomobil dayanmışdır) yolun hərəkət hissəsi üzrə sağa tərəf qaçışa başladığı (həmin ana qədər piyada daha aşağı templə, yəni yerişlə hərəkətdə olur) vaxt videoyazının 1376-cı kadrında (55,773 san) “Kamaz” markalı yük avtomobilinin ona (İ piyadaya) çatdığı görünür. Bu isə onu izah edir ki, piyadalar yolun sağından sola doğru keçərkən iti qaçışla hərəkətdə olmamışdır. Yəni müdafiə tərəfinin təqdim etdiyi məlumatlar işin faktiki hallarına uyğun olmamaqla real hadisə mexanizminə uyğun deyildir. “Kamaz-65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2015-ci il tarixli sürücülük vəsiqəsinin və xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən (cild 1, iş vərəq 10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs 28 mart 2015-ci il tarixdə “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Kamaz 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə etməsi üçün etibarnamə verilmişdir. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən (cild 1, iş vərəq 11) görünür ki, “KAMAZ 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X2r. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçiləri ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçiləri ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirmişlər, müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müxtəlif vəsatətlər vermişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və bu pozuntu ehtiyatsızlıqdan 2 (iki) şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində etibarnamə əsasında idarə etdiyi “KAMAZ” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə hərəkətdə olarkən, Gömrük Akademiyasının qarşısında qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuş və bunun nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çoxlu sayda müxtəlif bədən xəsarətləri almışlar, həmin xəsarətlər isə bilavasitə hər iki şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hadisəsinə təqsiri onda ifadə olunmuşdur ki, cinayət hadisəsinə səbəb onun tərəfindən Gömrük Akademiyasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, o, sürücü kimi hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, halbuki göstərilən normanın tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozmaqla qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Bundan başqa, məhkəmə istintaqında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, onun baş vermiş hadisədə heç bir təqsiri yoxdur. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi dəlil ilə razılaşmayaraq qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs bildirmişdir ki, piyadalar onun qarşısına çıxarkan o, həmin şəxsləri görmüş, lakin məsafə az olduğundan idarə etdiyi yük avtomobilini dayandırmaqla, hadisənin qarşısını almaq iqtidarında olmamışdır. Təqsirləndirilən şəxsin bu ifadəsindən və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən yerə baxış keçirilmiş və həmin vaxt hadisə yerində əyləc izi aşkar edilməmişdir. Bu hal iş üzrə mühüm əhəmiyyətə malik olan haldır. Belə ki, hadisənin baş verdiyi gün hadisə yerinə baxış keçirilən zaman orada əyləc izinin aşkar edilməməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən lazımi diqqət göstərmək əvəzinə diqqətsizlik etmiş və bu diqqətsizlik nəticəsində idarə etdiyi yük avtomobili ilə 2 (iki) piyadanı vuraraq ehtiyatsızlıqdan sonuncuların ölümünə səbəb olmuşdur. Bu isə onu göstərir ki, onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin kobud şəkildə pozulmasında ifadə olunur. Bundan başqa, məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək cinayət hadisəsinin baş verməsi ilə əlaqədar 1 (bir) ədəd disk təqdim etmiş, həmin diskdə cinayət hadisəsi ilə bağlı görüntülər əks olunduğundan və ibtidai istintaq orqanı tərəfindən cinayət hadisəsini əks etdirən görüntülər sübut qismində əldə edilib cinayət işinə əlavə edilmədiyindən məhkəmə qərarı ilə disk sübut qismində qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin iddia etdiyi halların yoxlanılması, habelə ittihamın qanuni və əsaslı olub-olmamasını müəyyən edilməsi məqsədi ilə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə qərarı ilə iş üzrə kompleks video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmişdir. Məhkəmə qərarı əsasında keçirilmiş kompleks video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2834-4/1561 nömrəli ekspertiza rəyi ilə müdafiə tərəfinin iddia etdiyi halların işin faktiki hallarına uyğun olmaması təsdiq olunmuşdur. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs Firodvsi Eyvazov məhkəmədə ifadə verərkən səmimi olmamış və təhrif olunmuş məlumatları məhkəməyə bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq bu ifadəni mötəbər sübut kimi qəbul etmir. Bununla da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. O, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir. Onun əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət barədə polis orqanına könüllü şəkildə məlumat verməsini və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışmağa cəhd etməsini (yaşadığı kənd sakinlərinin yas mərasimlərinə getməsi, çəkilmiş xərclərin ödənilməsi barədə təklif edilməsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Qeyd edilənləri, törədilmiş cinayətin xarakterini və nəticəsini, ələlxüsus da cinayət nəticəsində ölmüş şəxslərin gənc olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı yuxarıda göstərilən hallar nəzərə alınmaqla əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, ona əlavə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 335 (üç yüz otuz beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 335 (üç yüz otuz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi gündən, yəni 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 335 (üç yüz otuz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-224/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-224/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver