Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2250/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 04 may 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs başqa kişilərlə ünsiyyətdə olmaqla ona xəyanət etməsindən şübhələndiyi üçün Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər va qısqanclıq zəminində baş vermiş mübahisə zamanı üzərində olan tiyəsinin uzunluğu 85 mm, dəstəyinin uzunluğu 120 mm, ümumi uzunluğu 200 mm olan deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən ümumi təyinatlı qatlanan tipli səyahət bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qara ciyərin ve mədənin yaralanması ilə müşayiət olunan qarının ön divarının sol yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazu oynağı nahiyəsinin və sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən iki ədəd deşilmişkəsilmiş yaraları, sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisələr başlamışdır. Hadisədən əvvəl arvadı Zərərçəkmiş şəxs yeni düzəldiyi iş yerinə getmişdir. Arvadının iş yerinə getdiyi vaxt təsadüfən arvadının həkimlə danışdığı söhbətin üzərinə gəlib çıxmışdır. Ailələrində olan problemlə bağlı prokurorluq orqanında şikayət ərizəsi olmuşdur. Söhbət zamanı arvadı şikayət etdiyi prokurorluqdan sonuncuya dəfələrlə zənglərin gəldiyini deməsini eşitmişdir. Evdə arvadından belə bir zənglərin gəlib-gəlmədiyini soruşmuş, amma arvadı ona elə bir zəngin gəlmədiyini demişdir. Daha sonra oğulları ilə bağlı mübahisələri başlamışdır. Arvadı onun ünvanına nəlayiq ifadələr səsləndirməyə başlamışdır. O da affekt vəziyyətə düşmüş və belə bir hadisə baş vermişdir. Mübahisələrinin ən böyük səbəbi oğulları barədə olmuşdur. Arvadına boş-boş işlərlə məşğul olmaqdansa oğulları ilə də arada məşğul olmağı söyləmişdir. Arvadını birinci əli ilə vurmuş, daha sonra isə cibindəki bıçaqla xəsarət yetirmişdir. İbtidai istintaq zamanı müstəntiqə də 3 bıçaq zərbəsi yetirdiyini xatırladığını, amma qalan bıçaq zərbələrin sayından xəbərinin olmadığını demişdir. Uşaqlıqdan əsəb xəstəliyi var, heç vaxtda müalicə almamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, 31 ildir Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 1 oğlu var. Cavanlıqda bir şəxslə danışdığı üçün ara-sıra arvadı ilə evdə qısqanclığa görə mübahisələri olmuşdur. Arvadı ilə həmişə danışmış, mehriban olmuşlar. Son zamanlar sadəcə arvadının işə düzəlməsi biraz onda qısqanclıq hisslərini yaratmışdır. Arvadı xəstəxanaya işə düzəlmişdir. Arvadı tibb bacısıdır, amma xəstəxanaya köməkçi vəzifəsinə işə düzəlmişdir. Ümumiyyətlə, arvadının işləməsinin əleyhinə olmuş, sadəcə oğlunun tutulmasına görə də belə hallar baş vermişdir. Evlərində ailə məslələri ilə bağlı prokurorluq orqanında şikayətləri olmuşdur. Arvadının deməsinə görə prokurorluq orqanında belə bir hadisə ilə bağlı şikayət ərizəsinin olduğunu bilmişdir. Arvadının hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməsinə heç bir narazıçılığı olmamış, sadəcə həmin orqandan dayanmadan arvadına zəngin gəldiyini eşitmişdir. O, yoldaşından belə bir hadisənin olduğunu soruşduqda isə arvadı ona dediklərinin heç birinin olmadığını söyləmişdir. O da eşitdiklərinin əksini eşitdiyi üçün əsəbləşmişdir. Arvadının gecələr işdən çıxandan sonra arxasınca getməyi ilə bağlı heç bir narazılığı olmamışdır. Hadisə vaxtı ilk öncə arvadına gələn zəng söhbətləri ilə bağlı əsəbləşmiş, sonra isə aralarında oğullarının söhbəti başlamışdır. O, arvadına oğullarına qarşı məsuliyyətsizliyi ilə bağlı iradlarını bildirmişdir. Arvadı onun ünvanına nəlayiq sözlər işlətməyə başlamışdır. Əvvəllər belə mübahisələri olmamışdır. Hadisə vaxtı bıçaq üzərində olmuşdur. Son vaxtlar qısqanclıq hisslərinə, arvadının yanında kiminləsə rastlaşacağı kimi hallara görə üzərində bıçaq olmuşdur. Arvadının yanında ola biləcək tanıdığı, ehtimal edəcəyi bir şəxs olmamışdır. Bu günə qədər sonuncuya qarşı heç bir şübhəsi olmayıb, sadəcə son zamanlar işə getməsi onda şübhələr yaratmışdır. Əsəb xəstəsi olduğu üçün arvadına yetirdiyi xəsarətlərdən tam xəbəri yoxdur. Arvadına xəsarətlər yetirdikdən sonra arvadı çölə çıxıb getmişdir. Arvadının çöldə olmamasını gördükdən sonra törətdiyi əməllə bağlı özü DİN-in 102 xidmətinə zəng etmişdir. Arvadına yaşadığı evin yataq otağında xəsarət yetirmişdir. Arvadını həkimə aparmaq üçün sonuncunun arxasınca çölə çıxmışdır. Arvadına ailəli olduqları 31 ildə barmağının ucu ilə belə dəyməmişdir. Arvadı ilə hal-hazırda barışmışlar, münasibətləri çox yaxşıdır. Oğlunun həbsdə olması, ailəsinə, anasına, arvadına kömək olmağı üçün barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hal-hazırda “Ultra” havalandırma şirkətində mexanik vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla 1993-cü ildə ailə həyatı qurmuş, Fərid adlı bir oğlan övladları dünyaya gəlmişdir. Onunla evləndiyi gündən hər evdə olduğu kimi bəzən aralarında kiçik mübahisələr yaşansa da daim mehriban münasibətləri olmuşdur. Arzu evli olduqları müddətdə evdar qadın olmuş və heç vaxt işləməmiş, qısqanc biri olduğundan heç vaxt Arzunun işləməsinə icazə verməmişdir. 2019-cu il tarixdən ailə daxili problemlər olması səbəbindən maddi vəziyyətləri çox pisləşmişdir. Bu səbəbdən Arzu işləyərək ona maddi cəhətdən kömək olmaq istədiyini demişdir. O isə Arzunun bu fikrinə hörmətlə yanaşaraq həqiqətən maddi vəziyyətləri pis olduğundan təklifinə razılıq vermişdir. Arzu bir müddət işlədikdən sonra onun davranışlarında qəribəlik hiss etmişdir. İşləmədiyi müddətdə Arzu, heç vaxt öz mobil telefonunu ondan gizlətməz və telefonuna tez-tez zəng gəlməzdi. Bu davranışlar səbəbindən o, Arzunun ona xəyanət etdiyini hiss edirmiş. 29 aprel 2024-cü il tarixdən Arzu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aqil” klinikasında kasmetoloq köməkçisi kimi fəaliyyət göstərməyə başlamışdır. O isə hər gün Arzunun işdən çıxdığı saatda həmin klinikaya gedərək Arzunun evə tək gəlməməsi üçün orada gözləyib onu qarşıladıqdan sonra birlikdə evə gəlirmişlər. Arzu isə hər dəfə ona nə üçün iş çıxışında qarşılamağa gəldiyini, onu istəmədiyini, bir daha gəlməməyini demişdir. O isə Arzuya həyat yoldaşı olduğunu, bunu həqiqətən çox istədiyindən, özünə borc bildiyindən və gecə vaxtı evə tək qayıtmasını istəmədiyindən etdiyini bildirmişdir. Arzunun bu davranışını da digərlərinə əlavə etdikdə artıq o, öz beynində həqiqətən Arzunun ona xəyanət etdiyinə inanmışdır. O, çox qısqanc biri olduğundan bunu heç vaxt qəbullana bilməzdi. Bu səbəbdən 04 may 2024-cü il tarixdə, saat 18 radələrində Arzunun ona həqiqətən xəyanət etməsinin real ola biləcəyini nəzərə alıb, hər an bunu sübuta yetirəcək bir şeylə qarşılaşa biləcəyini düşünüb 2021-ci il tarixdə ov dükanından əldə etdiyi bıçağını gödəkçəsinin cibinə qoyaraq yenidən Arzunu işdən götürmək üçün “Aqil” klinikasının qarşısına getmişdir. “Aqil” klinikasına daxil olub Arzunun və köməkçisi olduğu kosmetoloqun oturduğu otağın giriş qapısına yaxınlaşan zaman içəridən onların səsinin gəldiyini eşitmişdir. Bu vaxt həmin kosmetoloq Arzuya öz həyat yoldaşından boşandığını və 02 övladının olduğunu demişdir. Arzu isə cavab olaraq həyat yoldaşından, yəni ondan bezdiyini, onunla xoşbəxt olmadığını, sonuncu dəfə onunla birlikdə getdiyi Quba səyahətində də onun rahat istirahət etməsinə imkan vermədiyini və boşanmaq istədiyini, lakin onun imkan vermədiyini demişdir. Buna əlavə olaraq, 03 il bundan əvvəl prokurorluğa müraciət edən zaman orada bir nəfər şəxsin Arzudan xoşu gəlməsini və dəfələrlə Arzuya zəng etməsini bildirmişdir. Lakin, o, söhbətin geri qalanını eşitməyib, Arzunun bu sözlərindən daha da təsirlənərək çıxıb çöldə gözləməyə başlamışdır. Arzu işdən çıxdıqda ona yaxınlaşaraq üz ifadəsini görüb ondan nə baş verdiyini və nə üçün belə fikirli göründüyünü soruşmuşdur. O isə Arzuya heç bir şeyin baş vermədiyini və hər şeyin qaydasında olduğunu deyərək birlikdə gedib Nizami rayonu, Qarayev metrostansiyası yaxınlığında yerləşən “Meşəbəyi” adlı restoranda oturub yemək yeməyi təklif etmişdir. Arzu da buna razılıq vermiş və onlar həmin restorana gedib birlikdə yemək yedikdən sonra o evə getmək üçün taksi sifariş etmişdir. Onlar evə çatdıqda Arzu yenidən ona nə üçün belə əhval-ruhiyyədə olduğunu soruşub, yalan dediyini, nəyinsə baş verdiyini və onun bunu demədiyini bildirmişdir. O isə artıq beynindəki fikirlərin ona verdiyi narahatlığa dözməyib Arzunu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında qarşısında əyləşdirib üzbəüz bütün olanları və barəsində düşündüklərini demişdir. Arzu isə çox sərt reaksiya verərək dediklərinin heç bir əsasının olmadığını və hamısının onun öz beynində qurduğu boş fikirlər olduğunu demişdir. Bu söhbət davam etdikcə aralarındakı mübahisə daha da hiddətlənməyə başlamışdır. Bu səbəbdən saat 21 radələrində o, öz əsəblərini cilovlaya bilməyib onun sifətinə bir neçə şillə vurmuşdur. Arzu bundan daha da hiddətlənib mübahisəni sonlandırmamışdır. O isə artıq özünü saxlaya bilməyib gödəkçəsinin cibində daşıdığı həmin ov bıçağını çıxarıb Arzunun qarın nahiyəsinə 01, sinəsinə isə 02, qol və kürək nahiyələrinə daha bir neçə bıçaq zərbəsi endirmişdir. Bunun ardından Arzu birtəhər ayağa qalxıb evin həyətyanı sahəsinə çıxıb çöldə əyləşmişdir. O isə evdə qalıb əlindəki bıçağı masanın üzərinə qoyub DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşını bıçaqlayıb xəsarət yetirdiyini bildirmişdir. Etdiyindən peşman olaraq kömək etmək üçün geri dönüb Arzunun yanına getmək istəyən zaman isə onu evin həyətyanı sahəsində tapmamışdır. Küçəyə çıxıb ətrafa baxsa da yenə də onu görməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2000-ci ildən əri ilə aralarında olan münasibətlərdə soyuqluq başlamışdır. 2000-ci ildə ərinin ailəli bir qadınla münasibəti olduğunu bildikdən sonra aralarında belə soyuqluq başlamışdır. O, ərinin özünə də sonuncunu bağışlaya bilməyəcəyini demiş, amma yenə də bir evdə yaşamışlar. Oğlu ilk dəfə rüşvətlə bağlı həbs olunmuşdur. Oğlunun ilk dəfə həbs olunmasından sonra münasibətləri daha da pisləşmişdir. Oğlu ona zəng edəndə ərinin yanından kənara çəkilib telefonuna cavab verirdi. Oğlu ilə əri yola getməmişlər. Əri də həmişə ona oğlu ilə məşğul olmağı tapşırırdı. O isə ərinə ata olduğu üçün oğlu ilə özünün məşğul olmasını demişdir. O da oğlunun zənglərinə ərinin yanında cavab verməməyə çalışmışdır. Əri işlədiyi yerə onun arxasınca gəlib-getmişdir. O da əri olduğu üçün ərinin arxasınca gəlib-getməsinə heç bir narazılıq bildirməmişdir. Həmişə işlədiyi yerdə qadın həkimlərlə yığışıb deyib gülmüşlər, hüquq mühafizə orqanları ilə bağlı zarafatlar etmişlər. Hadisə günü əri arxasınca gəlmişdir. Ərininin qapının arxasında gözlədiyini, onun dediklərini eşitdiyini bildiyi üçün zarafatyana bilərəkdən 1-2 söz işlətmişdir. İşdən çıxanda əri ona birlikdə restorana getməyini təklif etmiş və o da razılaşmışdır. Taksiyə əyləşib əri ilə restorana getmişlər. Restoranda əri ilə biraz söhbət etdikdən sonra evə qayıtmışlar. Evə qayıtdıqdan sonra ərinin əsəbi olduğunu görmüş və ərindən nə olduğunu soruşmağa başlamışdır. Oğluna görə aralarında mübahisələri başlamışdır. O da əsəbləşib mübahisə vaxtı ərini təhqir etmiş və sonuncuya sillə vurmuşdur. Bundan sonra da hadisə belə bir məqama gəlib çıxmışdır. O, əri ilə barışmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, oğlu hər məsələni onunla dərdləşmişdir. Atasının xasiyyətinə görə sonuncuya heç nə deməmiş və ona atası yanında olanda zənglərinə cavab verməməyini tapşırmışdır. İşlədiyi yerdə həkimlərlə hüquq mühafizə orqanları ilə bağlı zarafatlar etmişlər. Əri də həmin zarafatları real olduğunu başa düşmüşdür. Ərinin dediyi prokurorluq məsələsi isə oğlu ilk dəfə tutulduqdan sonra baş vermişdir. Oğlu ilk dəfə tutulduqdan sonra ərinin anası, bacıları onun üstünə gəlməyə başlamışlar, oğlu ilə məşğul olmamağını ona irad bildirmişlər. Hadisə vaxtı dilini saxlamadığı üçün əri ona 6 bıçaq zərbəsi yetirib, amma dili dayansaydı, danışmasaydı əri də dayanardı, onu vurmazdı. Hadisədən sonra qonşuya getməmiş, sadəcə evdən çıxdıqdan sonra qonşu qapılarının hansının açıq olub-olmamasını yoxlamışdır. İlk dəfə idi belə bir hadisə baş vermişdir. Bu günə qədər əri ona heç vaxt bir sillə belə vurmamışdır. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti, tələbi yoxdur. Əri ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Oğlu da tutulduğundan əri barəsində həbslə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə axşam radələrində baş vermişdir. Hadisə vaxtı evdə olmuşdur. Yaşadığı evin qapısı döyülmüş və o, qapıya tərəf getmişdir. Qapını açdıqda zərə rçəkmiş şəxs Arzu xanımın yerdə uzandığını görmüş və zərər çəkmiş şəxsin ürəyinin getməsindən, halının pisləşməsindən yerdə uzandığını fikirləşmişdir. Zərər çəkmiş şəxsdən nə olduğunu soruşduqda isə sonuncuya xəsarət yetirildiyini bildirmişdir. O, dərhal kömək üçün TƏBİB-in 103 xidmətinə zəng etmişdir. TƏBİB-in 103 xidmətindən ona baş verən hadisədən artıq xəbərlərinin olduğu bildirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “102” xidməti-zəng mərkəzinə Təqsirləndirilən şəxs arvadı Arzuya bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olması bildirilmişdir. (İ cild i.v. 3) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirməsi barədə protokoldan görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 5-11) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:25-də CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 02:25-dən tutulmuş hesab edilmişdir. (İ cild,i.v. 23-24) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə tördilmiş cinayət əməli CM-in 128-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 49) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 51-52) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 67-72) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-134/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 02:25-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-282/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün olmaqla 04 ay 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 95-102, 202-204) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. (İ cild, i.v. 109) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 117-118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 ambulator məhkəmə-psixiatrik ekspertizasının 1511 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 253/2024-MTKŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində ortada 02 (iki) ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdilər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmələri inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli səyahət bıçağıdır va deşici-kəsici xassəyə malik soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar olunmamışdır. (İ cild, i.v. 137-142) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 364/2024-MTBŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən – 0 (1). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş 01 ədəd bıçağın və Zərərçəkmiş şəxs köynəyi üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda 0 (1) qrupunu xarakterizə edən bıçaq üzərindəki ləkələrdə yalnız H antigeni, köynək üzərindəki ləkələrdə H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə, bu qan 0 (1) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. (İ cild, i.v. 144-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 541 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qara ciyərin və mədənin yaralanması ilə müşayiət olunan qarının ön divarının sol yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazu oynağı nahiyəsinin və sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları, sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, şəxsin göstərdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə bıçaqla yetirilə bilər, dərəcəsinə görə qara ciyərin və mədənin yaralanması ilə müşayiət olunan qarının ön divarının sol yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. (İ cild, i.v. 150-152) xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd soyuq silah hesab edilməyən səyahət bıçağı və Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qanlı köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlandığı anbara təhvil verilmişdir. (İ cild i.v. 154-164) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 167-168) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.10, 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, şəxsin könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:25-də şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 02:25-dən tutulmuş hesab edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(010)-134/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 02:25-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(010)-282/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün olmaqla 04 ay 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlandığı anbara təhvil verilmiş Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd soyuq silah hesab edilməyən səyahət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qanlı köynək hökm qanuni qüvvəyə mindikdən sonra şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlandığı anbara təhvil verilmiş Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd soyuq silah hesab edilməyən səyahət bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlandığı anbara təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qanlı köynək hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2250/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2250/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver