Məhkəmə qərarları › İş №1(101)-2257/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2257/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2257/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,573 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkoik vasitə “heroin”-i əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsinədək daşımış, həmin ünvanda özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01:30-da saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən içərisində 7,573 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, tutulmamışdan əvvəl tikintidə fəhlə işləmiş, ailəli və 3 övladı vardır. X10 Respublikasının vətəndaşı olan şəxsdən əldə etmişdir. Adı Məhəmməd olmuş, lakin ona Maqa demişdir. X17 Respublikasının vətəndaşı ilə internetdə tanış olmuş və həmin şəxsə 2 qram narkotik ilə bağlı 100 manat pullu Qobu qəsəbəsində terminaldan göndərmişdir. Ödədikdən sonra həmin şəxs ona 2 saatdan sonra ona konum yollayacağını bildirmiş və daha sonra ona narkotikin harada yerləşməsi ilə bağlı ona konum yollamışdır. Koordinat Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ağ çiçəyimin yanı olmuşdur. 06 iyun 2023-cü il tarixdə axşam saatlarında konumda olan ünvana taksi ilə gəlmiş, narkotiki gedib götürən zaman polis əməkdaşları onu tutmuşlar. Lakin onlar onu narkotiki götürməzdən əvvəl saxlamışlar. Daha sonra həmin şəxslər onu Polis Bölməsinə aparmışlar və ona əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunacağını demişlər. Videoçəkiliş ilə üzərinə baxış keçirmişlər. Bölmədə olan zamanı 1 büküm narkotiki cibinə qoyub yenidən videoçəkiliş aparmışlar. Daha sonra müstəntiq əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif etmişdir. O, ifadəsində daha sonra qeyd etmişdir ki, konumda olan ünvana çatan zaman polis əməkdaşları həmin ünvanda olmuş və ondan orada nə etməsini soruşub telefonunu alıb konuma gəlməsini görmüşlər. Daha sonra ağacın dibində olan narkotiki götürüb, onu da Polis Bölməsinə aparmışlar. Polislər onu bölməyə apardıqdan sonra koridorda olan zaman ağacın dibindən tapılan narkotiki cibinə qoyub videoçəkiliş aparmışlar. Daha sonra həmin bükümü zərfə qoyub ekspertizaya göndərəcəklərini bilmişlər. Polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmamışdır. Narkotiki mütəmadi olaraq istifadə etmiş və ondan aşkar olunan kakos olmuşdur. İfadəsində 200 manat yanlış qeyd olunmuş iranlıya 100 manat pul köçürmüşdür. Həmin bükümün miqdarın çəkməmiş, inanmır ki, iranlı ona 7 qram narkotik versin. Ancaq həmin narkotik onun olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və barəsində Abşeron Rayon Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinə baxıldığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə axşam saatlarında iranlı ilə telefon vasitəsi ilə danışaraq narkotik vasitə heroin sifariş etmiş, telefonuna fotosunu göndərdiyi, hazırda xatırında qalmayan plastik bank kartının hesabına yaşadığı Qobu qəsəbəsi ərazisindəki elektron ödəmə terminalı vasitəsi ilə ümumilikdə 200 manat məbləğində pul köçürüb müvafiq qəbzin fotosunu telefon vasitəsi ilə həmin şəxsə göndərmiş, bundan sonra həmin şəxsin onun telefonuna göndərdiyi məkan koordinatı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisinə gələrək sifariş verdiyi bir büküm narkotik vasitə heroni orada atıldığı yerdən götürüb cibinə qoymuş və yaşadığı evə getmək üçün yola tərəf çıxıb taksi gözlədikdə ona Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşıb gecə saatlarında həmin ərazidə nə iş görməyi ilə maraqlanmağa başlamışlar. O, polis əməkdaşlarını görüb həyəcanlanmış, polislər də onun həyəcanını hiss edib ondan şübhələnmişlər və onu yaxınlıqdakı 13-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki şalvarının cibindən içərisində narkotik vasitə «heroin» olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «kakos» adlanan narkotik vasitə «heroin» olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Daimi iş yeri olmasa da tikintilərdə usta işləyən atasına köməklik etməklə öz gündəlik xərclərinin pulunu qazanırmış, həmin pulları da üst üstə toparlayıb vaxtaşırı öz istifadəsi üçün narkotik vasitə alırmış. Narkotik vasitəni bu qədər çox məbləğdə almağına səbəb isə həm artıq uzun illərin narkomanı kimi gündəlik narkotik tələbatının çox olması, həm də ki, tez-tez xırda miqdarlarda narkotik vasitə almaqla hər dəfə özünü polislər tərəfindən tutulmaq təhlükəsi riskinə verməmək olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyindən dəqiq xatırlamır. Səhv etmirsə hadisə Bakıxanov qəsəbəsində Ağçiçəyim tərəfdə olmuşdur. Xİdmətdə olan zaman şəxsin özünü şübhəli aparmasını görüb şəxsə yaxınlaşmışlar, o, isə qaçmağa cəhd göstərmişdir. Daha sonra həmin şəxsi tutub 13-cü Polis Bölməsinə təhvil vermişlər. Orada üzərindən nəsə aşkar olunmuşdur. Saxlanılan zaman üzərinə baxış keçirməmişlər. Yaxınlaşan zaman ağac tərəfdə nəsə axtarmasını görmüşlər. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir və orada hadisə barədə ətraflı qeyd etmişdir. Məhkəmə iclasında istintaq zamanı verilmiş ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət hadisələrinin sayının kəskin surətdə artması ilə əlaqədar patrul yoldaşı Şahid1 ilə birlikdə 07 iyun 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar. Saat 01:30 radələrində qəsəbənin Mehmandarov küçəsində diqqətlərini əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etməsi, harada yaşaması, kim olması, əvəllər məhkum olubolmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırırmış, adı və soyadını belə zorla demişdir. Sorğu-sual zamanı həmin şəxsin danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nn 13-cü PB-nə aparıb üzərində şəxsi axtarış aparsınlar. Həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər və birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Tərlan Mayılov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək həmin şəxsə təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs üzərində «kakos» adlanan narkotik vasitə olmasını etiraf edərək əlini şalvarının sol yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən isə bir ədəd mobil telefon cihazını çıxarıb təqdim etmişdir. Daha sonra saxlanılan şəxsin üzərinə tərəflərindən bir daha axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Saxlanılan şəxsin təqdim etdiyi sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” adlanan narkotik vasitə olmasını, telefon vasitəsi ilə əlaqə qurduğu tanımadığı İran vətəndaşının hesabına 200 manat məbləğində pul köçürməklə həmin İranlının fotoşəklini göndərdiyi məkana atıldığı yerdən əldə etdiyini və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş sellofan büküm və mobil telefon cihazı iki ədəd ayrı-ayrı kağız zərflərə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbə barədə hər hansı bir məlumatları yoxdur, ona görə ki, onlar həmin şəxsi hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışlar. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 02:05-də Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü PBnin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13) İş materiallarında olan 08 iyun 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs seçilərkən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmişdir. (İ.v. 68-72) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,573 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v 33- 37) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4661 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v 106-107) İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3515 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda hal-hazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. (i.v 108-111) İş materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 07 iyun 2023-cü il tarixdə saat 01:30-da Sabunçu RPİnin PPXB-nin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində saxlanılaraq Polis Bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Sabunçu RPİ-nin 13cü Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2023-cü il tarixdə saat 02:14-də başlayaraq saat 02:21-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cızıqlı şalvarın sağ yan cibindən qara rəngli “HONOR” markalı üzərində ***-***-**-** GSM nömrə olan mobil telefonu, sol yan cibindən isə 01 ədəd şəffaf sellofan paketə qablaşdırılmış qəhvəyi rəngli spesifik iyə malik olan maddəni çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofan paketə qablaşdırılmış qəhvəyi rəngli spesifik iyə malik olan maddəni “kakos” kimi bildiyi narkotik maddə olduğunu, öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində tanımadığı İran vətəndaşından “Vatsapp” vasitəsi ilə 200 manata aldığını bildirmiş, aşkar olunmuş 01 ədəd şəffaf sellofan paketə qablaşdırılımış qəhvəyi rəngli spesifik iyə malik olan maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər Üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün subut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. (i.v 22- 23) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxılmışdır. Müəyyən edilmişdir ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “VİD_20230607_021121” adlı “Video (MP4) (.mp4)tipli” 714 MB (748 986 368 bayt) həcmli 07 dəqiqə 04 saniyyə müddətli videogörüntüdə xidməti otağa ikisi polis, biri isə mülki geyimdə olmaqla üç nəfər şəxs daxil olurlar, masa arxasında ayaq üstə dayanmış polis kapitanı rütbəli şəxs özünü təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-nin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov olmasını bildirir, daha sonra polis nəfərləri özlərini təqdim edərək Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri İsmayılov və Hacıyev olmalarını deyirlər, saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Təhqiqatçı polis əməkdaşlarına müraciət edərək vətəndaşın Polis Bölməsinə gətirilməsinin səbəblərini soruşur, polis serjantı İsmayılov məruzə etdikdən sonra təhqiqatçı saxlanılan şəxsə müraciət edərək ona saxlanılmasının səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 30-cu saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd qara rəngli mobil telefon cihazını, sol yan cibindən isə bir ədəd içərisində tünd qəhvəyi rəngli kütlə olan şəffaf sellofan bükümü çıxarıb qarşısındakı masanın üzərinə qoyur, təhqiqatçı təqdim edilmiş şəffaf sellofan bükümü açaraq iərisindəki qəhvəyi rəngli kütləni kameraya nümayiş edir və saxlanılan şəxsdən həmin kütlənin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirir ki, həmin kütlə “kakos” adlanan narkotik vasitədir, öz istifadəsi üçün saxlanılmazdan əvvəl tanımadığı İran vətəndaşının telefon vasitəsi ilə şəklini göndərdiyi məkandan öz istifadəsi üçün əldə etmişdir, əvəzində həmin iranlının hesabına 200 manat məbləğində pul köçürmüşdür. Bundan sonra təhqiqatçı təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə polis nəfərlərindən xahiş edir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra təhqiqatçı ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. İş materiallarında olan Şahid2 və Şahid1 tərəfindən yazılmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Bakıxanov qəsəbəsi S. Mehmandarov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmiş və bu zaman onlardan qaçmağa cəhd etmiş, lakin onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər və orada onlara həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. (i.v 2) İş materiallarında olan 08 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 7,523 qram çəkidə olan heroin maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə baxışınadək Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (İ.v: 122) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd disk 10 iyul 2023-cü il tarixində maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v. 93) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvəllər məhkum olunmamışdır. (i.v.81-82) Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitəni haradan əldə etməsini, narkotik vasitələri satdığı istehlakçıları müəyyən etmək məqsədi ilə əməliyyat aparatına müvafiq əməliyyat tapşırıqları verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatın olması təsdiq edilməmişdir. (i.v 84-85, 114). 22 avqust 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Honor» markalı mobil telefonun yaddaşındakı fayllara keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. (i.v 100) 27 sentyabr 2023-cü il tarixli Azərsell MMC-dən əldə edilmiş telefon zənglərinin əks olunduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** nömrələrinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlarda sübut əhəmiyyəti kəsb edən hər hansı hal müəyyən edilməmişdir. (i.v 113) Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 adında 3 övladı vardır. (i.v 115) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Sabunçu RPİ-nin polis nəfərləri Şahid2 və Şahid1 tərtib etdiyi raportdan göründüyü kimi xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Bakıxanov qəsəbəsi S. Mehmandarov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmiş və bu zaman onlardan qaçmağa cəhd etmiş, lakin onu saxlayaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər və daha sonra isə üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən heroini çıxararaq təqdim etmiş və ona məxsus olmasını göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində heroini götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmasını bildirmiş, bu zaman o narkotik vasitəni əlinə götürməyə imkan tapmadığını və qoyulduğu yerdən polis əməkdaları tərəfindən götürülməsini bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, təqsirləndirilən həm ibtidai istintaq zamanı ifadəsində, həm də şəxsi axtarış zamanı videoçəkilişdə ətraflı şəkildə narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmasını və daha sonra Polis Bölməsində bir büküm nakortik vasitəni cibindən çıxararaq təqdim etməsini göstərmişdir. Həmçinin məhkəmə baxışı zamanı da polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan başqa, şahidlər Şahid1 və Şahid2 ifadələrindən də aydın olur ki, Təqsirləndirilən şəxs məhz nə isə gizlətməyə çalışdığına, qaçmağa cəhd etməsinə görə şübhələnib polis bölməsinə aparmışlar və narkotik vasitə də məhz bölmədə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir. Odur ki, ibtidai istintaq zamanı heç bir təzyiq olmadan sərbəst şəkildə vermiş olduğu istintaq zamanı verdiyi ifadəsi şahidlərin ifadələri və digər sübutlarla dəstəkləndiyindən daha inandırıcı və mötəbər hesab edilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 07 iyun 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 7,523 qram heroin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə saxlanılan maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış heroinin 7,523 qramı məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 65 (altmış beş manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar