Məhkəmə qərarları › İş №1(101)-2249/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2249/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2249/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən qeyrilərinin külli miqdarda 13068,8 qram (13 kq 68,8 qram) çəkidə narkotik vasitə heroini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra 02 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax avtomobil yolunun 28-ci kilometrliyinə getmiş, orada qeyrilərinin göndərdiyi külli miqdarda - 13 kq 68,8 qram çəkidə narkotik vasitə heroini bir ədəd sintetik kisədə gizlədildiyi yerdən götürüb qanunsuz olaraq üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:25-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax avtomobil yolunun 28-ci kilometrliyində dəmiryolunun yaxınlığında saxlanılaraq həmin yerdə 02 yanvar 2023-cü il tarixdə saat 23:28-dən etibarən üzərinə baxış keçirilərkən sağ əlində saxladığı sintetik kisənin içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, altı ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2161,3 qram, 2368,5 qram, 2295,1 qram, 2108,7 qram, 2046,9 qram və 2088,3 qram olmaqla ümumi təmiz çəkisi 13068,8 qram (13 kq 68,8 qram) təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin dekabr ayında təxminən 10 gün İlyas adlı şəxslə internetdə danışmışdır. İlyas Cəlilabadlı olmuş, amma İran nömrəsi işlətmişdir. İlyas ona “kakos” şəkili atmış, o isə kakosdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra İlyas ondan “nəşə” istəyib-istəmədiyini soruşmuş, o da “nəşə” çəkdiyini bildirmişdir. 5 qram nəşəyə görə İlyasın hazırda xatırlamadığı bank kartına “Miiliön” aparatı vasitəsilə 50 manat pul köçürmüşdür. O, İlyasla Azərbaycan nömrəsi ilə, sonuncu isə İran nömrəsi ilə əlaqə saxlamışdır. İlyas ona Qazax-Ələt magistral yolunda olan bir ərazini göndərərək narkotik vasitənin orada olduğunu, gedib götürməsini bildirmişdir. O, taksi ilə həmin əraziyə getmişdir. Orada radar olmuşdur. O, radarın yanından İlyasa zəng edərək orada narkotik vasitə olmadığını demiş, sonuncu isə yolla aşağı, yəni dəmir yoluna tərəf düşməsini bildirmişdir. O, İlyasın dediyi yerə tərəf getmək istəyəndə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onun telefonunu götürərək kənara çəkilmişlər, nəsə danışmışlar və ona “iranlı ilə yazışman var, orada deyir ki, 6 bükümdür, 2-sini özünə götür, 4 bükümü isə apar başqasına ver” deyə bildirmişlər. Onun telefonunu özünə qaytaranda telefonda 6 büküm yazıldığını görmüşdür. O, “bu, mənlik deyil” deyərək etiraz etmişdir. Orada nə qədər narkotik vasitə olduğunu bilməmiş, onların dediyinə görə təxminən 12 kiloqram olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 5 qram nəşəyə 50 manat pul vermiş, onu da əldə edə bilmədən tutulmuşdur. O, 5 qram nəşəni öz istifadəsi üçün almışdır. Belə ki, həmin gün, yəni yanvarın 2-də onun ad günü olduğu üçün bir az nəşə qəbul etmək istəmişdir. Həmin nəşəni təxminən 10-15 gün çəkəcəkdi. Kisədəki narkotik vasitənin ona heç bir aidiyyatı yoxdur. Üzərinə videoçəkilişlə axtarış keçirilməzdən əvvəl təhqiqatçı ona kisədəki narkotik vasitəni götürüb başqa yerlərə qoyacağını və bunun müqabilində ona 500 manat pul veriləcəyini deməsini tapşırmışdır. Polis əməkdaşları onu ailəsi ilə hədələdikləri üçün, evinə narkotik vasitə qoyub ailəsi ilə birlikdə tutacaqlarını bildirdikləri üçün o, məcbur olub video çəkiliş zamanı etiraz etməmiş, ona deyilən qaydada davranmışdır. Özünü yalnız 5 qram narkotik vasitə almaq istəməkdə təqsirli bilir və bu əməlinə görə peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə etmiş, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuşdur. “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələrin internet üzərindən satışını həyata keçirən İran İslam Respublikasının vətəndaşı olan, adını “İlyas” kimi təqdim edən şəxslə tanış olmuşdur. İlyas onun narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün ona işləmək təklif etmiş, o da razılıq vermişdir. 02 yanvar 2022-ci il tarixdə İlyas onunla əlaqə saxlayaraq ona külli miqdarda narkotik vasitə heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlamasını və sonradan ona deyəcəyi vaxtda, deyəcəyi əraziyə yerləşdirərək həmin yerin şəkillərini çəkib göndərməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirmiş, o da İlyasın təklifi ilə razılaşmışdır. Bundan sonra həmin gün axşam vaxtı İlyas ona təkrar zəng edib göndərdiyi narkotik vasitə heroini Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 28-ci kilometrliyində yerləşən yerüstü körpünü keçdikdən sonra həmin yolun Qazax rayonu istiqamətində yolun sağ hissəsində yerləşən dəmir yolunun kənarında avtomobil şininin içərisində gizlədildiyini bildirmiş və həmin yerin ünvanını ona dəqiq olaraq izah etmiş, eyni zamanda mobil telefon vasitəsi ilə narkotik vasitənin gizlədildiyi yerin xəritə üzrə məkanını ona göndərib gedib narkotik vasitələri götürməsini tapşırmışdır. O, da həmin ünvana gedib narkotik vasitələri götürəcəyini bildirmişdir. Bundan sonra o, həmin gecə tanımadığı taksi avtomobili ilə saat 23:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 28-ci kilometrliyində yerləşən yerüstü körpünün yaxınlığına gedib orada taksidən düşmüş və taksi sürücüsünə yol pulunu verib yola salmışdır. Bundan sonra o, Bakı-Qazax yolunun Qazax rayonu istiqamətində yolun sağ tərəfində yerləşən dəmir yolunun kənarı ilə gedib dəmir yolunun kənarında qoyulmuş avtomobil şininin içərisinə baxmış və avtomobil şinin içində qara rəngli sintetik kisə olduğunu görüb həmin kisəni götürmüşdür. Kisəni açıb içinə baxdıqda həmin kisənin içində üzəri yapışqan lentlə bağlanmış sarı rəngli torba olduğunu görmüşdür. O, İlyas adlı şəxsin göndərdiyi narkotik vasitənin həmin kisənin içində olduğuna əmin olduqdan sonra kisənin ağızını yenidən bağlayıb onu əlində saxlamış və irəliyə doğru piyada hərəkət edib magistral yola tərəf gedən zaman saat təxminən 23:25 radələrində bir neçə mülki geyimli şəxs onu saxlamış, özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun anket məlumatlarını soruşmuşlar, o, özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini bildirmişlər. Videoçəkiliş aparmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra polis əməkdaşları üzərində narkotik vasitələr, psixotrop maddələr və ya qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər, o da artıq tutulduğunu başa düşərək heç bir etiraz etməmiş və əlindəki qara rəngli sintetik kisəni polis əməkdaşlarına təqdim edərək həmin kisənin içərisində heroin olduğunu bildirmişdir. Sintetik kisənin içində olan sarı rəngli torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sarı rəngli torba açıldıqda torbanın içindən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 06 ədəd bağlama aşkar olunmuş və 06 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Təqdim etdiyi 06 ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış bağlamalarda olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunduğu sintetik kisədə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon, 01 ədəd pul qabı, 25 manat pul, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuşdur. Baxış zamanı üzərindən aşkar edilmiş mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, Baş İdarədə ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 38-40, 59- 61, 69-71). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 göstərdi ki, 02 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə, saat 23:25-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 28-ci kilometrliyində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Baş İdarəyə məlumat daxil olduğunu, bununla bağlı üzərinə və əlində daşıdığı sintetik kisəyə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər və onu barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərinə və əlindəki kisəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə və əlində daşıdığı sintetik kisəyə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, sonuncu da buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi təklif edilmiş, sonuncu da sağ əlində saxladığı qara rəngli sintetik kisəni yerə qoyub ağzını açaraq kisənin içində olan sarı rəngli parçadan hazırlanmış torbanı çıxarıb təqdim etmiş və həmin torbanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sarı rəngli torba açıldıqda torbanın içərisindən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 06 ədəd bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 06 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisindən spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar olunmuşdur. Bundan sonra, həmin bağlamalardakı maddələr bir ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu, şalvarının sol arxa cibindən 01 ədəd pul qabını və əynində olan qısqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içərisindən ona məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 ədəd “Kapital Bank’'a məxsus plastik bank kartı və 25 manat pul aşkar olunmuşdur. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 25 manat pul, 01 ədəd pul qabı, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri sosial şəbəkədə tanış olduğu iranlı İlyas adlı şəxsin ona göndərdiyini, həmin günü gecə saat 23:15 radələrində İlyasın dediyi ünvana gedərək içərisində heroin olan qara rəngli sintetik kisəni gizlədildiyi yerdən götürdüyünü, sonradan həmin maddələri İlyasın deyecəyi yerlərə qoymaqla bunun müqabilində 500 manat pul qazanmalı olduğunu, özünün də təxminən 3-4 ildir ki, heroin qəbul etdiyini bildirmişdir. Hadisə yerinə keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs və digər iştirakçılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə özünün ona təqdim edilən siyahı əsasında seçdiyi vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə etirazı olmadığını bildirmiş və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 165-168, 169-172). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan və həmin prosessual hərəkətin videogörüntüsünün köçürüldüyü DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində saxladığı sintetik kisədən narkotik vasitə olan heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 14-18). Məhkəmə-kimyəvi ekspertizaların 03 yanvar 2023-cü il tarixli 6/12 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Azərbaycan Respublikası DİN-in Zərflər üçün №6-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan qara rəngli kisədəki 6 (altı) ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 2161,3 qr, 2368,5 qr, 2295,1 qr, 2108,7 qr, 2046,9 qr, 2088,3 qr, ümumi təmiz çəkisi 13068,8 qram (13 kq 68,8 qram) olan maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 13068,5 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-45). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 mart 2023-cü il tarixli 1269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 125-127). Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefona aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun “WhatsApp” proqramına baxış zamanı müəyyən edilmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanmamışdan əvvəl adını telefonda “İissss” kimi qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna aid məxsus +98 992 *** **** nömrəsi ilə dəfələrlə əlaqə saxlamış, sms və səs yazısı göndərməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Belə ki, səs və sms yazışmalarına baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıdığı iranlıya evdə olduğunu, taksi çağırdığını bildirir və ondan narkotik vasitələrin gizlədildiyi yerin xəritə üzərindən məkanını göndərməsini istəyir. İran vətəndaşı da ona yolda olanda xəritə üzərindən məkanı göndərə biləcəyini, narkotiki gizlədən adamın hazırda orada olduğunu, hava soyuq olduğu üçün çox gözləyə bilmədiyini bildirmiş, həmçinin əvvəldən narkotikin yerini deməməyini də öz ehtiyatını gözləməsi ilə əsaslandırmışdır. Danışıqlara əsasən iranlı narkotikin Qaradağ rayonu ərazisində olduğunu bildirir, Təqsirləndirilən şəxs də səs yazısında Lökbatan qəsəbəsində olduğunu deyərək ona məkanı göndərməsini istəyir. İranlı da həm yerin xəritə üzərindən məkanını, həm də sms şəklində “Lökbatan kruqundan üzü promorski tərəfə gələndə körpü var. Üç dənə körpü var üçünə də yazılıb norm.Şəhər tərəfdən gələndə üçüncü körpünü keçən kimi” yazısını göndərmişdir ki, Təqsirləndirilən şəxs narkotiki tapıb götürə bilsin. İranlı səs yazısında Təqsirləndirilən şəxs götürəcəyi narkotikin sayı və çəkisi barədə də məlumat verərək bildirir ki, “narkotik 6 bükümdə 10 dənə amanatdu, 2 dənəsi sənə verəcəm, 8 dənə amanatu deyəcəm kimə vermək lazımdı”. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs başqa bir iranlıya məxsus, adını “Fərid İ” kimi qeyd etdiyi +98 938 *** **** nömrəsi ilə də danışıqlar apardığı müyyən edilmişdir (cild 1, iş vərəqə 118-124). Əməliyyat tapşırığına verilən cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub satış məqsədi ilə əldə etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 157). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqə 145-156). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra altı il, az ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra iki il keçməmiş qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən səs və sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 02 yanvar 2023-cü il tarixdə saat 23:25 dəqiqədə tutularaq azadlığı məhdudlaşdırılmış, müvafiq protokolla rəsmiləşdirilməklə 03 yanvar 2023-cü il tarixdə saat 01:12 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin haqlı olaraq onun faktiki tutulduğu 02 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 28, 82- 86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13068,5 qram təşkil edən heroin məhv edilməli, bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13068,5 qram təşkil edən heroin məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar