Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2268/2024 17.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Rusiya Federasiyası, Yaroslav Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur), məhkumluğu ödənilməmiş, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan, Xəzər rayonu,Binə qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə oğurluq, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 fevral 2024-cü il tarixdə saat 6 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 3 ünvanının qarşısında dayanan X3 adına qeydiyyatda olmaqla notarial etibarnamə ilə idarə etsə də faktiki sahibi X5 onun üçün 2.500 manat dəyərində qiyməti olan “Tufan” markalı “Cub50S” modelli 99-F-457 dövlət nömrə nişanlı texniki cəhətdən saz və istismara yararlı vəziyyətdə olan motosikletini heç kimin ətrafda olmadığını müəyyən edib elektrik naqillərini bir-birinə toxundurub mühərriki işə salaraq dayandığı yerdən sürüb aparmaqla yaşadığı ünvan 2 ünvanının həyətinə salıb orada saxlamaqla özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs X8 2.500 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,448 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə kimi daşımış, həmin gün orada saat 19:00-da Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonu ərazisindən Zərərçəkmiş şəxs2 məxsus motosikleti oğurlamaqda şübhəli şəxs kimi saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 21:40-da Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,448 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin 1 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 mart 2024-cü il tarixdə saat 03:45 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, kanalın yaxınlığında tanımadığı şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kamaz” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınını təmir etdiyini görüb orada onun pul və digər əmlakını ələ keçirmək üçün əvvəlcə zor tətbiq edəcəyi hədəsi ilə, sonradan isə onun həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətləri ilə əvvəlcədən özü ilə götürdüyü ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə hücuma məruz qoyub ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə əvvəlcə arxa sağ tərəfdən onun bədəninə, sonradan isə boğazına dirəyərək əynində olan gödəkcəsinin boyun nahiyyəsindən tutub sıxaraq fiziki güc tətbiq edib onun pulunu və digər əmlakını ələ keçirəcəyinə müqavimət göstərəcəyini güman edib pul və digər əmlakını götürmək məqsədi ilə basqın edib fiziki və psixi təsir göstərib əli ilə Zərərçəkmiş şəxs1 sol gözündən, həmin ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətdən silah qismində istifadə etdiyi əşya kimi tətbiq edərək sol bud və sol diz nahiyyələrinə vurub ona sol gözaltı nahiyyəsinin qançırı ilə müşaiyət olunan sağlamlığına zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin olunmayan xəsarət, sol gözaltı nahiyyəsinin, sağ əlin, sol dizin kəsilmiş yaraları ilə müşaiyət olunan, istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına yüngül xəsarət yetirib Zərərçəkmiş şəxs1 əynindəki şalvarının sol cibindən pul kisəsini çıxardıb içərisindəki 408 manat məbləğində nağd pulunu götürərək ələ keçirib Zərərçəkmiş şəxs1 408 manat məbləğində ziyan vurmaqla yetirilən anda həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq tətbiq edəcəyi hədəsi ilə və zorakılıq hərəkətləri ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətli silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə hücuma məruz qoyub Zərərçəkmiş şəxs1 qarşı basqınla təkrarən quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 fevral 2024-cü il tarixdə Nizami rayonu ərazisində 1 ədəd motosiklet oğurlamış, sonradan onu sahibinə geri qaytarmışdır. Binə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər onu Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları onu rəisin otağına aparmış, sonuncu onun barəsində oğurluq və ya quldurluq barədə hər hansı bir şikayətin olmadığını və narkotik vasitəni öz üzərinə götürəcəyi təqdirdə sadəcə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə barəsində cinayət işinin başlanacağını bildirmişdir. O, rəisin sözləri ilə razılaşıb, ona öz minnətdarlığını bildirmişdir. Sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və orada o, narkotik vasitəni cibindən çıxararaq təqdim etmişdir. Daha sonra rəis onun qabağına bir ədəd sənəd qoyub, imzalamağını bildirmişdir. O, rəisdən sənədin mahiyyətini soruşduqda rəis həmin sənədin oğurluqla bağlı olduğunu bildirmişdir. O, təəcüblənmiş və rəisə aralarında razılaşma olduğunu demişdir. Ancaq rəis yenidən ondan həmin sənədi imzalamağını tələb etmişdir. O, məcburiyyət qarşısında qalıb həmin sənədi imzalamışdır. Sonra polis əməkdaşları onu buraxmış və o, evə getmişdir. Bundan başqa, 12 mart 2024-cü il tarixdə saat 03:45 radələrində Binə qəsəbəsində dostu ilə bir yerdə spirtli içki qəbul etmiş, oradan çıxandan sonra dostu ilə sağollaşmışdır. Yolda “Opel” markalı avtomaşına yaxınlaşaraq maşının qapısını açmaq məqsədi ilə onun güzgülərindən birini sındırmış, ancaq maşının içərisində bir nəfər tanımadığı şəxs olduğunu gördükdən sonra oradan uzaqlaşmışdır. Sonra “VAZ 2106” markalı avtomobilə yaxınlaşaraq maşının içərisində olan 1 ədəd telefon və 1 ədəd maqnitolanı oğurlamışdır. Sonra evə getmək qərarına gəlmiş, ancaq yolun qırağı ilə hərəkət edən zaman arxadan 1 ədəd “Kamaz” markalı avtomaşının gəldiyini görmüşdür. Yolun kənarı palçıqlı olmuş və avtomaşın onun yanından keçərkən palçıq onun üstünə sıçramışdır. O, əsəbləşib, sürücüyə avtomaşını saxlamasını bildirmişdir. Sürücüyə yaxınlaşdıqda sonuncu ona qarşı təhqiredici ifadələr işlədərək oradan uzaqlaşmağını tələb etmiş, bu vaxt o, üstündə olan bir ədəd bıçağı götürərək sürücünün ayağına bıçaq zərbəsi endirmək istəmiş, ancaq xəsarət yetirə bilməmişdir. Sonra sürücü ona qarşı yenidən təhqiredici ifadə işlətdikdə o, əlində olan bıçaqla onun ağız nahiyyəsinə zərbə endirmək istəmiş, ancaq nəticədə sürücünün üzünə bıçaqla xəsarət yetirmişdir. Daha sonra o, maşından düşmüş və evə getmişdir. O, sürücüyə məxsus və ya avtomaşının içərisində olan hər hansı bir əşyanı götürməmişdir. “Kamaz” markalı avtomaşından bir qədər uzaqlaşdıqdan sonra taksi sifariş etmiş, taksiyə minib bir qədər yol getdikdən sonra polis əməkdaşları taksini təqib edərək sürücüdən maşını saxlamasını tələb etmiş və nəticədə onu saxlamışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, “Kamaz” markalı avtomaşın işlək vəziyyətdə olmuş, hadisədən sonra “Kamaz” markalı avtomaşının sürücüsü də hadisə yerindən uzaqlaşmışdır. Sonuncunun diz nahiyyəsinə də xəsarət yetirmişdir. Hadisə yerindən taksi ilə bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları taksini yolda dayandıraraq onu saxlamışlar. Hadisə zamanı həmin ərazidə ondan və “Kamaz” markalı avtomaşının sürücüsündən başqa heç kim olmamışdır. Motosikleti oğurladıqdan sonra öz evinə aparmışdır. Binə qəsəbəsində yerləşən evinin həyətindən çıxarkən əməliyyatçılar tərəfindən narkotik vasitə ilə bağlı saxlanılmış, saxlanılan zaman polis əməkdaşları onun üzərinə baxış keçirmiş, ona məxsus mobil telefonu atasına verib, onu polis şöbəsinə aparmışlar. “Kamaz” markalı avtomaşının sürücüsü hadisə zamanı maşından düşməmiş, hadisə elə maşının içərisində baş vermişdir. Həmin ərazidə kamera da olmuşdur. Polis əməkdaşları ona psixi təzyiq göstərmişlər. O, oğurluqla bağlı da saxlanılmış, həmin vaxt içkili vəziyyətdə olmuşdur. Polis əməkdaşı Şahid2 onun saxlanılmasında iştirak etməmişdir. Cinayət işinin materiallarında olan adından yazılan ifadə ona məxsus deyil. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətdiyini etiraf etsə də, Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə özünü təqsirli bilməyərək cinayət törətmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin hissədə ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyan, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 3 il olar ki, narkotik vasitə aludəçisidir, əsasən oğurluqla əldə etdiyi əşyaları satmaqla gəlir əldə edir, əldə etdiyi pul vəsaitinin bir hissəsini narkotik vasitəyə, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləyir. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 3 ünvanının qarşısına piyada gəzərkən binanın qarşısında «Tufan» markalı, 99-F-457 dövlət nömrə nişanlı motosikl görmüşdür. Narkotik vasitə alıb istifadə etmək və şəxsi ehtiyaclarını təmin etmək məqsədilə həmin motosikli oğurlamaq qərarına gəlmişdir. O, ətrafa nəzər salmış və heç kimi görməmişdir. Bundan sonra o, motosiklin qeydiyyat nişanını söküb orada bir yerdə tullamış, daha sonra motosiklin elektrik cərəyanını bir-birinə birləşdirib işə salıb oradan uzaqlaşaraq bir qədər gəzdikdən sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib çataraq oğurladığı motosikli yaşadıqları evin həyətinə salaraq boş sahədə saxlamışdır. Həmin motosikli qara rəngə boyamışdır ki, tapılmasın. Həmçinin benzin doldurma yerinin ağız hissəsi kilidli olduğundan həmin hissəni kəsərək benzin doldurmuşdur. O, narkotik vasitə almaq üçün və şəxsi ehtiyaclarını qarşılamaq üçün oğurluq etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi fərdi yaşayış evinin qarşısında olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib, oğurluqda şübhəli olduğunu deyərək 25-ci PŞ-nə dəvət etmişlər. O, Nizami rayonu ərazisindən motosikl oğurladığını və motosikli yaşadığı evin həyətində saxladığını etiraf etmişdir. Yolda gələrkən söhbət əsnasında o, narkotik vasitə istifadə etdiyini və motosikli də narkotik vasitə almaq üçün oğurladığını demişdir. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. O, tərcüməçi ilə təmin edilmişdir. Bundan sonra onun üzərinə öz razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız kəsiyi bükümündəki, tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddəni təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Onun üzərindən götürülmüş ona məxsus narkotik vasitə ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfi o və prosesdə iştirak edən şəxslər imzalamış və həmin proses videogörüntüyə alınmışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:30 radələrində o, tanışı Seymurla Xəzər rayonu, Binə qəsəbəsində görüşmüş, Seymur ona sellofan torba vermişdir. Həmin sellofan torbanın içərisində 2 ədəd maqnitola, 1 ədəd avtomobilin salon güzgüsü, 1 ədəd “Mercedes” markalı avtomobilin emblemi, 1 ədəd sınıq qayçı, 1 ədəd flaşkart olmuşdur. Seymur ona həmin əşyaları satmaq və əldə olunan gəliri xərcləmək üçün vermişdir. O, Seymurdan aralandıqdan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 23:30 radələrində digər tanışı Seymuru Xəzər rayonu, Binə qəsəbəsində yerləşən çörək sexinin yanında görmüş, sonuncu ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafeyə gedərək spirtli içki qəbul etmişdir. O, Seymurla kafedən birlikdə çıxmış, sonuncu oradan öz evinə getmişdir. O, pulu olmadığı üçün avtomaşından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 2 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yolun kənarında “Opel” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşından maqnitola oğurlamaq istəmiş, bu səbəbdən avtomobilin sol qabaq qapısının şüşəsini sındırmış, ancaq yolda adam olduğundan oradan çıxıb getmişdir. Sonra o, yoluna davam etdikdə yolun kənarında dayanmış VAZ-2106 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qapısından daxil olaraq maqnitola və “Hope” markalı mobil telefonu oğurlamışdır. O, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yoluna davam edərkən yoldan tiyəsi olmayan əlvan metaldan hazırlanmış kəsici hissəsi iti olan xəncərə bənzər kəsici aləti yerdən tapmış və sağ qolunda gizlətmişdir. Yolda onun yanından sürətlə “Kamaz” markalı avtomaşın keçmişdir. O, həmin avtomobili fit çalaraq saxlatmış, “Kamaz” markalı avtomaşının sürücü əyləşən hissəsinə yaxınlaşaraq qapını açmışdır. Sürücü avtomaşından düşməyərək ona dəmir ling göstərmiş və vuracağını demişdir. O isə bundan qorxaraq üzərində olan xəncərə bənzər kəsici alətlə ayağına, sifət nahiyyəsinə vurmuş, sonra isə oradan çıxıb getmişdir (cild 2, iş vərəqi 215-218). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə ittiham olunduğu cinayət əməllərini törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrinə münasibətdə mötəbər sübut hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə günü gecə təxminən 03:40 radələrində “Kamaz” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı maşınında nasazlıq yarandığından onu yolun kənarında saxlamışdır. Başqa bir maşın ilə ehtiyyat hissələri alıb gətirmiş və təmirə başlamışdır. Bu zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs ona arxadan yaxınlaşıb, əlində olan bıçağı ona dirəyərək hansı səbəbdən həmin əraziyə gəldiyini soruşmuşdur. O, maşında nasazlıq yarandığıdan onu təmir etmək məqsədi ilə həmin ərazidə yolun kənarında maşını saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ondan üzərində olan bütün pul vəsaitini ona verməyi tələb etmişdir. Hadisə zamanı üzərində 408 manat pul olmuşdur. Hədə-qorxu nəticəsində o, məcburiyyət qarşısında qalaraq üzərində olan pulları Təqsirləndirilən şəxs vermişdir. Sonra sonuncu ondan maşını işə salmağını tələb etmiş və o da maşını işə salmışdır. Bu vaxt Təqsirləndirilən şəxs onun ayağının qaz pedalında olduğunu görüb, onun sol gözaltı nahiyyəsinə bıçaqla xəsarət yetirmişdir. O, bıçağı əli ilə tutaraq Təqsirləndirilən şəxs uzaqlaşdırmaq istəmişdir. Bu zaman sonuncu onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlamışdır. O, bir neçə dəfə onu öldürməməyini xahiş edib, üstündə olan bütün pulları verdiyini bildirmişdir. Ancaq dediklərinə baxmayaraq Təqsirləndirilən şəxs yenidən ona xəsarətlər yetirmişdir. Hadisə yerinə kənar şəxslər yaxınlaşandan sonra Təqsirləndirilən şəxs oradan qaçaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs ondan pul tələb etmiş, o da məcburiyyət qarşısında qalaraq öz pul qabını çıxardıb, pullarını sonuncuya vermişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində onun 408 manatını ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun mobil telefonu götürsə də, sonra geri qaytarmışdır. Aldığı xəsarətlərə görə əməliyyat olunmalıdır. Müalicəyə nə qədər pul lazım olduğunu dəqiq bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 fevral 2024-cü il tarixdə təxminən saat 21:00 radələrində tanışı Taleh Qasımov ondan “Tufan” markalı “Cub50S” modelli 99-F-457 dövlət qeydiyyat nişanlı motosikli götürüb qısa müddətə qaytaracağını bildirmişdir. Taleh Qasımov həmin günü saat 23:00 radələrində Nizami rayonu, Qara Qarayev prospekti ərazisində motosikli saxlamış, növbəti gün axşam saatlarında isə motosikl oğurlanmışdır. Ona oğurluq nəticəsində 2500 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs motosikli ona qeyri-işlək vəziyyətdə qaytarmışdır. Təqsirləndirilən şəxslə barışmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 fevral 2024-cü il tarixdə saat 19:00-da digər əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs2 məxsus olan “Tufan” markalı, 99-F-457 dövlət qeydiyyat nişanlı motosikli oğurlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində, yaşadığı evin qarşısında saxlanılmış və 25-ci PŞ-nə aparılmışdır. Təqsirləndirilən şəxs oğurluq etməsini səmimi etiraf edib, narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə də olduğunu bildirmişdir. Bundan sonra şöbədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt kimdən alması barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, özünə məxsus olmasını, onu 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılmış, üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat məlumatı oğurluqla bağlı daxil olmuş, əməliyyat qrupu 2 nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman sərxoş olmamışdır. Onun üzərində şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqdan sonra 25-ci Polis Şöbəsinə aparılmış, sonuncuya qarşı tərəfimizdən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 147-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/2303 nömrəli xx.xx.2024-cü il tibbi müayinə tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur (cild 1, iş vərəqi 23). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza PA və ETT birliyi publik hüquqi şəxsindən alınmış xx.xx.2024cü il tarixli 155 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ yanaq nahiyəsinin, sifətin sol yarısının şişkinlik halında əzilmələri və sıyrıqları, sağ çənə bucağı nahiyəsinin qançırı, boyun cızıqları olmuşdur. Qeyd olunan boynun cızıqları iti kənara malik əşyanın (əşyaların, ola bilsin məftil), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, cızıqların şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma, sürtünmə zamanı əmələ gəlməsi inkar olunmur (cild 2, iş vərəqi 38-41). Cinayət işinin materiallarında olan məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4527/2024 nömrəli rəyindən görünür ki, 1 ədəd 2022-ci il buraxılışlı, “Tufan” markalı, “CUB50S” model, 99-F-457 dövlət nömrə nişanlı motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 700,00 manat müəyyən edilmişdir (cild 2, iş vərəqi 171-174). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16/16/2-6/1001 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksləri, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,448 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi 0,448 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq 0,398 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir, cild 1, iş vərəqi 205-209). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/4528/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 55,00 manat müəyyən olunur, o cümlədən 1 ədəd qara rəngli, üzərində “Hope s15” yazıları olan mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda qeyd edilən xüsusatlar (üzərində antenası və arxa gövdəsinin qapağı yoxdur) nəzərə alınmaqla 30.00 manat, 1 ədəd üzərində “Radio/USB/TF/MP3 Player BT” yazıları olan maqnitola 25,00 manat (cild 2, iş vərəqi 166- 169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsindən alınmış 19 mart 2024-cü il tarixli 237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyəsinin, sol və sağ almacıq nahiyəsinin, üst dodağın nöqtəşəkilli qansızmaları küt əşya (əşyalar): sağ əlin səthi kəsilmiş yarası kəsici təsirə malik əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə yetrilməsi istisna olunmur (cild 2, iş vərəqi 59-61). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin xx.xx.2024-cü il tarixli xx/xx-8479 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs ambulator məcburi narkoloji tibbi yoxlama komissiyası tərəfindən müayinə olunmaq üçün xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasına gətirilmişdir. Lakin, Təqsirləndirilən şəxs müayinə olunmaqdan qəti surətdə imtina etmiş və bununla əlaqədar onu müayinə etmək, onun barəsində müvafiq rəyin verilməsi mümkün olmamışdır (cild 2, iş vərəqi 146). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 63-65). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsindən alınmış 29 may 2024-cü il tarixli 24-ə/236 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin, sağ əlin, sol dizin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)): sol gözaltı nahiyəsinin qançırı isə küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri onun “X13” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol gözaltı nahiyənin qançırı sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir: sol gözaltı nahiyənin, sağ əlin, sol dizin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetrilməsi istisna olunmur (cild 2, iş vərəqi 67-70). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 9/552 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyəti təstiq edən axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu : B(İİİ). Ekspertizaya təqdim olunmuş xəncər tiyəsi, Zərərçəkmiş şəxs1 məxsus kofta və şalvar üzərində insan qanı ləkləri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 2, iş vərəqi 179-182). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli 7/284 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın sol ayağının ön səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş predmet tam olmayıb əsasında bölünmüş vəziyyətdə yalnız tiyə fraqmenti şəklində olduğundan onun soyuq silah olub-olmaması barəsində fikir söyləmək mümkün deyildir (cild 2, iş vərəqi 184-189). Cinayət işinin materiallarında olan 19 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, həmin gün saat 21:40-da Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddəni çıxarıb təqdim etmiş və içərisindəki maddənin “kakos” olduğunu, həmin maddəni 19 fevral 2024-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 196- 197, cild 2, iş vərəqi 90). Cinayət işinin materiallarında olan 3 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin saxlanıldığı 1 ədəd DVD disk, həmin istintaq hərəkəti zamanı üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,448 qram narkotik vasitə heroin və Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, ülgüc və küpü yastı tiyə tipli deşici-kəsici alət iş üzrə maddi sübut kimi tanınmış, DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonra qalan 0,398 qram narkotik vasitə heroin və digər maddi sübutlar saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 229-253). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqi 91- 109). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmiş 2 il məhkumluq müddətində yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 81). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu 12 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 121-125). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxs X2 onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etmiş, lakin iş üzrə mülki iddia verməmişlər (cild 4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqularının olması izah edilməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,398 qram olan narkotik vasitə heroin, -Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, ülgüc və küpü yastı tiyə tipli deşici-kəsici alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 181.2.2, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X9 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqularının olması izah edilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,398 qram olan narkotik vasitə heroin, Zərərçəkmiş şəxs1 məxsus kofta, şalvar, ülgüc və küpü yastı tiyə tipli deşici-kəsici alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-2268/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2268/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver