Məhkəmə qərarları › İş №1(101)-2244/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2244/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2244/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (məhkumluğu ödənilməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 3,003 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 22 may 2024-cü il tarixdə saat 17:05-də ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,003 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O, xəstəxananda qeydiyyatda olmuş və həmin vaxtı xəstəxanaya doğru getmişdir. Həkim gec gəldiyinə görə çöldə gözləməli olmuşdur. Həmin müddət ərzində orada sahə müvəkkili ilə 1 saatdan çox söhbət etmişdir. Daha sonra polis əməkdaşları gəlmişdir. Həmin vaxtı əynində kurtka olduğu üçün polis əməkdaşları qolunu görməmişdir. Daha sonra onu bölməyə aparmışlar. Bölmədə olan zaman 234.1-ci maddəsi ilə cəza təyin edəcəkləri barədə polislər ona yalan vəd vermişlər. Buna inanaraq polis əməkdaşlarının dediklərini ifadəsində demişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl müxtəlif ünvanlarda günü 2 manat olmaqla kirayədə yaşayır, daimi yaşayış yeri yoxdur. Əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 2023-cü ildə azadlığa çıxmışdır, 25 ildir ki narkotik vasitələrdən istifadə edir. 22 may 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin“ adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin əldə etmişdir. Həmin narkotik vasitəni şalvarının sol yan cibinə qoymuşdur. Həmin tarixdə saat 17:05-də ünvan 5 ünvanında olarkən ona polis formasında olan iki nəfər yaxınlaşmışlar. Polis vəsiqələrini təqdim etdikdən sonra, ondan özünü təqdim etməsini istəmişlər. O da özü haqda anket məlumatları şifahi bildirmişdir. Daha sonra narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi saxlanılması və gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ 20-ci Polis şöbəsinə dəvət etmişlər. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasına xidməti otaqlardan birində ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər Onda müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində olan Uni Bank-a aid olan hesab kartını, “Bakı Bus “ kartını və sol yan cibində olan bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükülünün içində nə olduğunu soruşduqda o həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Həmin heroini 20 manata öz istifadəsi üçün tanımadığı şəxsdən 22 may 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin “ adlanan yerdən aldığını demişdir. Həmin narkotik vasitə zərfə qoyularaq Nəsimi Rayon Polis İdarəsinin 20ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənərək hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Əldə etdiyi narkotik vasitədən istifadə etməyə macal tapmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini, həmin şəxsi yenidən görsə də tanımayacağını bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, xidmətdə olduqları ərazidə təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu idarəyə getməyə dəvət etmişlər. İdarədə olan zaman üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin səndələyərək yeriməsi və bədənində döymələrin (nakolkaların) olması şübhə yaratmışdır. Ona qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 22 may 2024-cü il tarixdə PŞnin sürücü polis nəfəri Şahid2 idarə etdiyi xidməti avtomobildə ona təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman saat 17.05-də Nəsimi rayonu, N. Yusifbəyli küçəsi 15/5 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparması, səntirləyərək addımladığını görüb ona yaxınlaşaraq polis vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini bildirdikdə həmin şəxs onun saxlanmağının səbəbini bildiyini demişdir. Buna baxmayaraq onlarla şöbəyə getməyinin vacibliliyini ona bildirdikdə o, tərəddüd etmədən onlarla PŞ-nə getmişdir. Həmin şəxs eyni zamanda da əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunduğunu demişdir. 20ci PŞ-nə gəldikdə araşdırma zamanı həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bu barədə raportla Nəsimi RPİ 20-ci PŞ-nin rəisinə məruzə etmişlər. Araşdırılmanın aparılması Nəsimi RPİ 20-ci PŞ-nin təhqiqatsçısı, polis kapitanı Ayxan Məmmədova həvalə edilmişdir. Xidməti otaqların birində Nəsimi RPİ 20-ci PŞnin təhqiqatçısı, polis kapitanı Ayxan Məmmədov tərəfindən şübhəli şixs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir .Nəsimi RPİ -nin ekspert kriminalisti, polis mayoru Bahadur Bəxtiyarov tərəfindən aparılan video çəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd Uni Bank-a aid olan hesab kartı, bir ədəd “ Bakı Bus “ kartı və şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofandakı bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış , lakin üzərindən qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 01 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını deyərək onu xx.xx.2024-cü il tarixdə “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara şəffaf selofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkildə olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus Uni Bank- a aid olan 4098-0944-2406- 7914 nömrəli hesab kartı və “ Bakı Bus “ kartı zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Eyni zamanda saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən zaman və Polis Şöbəsində olduğu zaman ona qarşı hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilən və Polis Şöbəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs səntirləyərək addımladığı, bədənində olan tatuirovkalar onlarda şübhə yaratmış, eyni zamanda Təqsirləndirilən şəxs da özünü şübhəli aparmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, 22 may 2024-cü il tarixdə günortadan sonra narkotik vasitə almaq üçün « Papanin» adlanan əraziyə getmiş və orada tanımadığı şəxsdən öz istfıadəsi üçün 20 manata bir bükümdə narkotik vasitəni öz istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, xidmətdə olduqları ərazidə şübhəli şəxs görərək ona yaxınlaşmışlar. Həmin şəxsi polis idarəsinə aparmışlar. İdarədə olan zaman üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təzyiq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Tərtib etdi: A.Məmmədov ...” sözləri yazılmış yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,003 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,953 qr qram olan narkotik vasitə heroin saxlanmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 3661 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli 04-01/08-374 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İİV 09-072 kodu ilə, xx.xx.2009-cu il tarixdən, ”İİV-infeksiyası, İV klinik mərhələ. Generalizə olmuş limfadenopatiya. Oroezofagial kandidoz viruslu hepatit C. keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri ” diaqnozları ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin daimi dispanser müşahidə qeydiyyatındadır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və X3 tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun X7 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi, həmçinin onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı isə bədənində köhnə çapıq toxumalarının müşahidə olunduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (hökmdən) görünür ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmaqla sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə onun cəzaçəkmə müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin 2-ci dərəcəli (qrup) əlil olmasını və səhhətini (”İİV-infeksiyası, İV klinik mərhələ. Generalizə olmuş limfadenopatiya. Oroezofagial kandidoz viruslu hepatit C. keçirilmiş ağ ciyər vərəmi) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 2,953 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,953 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar