Məhkəmə qərarları › İş №1(101)-225/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Bİnəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən nömrəsiz evdə yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 26 noyabr 2022-ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” yük markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospekti, Bakı-Mərdəkan şossesi ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində soldan 1-ci hərəkət zolağı ilə saatda 100 km sürətlə hərəkətdə olan zaman yolun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə düşən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə yolu soldan sağa keçdikdən sonra anidən 3-cü hərəkət zolağında sağdan sola doğru adi qaçışla geri qayıdan piyada xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya sol baldırın əzilmiş yarası; sağ qaşın, sağ almacıq nahiyyəsinin, döş qəfəsinin ön-yan səthinin, qarının ön və yan divarının, sol qalça darağının, sağ və sol dizin ön səthinin sıyrıqları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X və sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, sol bazu sümüyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş ağciyərlərin, qaraciyərin və dalağın cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Transit” yük markalı **-ZJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 isə ümumilikdə 812 (səkkiz yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə zamanı 1-ci zolaqla hərəkət etmiş, bu zaman maşını təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. Təxminən 200-300 metr məsafədən mərhum Zərərçəkmiş şəxs1 asta addımlarla yolun sağ istiqamətinə keçdiyini görmüşdür. Bu zaman o, arxadan maşın gəldiyi üçün sağ zolağa keçmiş və həmin vaxt o, maşını 100 km/saat sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt 3-cü zolağa yarım metrə qədər daxil olmuşdur. Birdən Zərərçəkmiş şəxs1 iti addımlarla geriyə qaçmışdır. Bu zaman o, dərhal əyləcə basmış, onun əyləcə basmağıyla Zərərçəkmiş şəxs1 vurmağı eyni anda baş vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin yolda maksimal sürət həddi 110 km/saat, hava şəraiti normal olmuş, yolu açıq-aydın görmüş, qarşısında maneə olmamışdır. O, 2-ci zolağa keçəndə Zərərçəkmiş şəxs1 artıq 3-cü zolağa daxil olmuşdur. Onun zolağı dəyişmə imkanı olmamış, çünki sol tərəfindən maşın, sağ tərəfdən isə səhv etmirsə avtobus getmişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt artıq 3-cü zolaqda olarkən birdən fikrini dəyişib iti addımlarla geri qayıtmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 ilə onun arasındakı məsafə 15-20 metr olmuşdur. Zərərçəkmiş şəxs1 3-cü zolaqdan anidən geri qayıtma səbəbi ona bəlli olmamışdır. O, Zərərçəkmiş şəxs1 300 metr məsafədən ilk görəndə maşının sürətini azaltmaq kimi hər hansı hərəkət etməmişdir. Belə ki, ora çatana qədər Zərərçəkmiş şəxs1 yolu keçib gedəcəyini düşünmüşdür. İdarə etdiyi maşın qohumuna məxsus şəxsi maşın olmuş, maşını etibarnamə əsasında idarə etmiş, sürücülük vəsiqəsinin müddəti bitməmişdir. Məhkəmədə tərəflərin razılığı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Oğlu Zərərçəkmiş şəxs1 onlarla birlikdə Naxçıvanda yaşasa da, universiteti Bakı şəhərində oxumuşdur. Universiteti bitirdikdən sonra Naxçıvana qayıtmış, sonradan Bakı şəhərinə işləmək üçün gəlmişdir. Oğlu Fuad Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşamışdır. 26 noyabr 2022-ci il tarixdə kürəkəni X11 onun mobil telefonuna zəng vuraraq oğlu Fuadı Bakı-Mərdəkan şossesi istiqamətində maşın vurduğunu və Fuadın rəhmətə getdiyini bildirmişdir. Daha sonra kürəkəni Fuadın Mərdəkan qəsəbəsi ərazisində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında olduğunu demişdir. Bu xəbəri eşidən kimi yoldaşı ilə o, həmin günün gecəsi təyyarə ilə Naxçıvandan Bakı şəhərinə gəlmişlər. O, yoldaşı ilə gələrkən artıq oğlu Fuad qohumları tərəfindən xəstəxanadan çıxarılmış və Fuadın bədəni yuyulmuş vəziyyətdə dəfn mərasimi üçün Heydər məscidində olmuşdur. Onlar Fuadı el adəti ilə dəfn etmişlər. Daha sonra onlara məlum olmuşdur ki, 26 noyabr 2022-ci il tarixdə saat 16:00-da Ceyhun adlı şəxs idarə etdiyi “Ford Transit” markalı **- ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospekti Bakı- Mərdəkan şossesi ilə üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçən Fuadı avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə oğlu aldığı bədən xəsarətlərindən dolayı hadisə yerində ölmüşdür (cild 1, iş vərəqi 46-48). Zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi X10 məhkəmədə izahatında göstərdi ki, hadisə nəticəsində həyatını itirən Zərərçəkmiş şəxs1 onun qardaşının oğludur. Qardaşı X3 ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir. Həmçinin X4 təqsirləndirilən şəxsə şikayətinin olmaması ilə bağlı ərizə də yazmışdır. Lakin qardaşı hadisə Xəzər rayonu ərazisində baş verdiyi üçün cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılacağını düşünərək ərizəni həmin məhkəməyə ünvanlayaraq yazmışdır. X2 zərərçəkmiş şəxsin hüquqi varisi X9 təqsirləndirilən şəxslə barışması, sonuncuya qarşı şikayət və tələbinin olmaması barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti vəzifəsində işləyən Şahid məhkəmədə ifadəsində göstərdi ki, bu iş üzrə ibtidai istintaq zamanı rəy verilmişdi ki, piyada yolu soldan sağa keçdən sonra üçüncü hərəkət zolağından sola doğru adi qaçışla geriyə qayıtmış və vurulmuşdur. İstintaq zamanı əvvəlki məsafə 10,5 metr məsafə müəyyən edilmişdir. O, tədqiqat apararaq müəyyən etmişdir ki, piyada yolu keçərkən sürücü piyadanın keçmə yerindən 92,7 metr məsafədə olmuşdur. Əgər sürücü vaxtında tormozlama əməliyyatı aparsaydı, piyadanın vurulma yerinə kimi 14,4 metr qalmış piyada onun hərəkət zolağını tam boşaldacaqdı. Sürücü vaxtında tədbir görsəydi piyada ilə sürücü arasında kontakt baş verməyəcəkdi. Sürücünün “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirdi ki, piyadanın vurulma yeri vəkilin göstərdiyi arqumentlərlə ölçülmür. Piyada 30 santimetr içəridə vurulmuş, hadisə yerinə çıxaraq əyani göstərilmişdir. Sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiəçinin yazdığı qaydada hesablama müəyyən edilməmişdir. O, məsafəni 10,2 metr götürərək tədqiqat aparmışdır. Hadisə mexanizmi odur ki, piyada sağdan sola keçərkən vurulmuşdur. Hər zolağın eni 3,5 metr müəyyən edilmişdir. Məsələ vəkilin vəsatətdə göstərdiyi kimi olsaydı, piyada sarı xəttin üstündə vurulmuş olardı. Vəkilin vəsatətdə göstərdiyi məsafələr real deyildir. Təqsirləndirilən şəxsin əməlini verilmiş ittihama uyğun hesab edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən şahidin ifadəsinin yerində yoxlanılması, baxış keçirilməsi haqqında protokolları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:20-də Xətai rayonu, Əhmədli qəsəbəsi, T.Hacıbabayev küçəsi, ev 4-də yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Mərdəkan şossesi, Binə qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadaçı, Naxçıvan MR-nın, Ordubad rayon sakini, xx.xx.1997-ci il təvəllüdlü, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq YYS-də yaşayan Zərərçəkmiş şəxs1 Sadıq oğlunu vurmuşdur. Sonuncu aldığı xəsarətdən hadisə yerində vəfat etmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev prospekti, Bakı-Mərdəkan şossesidir. Yolun örtüyü asfalt-betondur, vəziyyəti qurudur, eni hər iki istiqamət üzrə ümumi eni 28 metr, işlək hissəsinin eni 14 metrdir. Hərəkət zolaqlarının sayı 4, zolağın eni 3,5 metrdir. Hadisənin növü piyadanın vurulmasıdır. Hadisə yerində olan nəqliyyat vasitəsinin sol qabaq hissəsi əzilmişdir. 20-25 yaşlarında kişi meyiti sol tərəfdə məhəccərə yaxın asfalt örtüyünün üzərində yerləşir, baş nahiyəsi qan içindədir (cild 1, iş vərəqi 4-9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Ford Transit" yük markalı **-ZJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edildi ki, avtomobil ağ rəngli və vaqon tiplidir. Avtomobilin qabaq ön şüşəsinin sol hissəsi çatlayaraq sınmış, qabaq sol farası və kapotun qabaq sol üst hissəsi deformasiyaya uğramışdır. Avtomobilin salon hissəsinə baxış keçirdikdə avtomobilin qabaq oturacaqlarının üzərində şüşə qırıntıları aşkar edilmişdir. Həmçinin avtomobilin arxa yük hissəsində içərisi boş olan plastik su qablarının olması aşkar edilmişdir. Avtomobil sürülmə üçün tam yarasız vəziyyətdədir. Bundan başqa baxış zamanı avtomobildə heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 10- 14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, qeydiyyat nişanı **-ZJ-*** nömrəli, “Ford Transit” markalı, ağ rəngli yük maşını Zərərçəkmiş şəxs2 məxsusdur (cild 1, iş vərəqi 15). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə AC341857 serya nömrəli, “B” kateqoriyası üzrə nəqliyat vasitəsi idarəetmə hüququ əldə etmişdir (cild 1, iş vərəqi 18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1/6723 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir (cild 1, iş vərəqi 18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 “Ford Transit” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X5 təhvil amışdır. Heç bir şikayət, tələb və vəsatəti yoxdur (cild 1, iş vərəqi 40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs hüquqi varisi kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X12 cinayət işi üzrə mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi kimi tanınmışdır (cild 1, iş vərəqi 43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün 01 ədəd qüsur aktını istintaq orqanına könüllü təqdim etmişdir. İstintaq üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 təqdim etdiyi həmin qüsur aktı gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 58). İşdə olan və məhkəmə istinaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Ford Transit” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 812 (səkkiz yüz on iki) manat məbləğində ziyan dəymişdir (cild 1, iş vərəqi 59). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ***-*******72 saylı məktubdan görünür ki, hadisəni bilavasitə görmüş şahidlərin əhatə dairəsinin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümükün olmamışdır. Bundan başqa iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi həmin ünvanda nəzarət-müşahidə kameralarından müvafiq görüntülərin istintaq orqanına təqdim edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş və hadisənin təfərrüatlarını özündə əks etdirən videogörüntü əldə edilərək 01 ədəd CD disk köçürülmüş və istintaqa təqdim edilmişdir (cild 1, iş vərəqi 61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 01 dəqiqə 05 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntünün birinci saniyəsindən etibarən avtomobillərin hərəkət etdiyi, əks istiqamətli olmaqla iki hərəkət hissəli yol müşahidə olunur. Həmin hərəkət hissələri dəmir sədlə ayrılmışdır. Hər bir hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Videogörüntünün 12-ci saniyəsindən etibarən dəmir səddə yaxın olan, axırıncı, yəni soldan 1-ci zolaqda hərəkət edən “Ford Transit" markalı avtomobil qabaq sol hissəsi ilə bir nəfər şəxsi vuraraq yerə yıxır. Daha sonra avtomobil bir qədər irəlilədikdən sonra dayanır. Videogörüntünün 45-ci saniyəsindən etibarən baş vermiş hadisə ilə əlaqədar intensiv hərəkət edən avtomobillərin hərəkət sürəti azalmağa başlayır və avtomobillərin hərəkətində maneə yarandığı üçün sıxlıq əmələ gəlir (cild 1, iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 176 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər - sol baldırın əzilmiş yarası; sağ qaşın, sağ almacıq nahiyyəsinin, döş qəfəsinin ön-yan səthinin, qarının ön və yan divarının, sol qalça darağının, sağ və sol dizin ön səthinin sıyrıqlan, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X və sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, sol bazu sümüyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq, qəlpəli sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş ağciyərlərin, qaraciyərin və dalağın cırılmaları küt əşya təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda yəni xx.xx.2022ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqi 66-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01.02 2023-cü il tarixli, 8/87 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Ford Transit" markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (cild 1, iş vərəqi 73-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-27290/2023 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 341857 nömrəli “B" kateqorialı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır (cild 1, iş vərəqi 77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-ZJ-*** dövlət qeydyyat nişanlı avtomobil, həmçinin yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmış, disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 78-83). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qəraradan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 93-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 109-111). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiələri vasitəsi ilə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olmaması və onun hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilir ki, “Ford Transit" markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla razılaşmayan müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə əlavə yol-nəqliyyat hadisələrinin ekspertizasını təyin etmiş və ekspertin verdiyi xx.xx.2023-cü il tarixli, 8/2190 nömrəli rəyindən görünür ki, təhlükə yaranan andan vurulmaya kimi piyadanın 10,2 metr, 10,3 metr və 10,35 metr məsafə qət etməsi şəraitində “Ford Transit” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Daha sonra müdafiə tərəfinin vəsatəti əsasında xx.xx.2023-cü il tarixli rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti vəzifəsində işləyən Şahid sərbəst ifadəsi və proses iştirakçılarının verdiyi əlavə suallara cavabları ilə vermiş olduğu rəyin əsaslı olduğunu, müdafiə tərəfinin isə iddialarının əsassız olduğunu bir daha təsdiq etdi. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə irəli sürdüyü hallar hər hansı dəlilə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli, 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin cinayəti törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmənin təqsirləndirilən şəxsin ailə vəziyyətinə dair portaldan əldə etdiyi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Hüseynova Melisa, xx.xx.2020-ci il təvəllüdlü Hüseynov Ömər adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar təqsirləndirilən şəxsin əməlində müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza ədalətli şəkildə təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda, cəza təyini ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi insan kimi aparmış, yəni hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən razı qaldıqlarını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişlər. Qeyd edilən hallar hazırkı iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “Ford Transit” markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi Zərərçəkmiş şəxs2 qaytarıldığı nəzərə alınmalı, digər maddi sübut - yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. İş üzrə maddi sübut olan “Ford Transit” markalı **-ZJ-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi Zərərçəkmiş şəxs2 qaytarıldığı nəzərə alınsın. Digər maddi sübut - yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar