Məhkəmə qərarları › İş №1(101)-2242/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2242/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2242/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: “Güven” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə açıq məhkəmə iclasında 06 avqust 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 21, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Kişi Salonu” adlı bərbərxanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs qeyd edilən tarixdə, qeyd edilən yerdə qardaşı X8 ilə mübahisə edib döyməsi səbəbindən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən əlində olan təyinatı istintaqa məlum olmayan bıçaqla bir dəfə qəsdən vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid qarnın ön divarının sol yarısının daxilə nüfuz edən piyliyin erentrasiyası ilə müşayiət olunan köndələn-çənbər bağırsağı dəlib-keçən 01 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə gününədək tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, halhazırda da yoxdur. Hadisə haqqında onu bildirir ki, 06 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində qardaşı Fərhad ilə birlikdə saqqallarını düzəltdirmək üçün ünvan 2 ünvanın yaxınlığında yerləşən Kişi salonunda fəaliyyət göstərən Tural adlı bərbər tanışlarının yanına getmişlər. Fərhad saqqalını düzəltdirərkən o da bərbərxananın içində öz növbəsini gözləmişdir. Bu zaman bərbərxanaya daha bir müştəri gəlmişdir. Qardaşı Fərhad saqqalını düzəltdirib bərbər stulundan qalxdıqdan sonra Tural ilə zarafatlaşmağa başlamış və siqaret çəkmək üçün çölə çıxmışdır. Bu zaman bərbərxanaya daxil olan şəxs də onun arxasınca çıxmışdır. Bundan sonra o da saqqalını düzəldirmək üçün bərbər stuluna əyləşmişdir. Bərbərxanada olduğu zaman pəncərədən görmüşdür ki, qardaşı Fərhad Zərərçəkmiş şəxs ilə mübahisə edir. O, Fərhadın mübahisə etdiyini gördükdə bərbərxanadan dərhal çıxaraq görmüşdür ki, Zərərçəkmiş şəxs qardaşının baş, qol, qarın nahiyələrindən əli və ayaqları ilə zərbələr endirir. Qardaşı cərrahi əməliyyatdan sonra olduğu üçün Zərərçəkmiş şəxs müqavimət göstərə bilmirdi. Özünəməxsus avtomobilin yanına gələrək sürücü tərəfdən qapısında olan yerdə saxladığı bıçağı götürərək qardaşıgilə tərəf getmiş və Elvinə qardaşından aralanıb çıxıb getməsini demişdir, lakin Elvin uzaqlaşmayıb ona təpik atmışdır. Yalnız bundan sonra bıçaqla bir dəfə Elvinin qarın nahiyəsinə vurmuş, Elvin ondan qaçaraq uzaqlaşmış, o isə qardaşı ilə Elvinin arxasından qaçmışdır ki, onu lazım olduqda öz maşını ilə xəstəxanaya aparsın. Qeyd etmək istərdik ki, qardaşı keçirdiyi cərrahi əməliyyatdan sonra bədəninin bir tərəfi işləmir, qarın nahiyəsində isə cərrahi tikişi var idi. O qorxmuşdur ki, Elvinin qardaşına vurduğu zərbələrdən sonuncu ağır xəsarət ala bilər, həyatını itirə bilər. Hadisə yerinə bərbər də gəlib aralamaq istəmiş, lakin aralaya bilməmişdir. Maşında olduğu bıçağı bir müddət əvvəl tapıb maşına qoymuşdur. Elvinə xəsarət yetirdikdən sonra bıçağı yolun kənarına atmışdır. Hadisədən sonra evinə getmiş, oradan da polisə gedib təslim olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, hal-hazırda da yoxdur. Belə ki, o, 06 iyun 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Real” adlı klinikadan müayinədən çıxdıqdan sonra piyada olaraq yaşadığı ünvana gedirdi. “Real” klinikasından çıxdıqda onun yaxınlığında olan Bərbərxananın qarşısında onunla bir məhəllədə yaşayan, münasibətlərinin yaxşı olduğu Teymurun tanımadığı, adı ona sonradan məlum olan Fərhad adlı şəxs ilə söhbət etdiyini görmüşdür. Ona yaxınlaşıb onunla və yanındakı adı ona sonradan məlum olan Fərhad adlı şəxs ilə əl verib görüşmüş və həmin vaxt Teymurla Fərhad arasında nəsə anlaşılmazlıq olduğunu hiss edərək üzünü Teymura tutub “salamatçılıqdı?” deyə soruşmuşdur. O da hər şeyin qaydasında olduğunu demişdir. Bu zaman Fərhad ona “Qaqaş sən bayaq “salamatçılıqdı” dedin, onu nə mənada dedin?” deyə soruşmuş, o, Fərhadın bu danışığını təəccüblə qarşılamış və ona “mən heçnə demək istəmirəm, Teymur mənim tanışımdı mən ondan hal-əhval tutmaq üçün bu sözü işlətmişəm, bu sözün sənə aidiyyəti yoxdur” demişdir. O, isə səsini daha da gurlaşdırıb “Yox, sən niyə bu sözü dedin, orada nə olmuşdu ki, sən salamatçılıq olub olmadığını soruşursan” demişdir. O bir daha bu sözü Teymura deməsini, onun buna heç bir aidiyyəti olmadığını demişdir. Lakin, bundan sonra da Fərhadın onun üzərinə gələrək onu vurmağa hazırlaşdığını gördükdə onu qabaqlamaq və qorxutmaq məqsədi ilə onu yumuruqla vurmuş, bundan sonra Fərhad da ona yumruq atmış və onlar dava etmişlər. Dava edərkən bir nəfər şəxsin gəlib onların böyründə durduğunu görmüş, lakin onun fikri davada olduğundan ona tam dönüb baxa bilməmişdir. O, bu hadisələrdən sonra bilmişdir ki, həmin şəxs Fərhadın qardaşı Təqsirləndirilən şəxs olmuşdur. Fuad ona “kənarlaş”, “uzaq dur”, “ a kişi gəl bu tərəfə” tərzdə sözlər demiş, lakin o, həmin vaxt Fərhadla olan dava səbəbindən onun sözlərinə reaksiya verə bilməmişdir. Bu zaman anidən bədənin sol yarısına nəyinsə girdiyini hiss etmiş, ilk öncə bunun nə olduğunu anlamamış, baxan zaman Fuadın əlində bıçaq olduğunu görən kimi hadisə yerindən qaçaraq uzaqlaşmışdır ki, Fuad ona başq zərbələr endirməsin. Fərhad Bağırov ilk öncə onun arxasıca qaçsa da sonradan dayanmışdır. Bir qədər irəlidə tanımadığı taksiyə minib yaxınlıqdakı X7 yardımı məntəqəsinə getmiş, oradan da onu təcili tibbi yardım avtombilinə əyləşdirib X13 apararaq əməliyyat etmişlər. Hal-hazırda özünü yaxşı hiss edir. O, Fərhad Bağırovun fiziki qüsurlu olduğunu bilməmiş, hal-hazırda onun Təqsirləndirilən şəxs şikayəti yoxdur, onunla barışmışdır. Məhkəməyə təqdim etdiyi barışıq ərizəsini təsdiq edir. Bir daha bildirir ki, o, ilk olaraq Fərhad Bağırovla mübahisə etmişdir. Fərhadla da mübahisəyə səbəb onun Teymura “salamatçılıqdır” deməsi olmuşdur. Fuad ona bu xəsarəti qardaşına görə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 06 iyun 2023-cü il tarixdə saat 16 radələrində qardaşı Fuad ilə birlikdə saqqallarını düzəltdirmək üçün ünvan 2 ünvanın yaxınlığında yerləşən kişi salonunda fəaliyyət göstərən Tural adlı bərbər tanışlarının yanına getmişlər. O, saqqalını düzəltdirərkən qardaşı Fuad da öz növbəsini gözləyirmiş. Bu zaman bir nəfər tanımadığı bir müştəri içəri daxil olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxsin adı Teymurdur. O, saqqalını düzəltdirib bərbər stolundan qalxdıqdan sonra Tural ilə zarafatlaşmağa başlamış və siqaret çəkmək üçün çölə çıxmışdır. Bu zaman Teymur mənə yaxınlaşaraq ona bərbər Turalı nəzərdə tutub “nəyə görə Turalla zarafat edirsən?” demişdir. O isə cavabında Tural ilə zarafatı olduğunu, onunla münasibətləri yaxşı olduğunu bildirmişdir. Bu məzmunda aralarında söhbət olarkən məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs gəlib Teymurla salamlaşmış və Teymura məhəlləyə tərəf getdiyini, onunla birlikdə getməyi təklif etmişdir. Bu zaman Teymur ona biraz işi olduğunu dedikdə Elvin ona tərəf baxdıqdan sonra yenidən Teymura tərəf dönərək “salamatçılıqdı?” deyə soruşmuşdur. Teymur ona bu sualın cavabında problem olmadığını demişdir. Bu zaman Elvinin “özündən razı” tərzdə sanki Elvin böyük o, kiçikmiş kimi hiss etdirən davaranışları ona pis təsir bağışlamışdır. Həmçinin o, insult keçirtdiyindən və cərrahi əməliyyat keçirtdiyindən onun fiziki qüsurlu olması gözə açıq-aşkar çarpırdı. Buna görə o, Elvindən nə səbəbə “salamatçılıqdı?” dediyini soruşmuş, bu zaman Elvin ona “Mən bunu Teymura demişəm, sənə aidiyyəti yoxdur” demiş, ona təkrarən bu sözü dedikdə Elvin anidən ona doğru yumruq atmış, yumruq onun sol qolunun said nahiyəsinə dəymişdir. Bu zərbədən sonra o da Elvinə yumruq atmış, lakin Elvinə dəyib-dəymədiyini xatırlamır. Bundan sonra Elvin təpiklə onun ayağından sonra isə qarnından vurmuşdur. Elvin onu döyərkən qardaşı Fuad əlində bıçaqla onların yanına gəlmiş və bıçağı əlində gösətərək Elvinə uzaqlaşmağını söyləmiş, Elvin uzaqlaşmadıqda Fuad bıçağı ona tərəf hərəkət etmişdir. Fuadın Elvini bıçaqla vurmasını birbaşa görməsə də, Elvinin qardaşının ona etdiyi həmlədən sonra qaçmağa başladığını görmüşdür. X15 Teymura “salamatçılıqdır” sözünü deməsinə görə mübahisə etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, ünvan 2 ünvanın yaxınlığında yerləşən bərbər salonunda işləyir. Təqsirləndirilən şəxs və qardaşı Fərhad Bağırovu uşaqlıqdan yaşadığı Xətai rayonu M.Hadi küçəsindən tanıyır. Belə ki, onlar da həmin küçədə yaşamışlar. Onlarla münsibətləri normaldır, heç bir ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə tanışı Teymurun Hacıyevin vasitəsi ilə tanıyır. Teymur və Elvin bir məhəllədə yaşayırlar, onların hər ikisi ilə də münasibəti normaldır, heç bir ədavəti yoxdur. 06 iyun 2023-cü il tarixdə saat 16 radələrində Fərhad və Fuad qardaşları onun işlədiyi salona gələrək saç və saqqalarını səliqəyə salmağını istəmişlər. O, ilk öncə Fərhadın saç və saqqalını səliqəyə salmış, Fərhadla zarafatı olduğundan onun saçını və saqqalını düzəldərkən birbirilə zarafatlaşırmışlar. Bu zaman tanışı Teymur Hacıyev içəri girmiş və Fərhadla etdiyi zarafatları eşitmişdir. O, Fərhadın saqqalını səliqəyə salıb yola saldıqdan sonra Fərhad bərbərxananın qapısından çıxıb qapının qarşısında durmuş, bu zaman Teymur da Fərhadın yanına getmiş, onlar öz aralarında söhbət etməyə başlamış, lakin onların nə danışdıqlarını eşitməmişdir. Həmin vaxt o, Fuadın saqqalını da səliqəyə salmış, bu proses təqribən iki dəqiqə çəkmiş, həmin vaxt Fərhad qapını açıb Teymurla salona daxil olaraq ondan neçə ildi bir-birlərini tanıdıqlarını və aralarında zarafatın olub-olmadığını, onunla içəridə etdiyi zarafatların onun xətrinə dəyib-dəymədiyini soruşmuşdur. O, Fərhada bildirmişdir ki, “biz uşaqlıqdan tanışıq və münasibətimiz yaxşıdır, bir-birimizlə zarafatımız var və onun zarafatları mənim xətrimə dəyməmişdir.” Bundan sonra Teymurla Fərhadın arasında mehriban söhbət başlamış və bir-birlərinə “sənə nə qulluq edim?” deyərək söhbətlərini yekunlaşdırmışlar. Bundan sonra Fuad və Fərhad birlikdə oradan uzaqlaşmış, o, isə işini davam etmişdir. Təqribən iki dəqiqədən sonra salondan bayıra baxdıqda Fərhad ilə Zərərçəkmiş şəxs arasında əlbəyaxa dava olduğunu görmüş və onları ayrımaq üçün onların yanına getmişdir. Bu zaman Fuad da onların yanına gəlmiş, birdən Elvin qaçmağa başlamışdır. Ona daha sonra məlum olmuşdur ki, dava zamanı Fuad Elvini bıçaqla vurmuşdur. Hadisədən sonra Teymur ilə etdiyi söhbət zamanı Teymur ona bildirmişdir ki, o, Fərhad ilə bərbərin qarşısında söhbət edən zaman Elvin gəlib onlarla görüşmüş və ona məhəlləyə getməyi təklif etmiş, lakin o, yanındakı Fərhad ilə söhbəti olduğunu bitirdikdən sonra gələcəyini demiş, bu zaman Elvin ondan “salamatçılıqdı?” deyə soruşmuş və Elvinin bu sözü Fərhadın xoşuna gəlmədiyi üçün sonuncular mübahisə və dava etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün , zərərçəkmiş şəxsin və şahidlərin ibtdai istintaq və məhkəmə istinaqı zamanı verdiyi ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Sabunçu TTM-dən tibb qardaşı Zərbəliyev vətəndaş Zərərçəkmiş şəxs sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə daxil olması barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” barədə protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 2 ünvanda həmin ərazidə iş üçün əhəmiyyət kəsb edən maddi sübut və əşya müəyyən edilməmiş, hadisə yerinin fotoşəklləri protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Bakı şəhəri, Nizamii RPİ-nin 24cü polis şöbəsinə gələrək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Real” adlı klinikanın yaxınlığında Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdiyini etiraf etmiş və təslim olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsində şübhəli bilindiyinə görə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən “Real” klinikasının xaricində quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış keçirilmişdir. Görüntünün xx.xx.2023-cü il tarixinə aid hissəsindən Zərərçəkmiş şəxs “Real” klinikanın yaxınlığında yerləşən “Kişi salonu” bərbərxana istiqamətində hərəkət etdiyi, həmin salonun qarşısında dayanaraq Fərhad Bağırov və Teymur adlı şəxslə salamlaşdığı, Təqsirləndirilən şəxs və Fərhad Bağırovun həmin salonun önündən avtomobilə doğru hərəkət etmələri, sonra Fərhad Bağırovun geri qayıdaraq Teymur adlı şəxslə söhbət etdiyi, X11 adlı şəxsin yanında Zərərçəkmiş şəxs ilə söhbət etdiyi, Təqsirləndirilən şəxs avtomobil tərəfdən iti addımlarla Zərərçəkmiş şəxs, Fərhad Bağırov və Teymur adlı şəxsin yanına getdiyi, Zərərçəkmiş şəxs Fərhad Bağırova və X14 Bədəlliyə yumruq zərbələri vurmaları, Təqsirləndirilən şəxs onların yanına çataraq dayanmasını, Zərərçəkmiş şəxs təpiklə Fərhad Bağırovun ayağından daha sonra isə böyründən vurması, bundan sonra Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən vurması, zərbədən sonra Zərərçəkmiş şəxs qaçmağa başladığı öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 543 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sol yarısının daxilə nüfuz edən piyliyin erentrasiyası ilə müşayiət olunan köndələn-çənbər bağırsağın dəlib keçən bir ədəd deşilmiş kəsilmiş yarası aşkar edilmişdir. Həmin yara şiş bucaq və kəsici kənara malik əşyanın təsirindən, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınması istisna olmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 559 saylı rəyindən müəyyən olunur ki, X1 saidin arxa səthinin qançırı-bərk küt əşyanın təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna olmur, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 avqust 2023-cü il tarixli, 2445 saylı rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin tərkibi altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində barotravma müəyyən edilir. Onun hazırkı psixi vəziyyətinə görə öz əməlinin faktiki xarakterini və ictimai təhülkəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl ilə bağlı anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər-hansı psixi xəstəlik aşkar olunmadığından törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən digər psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-tibbi kriminalistik ekspertizasının 01.0.2023-cü il tarixli, 426/2023-MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarının sol yarsında olan bir ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 594/2023-MTBŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqdan A antigen və həmçinin beta aqqlyutinini alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxsnün ibtidai istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən və məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsin cinayət işinin mateiallarına əlavə edilmiş hərbi biletin surətindən və «Vətən Müharibəsi iştirakçısı», «Cəbrayılın azad olunmasına görə» medallarla təltif olunmasına dair 1-8766 saylı və 1-16193 saylı vəsiqələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə iştirak etmiş və dövlət tətərindən medallarla təltif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunurn ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi iştirakçısı olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alınaraq barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə tərkibi həm də nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən bu cinayət hadisəsi məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs cərrahi əməliyyatdan sonra olduğu üçün sonuncuya müqavimət göstərə bilməyən qardaşı Fərhad Bağırov döyməsi nəticəsində cinayət hadisəsi baş vermişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, CM-nin 59.1.10-cu maddəsinə uyğun olaraq könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, İİ Qarabağ Müharibəsinin iştirakısı olmaqla döyüşlərdə iştirak etməklə təltif olunmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi ilə bağlı müddəa Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Şurasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar